![]() |
|
Səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə Seçki Komissiyasının yaradılmasına dair əmr imzalayıb.
Nazirlikdən Axar.az-a bildirilib ki, əmrdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili üzrə komissiyanın tərkibi təsdiqlənib.
Sənəddə Seçki Komissiyasına İctimai Şuraya namizədlərin irəli sürülməsi və qeydiyyatının “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin tələblərinə uyğun olaraq həyata keçirilməsi, İctimai Şuranın say həddinin müəyyən edilməsi kimi tapşırıqlar verilib.
BMT-nin baş katibi Antonio Quterreş Polşanın Katovitse şəhərində davam edən iqlim dəyişiklikləri konfransında hamını elektromobillərdən istifadə etməyə çağırıb.
Axar.az xəbər verir ki, təşkilatın rəhbərinin sözlərinə görə, atmosferə buraxılan zəhərli qazların dörddəbiri avtomobil nəqliyyatının payına düşür. A.Quterreş əlavə edib ki, avtomobillərin emissiya etdiyi karbon qazının miqdarı 1990-cı il səviyyəsi ilə müqayisədə 70 faiz çoxdur. “Bu gün bütün dünyada bir milyarddan çox sərnişin avtomobili var, 2040-cı ildə bu rəqəm iki milyarda çatacaq. Hazırkı vəziyyət nəqliyyat emissiyalarının azaldılması üzrə təcili tədbirlər görülməsini tələb edir. Bundan başqa, avtomobillərin atmosferə buraxdığı zəhərli qazlar hər il altı milyon insanın ölümünə səbəb olur. Tamamilə aydındır ki, bu tendensiyanı dayandırmaq lazımdır. Hərəkətə keçməyin vaxtıdır. Bizim ekoloji cəhətdən təmiz nəqliyyata ehtiyacımız var”, - deyə baş katib vurğulayıb.
BMT-nin rəhbəri qeyd edib ki, bu gün energetika və nəqliyyat sistemlərində köklü dəyişikliklər baş verir: yenilənən enerji mənbələri artır və elektromobillərin istehsalı genişlənir. Son illər ərzində elektrik mühərriki ilə işləyən avtomobillər üçün 3,5 min enerji yüklənməsi stansiyası açılıb. A.Quterreş əlavə edib: “Karbohidrogen yanacağından imtina etmək və elektromobillərə keçmək istəyən ölkələrin sayı get-gedə artır. Bir sıra ölkələr qarşıya 2020-2030-cu illərdə elektrik nəqliyyatının həcminin genişləndirilməsi üzrə konkret məqsədlər qoyub. Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, elektoromobillərə enerji yüklənməsi stansiyalarının sayı yaxın illərdə daha da çoxalacaq”.
Baş katib diqqətə çatdırıb ki, elektromobillərdən istifadəyə keçid prosesi 2050-ci ilə qədər hökumətlərə 70 trilyon dollaradək vəsaitə qənaət etmək imkanı verəcək.
“Bloomberg” agentliyinin məlumatına görə, 2040-cı ildə dünyada bütün avtomobil satışlarının 55 faizini elektromobillər təşkil edəcək və avtomobil parkının üçdəbiri onlardan ibarət olacaq. Hesablamalar göstərir ki, bu, gündəlik 7,3 milyon barrel nəqliyyat yanacağına qənaətlə nəticələnəcək.
Gürcü Arzusu deqradasiya prosesi yaşayır.
Axar.az xəbər verir ki, bunu gürcü iqtisadçı Giya Xuxaşvili deyib. Onun sözlərinə görə, hakim partiya hazırda özü nə istədiyini bilmir:
“Seçki Məcəlləsində dəyişiklik məsələsində müxalifətdə tam konsensus var. Müxalifət seçkinin proporsional sistemlə keçirilməsini tələb edir. Hökumət çalışır ki, prizmanı Gürcü Arzusu və Vahid Milli Hərəkat arasındakı savaş üzərinə yönəltsin. Sistemin dəyişilməsini ictimaiyyətin böyük hissəsi tələb edir. Bu məsələdə hökumətin əks addımı ciddi nəticələrə səbəb ola bilər. Hakimiyyət böyük siyasi dəyər ödəməli olacaq və bu dəyər o qədər böyük olacaq ki, onlar hətta hakimiyyətlərini də itirə bilərlər. Bu, seçki sisteminin deqradasiyasını dayandırmadı, əksinə, daha da sürətləndirdi. Qərbdəki investorlar Gürcü Arzusunun böyük problemlə üz-üzə qaldığını və onun gələcəyinin olmadığını düşünür”.
Camal Qaşıqçı cinayəti ilə bağlı sənədli film çəkmək üçün Türkiyəyə gələn məşhur Hollivud ulduzu Şon Pen Səudiyyə Ərəbistanı Konsulluq binasında çəkiliş aparıb.
Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Məlumata görə, sənədli filmin çəkilişi zamanı aktyor həmçinin Camal Qaşıqçının nişanlısı Xədicə Cingizlə də görüşəcək.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tütün məmulatlarının satışı haqqında qanunu təsdiq edib.
Axar.az xəbər verir ki, qanuna əsasən, Türkiyədə tütün məmulatlarının reklamı tamamilə qadağan edilib.
Bununla bütün tütün məmulatları eyni qablaşdırmada satılacaq, üzərində istehsalçı barədə hər hansı məlumat olmayacaq.
Fransadakı benzin qiymətlərinin artırılması ucbatından baş verən aksiyalar ABŞ-ın Paris İqlim Razılaşmasından çıxmasının haqlı olduğunu göstərir.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
“Paris razılaşması böyük səhvdir. Ona görə ki, bu razılaşma məsuliyyətli ölkələr üçün enerjinin qiymətini artırır, eyni zamanda dünyanın ən böyük çirkələnmə mənbələrinə də haqq qazandırır. Mən təmiz hava, təmiz su istəyirəm və ABŞ-da ətraf mühitin yaxşılaşmasında böyük uğurlara nail olmuşam. Lakin amerikalı vergi ödəyiciləri və işçiləri digər ölkələrin çirkliliyinin təmizlənməsi üçün ödəniş etməməlidirlər”, – deyə o bildirib.
Qeyd edək ki, Fransa hökuməti ekoloji mühitin yaxşılaşdırması üçün üzərinə götürdüyü öhdəliklər çərçivəsində benzinin qiymətini qaldırmaqla bağlı qərar vermişdi. Bunun ardınca isə “Sarı jiletlilər” hərəkatı başladı və davamlı aksiyalarda onlarla insan yaralandı, yüzlərlə etirazçı isə həbs edildi.
Türkiyə və İsrailin mümkün yaxınlaşması məsələsi çox ciddi mövzudur.
Axar.az xəbər verir ki, bunu “Haqqın.az” saytına açıqlamasında İsrail eksperti Vladimir Mesamed deyib. Onun sözlərinə görə, bu ölkələri 2010-cu ilə qədər dərin strateji tərəfdaşlıq əlaqələri bir-birinə bağlayıb:
“Ərəb baharı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Yaxın Şərqdə, o cümlədən bütün sünni aləmində liderlik mövqeyi qazanmaq şansı verdi. Bununla belə Türkiyənin bu istiqamətdə fəaliyyəti Ankaranın taktitiki tərəfdaşı olan İranda müəyyən qısqanclıq yaradır. İranın illərdir formalaşdırmağa çalışdığı regional liderlik bu gün sanki Ankara tərəfindən daha sürətlə reallaşdırılır.
Türkiyə bundan sonra hər zaman regional liderlik üçün mümkün taktiki müttəfiqlər axtaracaq və İsrail bu rolu icra etməyə daha çox uyğun gəlir. Türkiyəni İsraillə tərəfdaşlığa həmçinin bir sıra amerikayönlü sünni ərəb rejimlərinin Təl-Əvivə can atması da məcbur edə bilər. Bu gerçəkləşəcəyi halda Azərbaycan kimi İran və İsraillə eyni anda rasional əlaqələr qurmaq istəyən ölkələr həddən artıq diqqətli olacaqlar”, – deyə o bildirib.
Rusiya Ermənistana Su-30 təyyarələrini versə belə, bunların sayı çox olmayacaq.
Axar.az xəbər verir ki, bunu “Moskva-Baku” portalına müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer deyib.
“100 milyon dollarlıq kreditə bu tip böyük sayda təyyarə almaq mümkün deyil. Digər tərəfdən, bu həm də satılacaq təyyarənin daxili, yoxsa eksport qiymətləri ilə Ermənistana veriləcəyi ilə bağlıdır”, – deyə o bildirib.
O, Moskvanın İrəvana maksimum 4-6 təyyarə tədarük edə biləcəyini və bunlardan ikisinin təlim təyyarəsi olacağını söyləyib.
Rusiyalı ekspert bu təyyarənin verilməsi ilə bağlı informasiyanı İrəvanın daha çox Rusiya ilə Azərbaycan arasında müəyyən qarşıdurma üçün istifadə etdiyini vurğulayıb:
“Hələlik yeni heç nə yoxdur. Erməni tərəfi əksər hallarda belə vəziyyətlərdə danışır, Rusiya isə susur. Hərdən İrəvan arzu etdiyini həqiqət kimi qələmə verir. Ermənistan Müdafiə Nazirliyinin Su-30-la bağlı bəyanatı da Moskvaya təzyiq cəhdidir. Digər tərəfdən, bu, həm də Bakıya qarşı aparılan bir növ psixoloji təsir cəhdidir. Yəni deyirlər ki, baxın, biz yeni müasir döyüş təyyarələri alacağıq. Belə cəhdlər Rusiya-Azərbaycan münasibətlərində disbalans yarada, iki ölkəni mübahisəyə məcbur edə bilər”.
Qeyd edək ki, bundan öncə Ermənistan Müdafiə naziri David Tonoyan Ermənistanla Rusiya arasında Su-30 qırıcılarının İrəvana verilməsiylə bağlı razılıq əldə edildiyini bildirib. O, bu qırıcıların Rusiyanın İrəvana təqdim etdiyi 100 milyon dollarlıq hərbi kredit çərçivəsində veriləcəyini söyləyib.
Xatırladaq ki, Su-30-ların qiyməti 50 milyon dollardır.
Rusiya kəşfiyyatı Suriyanın şərqindən Türkiyə və İraqa gedən neft konvoylarını müəyyən edib.
Axar.az xəbər verir ki, bunu Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov deyib. O, neftin daha çox ABŞ-ın nəzarətində olan bölgələrdən daşındığını bildirib.
Gerasimov bu neftin satışından əldə edilən vəsaitin İŞİD-in maliyyələşməsində istifadə edildiyini deyib.
Rus general ABŞ-ın həmçinin müstəqil kürd dövləti yaratmaq istədiyini söyləyib.
Dağlıq Qarabağdakı separatçı-terrorçu rejim girov götürülən azərbaycanlı Elnur Hüseynzadənin işinə yenidən baxmağa və onu azad etməyə hazır olduğunu deyib.
Axar.az xəbər verir ki, bu bəyanatı qondarma rejimin “xin sözçüsü” Artak Nersisyan yayıb.
O, Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad və ya mübadilə edilməsiylə bağlı heç bir məsələnin müzakirəsini aparmadıqlarını və aparmayacaqlarını da bildirib.
Qeyd edək ki, Elnur Hüseynzadə 2017-ci ilin fevralında girov götürülüb. Dilqəm Əsgərovla Şahbaz Quliyev isə 2014-cü ildə öz kəndlərindəki qəbiristanlıqda doğmalarının qəbirlərini ziyarət etmək üçün Kəlbəcərə gedərkən separatçı-terrorçu qrup tərəfindən girov götürülüblər. Onlar Qarabağda “diversiya həyata keçirməkdə və terrorizmdə” ittiham ediliblər. Nəticədə qondarma qurumun qondarma məhkəməsi Əsgərovu ömürlük, Quliyev isə 22 il həbs cəzasına məhkum edib.
Bundan öncə Azərbaycan Ermənistana “hamı hamı ilə” prinsipi əsasında əsirlərin və girovların dəyişdirilməsini təklif etmişdi. Ermənistan və qondarma rejim bu təklifə rədd cavabı vermişdi. Bundan sonra Azərbaycanda əsirlikdə olan Karen Kazaryanın ailəsi Ermənistanda etiraz aksiyası keçirmiş, erməni hökuməti isə məsələni diqqətində saxladığını demişdi.