![]() |
|
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.
Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:
"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar. Mayın 8-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 5000, 1010, 1000, 880, 849, 744, 660, 600, 200, 160, 125, 73, 50, 42 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".
“Heç bir halda bankınız sizin məxfi məlumatlarınızı e-poçt, telefon, SMS vasitəsilə tələb etmir, “kartınıza müdaxilə var” demir, soruşmur, soğru aparmır”.
Bunu Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin rəisi, polis polkovnik-leytenantı Rlşad Hacıyev vətəndaşlara müraciətində qeyd edib.
“Kartın nömrəsi, istifadə müddəti və CVV, təhlükəsizlik kodları və ya PIN-lər, OTP (birdəfəlik parol) soruşulursa, cinayət tələsidir. Heç bir kart sahibi hər hansı məlumatı verməməlidir!”, - E.Hacıyev vurğulayıb.
O bildirib ki, mayın 7-də 22 fakt - kiber oğurluqlar üzrə ən yüksək məbləğ 12082, ən kiçik məbləğ 8 manat olub. Bütün zənglər xaricdən olub, oğurluqlar əsasən “karta müdaxilə” adı ilə törədilib.
Bir qrup tanınmış ziyalı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıb.
“Qafqazinfo” Musavat.com-a istinadən xəbər verir ki, müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.
Müraciətdə deyilir:
“Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.
Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.
Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.
Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb:
Adil Qeybulla - Professor
Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri
Məmməd İsmayıl - Şair
Rüstəm Behrudi - Şair
Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi
Qulu Məhərrəmli - Professor
Erkin Qədirli - Millət vəkili
Eldəniz Quliyev - Ssenarist, kinodramaturq
Hilal Məmmədov - Hüquq müdafiəçisi
Qorxmaz İbrahimli - İctimai xadim
Sərdar Cəlaloğlu - ADP sədri
MirMahmud Mirəlioğlu - KXCP sədri
Bahəddin Həzi - Yazıçı-publisist
Hacıqabulda "Mercedes Vito" markalı nəqliyyat vasitəsi qəzaya düşüb. Qəza zamanı nəqliyyat vasitəsində olan şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şirvan Şəhər Xəstəxanasına çatdırılıblar.
musavat.comxəbər verir ki, qəzaya düşənlər Tərtər İcra Hakimiyyətinin işçiləridir.
Hadisə baş verməzdən əvvəl Bakıda dövlət tədbirində olublar, tədbir bitəndən sonra rayona qayıdırmışlar. Qəza zamanı Tərtərin Umudlu İnzibati Ərazi Dairəsi sədrinin müavini Bəhruz Aprel oğlu, Tərtər İcra Hakimiyyətinin rəsmisi Zabil Paşayevin oğlu Ziya Paşazadə, Qızıloba icra nümayəndəsinin müavini Rübabə Əliyeva, İcra Hakimiyyəti strukturuna daxil olan müxtəlif idarələrdə işləyən Kəmalə, Zəminə, Vüsalə adlı işçilər xəsarət alıblar.
Qəza zamanı zərərçəkmişlər hazırda Şirvan xəstəxanasında müalicə olunurlar. Qadınlardan 3-nün vəziyyətinin orta ağır olduğu bildirilir.
Sumqayıt şəhərində fəaliyyət göstərən emalatxanalardan birində partlayış olub, xəsarət alan var.
“Report xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" yaşayış massivində yerləşən metaləritmə emalatxanasında qeydə alınıb.
Məlumata görə, hadisə emalatxanadakı sobanın partlaması nəticəsində baş verib.
Partlayış nəticəsində 1997-ci il təvəllüdlü Ağasəlim Abduləli oğlu Cəlilov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
İş adamı Süleymanov Rəşid Qoşnalı oğlu ilə “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb.
Modern.az məlumatına görə, iddiaçı cavabdehə investisiya olaraq hissə-hissə cəmi 1.000.000 ABŞ dolları məbləğində pul verib. Qoyduğu həmin investisiyanın müqabilində cavabdeh ona qeyri-yaşayış sahəsi verməli olsa da, buna əməl etməyib. Axırıncı dəfə 2023-cü il 4 noyabr tarixində cavabdehə onun satış üzrə meneceri vasitəsilə 1.000.000 ABŞ dollarının 246.000 ABŞ dolları hissəsini verib. Həmin pulları o, Binəqədi rayonu S.S. Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsindəki 2 və 4 saylı binanın qarşısında (“Azadlıq” metrostansiyasının ətrafında) inşa ediləcək ticarət mərkəzinin tikintisi üçün ödəyib. Lakin kooperativ pulu ondan aldıqdan sonra ticarət mərkəzini verməyib və ödədiyi pulun bir qismini hissə-hissə qaytarıb.
Sonuncu dəfə 2022-ci il aprel ayında iddiaçıya 25.000 ABŞ dolları qaytarılıb. İddiaçının cavabdehə ödəmiş olduğu 467.000 ABŞ dolları məbləğində pul isə geri qaytarılmayıb.
“Azadlıq” metrostansiyasının yaxınlığındakı ticarət mərkəzini başqasına satdıqdan sonra cavabdeh iddiaçıya həmin əraziyə yaxın “Red Plaza” adlı binadan qeyri-yaşayış sahəsi ayıracağını vəd verib. 2023-cü ilin mart ayında kooperativin rəhbərliyi ilə bu məsələyə dair son müzakirə olub. Cavabdeh həmin sahəni də verməyəcəyini və qalan 467.000 ABŞ dolları məbləğində pulu qaytarmayacağını bildirib.
Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024-cü il 31 oktyabr tarixli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qərar qəbul olunub. 467.000 ABŞ dolları əsas borc, gecikdirilmiş 242 gün üçün 15.481 ABŞ dolları illik 5 faiz olmaqla, cəmi 482.000 ABŞ dolların cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə qərar verilib.
Qeyd edək ki, “Şərur” MTK məşhur iş adamı, qeyri-rəsmi milyarder, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundova məxsusdur.
Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, hazırda Azərbaycandan kənarda yaşayan Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək bu ölkədə vətəndaş müharibəsində iştirak ediblər.
İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə topladıqları vəsaiti Şükür Həmidlinin göndərdiyi kartlara köçürüblər.
Sözügedən pullar onların üzvü olduğu “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına göndərilib. Anar Salamzadə prosesdə deyib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub: “Şükür bir müddət əvvəl Suriyaya köçüb. O, köçdükdən 3 ay sonra mənə yazaraq bildirdi ki, ailə qurub və hazırda Suriyada vuruşur. Lakin, maddi dəstəyə ehtiyacı olduğunu dedi.
Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini tanımıram. İŞİD ilə əlaqəmiz olmayıb. Şükür Həmidlinin də İŞİD ilə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim”.
Daha sonra prosesdə təqsirləndirilən Xəqani Ömərov ifadə verib. Onun sözlərinə görə, Elşən Mustafayev onun yeznəsidir:
"Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Onlar Suriyaya köçüblər. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün ona bank kartı verim. Mən də kartımı verdim, daha sonra pul köçürmələri başladı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirlər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb”.
Növbəti proses mayın 27-ə təyin olunub.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.
Xətai rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, mayın 5-i saat 21 radələrində “Ağ Şəhər”dəki Yaşıl Ada küçəsi bina 21-də fəhlə işləyən Kürdəmir rayon sakini 1960-cı il təvəllüdlü Elman Niyazi oğlu Umudov 2-ci mərtəbədən yıxılıb.
O, aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki,mayın 6-dan 7-nə keçən gecə bəzi yerlərdə az çiskinli olacağı, gündüz isə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 23-28° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüzdən əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 15-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
Gecə saatlarından başlayaraq müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar bəzi ərazilər subasmaya məruz qalıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumatlar daxil olub.
Daxil olmuş məlumatlar əsasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal ərazilərə cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər sayəsində Bakı və Gəncə şəhərləri ərazisində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.