![]() |
|
Uzun illər sağlamlığa zərərli hesab edilən bəzi qidalarla bağlı fərqli mövqeyi ilə seçilən Prof. Dr. Canan Karatay bu dəfə də fikirləri ilə gündəmə gəlib. Onun sözlərinə görə, düzgün şəkildə qəbul edildikdə həmin qidalar bədən üçün olduqca faydalıdır. “Qaşıq dolusu yeyin,” – deyə Karatay tövsiyə edib.
Karatay sağlam yağların faydalarına toxunaraq, bu yağların arıqlama prosesində mühüm rol oynadığını bildirib. O, yağlar əvəzinə şəkər və karbohidratların istehlak edilməsinin bədəndə yağ yığımına və piylənməyə səbəb olduğunu vurğulayıb.
“Bədənimizdə bəzi hormonlar yağlar vasitəsilə istehsal olunur. Ancaq bu hormonların balanssız fəaliyyəti damar tıxanıqlığı, katarakta, insult və infarkt kimi ciddi problemlərə yol aça bilər,” – deyə o bildirib.
“Şəkər bədən üçün zəhərdir”
Prof. Dr. Karatay şəkər və nişasta tərkibli məhsulların, xüsusilə çörək, düyü, kartof, makaron, xəmir məmulatları, qazlı və şəkərli içkilərin orqanizmdə qan şəkərinin sürətlə yüksəlməsinə səbəb olduğunu qeyd edib. Onun fikrincə, bu tip qidalar təkcə arıqlamağı çətinləşdirmir, həm də bir çox metabolik xəstəliklərin yaranmasına zəmin yaradır. “Bu qidalar insan orqanizmi üçün zəhərdir,” – deyə Karatay xəbərdarlıq edib.
Karatay ət yeməklərinin sağlamlıq baxımından faydalı olduğunu, lakin bu yeməklərlə birlikdə çörək və ya karbohidratlı garnirlərlə istehlak edilməməli olduğunu bildirib. “Kababı istədiyiniz qədər yeyə bilərsiniz. Amma yanında çörək, bulqur və ya düyü olmamalıdır,” – deyə o tövsiyə edib.
“Diabet genetik deyil, vərdişlərin nəticəsidir”
Diabetlə bağlı da cəmiyyət arasında yayılan yanlış fikirlərə toxunan Karatay, bu xəstəliyin genetik deyil, səhv qidalanma vərdişlərinin nəticəsi olduğunu bildirib. “Şəkər xəstəliyi heç vaxt genetik deyil. Eyni ailədə bir neçə nəfərdə görülməsi, genetik deyil, ortaq vərdişlərin təkrar edilməsinin nəticəsidir,” – deyə o qeyd edib.//E-saglam.az
Ənənəvi olaraq toyuq və digər quş ətləri həm dadına, həm də nisbətən az yağlı olması səbəbilə sağlamlıq baxımından tez-tez tövsiyə edilir. Bir çox insan bu ət növünü qırmızı ətə alternativ olaraq seçir. Lakin son araşdırmalar göstərir ki, quş ətinin sağlamlığa təsiri düşündüyümüz qədər zərərsiz olmaya bilər. Xüsusilə də miqdarı normadan artıq olduqda, bu məhsulun müəyyən xərçəng növləri ilə əlaqəsi olduğu ortaya çıxır.
milli.az xəbər verir ki, aparılan elmi tədqiqatlar göstərir ki, bu növ ət məhsulundan həddindən artıq istifadə edilməsi qida borusu (özofaqus) xərçəngi riskini iki dəfədən çox artıra bilər.
İtaliyalı alimlər təxminən 5000 nəfərin qida və içki vərdişlərinə dair doldurduqları sorğular əsasında araşdırma aparıblar. Onlar iştirakçıları həftəlik quş əti qəbulunun miqdarına əsasən dörd qrupa bölüblər.
Tədqiqatın nəticələrinə görə, həftə ərzində 300 qramdan artıq (təxminən dörd porsiya) quş əti yeyən şəxslərin, həftədə 100 qramdan az qəbul edənlərlə müqayisədə ümumi xərçəngdən ölüm riski 27 faiz yüksək olub. Mədə-bağırsaq sistemi ilə əlaqəli xərçəng növlərinə - məsələn, yoğun bağırsaq, mədə və mədəaltı vəzi xərçənglərinə gəldikdə isə, bu risk iki dəfədən çox artıb.
"Uşağın 12 yaşı var bu günə qədər bir dəfə də olsun şorba yeməyib?! Anası da deyir ki, ancaq “abur cubur” adlandırdığımız məhsulları yeyir".
Bu sözləri pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, Sovetin dövründə zərərli paket qidaları adlanan nəsnə yox idi, amma uşaqlar daha sağlam böyüyürdü:
"Uşaqları körpə vaxtından müxtəlif yeməklərə öyrətmək lazımdır. Aybaay, ilbəil! Sonra gec olur. Biz deyirik ki, enegetik içkilər, "fast food" yeməkləri verməyin. Amma verirlər, hətta şəklini də çəkib paylaşırlar. Qəribə dövrana gəlib çıxmışıq. Uşaqları qınamaq olmur. Valideynlər qəribə olub".
Bu ilin ilk 3 ayında turist kimi xarici ölkələrə 279 min 151 nəfər Azərbaycan vətəndaşı gedib.
Yeniavaz.com xəbər verir ki, xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 min 909 nəfər və ya 3,4% azalıb.
Bu ilin yanvar-mart aylarında xaricə gedən azərbaycanlıların 34,4%-i və ya 95 min 975 nəfəri istirahət və əyləncə məqsədi ilə ölkəni tərk ediblər. Bu məqsədlə xaricə gedən azərbaycanlıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,8% və ya 12 min 800 nəfər azalıb.
Qeyd edək ki, son iki ilin eyni dövründə – yanvar-mart aylarında xaricə turist kimi gedən Azərbaycan vətəndaşlarının səfərlərinin məqəsədi aşağıdakı kimi olub:
Hər ilin bu çağında - may ayı gələndə Azərbaycanda bir susqunluq hökm sürür. Təkcə təbiət oyanmır, həm də toyların səsi kəsilir. Şadlıq saraylarının qapıları açıq olsa da, zallar bomboşdur. Əhali arasında məşhur olan “May ayında toy olmaz” fikri bu ayı sözün əsl mənasında “oyunsuz” ay edir. Çünki Azərbaycanda may ayında toy keçirmək o qədər də dəb sayılmır...
Mayda toylara veto qoyulması qədim Romaya gedib çıxır. Bəzi fikirlərə görə, may sözü “Maius” latın sözündən götürülüb. Bu söz isə öz kökünü qədim Romada Mayi ilahəsinin adından götürüb. Başqa bir versiyada isə deyilir ki, qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölənlərini yada salır, dua oxuyur, məclislər qururdular. Kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi. Bu mərasimlə əlaqədar may ayında toylar keçirilmirdi.
Amma bir qədər lətifəni xatırladan səbəblər də var. Məsələn, batil inanclara görə, may ayında toy olmamasının səbəbi yasəmənin çiçək açmasıdır. Yasəmən qədimdən bəri uğursuzluq simvolu sayılır. Bunu isə gülün adı ilə bağlayırlar. Necə deyərlər, yasəmən çiçəyinin mənası “ya sən, ya mən” deməkdir. Yəni həmin vaxtda toy eləsən, ya sən qalarsan, ya mən.
Yaşlı insanlar bildirir ki, may ayında toy edilməməsi ənənəsi rusların Azərbaycana gəlişindən sonra başlanıb. Çünki ruslar, eləcə də ermənilər arasında da bu ayın uğursuzluğu ilə bağlı mif var. Halbuki bu miflə gerçəklik bir-birinin əksidir. Təkcə Moskvada aparılan araşdırma zamanı aydın olub ki, ruslar may ayında digər aylarla müqayisədə daha çox ailə qurur. Erməni faktoruna gəlincə, düşmənlərimiz bu ayda özlərinin qondarma soyqırım hadisələrinə 40 gün yas saxlayır ki, bu da aprelin 24-dən başlayaraq bütün may boyu davam edir.
Bununla belə, bəziləri “may ayında toy edilməz” inancını tibbi baxışla da əlaqələndirir. Qeyd edilir ki, bu ayda fəsil dəyişməsi ilə əlaqədar insan orqanizmində həm mənfi, həm də müsbət dəyişikliklər olur. Bu dəyişikliklər insana yüksək əhval-ruhiyyə gətirsə də, qəm-kədər, depressiya halları da yarada bilir. Həmçinin ağır xəstəliklərdən əziyyət çəkənlər orqanizmdə baş verən dəyişikliklər üzündən gözlənilmədən dünyasını dəyişə bilir. Beləcə, may ayı xəstələr üçün ən təhlükəli ay hesab olunur.
Bəs Bakıda fəaliyyət göstərən restoranlar may ayında toy sifarişləri qəbul edirlərmi? “Yeni Müsavat”ın əməkdaşı bir neçə restoranla əlaqə saxlayıb, real vəziyyəti öyrənməyə çalşıb.
“Neolit Hall” şadlıq sarayından qəzetimizə bildirilib ki, may ayında, demək olar ki, toy sifarişləri olmur. Bu ay restoran öz çətin dövrünü yaşayır.
“Çıraq Palace” şadlıq sarayından bildirilib ki, may ayında toy sifarişlərini qəbul edirlər və heç bir məhdudiyyət yoxdur. Amma toy üçün müraciət edənlərin sayı əvvəlki aylara nisbətən çox azdır. Restorandan deyilib ki, may ayında hər il 5-6 toy olur: “Digər aylarda isə ayın 20 günü toy sifarişlərimiz olur. Buna görə də müəyyən endirimlər edirik”.
“Xəmsə” şadlıq sarayında da eyni vəziyyətdir. Toy üçün müraciət edənlərin sayı xeyli azalıb.
“Kolizey” şadlıq sarayından bildirilib ki, hazırkı dövrdə restoranlar may ayının sifarişlərində nəzərəçarpacaq dərəcədə azalma müşahidə edirlər. “Hər il belə olub. Bu, yeni şey deyil. İnsanlar nədənsə bu ayda toy etməyə çəkinirlər”, - restorandan bildirilib.
“Buta” şadlıq sarayında da vəziyyət digərlərindən fərqlənmir. Restoran may ayında durğunluq dövrünə keçir.
Aydın Xan Əbilov
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov qəzetə açıqlamasında bildirib ki, may ayının ağır ay olması ilə bağlı insanlarda inanc var: “Vaxtilə bunu xristian xalqlarının düşüncə tərzi ilə əlaqələndirirdilər. Əlbəttə, bunun real səbəbləri var ki, may ayında toy etmirlər. May təbiətin oyanışı və qanın dəyişməsi ayıdır. Bu zaman qanda olan xəstəliklər təmizlənir və orqanizmdən kənarlaşdırılır. Ola bilsin ki, əcdadlarımız ilkin bilgiləri ilə bunu nəzərə alıblar. Digər məsələ isə ondan ibarətdir ki, may ayında əkinçilik və heyvandarlıqla bağlı böyük işlər həyata keçirilirdi. Bu zaman toya və məişət mərasimlərinə vaxt ayrılsa, kəndlilər vaxt itirə bilərdilər. Bütün bunları nəzərə alaraq, belə bir fikir formalaşıb ki, may ağır aydır və toy şənliyi etmək olmaz.
Yadımdadır ki, nənə və babalarım may ayında qan alırdılar, qan verirdilər. Orqanizmin təmizlənməsi və vitaminlərlə zənginləşdirilməsini edirdilər. Doğrudan da may ayında toy edilmirdi. Belə mərasimlər əsasən payız-qış aylarında keçirilirdi. Toylar adətən məhsul bayramına qədər və ondan sonra baş tuturdu".
A.Əbilov onu da əlavə edir ki, bu gün bu yanaşmanı dəyişmək vaxtıdır: “İnsanlar həyatın hər anından zövq almalıdır. Bütün aylar, bütün fəsillər yaşamaq, sevmək və ailə qurmaq üçün uyğundur. İllər keçdikcə düşüncə tərzi dəyişir. Düşünürəm ki, "may ayında toy etmək olmaz" qadağasını ləğv etməyin vaxtıdır. Həyatımızın bütün dövrləri bizim üçün bir nemətdir. Niyə ömrümüzü çətinləşdirib hər şeyə qadağalar qoyaq ki. Mayın ağır ay olması ilə bağlı inanclar və düşüncələrdən qurtulmaq lazımdır. Orucluq və məhərrəmlik aylarında da toy etmirik. Daha sonra rayonlarımızın işğalı günlərində də şənlik mərasimləri keçirmirdik. Bütün bunları nəzərə alsaq, heç olmasa may ayında toy etməyi qadağa etməyək. Belə qadağaları tarixin arxivinə atsaq, insanlar daha çox xeyir görər. Kör-koranə, etnoloji-tarixi əsaslandırması olmayan inanclardan heç bir xeyir görməyəcəyik".
Bütün bu tarixi, mifik və tibbi arqumentlərə baxmayaraq, nəticədə hər kəsin qərarı öz əlindədir. Kimisi üçün may ayı, sadəcə, təqvimdə bir tarixdir, kimisi üçünsə “uğursuz ay” damğası. Amma bir həqiqət də var: Bakıda may ayında şadlıq sarayları durğunluq yaşayır və “May gəldi, toylar dayandı” deyimi yenidən öz təsdiqini tapır.
"Veyp çəkməyə başlayan insanların ağciyərlərində iltihab (EVALI) simptomları adətən üç ay ərzində inkişaf edir. Bu müddət veypin ağciyərlərdə ilk zərərli dəyişikliklərə səbəb olması üçün minimal hesab olunur. Lakin veypdən istifadə müddəti uzandıqca ağır fəsadlar riski də artır".
"İzvestiya" xəbər verir ki, bu barədə rusiyalı onkoloq Andrey Nefedov danışıb.
Həkimin sözlərinə görə, veyp çəkdikcə ağciyərləri qoruyan və təmizləyən makrofag hüceyrələri bədənə daxil olan toksinləri həddindən artıq toplayır. Bu toksinlər hüceyrələr tərəfindən parçalanmadığından ağciyər toxumasında iltihab yaranır və nəfəs kisəciklərində (alveollar) qaz mübadiləsi pozulur. Nəticədə EVALI inkişaf edir ki, bu da nəfəs darlığı, hərarət, döş qəfəsində ağrı, ürəkbulanma, qusma və güclü yorğunluqla özünü göstərir:
"Əgər vaxtında müalicəyə başlanılsa və veyp istifadəsi dayandırılsa, ağciyərdəki iltihabı aradan qaldırmaq və tənəffüs funksiyasını bərpa etmək mümkündür. Ancaq ağır hallarda EVALI ciddi nəfəs problemlərinə, hətta ölümə səbəb ola bilər".
Həkim əlavə edib ki, yayılan fikirlərin əksinə olaraq, veyp və elektron siqaretlər adi siqaretlərə təhlükəsiz alternativ deyil. Bu cihazlar nikotin və toksik maddələr — E vitamini asetatı, diasetil, formaldehid və asetaldehid kimi zərərli birləşmələr ehtiva edir.
"Bəziləri adi siqaretlərlə yanaşı veyp də çəkir. ABŞ-dəkı Con Hopkins Universitetinin alimlərinin araşdırmasına görə, belə vərdiş hipertoniya (yüksək qan təzyiqi), şəkərli diabet və xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ) riskini artırır", - deyə o bildirib.
Ağdamda keçirilən toy mərasimi zamanı bəy qız evinə traktor karvanı ilə gedib.
“Qafqazinfo” xəbər verir ki, rayonun Qaradağlı kəndində təşkil olunan toyda bəy Məhərrəm Əliyevin dostları traktorlarını bəzəyərək toy karvanına qoşulublar.
Onlar bəyi qız evindən toyun keçirildiyi məkanadək müşayiət ediblər.
Toy karvanı görənlərin marağına səbəb olub.
Qeyd edək ki, yol polisi mütəmadi olaraq toy kavanlarında qaydaları pozan şəxslərlə bağlı sürücülərə müraciət edir. Ağdamdakı toy karvanında qaydaların pozulub-pozulmaması barəsində isə məlumat yoxdur.
Şərqi Anadolunun yüksək yaylalarından toplanan və xalq arasında "ışkın", "ırgın" və ya "uçkun" kimi tanınan bu bitki, xərçəngin müalicəsində perspektivli təsiri ilə dünya tibb ictimaiyyətinin diqqətini cəlb edib. Təbii şəraitdə yetişən bu bitki artıq yalnız regional dəyər deyil - beynəlxalq sağlamlıq resursuna çevrilməkdədir. Bu bitkinin latın dilində adı "Rheum ribes"dir.
Atlanta Universitetində aparılan tədqiqatlar ışkının tərkibindəki maddələrin xərçənglə mübarizədə təsirli ola biləcəyini göstərib. Bu nəticələr bitkinin yalnız xalq təbabətində deyil, həm də müasir tibbdə istifadə olunma ehtimalını gücləndirib. Həmin araşdırma ışkını qlobal sağlamlıq gündəminə gətirib və onun ABŞ də daxil olmaqla bir çox ölkədə maraqla qarşılanmasına səbəb olub.
Sağlamlığa faydaları nədir?
Işkın yüksək miqdarda C vitamini ilə yanaşı, A, B1, B2, E və K vitaminləri ilə də zəngindir. Bu bitki təravətli şəkildə istehlak edildikdə həzmi asanlaşdırır, ürəkbulanmanı aradan qaldırır və immun sistemini gücləndirir. Qripal infeksiyalar və hərarətə qarşı da faydalı təsirləri ilə tanınır. Yerli əhali illərdir müxtəlif xəstəliklərin müalicəsində bu bitkidən istifadə edir və son araşdırmalar bu ənənəvi biliklərin elmi əsaslarını ortaya qoyub.
Tələbat artır, qiymətlər dəyişir
Ərzincanda uzun illərdir dağlardan ışkın toplayıb satan yerli sakinlərdən biri, İsa Kurt bildirir ki, bu bitkiyə son dövrlərdə maraq əhəmiyyətli dərəcədə artıb. Təkcə Şərqi Anadolu bölgəsindən deyil, Türkiyənin qərb bölgələrindən də alıcılar gəlir. Tələbat artdıqca, satışlar da artır, amma yaxın vaxtlarda məhsul bolluğu səbəbilə qiymətlərin nisbətən aşağı düşəcəyi gözlənilir.
Sağlamlıq sirlərinin sərhədləri aşması
Bir vaxtlar yalnız dağ kəndlərinin təbii sərvəti olan ışkın, indi beynəlxalq tibb dairələrinin maraq göstərdiyi bir müalicə vasitəsinə çevrilib. Xərçəng müalicəsində potensialı ilə bağlı aparılan araşdırmalar bu bitkini sadəcə lokal deyil, qlobal bir sağlamlıq ümidinə çevirib. Hazırda yerli əhali ışkını daha intensiv şəkildə yığaraq həm iqtisadi, həm də tibbi baxımdan bu fürsətdən yararlanmağa çalışır./E-saglam.az
Betonun ətraf mühitə vurduğu zərər uzun müddətdir müzakirə mövzusudur. Lakin dənizdən gələn yeni bir həll bu məsələyə ümid vəd edir.
Qaynarinfo xəbər verir ki, Nortvestern Universitetinin tədqiqatçıları dəniz suyu və karbon qazını elektrokimyəvi proseslə işləyərək, karbon emissiyası yaratmaq əvəzinə onu udan yeni bir tikinti materialı hazırlayıblar.
Tikinti sahəsində mövcud stereotipləri dəyişə biləcək bu inqilabi maddə - dəniz suyu, karbon qazı və elektrikdən istifadə ilə əldə olunan bu yenilik - yalnız beton istehsalında istifadə olunan ənənəvi resurslara alternativ təklif etmir, eyni zamanda atmosferdəki CO₂-ni istifadə edərək ətraf mühit problemlərinə ümidverici bir həll yaradır.
Nortvestern Universitetində aparılan dəqiq araşdırmalar nəticəsində əldə edilən bu macun konsistensiyalı material tikinti sahəsində ikiqat fayda vəd edir. Birincisi, beton istehsalında əvəzolunmaz olan və təbii balansı pozan qum ehtiyacını aradan qaldırır. İkincisi isə, istehsal prosesi zamanı karbon qazını udaraq iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynaya bilər. Bu yeni ixtira, insanlığın Yer üzərində mövcudluğunda yeni bir dövrün başlanğıcı ola bilər.
Məlum olduğu kimi, beton müasir dünyanın ən geniş yayılmış sintetik materialıdır. Lakin bu geniş istifadənin ciddi mənfi tərəfləri də var: beton həm də ən çirkləndirici istehsal proseslərindən birinə malikdir. Tarixə nəzər saldıqda görürük ki, betonun icadından əvvəl inşa edilən bir çox tikili günümüzə qədər gəlib çatmayıb. Bu isə əsasən, həmin tikililərin ağac və ya torpaq kimi təbii materiallardan inşa olunması və ömürlərini tamamladıqda təbiətə problemsiz şəkildə geri qayıtması ilə əlaqədardır. Halbuki beton yüzlərlə, hətta minlərlə il təbiətdə süni bir maddə olaraq qalır.
Bundan əlavə, betonun istehsalı atmosferə böyük miqdarda karbon qazı buraxılmasına səbəb olur. Həmçinin betonun əsas komponentlərindən biri olan qumun sahillərdən və çay yataqlarından çıxarılması həssas təbii balansı ciddi şəkildə pozur və ekoloji sistemlərə zərər verir.
Məhz bu nöqtədə Nortvestern Universitetində çalışan alimlərin hazırladığı yeni beton istehsalı üsulu bir ümid işığı kimi görünür. Komandanın yenilikçi yanaşması, dəniz suyu və karbon qazının elektrokimyəvi prosesdən keçirilməsi ilə kalsium karbonat və maqnezium hidroksiddən ibarət ağ, macun formasında bir material əldə olunmasına əsaslanır. Bu elektrokimyəvi proses, atmosferdəki karbon qazını tutaraq onu faydalı bir tikinti materialına çevirmə prinsipinə əsaslanır.
Karbon istehsal etmək əvəzinə onu udan bu inqilabi üsul, əgər ənənəvi sement istehsalının yerini ala bilsə, gələcəkdə sement istifadə edilmədən davamlı və dayanıqlı binaların inşasına yol aça bilər. Üstəlik, bu yeni materialın istehsalı zamanı əlavə məhsul kimi hidrogen də əmələ gəlir. Bu hidrogen tutulub təmiz enerji mənbəyi kimi istifadə edilə bilər ki, bu da enerji tələbatına da ekoloji cəhətdən həssas bir həll təqdim edir. Yəni tək bir proseslə həm ekoloji tikinti materialı, həm də təmiz enerji əldə edilir – sanki bir güllə ilə iki hədəf vurulur.
Xəbər verdiyimiz kimi, Britaniya hüquq-mühafizə orqanları zorakı cinayətlərin qarşısını almaq üçün məlumat bazası hazırlayırlar. Bu barədə yazan yerli medianın məlumatına görə, həmin bazanın köməyi ilə onlar "potensial” qurbanları və qatilləri axtaracaqlar. Sistemdə intihara cəhdlər, məişət zorakılığı aktları, ümumiyyətlə, müxtəlif insanların, o cümlədən ağır cinayət törətməmiş şəxslərin meyilləri barədə məlumatlar yer alacaq. Hüquq müdafiəçiləri deyirlər ki, onlar mahiyyətcə "soyuq distopiya” olan məlumat bazası yaradıblar. Ədliyyə Nazirliyi layihənin inkişafını inkar etməsə də, onun təfərrüatlarını açıqlamamağa üstünlük verir.
Britaniyanın söz azadlığı və insan hüquqlarının pozulması hallarını araşdıran "Statewatch” təşkilatının nümayəndələri mətbuata bildiriblər ki, layihə fəal şəkildə inkişaf etdirilir. Təşkilatın məlumatına görə, yüz minlərlə britaniyalı haqqında məlumatlar polisə ötürülüb. 2023-cü ilə qədər məlumat bazası hazır olub və insanın kriminal keçmişinə əsaslanaraq, onun zorakı cinayət törətməsinin təxmini ehtimalını göstərir. Sistem daim təkmilləşir.
Maraqlıdır ki, potensial cinayət qurbanları haqqında daha ətraflı məlumat toplamaq mümkündür. Məlumat bazası özünə zərər vermə hallarını, psixi xəstəlikləri, əlillik və antropometrik bilgilər haqqında məlumatları qeyd edir. Çox güman ki, eyni məlumat potensial cinayətkarlar haqqında da toplanır. Bu sistem əvvəlcə "Qətllərin proqnozlaşdırılması layihəsi” adlanıb. Daha sonra ad daha neytral "Risklərin qiymətləndirilməsini təkmilləşdirmək üçün məlumat paylaşımı” ilə dəyişdirilib. Ola bilsin ki, informasiyanın təhlilində süni intellekt iştirak edir.
Rəsmilər layihənin mövcud olduğunu inkar etmirlər, lakin onlar təkid edirlər ki, bazaya yalnız hər hansı cəzaya görə ən azı bir dəfə məhkəmə hökmü olan şəxslər daxil edilib. Rəsmilər yaxın vaxtlarda görülən işlərlə bağlı hesabat dərc edəcəyinə söz veriblər. Səlahiyyətlilər məlumat bazasının vəziyyəti daha yaxşı təhlil etməyə imkan verəcəyinə əmindirlər, lakin bu təhlilin hansı qabaqlayıcı tədbirlərə səbəb olacağı bəlli deyil.
Azərbaycanda da belə bir məlumat bazası, süni intellektə əsaslanan sistem yaradıla bilərmi? Effektli olarmı?
"Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov "Yeni Müsavat”a deyib ki, son illər süni intellekt (Sİ) yalnız texnologiyanın deyil, həm də hüquq və etik müzakirələrin mərkəzində dayanır: "Britaniyada hüquq-mühafizə orqanlarının ”potensial qətlləri və qurbanları" öncədən müəyyənləşdirmək üçün məlumat bazası hazırlaması bu tendensiyanın bariz nümunəsidir. Bu sistem, süni intellekt alqoritmləri vasitəsilə insanların keçmiş davranışlarına və sosial vəziyyətlərinə əsaslanaraq onların gələcəkdə zorakı cinayətə qarışma ehtimalını qiymətləndirir. Məlumata görə, layihə "Qətllərin proqnozlaşdırılması” adı ilə başlayıb, lakin daha neytral səslənsin deyə "Risklərin qiymətləndirilməsi üçün məlumat paylaşımı” formasına salınıb".
Natiq Ələsgərov deyib ki, layihə çərçivəsində psixi sağlamlıq pozuntuları, məişət zorakılığı, intihara meyllilik, antropometrik göstəricilər və digər şəxsi məlumatlar toplanır: "Süni intellekt bu məlumatlar əsasında şəxsə aid risk dərəcəsi formalaşdırır. Burada məqsəd cinayət baş verməmiş, qarşısını almaqdır. Bəziləri üçün bu, təhlükənin qabaqlanmasıdır, digərləri üçün isə - şəxsi azadlıqlara təhdid kimi görünə bilər”.
Natiq Ələsgərovun sözlərinə görə bu sistemlə bağlı əsas tənqidlərdən biri şəxsin cinayət törətməmişdən əvvəl "cinayətkar” kimi qeydə alınmasıdır: "Bu yanaşmanı destopik hesab edənlər də az deyil. Bu gün Britaniyada ”Statewatch" kimi təşkilatlar iddia edirlər ki, yüz minlərlə britaniyalı haqda şəxsi məlumatlar artıq polis orqanlarının əlindədir. Halbuki bu şəxslərin əksəriyyəti heç bir cinayət törətməyib. Hesab edirlər ki, burada "təqsirsizlik prezumpsiyası” prinsipi təhlükəyə düşür. Belə sistemlər istər-istəməz müəyyən sosial qruplara qarşı ayrı-seçkiliyə gətirib çıxara bilər. Azərbaycanda belə bir sistemin qurulmasının mümkünlüyünə gəlincə, ölkəmizdə belə bir məlumat bazasının yaradılması texniki baxımdan mümkündür. Ölkədə rəqəmsallaşma sürətlə gedir, süni intellekt sahəsində də ilkin addımlar atılır. Lakin bu cür sistemin tətbiqi üçün bir neçə ciddi məsələyə aydınlıq gətirilməlidir. Şəxsi məlumatların qorunması haqqında qanunvericilik belə məlumatların yığılması və istifadəsi üçün aydın çərçivə yaratmalıdır. Alqoritmlərin qərar vermə mexanizmləri şəffaf olmalı, insan hüquqları ilə ziddiyyət təşkil etməməlidir. Cəmiyyəti də buna hazırlamaq, belə sistemin tətbiqi barədə ictimai müzakirə açmaq, vətəndaşlar məlumatlandırmaq, maarifləndirmək də vacibdir".
Natiq Ələsgərov deyib ki, sistemə nəzarət edən, sui-istifadə hallarını araşdıran və ictimai hesabat təqdim edən bir qurum da yaradılsa, heç bir problem yaranmaz: "Əgər bu cür sistemlər şəffaf, etik və hüquqi çərçivədə qurularsa, cinayətlərin qarşısının alınmasında faydalı ola bilər. Məsələn, məişət zorakılığı hallarını erkən müəyyənləşdirib müdaxilə etmək, intihara meylli şəxsləri zamanında yardımla təmin etmək mümkün ola bilər. Amma sistemin ”proqnozlaşdırıcı" xarakteri onu da göstərir ki, səhv ehtimallar və "etik xətalar” da qaçılmazdır. Süni intellektin hüquq-mühafizə orqanlarında istifadəsi, xüsusilə preventiv məqsədlə tətbiqi gələcəyin deyil, artıq bu günün reallığıdır. Lakin texnologiyanın imkanlarından istifadə edərkən insan hüquqları və azadlıqları unudulmamalıdır. Əks halda, texnologiya bizi qorumaq əvəzinə idarə etməyə başlayacaq".