Saqqalını qırxdıran Paşinyan bunu xatırlasa, təəccüblənmərəm - Medvedyev

Saqqalını qırxdıran Paşinyan Ermənistanın KTMT-nin üzvü olduğunu xatırlasa, təəccüblənmərəm.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

“Yaxud Ermənistan liderlərinin Avropa İttifaqı ilə nişanlanma niyyəti fonunda başqa variant. AB ilə birbaşa əlaqə saxlaya bilərsiniz, onlar cənnətə namizədlərə pul və silahla kömək etməyi xoşlayırlar. Avropa İttifaqının arxasında mükəmməl Ukrayna təcrübəsi var”, - Medvedyev bildirib.

Pakistanın Baş naziri Azərbaycana səfər edəcək

Pakistanın Baş naziri Şahbaz Şərif fevralda Azərbaycana səfər etməyi planlaşdırır.

“Report” xəbər verir ki, bu barədə Pakistanın “The News International” nəşri mənbələrə istinadən xəbər verir.

"Pakistan "Mərkəzi Asiya baxışı siyasəti" çərçivəsində region dövlətləri ilə fəal şəkildə əməkdaşlığın genişləndirilməsinə çalışır. Cənubi Qafqazın əhəmiyyətli ölkələri ilə əlaqələrini möhkəmləndirir. Bu strategiyaya uyğun olaraq, Baş nazir Şahbaz Şərif fevralın üçüncü həftəsində Azərbaycan və Özbəkistana səfər edəcək", - məlumatda qeyd olunub.

Bildirilib ki, səfər zamanı hökumət başçısını Baş nazirin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar, bir sıra federal nazirlər və biznes ictimaiyyətinin nümayəndələri müşayiət edəcəklər.

"Məlumatlı mənbələrin sözlərinə görə, səfər çərçivəsində Pakistan iki ölkə arasında iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bir neçə saziş imzalamağı planlaşdırır", - nəşr vurğulayıb.

Azərbaycandan sonra Pakistanın Baş naziri iki günlük səfərlə Özbəkistana gedəcək. Bu səfər zamanı o, tranzit ticarət üçün Kəraçi limanından istifadəni təklif edəcək, həmçinin əsas ticarət sazişlərini imzalayacaq.

Paşinyanı istifadə edib atacaqlar: Niyə heç vaxt qəbul etməyəcəklər...

Ermənistan Avropa İttifaqına (Aİ) üzvlüyü müzakirə edir, lakin ekspertlər bunu illüziya adlandırır: Qərb İrəvandan öz məqsədləri üçün istifadə edir və real perspektivlər təklif etmir.

Ermənistan hökuməti Aİ-yə qoşulma proseduruna başlamaq üçün parlamentə qanun layihəsi təqdim edib və Avropa ilə yaxınlaşmaq niyyətini bəyan etsə də, NEWS.ru-nun istinad etdiyi analitiklər bu niyyətlərin səmimiliyinə şübhə edir və bu addımı daha çox siyasi manipulyasiya adlandırırlar.

Baş nazir Nikol Paşinyan etiraf edib ki, qanun layihəsi dərhal üzvlük üçün müraciət deyil, müzakirə və mümkün referendum üçün lazımdır. Politoloq Aleksey Naumov NEWS.ru-ya şərhində təşəbbüsü Paşinyanın mövqeyini gücləndirməyə yönəlmiş “siyasi silah” adlandırıb. “Bu, Paşinyanın siyasi silah kimi istifadə etdiyi güclü bir ideyadır. Avropa İttifaqı bunu görür və onun təşviqindən faydalanacağını başa düşür, xüsusilə də Brüsselin bunun üçün xüsusi bir şey etməsinə ehtiyac yoxdur – sadəcə müşahidəçilər göndərmək, cüzi pul köçürmək və bir az silah göndərmək yetərlidir. Bunun müqabilində Aİ çox şeyə hazır olan bir ölkə əldə edir, o cümlədən regionda Rusiya və Azərbaycanın maraqlarına qarşı durmağa hazır olan bir ölkə”, –Naumov qeyd edib.

Rusiyalı politoloq Gevorq Mirzəyan vurğulayıb ki, Avropa İttifaqı bu cür təşəbbüslərdən Ermənistanı Rusiyanın inteqrasiya orbitindən çıxarmaq üçün istifadə edir. “Qərbin vəzifəsi Ermənistanı istənilən “şirinquşla” Rusiyanın inteqrasiya məkanından çıxarmaqdır. İrəvanın sonra necə olacağından o qədər də narahat deyil. Hər variant yaxşıdır. Əgər suverenliyi qorumaq və dövləti qərbpərəst etmək mümkün olarsa, bu, Qərb üçün daha yaxşıdır. Bu o deməkdir ki, Ermənistan Cənubi Qafqazda Birləşmiş Ştatların bazasına çevrilir”, – Mirzəyan bildirib.

“Ana Ermənistan” hərəkatının lideri Andranik Tevanyan Ermənistanın təhlükəsizlik təhdidlərinə diqqət çəkib: “Ukrayna nümunəsində Aİ-nin və kollektiv Qərbin Ukraynadan nə istədiyini görürük. Onlar hesab edirlər ki, Kiyev Moskvaya qarşı mübarizədə alətdir. Onlar Ermənistanla da eyni şeyi etmək istəyirlər. Gürcüstanda bunu tez başa düşdülər və buna görə də xilas oldular. Paşinyan isə qərb kuratorlarının sifarişlərini yerinə yetirməklə özünü xilas etmək istəyir”.

Rusiya Dövlət Dumasının nümayəndəsi Cəmaləddin Həsənov oxşar mövqe bildirərək vəziyyəti Türkiyənin Aİ-yə üzv olmaq cəhdləri ilə müqayisə edib. “O, Aİ-yə tamhüquqlu və müstəqil subyekt kimi daxil olur. Ermənistan isə xeyli kiçik bir ölkədir, fərqli tarixi, habelə daxili və xarici çağırışlar toplusu var. O, iqtisadi əlaqələrə heç nə qatmadan Avropa orbitinə düşməyi hesablayır”, – o, “NEWS.ru” ilə söhbətində söyləyib.

Kreml də təşəbbüsə skeptik yanaşıb. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov vurğulayıb ki, Ermənistanın eyni zamanda Aİ və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakı mümkün deyil və əlavə edib ki, “Aİİ ilə əməkdaşlıq artıq Ermənistana əhəmiyyətli iqtisadi fayda gətirir”.

Ekspertlər yekdilliklə vurğulayıblar ki, Aİ-yə üzvlük haqqında qanun layihəsi real xarici siyasət məqsədi deyil, Paşinyanın iqtidarı qorumaq və cəmiyyətin əhval-ruhiyyəsini idarə etməyə yönəlmiş daxili strategiyasının bir hissəsidir.

Paşinyan Əliyevin iki tələbini qəbul etdi - Sülh sazişi imzalanacaqmı?

Paşinyanın Əliyevin son müsahibəsində səsləndirdiyi fikirlərə cavab kimi Azərbaycana ünvanladığı təkliflərdə hər şey erməni maraqları kontekstində əks olunsa da, İrəvanın 17 maddəlik sülh sazişi mətnində razılaşdırılmamış 2 maddədən birini və Bakının tələblərindən birini qəbul etdiyi nəticəsi ortaya çıxır.

- Beynəlxalq iddialardan qarşılıqlı şəkildə imtina etmək;
- ATƏT-in Minsk qrupunu buraxmaq;

Birinci məsələ sülh sazişi mətninə daxildir, ikinci məsələ Bakının əsas tələblərindən biridir. Hərçənd, erməni baş nazir birinci məsələni “beynəlxalq məhkəmə orqanları da daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, bir-birinə qarşı iddialardan imtina etmək” formasında təqdim etməklə mötərizə də açır: bütün iddialardan imtina edilməsi deyəndə Nikol daha çox “ərazi iddiası” kimi təqdim etməyə çalışdıqları Qərbi Azərbaycana qayıdış məsələsini nəzərdə tutur;

Lakin 17 maddədən biri – üçüncü ölkələrin qüvvələrinin sərhəddən çıxarılması (Avropa İttifaqı “müşahidə missiyası”) - açıq olaraq qalır. Nikol təkliflərində buna toxunmur, çünki İrəvan missiyanın vaxtının uzadılmasında maraqlıdır, Mirzoyanın son açıqlaması ilə bu məsələdəki mövqeyi ortaya qoydu.

“90 faiz razılaşdırılmış sülh sazişini imzalamağı” təklif edən Paşinyan bununla razılaşdırılmadan maddəni arxa plana keçirmək istəyir. Halbuki, hər şey 17 maddəlik mətndən ibarət deyil, danışıqların gündəliyi daha genişdir (Ermənistan konstitusiyasının dəyişdirilməsi, kommunikasiyanın açılması (Zəngəzur dəhlizi), demarkasiya prosesi). 17 maddəlik mətn sülh sazişinin yekun yox, ilkin variantı, yaxud belə demək mümkünsə, yekun sülh müqaviləsinə dair çərçivə sazişindən ibarət ola bilər.

Bütün bunların fonunda “2025-ci ildə sülh sazişi imzalana bilərmi” sualı aktuallaşır. İndiyə qədər danışıqların gündəliyi və atmosferini geosiyasi proseslər müəyyən edirdi, sülh sazişi mətninin 17 maddə çərçivəsinə salınması da (eləcə kommunikasiyanın sülh mətnindən çıxarılması) bunun nəticəsi idi. Bundan sonra hadisələrin inkişafının üç məqamdan asılı olacağı görünür:

1. Bu il Bakı-İrəvan danışıqlarının atmosferinin necə olacağı;
2. Sülh sazişi mətninə daxil edilməyən, amma danışıqlarda müzakirə edilən məsələlərə İrəvanın yanaşması;
3. Geosiyasi proseslərin inkişafı və regiona təsiri;

Bu üç məqamın arasında ən həlledici olan sonuncudur – geosiyasi hadisələrin inkişafı, xüsusilə Tramp Amerikasının siyasəti və bunun Cənubi Qafqaza təsirləri.

Ankaranın terrorsuz Türkiyə planı: İsrail-Türkiyə müharibəsi

Suriyada Əsəd rejiminin devrilməsi nəticəsində Yaxın Şərqdə bölgə ölkələri, xalqları üçün tamamilə yeni reallıqlar və fürsətlər yaradıb. Suriyadakı son proseslərdə xüsusi rola malik Türkiyə bu reallıq və fürsətlərdən maksimum faydalanaraq həm üzləşdiyi problemləri həll etmək, həm də qarşısında duran hədəflərə nail olmaq istəyir.

Birincisi, Ankara Tramp ABŞ-də rəsmi olaraq prezident vəzifəsinə başlayanadək bölgədə çevik diplomatiya nəticəsində mövqelərini daha da möhkəmləndirərək növbəti mərhələdə Yaxın Şərqin əsas regional oyunçularından biri qismində çıxış etmək istəyir.

İkincisi, Ankara 40 ildən artıq müddətdə üzləşdiyi PKK terroruna son qoyaraq terrorsuz və sabit Türkiyə təmin etməyə çalışır. Bunun üçün də Ankara daxildə və xaricdə bu problemin həllinə son qoymaq üçün çoxşaxəli siyasət yürütməkdədir.

Daxildə PKK terroruna qarşı anti-terror əməliyyatı ilə yanaşı, bu problemin siyasi dialoq yolu ilə həlli istiqamətində addımlar atmaqdadır. Son aylarda  hakim "Cümhur İttifaqı"nın üzvü olan MHP lideri Dövlət Baxçalının PKK-nin buraxılması istiqamətindəki səyləri və bu məqsədlə   DEM Partiya ilə aparılan danışıqlar bu prosesin tərkib hissəsidir. Çünki daxildə sabitliyin olmaması Ankaranın "Yeni yüz il Türkiyəsi" və yeni dünya düzənində Türkiyənin regional, qlobal güc olmaq kimi qarşıya qoyduğu hədəflərinə çatmasına ciddi maneələr yaradır. Bu problemin həll olunmaması, eyni zamanda, Türkiyənin təhlükəsizliyinə təhdid mənbəyi olaraq qalmaqda davam edir.  

492301

Odur ki, Ankara yaranmış yeni reallıqdan faydalanaraq bu məsələni birdəfəlik həll etmək istəyir. Bu mümkün olmasa belə, PKK terroru problemini təhlükəsiz həddə endirməyə çalışır. 

Üçüncüsü, Ankara regional güc və qlobal proseslərdə daha ciddi aktor rolunda çıxış etməsi üçün PKK/YPG terroruna təkcə ölkə daxilində deyil, yaxın xaricdə də kökünü kəsməyə çalışır.

PKK probbleminin həlli Ankaranın nəinki Yaxın Şərqdə, bütövlükdə geniş Avrasiya coğrafiyasında və Afrikada birmənalı söz sahibi olmasına böyük imkanlar açacaq.

Bu həm də Türkiyənin bölgədə sürətlə iqtisadi cəhətdən inkişafına təkan verəcək. Türkiyənin iqtisadi cəhətdən inkişafı və güclənməsi nəticə etibarilə həm də Türk dünyasının vahid siyasi, iqtisadi güc, daha sonra isə siyasi-hərbi güc kimi formalaşmasına böyük təkan verəcək.

Ankaranın bölgədə əllərinin güclənməsi, eyni zamanda, Azərbaycanın da Avrasiya və Afrikada   ciddi oyunçu qismində çıxış etməsinə geniş fürsətlər yaradacaq. 

Yeri gəlmişkən, Azərbaycan hazırda Qafqazda deyil, Mərkəzi Asiyada ciddi oyunçu rolunda çıxış etməkdədir.

Suriyadakı son hadisələrdən sonra Azərbaycanın Yaxın Şərqdəki proseslər aktiv iştirakına yeni imkanlar açır. Artıq Bakı bu istiqamətdə addımlarını atmaqdadır. Düzdür, Bakının bu addımı Suriyada, ümumiyyətlə, Yaxın Şərqdə mövqeləri zəifləyən Tehran tərəfindən nəinki qısqanclıqla, hətta sərt reaksiya formasında özünü büruzə verməkdədir. Amma bu cür addımlarla Bakının qarşısındakı duran hədəflərə mane olmaq mümkün deyil.

Dördüncüsü, Ankaranın dünyanın yenidən şəkilləndirilməsində qlobal gücə çevrilməsində əhəmiyyətli rol oynayır. Ona görə də Anakara Türkiyənin daxildə və yaxın ətrafında bu hədəflərinə nail olmasına mane olan bütün əngəlləri aradan qaldırmağa çalışır. Çünki Türkiyənin regional və qlobal gücə çevrilməsini istəməyən yetərincə qüvvələr var və onlar bu cür təhdid alətlərindən Ankaraya təzyiq vasitəsi kimi istifadə etməklə hədəflərinə nail olmasına sədd çəkməyə çalışırlar.  

492304

PKK/YPG terror təşkilatlarının regional və qlobal oyunçular tərəfindən dəstəklənməsi də davamlı olaraq Ankaraya  təzyiq aləti kimi istifadə etməklə həm bölgədə, həm də Türkiyədə maraqlarını təmin etməyə çalışırlar. Bu qüvvələr yaxşı anlayır ki, Türkiyənin müstəqil siyasət yürütməsi və güclü olması onların nəinki bölgədə, bütövlükdə Avrasiya və Afrikada planlarının reallaşmasına ciddi əngəl olacaq.

Yaxın Şərqdə, Balkanlarda, Qafqazlarda və dünyanın müxtəlif bölgələrində qarşı-qarşıya gələn güclərin Türkiyənin ciddi qlobal oyunçuya çevrilməsinin qarşısının alınmasında üst-üstə düşür.

İsrail-Türkiyə müharibəsi...

Son günlərdə mediada ehtimal olunan İsrail-Türkiyə qarşıdurması barədə gedən yazılar da bu qəbildəndir.

Türkiyənin bölgədə, xüsusən də Suriyada əsas oyunçu qısmində çıxış etməsi İsraili ciddi narahat etməkdədir. 

Əgər Əsəd rejiminin mövcudluğu zamanı Suriya Türkiyə ilə İsrail arasında bir bufer bölgə rolunu oynayırdısa, hazırda iki sərhəd qonşusu qismindədir.

492306

Əsəd rejimi dövründə İran birbaşa sərhəddi olmadığından ancaq proksi güclər vasitəsilə İsraillə toqquşurdu. Bundan İran Türkiyə kimi qüdrətli orduya malik deyildi. O baxımdan İranla qarşıdurma İsraili o qədər də ciddi narahat etmirdi. Amma İsrailin bu gün Türkiyə kimi hərbi cəhətdən qüdrətli, döyüşə hazırlığı yüksək səviyyədə olan bir orduya malik ölkə ilə üz-üzə dayanması ciddi məsələdir. 

Hazırda İsrail-Türkiyə hərbi qarşıdurması real deyil və yaxın gələcəkdə də görünmür. Bu sadəcə ehtimaldır. Təbii ki, İsrail Ankaranın artan nüfuzundan narahat olduğundan Türkiyənin rolunu və mövqeyini zəiflətmək üçün ən müxtəlif  taktikalara əl atacaq, xüsusən də terrorçu PKK/YPG-yə hərtərəfli dəstək verəcək. Bundan əlavə olaraq, İŞİD və ya digər terror təşkilatları, eyni zamanda, Türkiyə daxlində sabitliyi pozmaq üçün siyasi və iqtisadi güclərlə birbaşa yaxud da dolayı yolla əməkdaşlıq edəcək. İsrail hətta bu məsələdə Qərb və digər bəzi ölkələrlə də əməkdaşlıqdan çəkinməyəcək. 

Ankaranın isə hədəfi dünyada imperialist ambisiyalarla çıxış etmək deyil, beynəlxalq hüquqa əsaslanan bərabərhüquqlu əməkdaşlığın təmin olunmasıdır.

Tramp qorxunc strateji planına bəhanə tapdı: NATO yox ediləcək, Avropa Birliyi dağıdılacaq

Ağ Evin yeni sahibi Donald Tramp üçün Kanada və Qrenlandiyanın ABŞ-ın tərkibinə qatılması yaxın perspektiv üçün nəzərdə tutulmuş hədəf deyil, çünki o, bununla ilk növbədə Avropa Birliyi və NATO-ya siyasi-ideoloji savaş açmaq üçün real qarşıdurma mühitinin yaradılmasına can atır... Əgər, bu proseslə Donald Tramp zəifləmiş NATO-nun "təhlükəsizlik çətiri"ndən məhrum olacaq Avropa Birliyini ABŞ-ın qlobal siyasi-iqtisadi rəqibləri sırasından çıxara bilərsə, onda növbəti mərhələdə həm Kanada, həm də Qrenlandiya hədəfləri daha qətiyyətlə ön plana çəkiləcək...
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp elan etdiyi prioritet hədəfləri reallaşdırmaqda israrlı olarsa, yeni dünya düzəni fəlakət ssenarisinə çevrilə bilər. Belə ki, Ukrayna savaşını dayandırmağı vəd edən Ağ Evin sahibi ABŞ ərazilərini daha da genişləndirmək niyyəti ilə daha dəhşətli qlobal savaş ehtimalını artırmış kimi görünür. Və prezident Donald Tramp öz səlahiyyətlərinin icrasına başladıqdan sonra Ağ Evin indiki müttəqilərini ABŞ-dan uzaqlaşdırma təhlükəsi yarada bilər.

Məsələ ondadır ki, Ağ Evin yeni sahibi Kanadanı ABŞ-ın ştatları sırasına qatmaq niyyətini bəyan edib. Bununla da kifayətlənməyən prezident Donald Tramp Panama kanalının və Qrenlandiyanın da ABŞ-ın nəzarətinə keçməli olduğunu birmənalı şəkildə vurğulayıb. Onun bu açıqlamaları hazırda beynəlxalq siyasi məkanda ciddi narazılıq və narahatlıq yaratmaqdadır. Və Ağ Evin yeni sahibi öz prioritet hədəflərinə düzəlişlər etməzsə, bu, yaxın gələcəkdə qlobal xaos təhlükəsini qaçılmaz edə bilər.

MIUxWeXdX2Br7OHp4NoTvW_M1WWx6KKS.jpg (41 KB)Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp əvvəlki hakimiyyəti dönəmində də Qrenlandiyanı satın almaq ideyasını irəli sürmüşdü. Ancaq bu, ABŞ və Avropa Birliyinin üzvü olan Danimarka arasında ciddi siyasi ziddiyyətlərə səbəb olmuşdu. Çünki Qrenlandiya Danimarka Krallığının bir hissəsidir və daxili özünüidarə hüququna malikdir. Əgər, indi Donald  Tramp daha da irəli gedərək, Qrenlandiyanı işğal etmək qərarı verərsə, bu, qlobal prosesləri nəzarətdən çıxara biləcək situasiya yaradar.

İlk növbədə Danimarkanın ABŞ-ın bu qərarına qarşı dərhal sərt reaksiya verəcəyi qətiyyən şübhə doğurmur. Üstəlik, NATO üzvü kimi, Danimarkanın hərbi dəstək üçün alyansa müraciət edə biləcəyi də nəzərə alınmalıdır. Nəticədə ABŞ-ın da NATO-nun aparıcı üzvü olması isə bu alyansı ümumiyyətlə, iflic vəziyyətinə sala bilər. Eyni zamanda, BMT çərçivəsində belə işğal cəhdinin beynəlxalq hüququn pozulması sayılacağını da unutmaq olmaz. Və ABŞ-ın həm beynəlxalq məkanda nüfuzunu itirməsi, həm də ən yaxın müttəfiqləri ilə münasibətlərində hərbi qarşıdurmalara qədər inkişaf edə biləcək böhran yaşaması qaçılmaz xarakter daşıyır.

Təbii ki, Tramp administrasiyasını Qrenlandiyanın zəngin təbii sərvətləri, xüsusilə də neft və qaz yataqları şirnikləndirir. Eyni zamanda, Qrenlandiyanın coğrafi mövqeyi də strateji əhəmiyyətə malikdir. Bu səbəbdən də, digər böyük dövlətlərin, xüsusilə də Rusiya və Çinin bu məsələyə dərhal sərt müdaxilə ehtimalı olmamış deyil. Və nəticədə ABŞ-ın uğursuzluğu halında gərginliyin həm də Konqresə daşınmaqla, ölkədaxili siyasi böhrana yol aça biləcəyi istisna deyil.

GettyImages-996942026.jpg (80 KB)

Göründüyü kimi, Tramp adminstrasiyasının Qrenlandiyanı işğal etmək planlarını reallaşdırması o qədər də asan məsələ deyil. Çünki ABŞ dünyada nə qədər hegemon dövlət olsa da, belə işğal Ağ Evi istənilən halda, uzunmüddətli beynəlxalq sanksiyalara və iqtisadi təzyiqlərlə məruz qoya bilər. Eyni zamanda, ABŞ belə bir qərar verməzdən öncə həm Avropa Birliyi, həm də NATO ilə ortaya çıxa biləcək kəskin problemləri mütləq nəzərə almaq məcburiyyətindədir. Və bu baxımdan, Tramp administrasiyasının həm ABŞ-ın maraqlarına sarsıdıcı zərbə vuracaq, həm də qlobal sabitliyi təhdid edəcək addımlara cəsarət göstərəcəyinə inanmaq çox çətindir.

Təbii ki, bütün bunları nəzərə aldıqda, Ağ Evin yeni sahibinin Qrenlandiya və Kanadanı hədəfə alması daha çox taktiki hərbi-siyasi manipulyasiya təsiri bağışlayır. Belə ki, Donald Tramp əvvəlki hakimiyyəti dönəmində ABŞ-ın NATO-dan çıxması ilə bağlı ideyanı gündəmə gətirmişdi. Donald Tramp hesab edir ki, NATO öz tarixi hərbi-siyasi missiyasını sona çatdırıb. Ona görə də, ABŞ bu nəhəng hərbi-siyasi alyansı maliyyələşdirməklə, digər üzv dövlətlərin təhlükəsizlik maraqlarına xərc çəkməyə borclu deyil. Və indi Donald Tramp NATO üzvü olan dövlətlərə öz hərbi büdcələrini dərhal artırmağı məsləhət görür.

Digər tərəfdən, Ağ Evin yeni sahibi Avropa Birliyini də ABŞ-ın qlobal iqtisadi maraqları qarşısında əsas rəqiblərdən biri hesab edir. Ona görə də, prezident Donald Tramp Avropa Birliyini də hədəfə almaqla, bu nəhəng qurumu zəiflədərək, ABŞ-dan asılı vəziyyətə salmaq niyyətini biruzə verir. Belə ki, Ağ Evin yeni sahibi ABŞ-ın şəriksiz qlobal hərbi-siyasi və maliyyə-iqtisadi hegemonluğunu təmin etmək üçün həm Avropa Birliyinin, həm də NATO-nun küncə sıxışdırılmasına ehtiyac duyur. Və bu iki nəhəng beynəlxalq qurumla münasibətləri gərginləşdirib, siyasi-ideoloji təzyiqləri artırmaq üçün bəhanə qazanmağa çalışır.

tr-euro-Снимок.JPG (83 KB)

Bütün bunları nəzərə aldıqda, Kanada və Qrenlandiya blefi yaxşı hesablanmış geopolitik oyuna bənzəyir. Belə ki, Kanadanın suverenliyinin təhdid olunması əslində, ABŞ-ın məhz NATO-nu qarşıdurma məkanına çəkmək cəhdi kimi görünür. Çünki NATO-nun üzvü olan Kanadanın suveren hüquqları bu hərbi-siyasi alyansın himayəsi altındadır. Əgər, NATO-da patronajlıq statusuna malik olan ABŞ-ın Kanada ilə bağlı təhdidləri reaksiyasız buraxılarsa, onda bu alyansda təmsil edilən digər üzv dövlətlər də nə vaxtsa eyni  taleyi yaşaya bilərlər. Və bu baxımdan, NATO ölkələrinin ABŞ-a sərt müqavimət göstərməklə, Ağ Evin yeni sahibinə siyasi qarşıdurma üçün bəhanə verəcəkləri şübhə doğurmur.

Eyni zamanda, Qrenlandiya məsələsi də birbaşa Danimarkanı hədəfə almaq cəhdi kimi görünmür. Belə ki, Qrenlandiya üzərində administrativ hüquqlara malik olan Danimarka həm NATO, həm də Avropa Birliyinə üzvdür. Yəni, Ağ Evin yeni sahibi yenə də Danimarka üzərindən NATO və Avropa Birliyi ilə siyasi qarşıdurma mühiti üçün bəhanə qazanmağa çalışır. Və zaman keçdikcə, bu bəhanələrin əslində, məzmununun ciddi şəkildə dəyişdiriləcəyi, tamamilə başqa istiqamətlərə yönəldiləcəyi də qətiyyən şübhə doğurmur.

Belə anlaşılır ki, prezident Donald Tramp üçün Kanada və Qrenlandiyanın ABŞ-ın tərkibinə qatılması yaxın perspektiv üçün nəzərdə tutulmuş hədəf deyil. Ağ Evin yeni sahibi ilk növbədə Avropa Birliyi və NATO-ya siyasi-ideoloji savaş açmaq üçün bu iki nəhəng qurumla real qarşıdurma mühitinin yaradılmasına can atır. Əgər, bu prosesin nəticəsində prezident Donald Tramp zəifləmiş NATO-nun "təhlükəsizlik çətiri"ndən məhrum olacaq Avropa Birliyini ABŞ-ın qlobal siyasi-iqtisadi rəqibləri sırasından çıxara bilərsə, onda növbəti mərhələyə start verilə bilər. Və həmin növbəti mərhələdə ABŞ-ın həm Kanada, həm də Qrenlandiya hədəflərinə bu dəfə radikal şəkildə irəliləməyə çalışacağı şübhə doğurmur.(musavat.com)

Peskov: Putin AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar üzr istəyib

Rusiya Aktauda "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin qəzaya uğramasının obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır.

“Report” xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Qəzanın səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv və qərəzsiz araşdırmada maraqlıyıq", - Peskov jurnalistlərə bildirib.

O, həmçinin rusiyalı mütəxəssislərin araşdırmaya kömək etdiyini, Rusiyanın müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini qeyd edib.

"Prezidentlər Putin və Əliyev iki dəfə telefonla danışıblar. İstintaq orqanlarına lazımi göstərişlər verilib, bu qəzanın səbəblərinin araşdırılmasında bütün lazımi yardım göstərilir və qarşılıqlı əməkdaşlıq həyata keçirirlir. Putin üzr istəyib və təəssüfləndiyini bildirib", - deyə Peskov vurğulayıb.

ABŞ-də fəlakət böyüyür: Prezident səfəri təxirə salındı, məşhurlar evlərini tərk etdi

Kaliforniyanın Los-Ancelesdə Hollivudun yerləşdiyi ərazidə bir neçə gündür başlanan güclü meşə yanğınları ciddi fəlakətlərə yol açıb. Artıq ABŞ prezidenti Co Bayden yanğına görə Kaliforniyanı böyük fəlakət bölgəsi elan edib.

Güclü yanğınlar davam etdiyindən "Hollivud"un bir hissəsi boşaldılaraq təxliyə edilir.

Təxliyə edilməli olan ərazilər arasında Hollivud Şöhrət Xiyabanı və martın 3-də Oskar mərasiminin keçiriləcəyi "Dolbi" Teatrı var. Yanğınlar səbəbindən "Oskar" mükafatı nominantlarının elan edilməsi iki gün gecikib.

"Reuters"in xəbərinə görə, yanğın nəticəsində 100 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Yanğın ərazisində ABŞ-nin vitse-prezidenti Kamala Harrisin iqamətgahı da daxil olmaqla təxliyə işləri aparılır.

"The Washington Post" xəbər verir ki, yanğınlar nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Son məlumatlara görə, Los-Ancelesdə meşə yanğınları nəticəsində mindən çox bina yanıb. Yanan binalar arasında tanınmış Hollivud ulduzlarının da evləri var.

Meşə yanğınları elit Pasifik Palisades bölgəsində yaşayan Hollivud aktyorlarını evlərini tərk etməyə məcbur edib.

Onların arasında aktrisalar Ceymi Li Kertis, Mendi Mur, jurnalist Mariya Şrayver, aktyor Mark Hamill və digər məşhurlar var.

ABŞ prezidenti Co Bayden Kaliforniyadakı meşə yanğınları səbəbindən yanvarın 9-12-də İtaliyaya nəzərdə tutulan səfərini təxirə salıb.

"AccuWeather"in verdiyi xəbərə görə, yanğının vurduğu ziyanın 50 milyard dolları keçəcəyini təxmin edir.

Azərbaycan Prezidenti reallığı İrəvana başa salmaq istəyir, amma anlamırlar ki… - Danielyan

"Düşünürəm ki, dünyada çox şey dəyişib və mövcud olan dünya artıq yoxdur. Ermənistan isə Azərbaycan Prezidentinin nə dediyini və nəyə işarə etdiyini anlamırlar".

Bunu politoloq Stepan Danielyan Azərbaycan Prezidenti İlham Əliyevin müsahibəsini şərh edərkən deyib.

Ekspertin fikrincə, Azərbaycan Prezidenti siyasi vəziyyətin dəyişdiyini, geosiyasi dəyişikliklərin baş verdiyini, köhnə dünya nizamının artıq olmadığını deyəndə bütün bunların mənası Ermənistanda çox zəif başa düşülür.

“Baxın, Ukraynada münaqişə var, Rusiya bəyan edib ki, Krım və Ukrayna ərazilərinin bir hissəsi Rusiya Federasiyasının ərazisi hesab olunur.

ABŞ prezidenti Danimarkaya ərazi iddiaları irəli sürür, Qrenlandiyaya ehtiyacları olduğunu deyir. O, Kanadanı 51-ci ştat elan edir, Panamanın öz nəzarətinə qaytarılması ilə bağlı bəyanatlar verir. İsrail Suriyadan torpaq alır, Türkiyə Suriyaya girdi. Biz görürük ki, dünya artıq dəyişib. Yəni 1945-ci ildən sonra ərazi bütövlüyü və insan hüquqları kimi iki əsas prinsip üzərində formalaşan dünya artıq yoxdur. Azərbaycan Prezidenti məhz bu barədə danışıb”, - Stepan Danielyan izah edib.

Politoloq Azərbaycan Prezidentinin belə bir bəyanatlarla çıxış etməsini təsadüfi hesab etmir.

“Yəni dünya dəyişib. İndi yeni bir şey baş verir. Rusiya prezidenti çoxqütblü dünyadan danışır, bu nə deməkdir? Bu o deməkdir ki, bir neçə əsas oyunçu olacaq. Yəni biz imperiyalara qayıdırıq və kiçik ölkələr ya yox olacaq, ya yeni ölkələr yaranacaq, ya da hansısa böyük ölkənin müştərisi olmalıdır. Yeni nizam hələ ortaya çıxmayıb. Və belə bir məqamda Azərbaycan da buna bənzər bəyanatlar verir və deyir ki, Ermənistanda bunu anlamırlar. Bir neçə dəfə dedi ki, dünya dəyişib, amma siz başa düşmürsünüz.

Lakin Ermənistanın baş naziri reallıqdan kənara çıxıb, nə baş verdiyini anlamır. Və bu vəziyyətdə, sizin geosiyasi təlimatlarınız olmalı və bəzi komandalara qoşulmalısınız. İşləyəcək, ya yox? Azərbaycan bir neçə istiqamətdə oynayır. Onun həm Rusiya, həm də Türkiyə ilə dərin anlaşmaları var və indi bəyan edir ki, o, ABŞ-nin strateji tərəfdaşı olmağa çalışır”, - Stepan Danielyan bildirib.

İsrail-Türkiyə müharibəsi qaçılmazdır və bu... - ŞOK PROQNOZ

Gələcəkdə İsraillə Türkiyə arasında hərbi münaqişə ehtimalı var və bu da regionda dəhşətli bir mənzərə yaradacaq.

Bunu in Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin eksperti Efrat Aviv "The Media Line"a açıqlamasında deyib.

Bölgədə mümkün Türkiyə-İsrail qarşıdurmasına toxunan Avivin fikrincə, bu qarşıdurmanın qəsdən olub-olmamasından asılı olmayaraq, Türkiyə ilə İsrail arasında hərbi münaqişə indiyədək bənzəri olmayan dəhşətli bir vəziyyət yaradacaq.

“Hələ də müharibənin ortasında olan və HƏMAS-ın sarsıdıcı sərhəd hücumundan travma alan İsrail digər sərhədlərdə də oxşar sürprizlərin mümkünlüyünə daha az dözümlü olub”, - ekspert qeyd edib.

Xəbər lenti