![]() |
|
ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmilər qrupu, tezliklə, Fars körfəzinə daxil olacaq.
Axar.az xəbər verir ki, Fars körfəzinə “Con Stennis” təyyarədaşıyan gəmisi göndərilib. Bu gəminin yaxın zamanlarda Fars körfəzinə daxil olacağı vurğulanıb. “Con Stennis”i digər gəmilərin də müşayiət edəcəyi bildirilib.
Bu, ABŞ-ın Fars körfəzinə son 8 ay ərzində göndərdiyi ilk gəmi olacaq. ABŞ mətbuatı Vaşinqtonun bunun vasitəsilə İrana qarşı güc nümayişi həyata keçirdiyini bildirib.
Qeyd edək ki, “Con Stennis” Yaxın Şərqdə iki ay qalacaq.
Fransa Prezidenti Emmanuel Makronun və Baş nazir Eduard Filipin reytinqi minimum həddə çatıb.
Axar.az xəbər verir ki, məlumatı “İfop” sorğu şirkəti yayıb. Belə ki, Makrona cəmiyyətdə etibar 23%-ə qədər geriləyib. Eduard Filip üçün isə bu göstərici 26% olub.
Makronun son prezident seçkisində əsas rəqibi olan Marin Le Penin reytinqi isə daha 5% artaraq, 33%-ə çatıb.
Qeyd edək ki, son günlər Fransada benzin qiymətlərinin artımına qarşı geniş etiraz aksiyaları keçirilir, yüzlərlə həbs edilən var.
ABŞ Şimali Koreyaya humanitar yardımların edilməsinə icazə versə, bu ölkənin nüvəsizləşdirilməsi ilə bağlı aparılan danışıqlar dalanından çıxa bilər.
Axar.az xəbər verir ki, bunu Cənubi Koreya prezidentinin birləşmə, beynəlxalq münasibətlər və milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mun Çjon İn deyib.
“Əksər ABŞ vətəndaşları Şimali Koreyada humanitar biznes qurmaq istəyir, amma hökumətin qadağaları buna mane olur. Bu qadağaların götürülməsi Şimali Koreyaya pozitiv mesaj olar”, - müşavir bildirib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də CISCO şirkətinin qlobal innovasiyalar üzrə vitse-prezidenti Qay Didrixin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Əlcəzair Prezidenti Əbdüləziz Buteflika Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanla görüşdən imtina edib.
Axar.az xəbər verir ki, prezident qrip olduğu üçün Salmanla görüşməyəcəyini bildirib.
Qeyd edək ki, jurnalist Camal Qaşıqçının öldürülməsindən sonra vəliəhd Məhəmməd bin Salman ilk dəfə Əlcəzairə səfər edib.
17:39
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.
Axar.az xəbər verir ki, Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskov Bakıda keçirilən XXIV “Bakutel” Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak etmək üçün dəvətə görə minnətdarlığını bildirib.
O, bu tədbirə paralel olaraq Bakıda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin görüşü barədə məlumat verib. Qonaq qeyd edib ki, bu görüş və “Bakutel” sərgisi beynəlxalq əməkdaşlığın genişlənməsi işinə öz töhfəsini verəcək. Konstantin Noskov eyni zamanda Rusiyanın və Azərbaycanın müvafiq nazirlikləri arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq artıq iki ölkənin poçt xidmətlərinin səmərəli qarşılıqlı fəaliyyət göstərdiklərini bildirib və bunun Çindən Azərbaycan vasitəsilə Rusiyaya böyük həcmdə elektron ticarət məhsulların göndərilməsi üçün imkan yaratdığını deyib. Eyni zamanda qonaq Azərbaycanla Rusiya mobil rabitə operatorları arasında əməkdaşlıqla bağlı danışıqların aparıldığını deyib.
Prezident İlham Əliyev Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovun Bakıda keçirilən XXIV “Bakutel” sərgisində iştirakından məmnunluğunu ifadə edib, eyni zamanda Regional Rabitə Birliyi çərçivəsində region ölkələrinin rabitə nazirlərinin toplantısının beynəlxalq əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb. Dövlət başçısı Bakıda ənənəvi olaraq keçirilən “Bakutel” tədbirinə beynəlxalq marağın və iştirakçı ölkələrin sayının artdığını qeyd edərək bu tədbirin telekommunikasiya və texnologiyalar sahəsində əldə olunan nailiyyətlərlə yaxından tanışlıq və təcrübə mübadiləsinin aparılması üçün yaxşı imkan yaratdığını bildirib.
Söhbət zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən rabitə və kütləvi kommunikasiyalar sahəsində uğurla inkişaf etdiyi bildirilib və Rusiya Federasiyasının rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirinin səfərinin əlaqələrimizin möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə iki ölkənin müvafiq qurumları arasında kiber təhlükəsizlik sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gələcəkdə qonşu ölkələrlə birgə layihələrin həyata keçirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
15:59
Rusiyanın Ermənistanda yerləşən 102 saylı hərbi bazasının hərbçisi Gümrü şəhərində süpürgəçi işləyən 57 yaşlı qadını vəhşicəsinə döyüb.
Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, çoxsaylı bədən xəsarətləri, qapalı kəllə-beyin, qapalı döş boşluğu travmaları ilə xəstəxanaya çatdırılan Cülyetta Kazaryanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
Rusiyanın Ermənistandakı səfirliyi 57 yaşlı Gümrü sakininin ölümündə rus əsgərinin günahı olduğu barədə erməni KİV-lərində yayılmış xəbərləri təkzib edib.
Rusiya səfirliyinin mətbuat xidmətinin məlumatında erməni qadının guya 102-ci rus hərbi bazasında xidmət edən əsgər tərəfindən döyülməsi və bunun nəticəsində ölməsi barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanır.
Məlumatda qeyd olunur ki, səfirlikdə olan məlumata görə, həmin hərbi qulluqçu dekabrın 3-də - hadisə baş verdiyi gün yoxa çıxıb. Hərbi baza ilə yerli hakimiyyət arasında razılaşmaya görə, analoji vəziyyətdə hərbi hissənin komandiri bu barədə dərhal yerli hüquq-mühafizə orqanlarına xəbər verməlidir. Məhz bundan sonra, hərbçi barəsində axtarış elan olunub və KİV-lər onu cinayətdə ittiham ediblər. Lakin hər iki tərəfin apardığı araşdırma nəticəsində rus hərbçinin qətl hadisəsi ilə əlaqəsi olmadığı müəyyən edilib.
Almaniya dünyanın gələcək silahına qarşı beynəlxalq nəzarətə çağırır. Qatil-robotlar və yeni kosmik silahlar tezliklə öldürücü reallığa çevrilə bilər.
Axar.az xəbər verir ki, bunu NATO xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı Almaniya Xarici İşlər naziri Hayko Maas deyib. Onun sözlərinə görə, dünyanın yeni düşüncəyə ehtiyacı var:
“Biz qaydalarımızı yeni növ silahlara uyğunlaşdırmalıyıq. Məsələ təkcə adi raket və bombalara nəzarətdən yox, həm də bit və baytlara da nəzarətdən ibarətdir. Bəzi şeylər hələ də elmi fantastika – kosmik silahlar və ya səsin sürətini bir neçə dəfə aşan raketlər – stilində görünə bilər. Əgər biz gələcəyə baxsaq, elmi fantastikanın tezliklə ölümcül reallıq olduğunu görəcəyik. Mən həmçinin insan nəzarətindən kənar tam müstəqil şəkildə öldürmək qabiliyyətinə sahib avtomatik döyüş sistemlərindən də bəhs edirəm. Biz hər şeyi etməliyik ki, silahların modernləşdirilməsiylə bağlı qlobal tendensiyanı dayandıraq. Bu insanlığın sağ qalması məsələsidir”.
Tiflisdə həbs edilən Ukrayna vətəndaşları arasında ukraynalı deputat Semen Semençenkonun rəhbərlik etdiyi “Samopomoş” Partiyasının üzvləri var.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ukrayna Sosialist Partiyasının rəhbəri İlyan Kiva deyib.
Onun sözlərinə görə, Semençenko da Tiflisdə həbs edilənlər arasında yer alıb. O, deputatın diplomatik toxunulmazlığından istifadə edərək, həbsdən qaçdığını və naməlum istiqamətdə uçduğunu bildirib. Kiva rəsmi Kiyevdən bu partiyanın fəaliyyətinin araşdırılmasını tələb edib.
Qeyd edək ki, dünən Tiflisin “Alyans” otelində 7 nəfər həbs edilib. Bunlardan beşi Ukrayna vətəndaşları olub. Onların qanunsuz silah saxlamaqda ittiham edildiyi bildirilib.
Nigeriya Prezidenti Məhəmməd Buxari sosial şəbəkələrdə ölümü ilə bağlı yayılan iddiaları təkzib edib.
Axar.az xəbər verir ki, bu barədə prezident Polşa səfəri çərçivəsində danışıb.
“Sizi əmin edirəm ki, bu, əsl mənəm. Bu yaxınlarda 76-cı doğum günümü qeyd edəcəm və daha güclü olacağam. Şayiə yayanlar dinsiz və cahil insanlardır. Xəstə olduğum zaman bir çoxları ölümümü istəyirdi”, - prezident bildirib.
Qeyd edək ki, ötən il 5 ay İngiltərədə müalicə alan Buxarinin öldüyü, onun yerinə bənzəri Jubril adlı sudanlı bir nəfərin keçdiyi iddiaları sosial şəbəkədə sürətlə yayılıb.