![]() |
|
Dövlət başçısının regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində verdiyi tapşırıq və sərəncamlarına əsasən ölkədə yol infrastrukturunun yenidən qurulması istiqamətində əsaslı islahatlar aparılır. Çünki Azərbaycanda icra edilən sosialyönümlü siyasətin tərkib hissələrindən biri də məhz avtomobil yolu layihələrinin icrasıdır və bununla bağlı uğurlu layihələr hər bir bölgəni, rayonu və kəndi əhatə edir.
Zərdab rayonunda bu il 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yenidən qurulması işləri yüksək sürətlə və keyfiyyətlə davam etdirilir.
Bu respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yoludur. Sözügedən avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və qonşu rayonlara çıxışını təmin edir.
Uzun müddətli istismar nəticəsində yol örtüyü tamamilə sıradan çıxıb, yol əsasında çoxlu sayda çökmələr, çalalar əmələ gəlib, bəzi hissələrində torpaq yatağının genişləndirilməsinə ehtiyac var. Təbii ki, yolun bu vəziyyətdə olması gediş-gəlişi çətinləşdirməklə yanaşı, yol boyu kənd təsərrüfatının inkişafına da mənfi təsir göstərirdi.
Hazırda yol boyu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən kompleks təmir-tikinti işləri yuxarıda sadalanan problemlərin birdəfəlik həllinə gətirib çıxaracaq. Çünki torpaq yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yolun qazılmış və relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün tələb olunan qalınlıqda yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Torpaq işləri 70 min kv.m sahəni əhatə edib.
Bu işlərin ardınca “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yol əsasının inşası həyata keçirilib. Yol əsasının inşası üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub. Yolun çiyin hissələri də dağıldığından çiyinlərin 12 sm qalınlığında optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi işləri aparılacaq.
Yol boyu suötürücü qurğular tamamilə sıradan çıxdığı üçün suların normal ötürülməsini təmin etmək məqsədi ilə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılıb və izolyasiyası işləri aparılıb.
Tikinti layihəsinə uyğun olaraq, növbəti mərhələlərdə yolun 40 min kv.m sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət və 12 sm qalınlıqda asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib. Yeni örtüyün salınması işləri yaxın müddət ərzində tam olaraq yekunlaşdırılacaq. Bunun ardınca zəruri olan yerdə avtobus dayanacağının tikintisi, siqnal dirəyinin, yol nişanı və məlumatverici lövhənin quraşdırılması, yol boyu xətlənmə işlərinin aparılması nəzərdə tutulub.
Zərdab rayonunun Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun yenidən qurulması yol boyu yaşayan əhalinin respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yoluna çıxışını təmin etməklə istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat gediş-gəlişinə şərait yaradacaq, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla yük və sərnişin daşımasını asanlaşdıracaq. Bundan başqa kənd təsərrüfatının inkişafına təkan verməklə məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
Sərəncama əsasən, dörd min nəfər əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Ucar-Zərdab-Ağcabədi (32 km)-Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 3,1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən, ölkəmizdə karantin rejimi müddətinin iyunun 15-dək uzadılması və tətbiq edilən məhdudiyyətlərin bir qisminin yumşaldılması ilə əlaqədar Abşeron Dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara təlabat çoxalıb.
Həmin istiqamətdə sərnişinlərin karantin qaydalarına uyğun hərəkətinin təmin edilməsi və sıxlıq yaşanmaması üçün qatarların sayı artırılıb. Bu məqsədlə Bakı-Xırdalan-Sumqayıt-Bakı, Bakı-Pirşağı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilib.
Yeni hərəkət cədvəlini təqdim edirik.
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində yeniləşən və müasirləşən yol infrastrukturu sənaye, kənd təsərrüfatı və turizmin inkişafına səbəb olur. Bu məqsədlə cari ildə icra olunan layihələr sırasında Salyan rayonunda 4 yaşayış məntəqəsinin yolu əsaslı şəkildə yenidən qurulur.
Söhbət uzunluğu 11 km olan yerli əhəmiyyətli Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolundan gedir.
Uzun müddət əsaslı şəkildə təmir olunmayan Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkəndi avtomobil yolunun yenidən qurulmasında məqsəd yol boyu yaşayan 6 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin etmək, Salyan şəhər mərkəzinə və Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Salyan-Şirvan avtomobil yolu vasitəsi ilə Hacıqabul-Bəhrəmtəpə-Mincivan və Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi magistral avtomobil yollarına rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaq və bununla da iqtisadiyyatın inkişafına təkan verməkdir.
Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir.
Yolun eni 10 metrə qədər genişləndirilir. Bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.
Layihə çərçivəsində deformasiyaya uğramış mövcud örtük və yararsız qrunt qazılıb çıxarılır, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılır.
Tikinti norma və standartlarına uyğun olaraq, növbəti mərhələ üzrə qum-çınqıl və optimal-qırmadaş qarışıqlarından istifadə olunmaqla yol əsasının alt və üst layının inşası işləri də aparılır. Kürkənd yaşayış məntəqəsində yol əsası tam hazır olduğu üçün yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb və bu çərçivədə artıq 3 km-lik işlər yekunlaşdırılıb.
Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə mövcud metal və dəmir-beton borular bərpa olunur, zəruri olan yerlərdə müxtəlif diametrli yeni boruların tikintisi işləri aparılıb. Ümumilikdə yol boyu müxtəlif diametrlərə malik 586 paqon-metr uzunluğunda 55 metal və dəmir-beton suötürücü borular quraşdırılıb, 1 dördbucaqlı su keçidi inşa edilib.
Bundan başqa kürkənd yolunda mövcud körpülərin məhəccərləri sıradan çıxdığı, təkərqaytaranlar və gediş hissəsi tavası yararsız vəziyyətə düşdüyü üçün bu istiqamətdə də təmir-tikinti işləri görülüb. Belə ki, Akkuşa çayı üzərində hər birinin uzunluğu 12 metr olan 2 körpü əsaslı şəkildə yenidən qurulub.
Tikinti layihəsinin sonuncu mərhələsində zəruri olan yerlərdə 4 avtobus dayanacağının tikintisi, 22 km göstəricinin, 68 yol nişanı və məlumatverici lövhələrin, 210 siqnal dirəyinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi ilə yaxın müddət ərzində sözügedən yolda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.
AZƏRTAC xəbər verir ki, sərnişindaşımanın lazımi səviyyədə təşkili üçün rayona 10 sərnişin avtobusu ayrılıb, bundan əlavə, kommunal təsərrüfat texnikaları da alınıb.
Həmçinin təcili tibbi yardım avtomobilləri və digər ağır texnika da rayonun ixtiyarına verilib.
Prezident İlham Əliyev ölkənin başqa şəhərlərinin də belə texnika və nəqliyyat vasitələri ilə təchizatını təşkil etmək üçün təkliflər hazırlanması barədə tapşırıq verib.
Regionların sosial-iqtisadi inkişafı dövlət proqramında əsas prioritet hədəflərdən biri yol infrastrukturunun müasir şəkildə yenidən qurulması ilə vətəndaşlarımızın rahat gediş-gəlişini təmin etməkdir. Ölkə boyu avtomobil yollarında aparılan genişmiqyaslı yenidənqurma işləri Göygöl rayonundan da yan keçməyib. Bu il həyata keçirilən yol infrastrukturu layihələrindən biri də respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 14-cü km-dən ayrılan və Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarıdır.
Göygöl rayonu Aşıqlı-Keşkü-Üçbulaq-Üçtəpə-Firuzabad marşrutu üzrə yaşayış məntəqələrinə gedən avtomobil yollarının ümumi uzunluğu 18.9 km təşkil edir.
Layihəyə əsasən avtomobil yolları 3 marşrut üzrə yenidən qurulur. Bu respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunun 3-5-ci km-lik (2 km) hissəsi, yerli əhəmiyyətli 5.6 km-lik Üçtəpə-Firuzabad və 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq avtomobil yollarıdır. Əhalinin çoxsaylı müraciətləri nəzərə allınaraq layihəyə M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndinə rahat gediş-gəlişin təmin olunması üçün 1.6 km uzunluğunda yeni geridönmə hissəsinin yaradılması da daxil edilib.
III texniki dərəcəli respublika əhəmiyyətli Gəncə-Kəlbəcər-Laçın avtomobil yolunda nəqliyyat vasitələrinin intensiv hərəkəti, inzibati əhəmiyyəti və perspektiv inkişafı nəzərə alınaraq yolun 2 km-lik hissəsinin I texniki dərəcəyə uyğun təmir olunmasına ehtiyac yaranmışdır. Bu məqsədlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun yararsız asfalt-beton örtüyü mexanizmlə sökülüb, yolun torpaq yatağının I texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə yararsız qrunt qazılıb, əks-dolğu işləri aparılaraq torpaq yatağının karxana çınqılından təmiri və profilə salınması işləri görülüb.
Daha sonra qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yol əsası hazır olan hissələrə isə bitum emusiyası səpilməklə iri dənəli qaynar asfalt-beton qarışığından örtük salınır.
Bundan başqa 2 km-lik hissədə ayrıcı zolaq və yeni piyada səkiləri inşa edilərək kənarlarına yeni səki daşları düzülür, çiyin hissələr optimal çınqıl materialı ilə bərkidilir, eyni səviyyəli yol qovşağında 240 paqon-metr uzunluğunda əyrixətli tirlər quraşdırılır, 9 yol birləşməsi təmir edilir. Sözügedən yolda işıqlandırma işlərinin aparılmasına ehtiyac olduğu üçün yeni inşa edilən ayrıcı zolaqda 50 işıq dirəyinin quraşdırılması nəzərdə tutulur.
Layihənin sonunda 2 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə yol göstəriciləri və nişanlar, məlumatverici lövhələr, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Yenidənqurma işlərinə layihənin 9.7 km-lik Aşıqlı-Keşkü-Üçbulaq hissəsində də başlanılıb. Avtomobil yolu bu hissədə çınqıl örtükdən ibarət idi, torpaq yatağının eni də normativlərə cavab vermirdi. Bu üzdən yolun torpaq yatağının IV texniki dərəcəyə uyğun genişləndirilməsi məqsədilə dağ yamacları və yatağın yararsız hissələri qazılaraq kənarlaşdırılıb, əks-dolğu işləri görülərək torpaq yatağı karxana çınqılından inşa edilib və profilə salınıb.
Hazırda qum-çınqıl materialdan əsasın alt layı, optimal qarışıqlı çınqıl materialından isə əsasın üst layı inşa edilir. Yaxın günlərdə yol əsası hazır olan hissələrə iri və xırda dənəli asfalt-beton qarışığından 2 laydan ibarət örtük salınacaq. Bundan başqa yolun çiyin hissələri lazımi materialla bərkidiləcək, yol birləşmələri təmir ediləcək.
Yenidənqurma işləri zamanı mövcud suötürücü borular və boruların başlıq hissələri dağıldığı üçün mövcud boru başlıqları yenidən təmir olunub və əlavə olaraq müxtəlif diametrli 92 paqon-metr uzunluğunda yeni suötürücü dəmir-beton borular quraşdırılıb.
Layihənin sonunda 3 avtobus dayanacağı, hərəkətin normal təşkili üçün isə 47 yol və km göstəricisi, həmçinin nişan, bundan başqa məlumatverici lövhə və 280 siqnal dirəyi quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.
Anoloji işlərin layihənin 5.6 km-lik Üçtəpə-Firuzabad hissəsində də aparılması üçün hazırlıq işləri görülür. Burda avtomobil yolu uzun illər istismar olunduğundan təmirlərarası istismar müddətini keçmiş, asfalt-beton örtükdə tor şəkilli çatlar və çökmələr əmələ gəlmişdir, səki daşları sınmış və çökərək istismara yararsız vəziyyətə düşmüşdür. Bundan başqa yolun çiyin hissəsindən 900 m uzunluğunda beton kanal keçir və sözügedən hissədə təhlükəsizlik tədbirlərinün görülməsi vacibdir.
Bu üzdən hazırda yol boyu mövcud asfalt-beton örtük frezlənərək profilə salınır. Bunun ardınca yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılacaq, qazılmış hissələrdə əsasın alt layı qum-çınqıl materialı ilə təmir ediləcək, daha sonra iri dənəli asfalt-beton qarışığı ilə yeni yol örtüyü salınacaq.
Bundan başqa zəruri olan yerlərdə 7 min paqon-metr uzunluğunda yeni piyada səkiləri inşa ediləcək, kanal boyu 660 paqon-metr uzunluğunda 220 bir tərəfli dəmir-beton qoruyucu bloklar düzüləcək, yol birləşmələri və çiyin hissələr lazımi materialla təmir ediləcək.
Layihə çərçivəsində M2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolundan Üçtəpə kəndi ilə Firuzabad kəndlərinə rahat gediş-gəlişin təmin olunması üçün yeni geridönmə hissə yaradılmaqla 1.6 km uzunluğunda olan yol da yenidən qurulacaq. Çünki çınqıl örtükdən ibarət yolda qabarma və çökmələr əmələ gəlib, yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 7 metr təşkil edir.
Sadalanan bütün işlər “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Əraziyə cəlb olunmuş lazımi sayda qüvvənin köməkliyi ilə qısa müddətə tikinti işlərinin yekunlaşdırılması ilə müasir yol infrastrukturu vətəndaşların istifadəsinə veriləcək.
Vətəndaşların mənzil başına rahat çatması üçün hamar yol əsas şərtlərdəndir. Bu mənada ölkə daxilində avtomobil yollarının yüksək keyfiyyətlə qurulması əsas hədəflərdən biridir. Xaçmaz rayonunun Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidənqurma işləri artıq yekunlaşıb.
Yenidən qurulan Xaçmaz-Niyazoba-Əbilyataq-Qarğalıq avtomobil yolunun ümumi uzunluğu 35.9 km təşkil edir.
Sözügedən avtomobil yolu bir-neçə istiqamət üzrə yenidən qurulub. Bu yolun 20.5 km uzunluğa malik Xaçmaz-Əbilyataq və 7.7 km olan Qarğalıq kənd hissələridir, həmçinin 7 kəndin - Qaraçı, Gülalan, Cığatay, Qarabağlı, Ağçay, İlxıçı və Niyazoba kəndlərinin giriş yollarıdır. Giriş yollarının da ümumi uzunluğu 7.7 km-dir.
Torpaq və çınqıl örtüklü olan yolla xüsusən payız-qış mövsümündə gediş-gəliş xeyli çətinləşirdi. Təmir-tikinti işlərindən sonra isə 12 yaşayış mətəqəsinin əhalisi tam yeni və yüksək keyfiyyətli asfalt-beton örtüklü yoldan istifadə edirlər.
Layihəyə əsasən sözügedən yol 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulub. 2 hərəkət zolaqlı olan yolun ümumi eni 10 metr təşkil edir. Bura 6 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr enində çiyinlər daxildir.
Tikinti işləri çərçivəsində yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılaraq yeni yol yatağı inşa olunub. Bunun ardınca qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yol əsasının inşası işləri görülüb.
Bundan başqa yol boyu zəruri olan yerlərdə sel və yağış sularının yol yatağından kənar edilməsi üçün 5 yerdə müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton borular quraşdırılıb, mövcud borular isə təmir olunaraq bərpa edilib.
Daha sonra yolun 200 min m2-dən çox hissəsinə iri və xırda dənəli olmaqla yeni asfalt-beton örtüyü döşənib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında və yüksək keyfiyyətlə aparılan tikinti işlərindən sonra layihəyə uyğun olaraq zəruri olan yerlərdə avtonəqliyyat vasitələrinin hərəkətin təhlükəsizliyinin təmin edilməsi və sürücülərin düzgün istiqamətləndirilməsi məqsədi ilə yol nişanları, məlumatverici lövhələr, km göstəriciləri və siqnal dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib.
Müasir şəkildə yenidən qurulan yolun istifadəyə verilməsi ilə yol boyu 12 yaşayış məntəqəsində yaşayan 12 minə yaxın əhalinin gediş-gəlişi xeyli rahatlaşıb, yük və sərnişin daşıması isə asanlaşıb. Çünki yolun yenidən qurulması ilə əhali istər rayon mərkəzinə, istərsə də qonşu rayonlara rahat şəkildə gedib-gələ, yetişdirdikləri məhsulları xarab olmadan bazarlara çıxara bilirlər. Bununla da sözügedən ərazidə insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən kənd təsərrüfatının daha da inkişaf edir.
Nəticədə, əlavə hərəkət zolağı yaradılıb və Moskva prospektindən nəqliyyat vasitələrinin daim sağa hərəkəti təmin edilib. Bundan başqa, “20 Yanvar” dairəsinin ölçüləri hər bir istiqamət üzrə 8-10 metr kiçildilərək oval formaya salınıb.
Yenidənqurma işlərində əsas məqsəd “20 Yanvar” dairəsi ətrafında sıxlığın aradan qaldırılmasına nail olmaqdır.
Ətrafli süjeti təqdim edirik:
20 may tarixindən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir. Təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik.