bakida-prius-agir-qeza-toretdi

Mayın 3-də saat 16:15 radələrində paytaxtın Qaradağ rayonunda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1989-cu il təvəllüdlü Elçin İsmayılovun idarə etdiyi “Toyota Prius” markalı avtomobil 1990-cı il təvəllüdlü Anar Kəlpəliyevin sürdüyü “KamAZ”a çırpılıb.

Nəticədə “Prius”un sürücüsü E.İsmayılov və həmin maşında olan sərnişinlər - 1990-cı il təvəllüdlü Mirzəyeva Mehriban Saday qızı, 1994-cü il təvəllüdlü Dəmirqayayev Coşqun İlham oğlu, 2005-ci il təvəllüdlü Süleymanov Zaur Sərxan oğlu, 1986-cı il təvəllüdlü Əliyev Xaliq Əhsən oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

C.Dəmirqayayev yol-nəqliyyat hadisəsi nəticəsində almış olduğu xəsarətdən mayın 5-də xəstəxanada vəfat edib.

Faktla bağlı Qaradağ RPİ-də cinayət işi başlanıb.

Bakıda “Nürnberq prosesi” – zərərçəkənlər erməniləri belə ifşa edir- ŞOK İFADƏLƏR

Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfərin məhkəmə istintaqı davam edir. Haqlı olaraq "Nürnberq prosesi" adlandırılan məhkəmə prosesində müttəhimlər kürsüsünü Arkadi Qukasyan başda olmaqla digər 14 nəfər bölüşürlər.

Geniş ictimaiyyətin diqqət mərkəzində olan proses Bakı Məhkəmə Kompleksinin inzibati binasında keçirilir. Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevin sədrliyi, hakimlər Anar Rzayev və Camal Ramazanovun iştirakı ilə baxılır. Həmçinin ehtiyat hakim qismində Günel Səmədova iştirak edir. Qeyd edək ki, məhkəmədə dövlət ittihamçısı qismində 6 nəfər prokurorluq əməkdaşı çıxış edir. Məlumata görə, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin müvafiq Sərəncamı ilə qeyd olunan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsini həyata keçirəcək prokurorluq əməkdaşlarından ibarət qrup yaradılıb.

Hazırda prosesdə zərərçəkənlərin dindirilməsi mərhələsidir.

Ötən məhkəmə iclasında zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları cavablandırıb.

“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın gedin”, - deyə Rafiq Quliyev qeyd edib.
O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib. Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.

Rafiq Quliyev baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı” adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini bildirib.

Zərərçəkmişin atası Əlastan Quliyev bir müddət girovluqda qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb. “Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq. Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o əlavə edib.

Rafiq Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də vurğulayıb.

Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o, vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında təbliğatların başlandığını bildirib. Namik Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt yaralanması barədə də danışıb:

“Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım. İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.

Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir müharibə, münaqişə istəmirdilər”.

Cavay Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub. Cavay Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və yaralananların olduğunu bildirib. Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib. Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib. Təqsirləndirilən şəxs Davit İşxanyan Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin kənddə əhalinin 600-650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən 1988-1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”. O, suallara cavabında Emil Balayanı tanıdığını, onun kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.

Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun 26-27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”. Bu zaman prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxaniyan Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic, İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik Karlenoviç olduqlarını bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən Valodiya Xaçaturyan idi”.

Davit İşxanyan baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin ünvanladığı növbəti suallara cavabında 1992-ci ilin sentyabrında hərbi xidmətə çağırıldığını, daha sonra 28-ci “Xocavənd batalyonu”nda tabor komandiri təyin olunduğunu bildirib. Təqsirləndirilən şəxs “Xocavənd müdafiə rayonu”nun komandirinin Monte Melkonyan, müavininin isə Movses Akopyan olduğunu deyib. “Taborumda 430-480 hərbçi var idi. Digər taborlarda say daha az və ya daha çox olurdu. Tapşırıqları qərargahdan alırdım. Taborun sərəncamında qumbaraatanlar, pulemyotlar, “Kalaşnikov” avtomatları var idi”, - deyə o əlavə edib.

Davit İşxanyan Ağdərənin yuxarı hissəsinin işğalı əməliyyatında, Kəlbəcər rayonu istiqamətində Çərəkdarın və Xudavəngin, Füzuli rayonunun iki istiqamətində, o cümlədən Aşağı Veysəlli istiqamətində kiçik bir yüksəkliyin işğalında iştirak etdiyini bildirib.

Təqsirləndirilən şəxs “Emil Balayanın sizinlə ədavəti var idimi ki, sizin və qardaşınızın adını çəksin” sualına cavab verməkdən yayınaraq bildirib ki, o, şənbə və bazar günləri kənddə növbə çəkilməsi ilə məşğul olub.

Bu zaman dövlət ittihamçısı Vüsal Əliyev elan edib ki, digər erməniəsilli şəxslər (Aleksandr Qriqoryan və digərləri) də Emil Balayanın ifadəsinə bənzər ifadələr verib, eyni adları çəkiblər. Ardınca təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarını cavablandırıb. O, 2015-2018-ci illərdə Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “müdafiə ordusunun komandanı” vəzifəsini, buna qədər isə hərbi sahədə bir sıra vəzifələr tutduğunu təsdiqləyib. O, qondarma rejimin “ordusu”nda xidmətə 1992-ci ilin sentyabrında başladığını bildirərək qeyd edib: “Motoatıcı taborun komandirinin müavini vəzifəsində başladım”.

O, Xocavənd əməliyyatlarında iştirak etmədiyini, Xocalıda isə ümumiyyətlə, ilk dəfə 1990-cı illərin ikinci yarısında olduğunu deyib.

Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il oktyabrın 2-də Şuşa rayonunun Şırlan kəndində yerləşən tabora gedərkən yaralanıb. Levon Mnatsakanyan Azərbaycanın Şuşa şəhərinin işğalı əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanı Ermənistanda xidmət etdiyi zaman tanıdığını deyib. Bildirib ki, həmin vaxt Arkadi Ter-Tadevosyan ordu üçün mütəxəssis hazırlayırdı.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət ittihamçılarının suallarına cavabında Xocavəndin işğalında və Qaradağlıdakı qətliamlarda hansı qüvvələrin iştirak etməsi barədə məlumatsız olduğunu iddia edib.

O, Aşot Qulyan və Monte Melkonyan ilə şəxsən tanış olmadığını da iddia edib. Arkadi Qukasyan dövlət ittihamçısı Fuad Musayevin həmin adamları tanımadan onları qondarma rejimin “qəhrəmanı” adı ilə təltif etməsi barədə suala isə konkret cavab verə bilməyərək, bununla bağlı “komissiya”nın təqdimatının olduğunu söyləyib. O, Artur Aqabekyanla təxminən 1994-1995-ci ildən sonra tanış olduğunu və onu 1999-cu ildə qondarma rejimin “daxili işlər naziri” “təyin” etdiyini bildirib.

“Bildiyim qədərilə Ermənistan Müdafiə Nazirliyində xidmət edirdi”, - deyə Arkadi Qukasyan əlavə edib.

Xatırladaq ki, Artur Aqabekyan 2000-2007-ci illərdə Ermənistan Respublikası müdafiə nazirinin müavini olub, habelə Ermənistanda bir sıra digər yüksək vəzifələrdə çalışıb.

Qeyd edək ki, Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robert təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Baş prokurorluğun mətbuat xidmətinin yaydığı məlumata görə, 2 may 2024-cü ildə Azərbaycan Baş prokurorunun qərarı ilə, 1987-ci ilin oktyabrından 2024-cü il, 22 aprel tarixinədək törədilmiş cinayətlərin bir qismi ilə bağlı Baş prokurorluq və Respublikanın ayrı-ayrı istintaq qurumlarında araşdırılmış 1389 cinayət işi bir icraatda birləşdirilib və Azərbaycan Baş Prokurorluğunun rəhbərliyi altında, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Hərbi Prokurorluğun müstəntiqlərindən ibarət tərkibdə istintaq olunub. Toplanmış mötəbər sübutlar əsasında ümumilikdə 2548 epizod üzrə Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Qukasyan (Ğukasyan) Arkadi Arşaviri (Arşaviroviç), Harutyunyan Arayik Vladimiri (Vladimiroviç), Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Babayan Davit Klimi (Klimoviç), Mnatsakanyan Lyova Henrixi, Manukyan Davit Azati, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurqen Homerosi, Balayan Levon Romiki, Babayan Madat Arakeli (Arakeloviç), Beqlaryan Vasili İvani və Qazaryan Erik Robertiyə cinayətkar birlikdə iştirak etdiyi dövrlərə uyğun olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhv etmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb olunublar.

Onların hər birinin müdafiə, dil seçimi və digər prosessual hüquqları təmin edilib. Habelə, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmə qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. Həm ibtidai istintaqın gedişində, həm də ibtidai istintaq tamamlandıqdan sonra təqsirləndirilən şəxslər tərəfindən verilmiş vəsatət və şikayətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılaraq müvafiq qərarlar qəbul edilib, iş üzrə təqsirləndirilən şəxslərə və cinayət prosesinin digər iştirakçılarına ibtidai istintaqın qurtarması barədə məlumat verilib, onlar cinayət işinin bütün materialları ilə tanış edilib. Eyni zamanda çoxsaylı cinayətlər törətməkdə ittiham olunan digər şəxslər barəsində cinayət işi ayrıca icraata ayrılaraq ibtidai istintaq davam etdirilir. Azərbaycan Baş Prokurorluğu bu istintaq işi ilə əlaqədar qeyd olunan epizodlar üzrə şübhəli bilinənlərin, eləcə də şahid qismində bir çox şəxslərin Ermənistan ərazisində olmasına ciddi əsasları rəhbər tutaraq, Ermənistanın aidiyyəti orqanlarını əməkdaşlığa dəvət edir. Cinayət işi üzrə ittiham aktı Azərbaycan Baş prokuroru tərəfindən 16 dekabr 2024-cü il tarixdə təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

“Dedi, bitkini yığmışam, evə gəlirəm” – Meşədə itən şəhid atasının qızı DANIŞDI

Xəbər verdiyimiz kimi, Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib və evə qayıtmayıb.

K. Abdullayevin qızı Aliyyə Abdullayevə Musavat.com-a bildirib ki, sonuncu dəfə dünən axşamçağı atası ilə danışıb:

“Meşəyə bitki yığmağa gedirdi, dedim getmə, dinləmədi. Axşama doğru narahat oldum, zəng etdim. Harada olması ilə bağlı maraqlandım. Dedi ki, bitkiləri yığıb, artıq evə gəlmək üçün yola düşüb. Bir neçə saat gözlədik, gəlmədi. Yenə zəng etdim, bu dəfə telefonuna zəng çatmadı. Çox narahat olduq, axtarışlar başladı və polisə atamın itməsi ilə bağlı xəbər verdik. Sağ-salamat tapılacağına ümid edirik”, -deyə qızı bildirib.

Qeyd edək ki, Kamil Abdullayev Vətən müharibəsi şəhidi Şəhriyar Abdullayevin atasıdır. Şəhriyar Abdullayev 1987-ci ilin martın 2-də Tərtər rayonunun Cəmilli kəndində anadan olub. Sonradan ailəsi Kəlbəcər rayonunun Məmmədsəfi kəndinə köçüb. O, Vətən müharibəsində Murov yüksəkliyinin, Füzulinin, Hadrutun ermənilərdən geri alınmasında çox fəal iştirak edib. Hadrut alındıqdan sonra buradakı yüksəkliklərdə aparılan döyüşlərdə qəhrəmancasına həlak olub. Daşkəsəndəki Şəhidlər xiyabanında dəfn olunub. Prezident Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə” medalları, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin 4 və 5 yaşlarında iki qızı yadigar qalıb.

Həftəsonu vətəndaşların bank kartlarından 46 min manatdan çox pul oğurlanıb

Mayın 3-4-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 10010, 7300, 4000, 3996, 2957, 1850, 1566, 1450, 1400, 1185, 1000, 1000, 999, 999, 999, 728, 670, 520, 500, 500, 480, 480, 420, 354, 280, 202, 188, 185, 145, 129, 120, 75, 70 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükəlidir”.

Şəhid atası meşədə itkin düşdü

Şəhid atası meşədə itkin düşüb.

Teleqraf xəbər verir ki, hadisə Daşkəsən rayon Bayan kəndində məskunlaşmış Kəlbəcər rayonundan olan məcburi köçkün, 1952-ci il təvəllüdlü şəhid atası Kamil Mahmud oğlu Abdullayev dünən saat 17:00 radələrində kənd ərazisindəki meşəyə bitki yığmağa gedib, evə qayıtmayıb.

Hazırda onun axtarışları davam etdirilir.

Bakıda sakinlər evdə ola-ola bina söküldü - VİDEO

Bakının Nəsimi rayonu, Qərib Babayev küçəsində sakinlər binada yaşaya-yaşaya evləri sökülüb.

Binadan 80-dən çox ailə köçürülüb, 2 ev isə qalıb.

Məsələ ilə bağlı Nəsimi Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən ünvanda park salınacaq.

Gələn həftə kompensasiyanın azlığından şikayətlənən sakinlərlə danışıqlar aparılacaq.

Ətraflı Xəzər TV-nin süjetində:

mezahir-penahovun-oglu-bosanmaq-istemir-qizillari-da-qaytarmir

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun gəlini H. Pənahovanın əri tərəfindən şiddətə məruz qalması ilə bağlı açıqlaması geniş müzakirə mövzusuna çevrilib. 

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Pənahovların gəlini ərinin onu hədələdiyini və boşanma prosesinə əngəllər yaratdığını bildirib.

H.Pənahovanın boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək iddia tələbinin rədd edilməsini istəyib.

Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.

Tərəflər arasında başqa bir çəkişmə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmağa razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı kürklər və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə  birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq. 

Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apellyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib. 

Qeyd edək ki, cütlük 2022-ci il iyunun 28-də Bakıda ailə həyatı qurub, daha sonra Los-Ancelesə köçüb. H. Pənahova iddia edir ki, əri sonradan içki aludəçisinə çevrilib. Şiddətə məruz qaldığı insidentlərdən biri zamanı bətnindəki övladını itirib.

sabiq-memurun-nevesi-qadina-hucum-edib

Bakıda qadın keçmiş sevgilisi tərəfindən bıçaqlı hücuma məruz qalıb.

“Oxu.Az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Şərafət Babayevanın mənzilində baş verib.

Zərərçəkənin bildirdiyinə görə, 3-4 gün əvvəl ayrıldığı sevgilisi Murad Əhmədov onun yaşadığı binanın 6-cı mərtəbəsindəki mənzilinə dəhlizdə yerləşən pəncərədən daxil olub.

Ş.Babayevanın verdiyi məlumata əsasən, M.Əhmədov əvvəlcə 2 saat ərzində mənzilin qapısını döyüb, qapını aça bilməyəndən sonra isə binanın dəhlizindəki pəncərədən dırmaşaraq evə daxil olub. O, zərərçəkənin telefonunu əlindən almağa çalışıb və mətbəxdən götürdüyü bıçaqla onu hədələyib. Müqavimət zamanı isə qadının əli bıçaqla yaralanıb.

Zərərçəkən bildirib ki, M.Əhmədov babası Oqtay Atakişiyevin Müdafiə Sənayesi Nazirliyində sabiq vəzifəli şəxs olması ilə öyünərək, ona qarşı hər hansı tədbirin görülməyəcəyini iddia edib.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır və ictimaiyyətə əlavə məlumat veriləcək.

Ətraflı videoda:

Qarabağdakı kütləvi məzarlıqlar Avropa mediasının diqqətini cəlb edib

Dəfələrlə müraciətlər edilsə də, Ermənistan beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etmir, otuz ildən artıq müddətdir əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məlumatları Azərbaycana təqdim etməkdən boyun qaçırır.

Bununla bağlı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşa və Xocalıda aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı yaydığı məlumatda bildirib.

O qeyd edib ki, işğaldan azad edilmiş Şuşa şəhərinin yaxınlığında və Əsgəran-Xocalı yolunun üzərində aprel ayında aparılmış qazıntılar zamanı iki kütləvi məzarlıq aşkarlanıb. Həmin məzarlıqlarda aşkar edilmiş insan qalıqlarının mülki şəxslərə aid olduğu ehtimal edilir.

Ombudsmanın sözlərinə görə, aşkarlanmış qalıqlarda mülki şəxslərə qarşı zorakılıq izlərinin aşkar edilməsi Birinci Qarabağ müharibəsi dövründə Ermənistan tərəfindən azərbaycanlılara qarşı müharibə və insanlıq əleyhinə cinayətlərin törədildiyini bir daha təsdiqləyir.

Səbinə Əliyeva qeyd edib ki, indiki məlumata əsasən Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində 3990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. İşğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqlarda tapılmış insan qalıqlarının eyniləşdirilməsi istiqamətində görülmüş işlər nəticəsində indiyədək 170-ə yaxın soydaşımızın kimliyi müəyyən edilib və bu proses hələ də davam etməkdədir.

"Ermənistan iştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliklərə riayət etməli, qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməli, beynəlxalq ictimaiyyət həmin məlumatların ölkəmizə təqdim olunması istiqamətində Ermənistana ciddi təsir göstərməlidir" - deyə, müvəkkilin məlumatında vurğulanıb.

DİN-dən çağırış: Təhlükə var, bank kartı məlumatlarınızı heç kimlə paylaşmayın

Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, mayın 2-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 7000, 2000, 1500, 1013, 675, 600, 350, 323, 300, 220, 170, 128 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

“Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında sizə zərər vuracaqlar.

Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var”, - məlumatda deyilir.

Xəbər lenti