![]() |
|
Noyabrın 28-də Dövlət Gömrük Komitəsində gömrük orqanlarında xidmətə qəbulla əlaqədar müsabiqənin birinci - test imtahan mərhələsi başlayıb.
Axar.az xəbər verir ki, müsabiqə gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə təşkil olunub.
Tədbirin açılış mərasimində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, eləcə də imtahan komissiyasının tərkibinə daxil olan aidiyyəti qurumların rəhbərləri iştirak edib.
Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, bu müsabiqə indiyədək gömrük orqanlarında xidmətə qəbulla əlaqədar keçirilən müsabiqələrdən fərqlidir. Bu dəfə müsabiqədə yalnız qadın namizədlər iştirak edir və bununla bağlı ictimaiyyət əvvəlcədən məlumatlandırılıb.
İsmayıl Hüseynov qeyd edib ki, əsası müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan gender bərabərliyi sahəsindəki dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ölkədə gender bərabərliyi sahəsində görülən işlər, öz növbəsində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verən Komitə sədrinin birinci müavini deyib ki, aparılan uğurlu siyasətin nəticəsi olaraq hazırda Azərbaycan qadınları dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində fəallığı, istedad və bacarığı ilə seçilir. Vurğulanıb ki, bu gün Azərbaycan qadını cəmiyyətin aparıcı qüvvəsi kimi çıxış edir və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti bütün dünyaya sübut edir ki, Azərbaycan qadını, eyni zamanda fəal ictimai xadimdir.
O da diqqətə çatdırılıb ki, müstəqil Azərbaycan dövləti qadınların əməyini, o cümlədən iqtisadi təhlükəsizliyin keşiyində ayıq-sayıq dayanan gömrükçü qadınların fəaliyyətini daim yüksək qiymətləndirir. Bu müsabiqənin keçirilməsi də qadınlara göstərilən yüksək qayğının, etimadın bariz nümunəsidir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva isə çıxışında Dövlət Gömrük Komitəsinə təşəkkürünü bildirib və müsabiqəni dövlətin həyata keçirdiyi uğurlu qadın siyasəti istiqamətində mühüm fəaliyyət, səmərəli təşəbbüs kimi qiymətləndirib, digər dövlət qurumlarının da bu təşəbbüsə qoşulacağına ümidvar olduğunu söyləyib.
Komitə sədrinin müavini diqqətə çatdırıb ki, Azərbaycanda qadınlara bütün sahələrdə fəaliyyət göstərmək üçün geniş imkanlar yaradılıb və bu istiqamətdə mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Dövlət və milli fəaliyyət proqramlarında, digər vacib sənədlərdə gender komponenti öz əksini tapıb və bunun nəticəsi olaraq bütün sahələrdə qadınların fəallığı sürətlə artır.
Sonra test imtahanına start verilib.
Müsabiqədə 270 namizəd iştirak edir.
Azərbaycanda pambıq qəbulu məntəqələrinə 216 min 403 ton məhsul təhvil verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Axar.az-a verilən məlumata görə, noyabrın 27-nə olan operativ məlumatda deyilir ki, ölkə üzrə pambıq tədarükündə Saatlı (28 min 391 ton), Bərdə (23 min 571 ton), Ağcabədi (21 min 952 ton), Biləsuvar (20 min 563 ton) və Beyləqan (20 min 285 ton) rayonları irəlidədir. Ötən ilin eyni dövrü ilə müqayisədə 2018-ci ildə 13,1 faiz çox pambıq tədarük olunub. Sahələrdən pambıq yığımı davam edir.
Qeyd edək ki, dövlət emal müəssisələrinə təhvil verilmiş pambığın hər kiloqramına görə fermerə 10 qəpik subsidiya verir. Həmçinin pambıq əkən fermerlərin məhsul istehsalına həvəsləndirilməsi və onların maddi rifahının daha da yüksəldilməsi məqsədilə pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2018-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 600-dən 650 manata, 2-ci növün 580-dən 630 manata, 3-cü növün 540-dan 590 manata, 4-cü növün 500-dən 550 manatadək artırılıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən fitosanitar karantin baxışı zamanı Ukraynadan Azərbaycana 3 nəqliyyat vasitəsində ümumilikdə 63 ton miqdarında idxal olunan günəbaxan tumunda zərərli orqanizmlərlə sirayətlənməsi ehtimal olunub. Məhsuldan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyasına göndərilib.
AQTA-dan Axar.az-a verilən məlumata görə, qeyd olunan məhsuldan götürülmüş nümunələrdə respublika ərazisi üçün karantin sayılan zərərli orqanizm Azçiçəkli senxrus-(Cenchrus pauciflorus) aşkar edilib.
Bildirilir ki, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinə uyğun olaraq idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduğu halda, onların ölkə ərazisinə idxal olunmasının və yayılmasının qarşısının alınması məqsədilə müvafiq fitosanitar tədbirlər həyata keçirilir. Zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, 63 ton günəbaxan tumu xüsusi aqreqatlar vasitəsi ilə zərərsizləşdirilib.
Qeyd edək ki, azçiçəkli senxrus zərərvericiliyi bitkilərin məhsuldarlığını azaltması, digər bitkilərin kölgələnməsi, yaylaqların sirayətlənməsi və onların məhsuldarlığının aşağı düşməsi, heyvanların yununun keyfiyyətinin azalması, insanlara və heyvanlara əks təsiri ilə (ağrılar, yaraların uzun müddət sağalmaması) göstərilir. Bu zərərli orqanizm daha çox qarğıdalı, günəbaxan, tərəvəz, bağ bitkilərini və üzüm bağlarını sirayətləndirir, yüksək rəqabət səbəbi ilə bitkilərin məhsuldarlığını azaldır.
ABŞ Suriyanın şimalında müşahidə məntəqələri qurmaqla Türkiyənin narahatlığını aradan qaldırmağı deyil, öz mövqeyini gücləndirməyi hədəfləyir.
Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Viktor Nadein-Rayevski deyib. O, Vaşinqtonun bu qərarının həmçinin qeyri-qanuni olduğunu da bəyan edib:
“ABŞ-ın Suriyadakı hərbi mövcudluğu nə beynəlxalq razılaşmaya, nə də Suriya hökuməti ilə razılaşmaya uyğun gəlir. Belə ki, burada əsas məqsəd ABŞ-ın mövcudluğunu gücləndirməkdir”.
Ekspert vurğulayıb ki, ABŞ hərbi və siyasi elitaları arasında ciddi ziddiyət var:
“Suriya kürdləri ilə əməkdaşlıq amerikalıların mənafeyinə xidmət edir. ABŞ kürdlərin potensialından istifadə etmək niyyətindədir. Vaşinqton İŞİD-i tamamən məhv etmək istəməyə də bilər. Əksinə, İŞİD-dən Əsəd qarşı istifadə etmək planlaşdırılır”.
Rayevski onu da əlavə edib ki, Türkiyənin Suriyada izlədiyi siyasət ABŞ-ın maraqlarına uyğun deyil:
“Bəli, ABŞ Türkiyəyə müttəfiq deyir. Lakin regional mənafe baxımından Türkiyə ABŞ-ın qarşısında əsas maneədir”.
Qeyd edək ki, Pentaqon bir müddət əvvəl Türkiyənin narahatlığından dolayı Suriyanın şimalında müşahidə məntəqələri yaradılacağını açıqlamışdı.
Artıq 4 gündür Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzinin yeri müvəqqəti olaraq dəyişdirilib. Mərkəz Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında təşkil edilir.
Axar.az xəbər verir ki, bu məqsədlə sözügedən əraziyə ayrı-ayrı marşrut xətlərinin dayanacaqlarını bir-birindən ayıran beton arakəsmələr yerləşdirilib. Həmçinin ərazidə gün ərzində yüzlərlə avtobus və fasiləsiz olaraq sərnişin axını olur. Ümumilikdə Koroğlu NMM-də 32 müntəzəm marşrut xətti üzrə 500-ə yaxın avtobus fəaliyyət göstərir.
Sözügedən ərazi bu günə qədər Milli Gimnastika Arenasının dayanacaq məntəqəsi kimi istifadə edildiyindən demək olar ki, adətən boş olub.
Metrostansiyasının çıxışı olan sözügedən ərazinin birdən-birə bu qədər yüklənməsi narahatlığa səbəb olub.
Məsələ ilə bağlı Axar.az-ın sualını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib ki, heç bir təhlükədən söz gedə bilməz:
“Nəqliyyat Mübadilə Mərkəzi müvəqqəti əraziyə köçürülərkən təbii olaraq müvafiq qurumlarla müəyyən məsləhətləşmələr aparılıb. Hazırda Nəqliyyat Mübadilə Mərkəzi kimi fəaliyyət göstərən ərazi onsuz da avtomobil dayanacağıdır. Təhlükəli hal olsaydı, mərkəz ora köçürülməzdi”.
Qeyd edək ki, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi 23 noyabr tarixindən etibarən təmirə başlanıb. Bu səbəbdən mərkəz müvəqqəti olaraq yolun qarşı tərəfindəki əraziyə köçürülüb.