![]() |
|
Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb.
Axar.az xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov 100 il əvvəl dekabrın 7-də Azərbaycan parlamentinin Bakıda ilk iclası olduğunu xatırladıb.
“Mən bu münasibətlə hər birinizi təbrik edirəm”, - deyə spiker bildirib.
Zatulin Rusiya Dövlət Dumasının üzvü olmadığı zamanda da Azərbaycanın düşməni olub. O, erməni diasporunun dəstəyi ilə Rusiya Dövlət Dumasına üzv seçilib.
Axar.az xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən iclasında deyib.
Spikerin sözlərinə görə, Zatulin erməni diasporunun maliyyələşdirdiyi MDB-nin adına institut yaratmışdı.
“Lazarev klubunun üzvü olan Eltseyev adında biri var. Mən həmin siyahıya baxan da burada ruslardan başqa, bütün Rusiyada olan erməni mənşəli adamların adını gördüm. Lazarevin özü də ermənidir. Məsələ bizə aydındır. Belə cılız münasibətlərlə Rusiya-Azərbaycan münasibətlərini pozmaq mümkün deyil”, - spiker bildirib.
Oqtay Əsədov məsələ ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə müraciət etdiyini bildirib:
“Mən Rusiya Dövlət Dumasının sədri Volodinə məktub yazmışam. Yəqin ki, bir ölçü götürüləcək”.
Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qabaqcadan bəyan etdiyi kimi, Sankt-Peterburqda KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri məsələsindən danışıb və qurumda təmsil olunan ölkələrdən gileylənib.
Axar.az Musavat.com-a istinadla xəbər verir ki, Paşinyan bunu Rusiyanın erməni icması ilə görüşündə səsləndirib.
“Biz dəqiq cavab almaq istəyirik. Heç kim bizi günahlandıra bilməz ki, müttəfiqlik öhdəliklərinin hansısa müddəasını yerinə yetirməmişik” - deyən N.Paşinyan Ermənistanı “etibarlı müttəfiq” adlandırıb. Ardınca qeyd edib ki, təəssüf, biz bunu KTMT-dəki digər partnyorlarımız haqqında deyə bilmərik.
“Ona görə də biz deyirik: gəlin münasibətlərimizi aydınlaşdıraq, biz müttəfiqik, ya yox? Əgər müttəfiqiksə, onda biz öz öhdəliklərimizi yerinə yetirməliyik” - deyə, N.Paşinyan üzv ölkələrə xitabən şikayətlənib.
“Anlaşılmaz hərəkətlər”dən bəhs edən erməni baş nazir əvəzi ardınca “biz bilməliyik, kimə inana bilərik, kimə yox” söyləyib.
N.Paşinyan üzv ölkələri Azərbaycanı Qarabağ məsələsini silahlı yolla həll etməkdən daşındırmağa çağırıb.
Maraqlıdır ki, KTMT nizamnaməsinə görə, üzv ölkələrdən birinin ərazisinə hücum edildiyi halda müttəfiq ölkələrin dəstək verməsi nəzərdə tutulur. Dağlıq Qarabağ isə bütün beynəlxalq sənədlərdə Azərbaycan ərazisi kimi göstərilib və burda antiterror əməliyyatları aparılacağı halda bunun heç bir ikinci ölkəyə aidiyyəti yoxdur. KTMT üzvləri də bu məqamı dəfələrlə dilə gətiriblər.
Buna baxmayaraq, N.Paşinyan müttəfiqlikdən sui-istifadə edərək, işğalı davam etdirməyi və Ermənistan silahlı qüvvələrinə aid ordunu bütün beynəlxalq mötəbər qurumların təkidini rəğmən, işğal edilən ərazilərdə saxlamağı hədəfləyir.
“Sual yaranır: KTMT bu alətdən istifadə edəcəkmi, ya yox? Bizim üçün bu, çox starteji məsələdir. Baş katiblik məsələsi isə ikinci dərəcəlidir, hətta 50-ci məsələdir. Qoy burada həmişə Belarus nümayəndəsi təmsil olunsun, ancaq bütün bunların müqabilində qarşılıqlı öhdəliklər yerinə yetirilsin” - Paşinyan KTMT-nin baş katibi postunda Belarus təmsilçisinin olacağı barədə Prezident Lukaşenkonun dediklərinə reaksiya verib.
Artıq məqsədinə nail ola bilmədiyini anlayan Paşinyan KTMT baş katibliyinə əhəmiyyətsiz məsələ kimi yanaşaraq, deyib ki, bizə belə formal statuslar lazım deyil:
"Bizə qarşılıqlı razılaşmalar və onların tam həyata keçirilməsi lazımdır”.
Maraqlıdır, Belarus və digər KTMT ölkələrindən Paşinyana hansı cavab veriləcək?
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya qazının qiyməti ilə bağlı Avrasiya İqtisadi İttifaqının sammitində yaşanan mübahisəyə görə Vladimir Putindən üzr istəyib.
Axar.az xəbər verir ki, Belarus lideri jurnalistlər qarşısında çıxışı zamanı baş verən xoşagəlməz olaya görə üzrxahlığını ifadə edib.
Qeyd edək ki, Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqının sammiti zamanı Putin və Lukaşenko arasında mübahisə yaşanıb.
Lukaşenko görüş iştirakçılarının diqqətinə çatdırıb ki, Belarus qaz istehlakçıları üçün 1000 kub metr mavi qaz 130 dollara başa gəlir, Rusiya istehlakçıları üçün isə bu rəqəm 70 dollara bərabərdir.
Buna cavab olaraq Putin qeyd edib ki, əgər Belarus üçün qaza görə bazar qiymətləri tətbiq olunsa, onda onun dəyəri 1000 kub metr üçün 130 dollar yox, 200 dollar olar.
Rusiya lideri qazın qiyməti haqqında fikir mübadiləsini daha sonra bağlı qapılar arxasında davam etdirməyi təklif edib.
Müəyyən ölkələrin himayə etdiyi terror təşkilatları bu gün İrandakı ictimai-siyasi sabitliyi pozmağa cəhd göstəriblər.
Axar.az xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü Bəhram Qasımi deyib.
Onun sözlərinə görə, terror aktının məhz Çabaharda törədilməsi təsadüfi xarakter daşımır. İran hökuməti bu bölgəyə külli miqdarda sərmayə yatıraraq Azad İqtisadi Zona yaradıb:
“Terror aktından məqsəd ondan ibarətdir ki, ölkədə ictimai-siyasi sabitliklə yanaşı, iqtisadi vəziyyət də gərginləşsin. İranın sərhədyanı regionlarında xaos yaratmaqla ölkəni parçalamağa çalışanların planları baş tutmayacaq”.
Xatırladaq ki, bu gün səhər saatlarında İranın Sistan-Bəlucistan vilayətindəki Çabahar şəhərinin polis idarəsi qarşısında terrorçu-kamikadze avtomobili partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
Xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT-in 25-ci Nazirlər Şurası çərçivəsində ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli perspektivləri, Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub.
E.Məmmədyarov Ermənistanın xarici işlər naziri və ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirdiyi görüşləri haqqında məlumat verib, həmin görüşün faydalı olduğunu, mövcud formatda intensiv, nəticə-yönümlü danışıqların yaxın gələcəkdə davam etdirilməsinin razılaşdırıldığını bildirib. T.Qreminqerin ATƏT-in nə kimi rol oynaya biləcəyi sualını cavablandıran nazir Azərbaycanın işğal edilmiş ərazilərinə mümkün qiymətləndirmə missiyasının təşkilində ATƏT-in rolunu qeyd edib.
Görüşdə həmçinin Azərbaycanın ATƏT ilə əməkdaşlıq imkanları müzakirə olunub. E.Məmmədyarov ATƏT İqtisadi və Ətraf Mühit Əlaqələndiricisi Ofisi ilə birlikdə hazırlanmış “Xəzər dənizi regionunda bağlılığın və yaşıl limanların təşviqi” adlı ATƏT-in büdcədənkənar layihəsinin icra olunmasının Azərbaycan, Qazaxıstan və Türkmənistan limanlarının enerji təchizatının şaxələndirilməsi və Mərkəzi Asiya ölkələrinin Xəzər dənizi üzərindən Avropa bazarlarına çıxışına töhfə verəcəyini bildirib.
Tərəflər arasında maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ermənistan ordusunun bir qrup hərbçisi qar uçqunu altında qalıb.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Artsrun Ovanisyan deyib.
O, insidentin dünən Sisian rayonunda baş verdiyini bildirib.
"Qar uçqunu altından çıxarılan hərbçilərin vəziyyəti normaldır. Hərbçilərdən biri isə hələ də tapılmayıb" - Ovanisyan bildirib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri Qara dənizə girmək haqqına sahibdirlər, amma Rusiya özünə qarşı mümkün provokasiyaların heç birini cavabsız qoymayacaq.
Axar.az xəbər verir ki, bunu “RİA Novosti”yə açıqlamasında Qara dəniz donanmasının keçmiş komandanı admiral Vladimir Komoyedov deyib.
“Heç kim ABŞ-a Qara dənizdə üzməyi qadağan etmir. Montrö razılaşmasına əsasən, onların gəmiləri Qara dənizdə 21 gün qala bilər. Ona görə də hələ də amerikalıların nəyə hazırlaşdığı mənə aydın deyil. Onların Ukraynanı necə dəstəkləyəcəyi də aydın deyil. Rusiya ABŞ-ın provokasiyalarını cavabsız qoymayacaq”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə CNN televiziyası ABŞ-ın Kerç insidentinə görə Qara dənizə hərbi gəmi göndərəcəyi haqqında məlumat yayıb.
Gürcüstan polisi Tiflisdə Prezident Georgi Marqvelaşvilinin kürəkəni Mindiya Qoqoçurini saxlayıb.
Axar.az xəbər verir ki, məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi yayıb. Onun polisin axtarışında olan şəxslərdən biriylə birgə yaxalandığı bildirilib. DİN Qoqoçurini qanunsuz odlu silah saxlamaq ittihamı ilə həbs etdiyini açıqlayıb.
Qeyd edək ki, Marqvelaşvilinin birinci evliliyindən olan qızıyla ailə quran Qoqoçuriyə 2017-2018-ci illərdə iki sui-qəsd cəhdi olub. Hər iki hücum zamanı o yaralanıb.
İtaliyanın Milan şəhərində ATƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının 25-ci illik iclası işə başlayıb.
Report xəbər verir ki, iclasda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov iştirak edir.
Görüş zamanı İtaliyanın bu il ATƏT sədri kimi fəaliyyəti nəzərdən keçiriləcək.
XİN başçıları ATƏT məkanında mövcud olan münaqişələrin həlli, ATƏT-in böhranların idarə olunması qabiliyyətinin gücləndirilməsi və müasir çağırışlara cavab vermək məsələlərini müzakirə edəcəklər.
İclasda həmçinin 2019-cu ildə ATƏT-ə sədrlik edəcək Slovakiyanın prioritetləri açıqlanacaq.