![]() |
|
Azərbaycan xalqı üçün çörək yalnız qida deyil, həm də mədəni dəyər daşıyan müqəddəs bir nemətdir. Uzun illərdir, hər evin süfrəsində çörək əsas yer tutur. Xalq arasında "Çörək varsa, bərəkət var" deyimi çörəyin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Bu, azərbaycanlıların çörəyə olan xüsusi sevgisindən qaynaqlanır. Təsadüfi deyil ki, azərbaycanlıları adətən "çox çörək yeyən toplum" kimi xarakterizə edirlər. Lakin, görünür, dövr dəyişdikcə, çörək yeməyə olan sevgimiz də azalır. Belə ki, 2023-cü ildə Azərbaycanda adambaşına 116.6 kiloqram çörək istehlak edilib. Bu isə 2022-ci illə müqayisədə 5.9 kiloqram azdır. Görəsən, həqiqətənmi, çörək yeməyi azaltmışıq? Çörəyi rasionumuzda azaltmağın müsbət və mənfi tərəfləri nələrdir?
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, çörəyin rasionumuzda azalmasının əsas səbəblərindən biri aparılan təşviqatdır. Təbliğat nəticəsində insanlar maariflənirlər: "Əhalinin bir hissəsi pəhriz saxlayır və çörəkdən maksimum dərəcədə az istifadə edir. Hazırda ekspertlər də sağlam qidalanmanı təbliğ edirlər. 10-15 il əvvəl əhalinin qida rasionunun əsas hissəsini çörək tuturdu. Amma yavaş-yavaş durum dəyişir".
Qida təhlükəsizliyi üzrə ekspert İlkin Şirinov bildirdi ki, hazırda satışda olan çörəkləri yemək sağlamlığımız üçün təhlükəlidir: "Çörəkdən istifadə qidalanmanın ayrılmaz bir hissəsinə çevrilib. Yemək yeyərkən süfrədə çörək olması sanki bir qanundur. Amma istifadə etdiyimiz çörəklərin, un məmulatlarının nə dərəcədə faydalı olduğunu düşünməliyik. Buradakı əsas təhlükə çörək və un məmulatları hazırlanarkən istifadə olunan kimyəvi maddələrdir. Onlardan istifadə edərək çörəklərin rəf ömrünü uzadırlar. Mağazalarda çörəklər 2-3, hətta 5 gün saxlanılır".
İ. Şirinovun fikrincə, mağazada satılan həm ağ, həm də qara çörəklərin tərkibində kimyəvi qatqılar olur.
"Həmçinin, bu gün çörəklərin rənginin daha ağ olması və həcminin böyüklüyü üçün xüsusi peroksidlərdən istifadə olunur. Buğdadan hazırlanan çörəyin özünün rəngi ağ olsa da, qatqılar da vurularaq satış üçün həcm, forma və rəng verilir. Amma həmin maddələr insan sağlamlığı üçün bilavasitə təhlükə mənbəyidir. Tək buğda çörəyi yox, qara çörək dediyimiz diyetik çörəklərin də tərkibi ilə oynanılır. Əslində, onların tərkibi sadəcə çovdar, ikinci növ qara un və ədviyyatlardan ibarət olmalıdır. Lakin rəngini tündləşdirmək üçün xəmirinə xüsusi kimyəvi maddələr qatılır. Tərkibində kimyəvi maddələr istifadə olunan çörəklərin bir gün saxlanma şəraitinə əməl olunmadıqda onlarda yapışqanlıq və xoşagəlməz qoxu əmələ gəlir".
Ekspert çörəksiz yaşaya bilməyənlərə çıxış yollarını da göstərib: "Çörəkdən əl çəkə bilməyənlər kobud üyüdülmüş, aşağı sort unlardan hazırlanan çörəklərə üstünlük versələr, daha yaxşı olar. Çörəkdən tamamilə imtina etməsək də, çalışmalıyıq ki, istifadəsini bacardığımız qədər azaldaq. Bəzi insanlar unu özləri üyüdüb çörək hazırlamağı seçir. Çörəkdən imtina edə bilməyən şəxslər də özləri evdə çörək bişirməyi sınayaraq daha sağlam qidalana bilərlər. Çünki istehsalçılar istehlakçıların sağlamlığı, onların keyfiyyətli məhsul əldə etməsini yox, yalnız satışı və qazanclarını düşünürlər".
Həkim-diyetoloq Leyla Zülfüqarlı isə dedi ki, tam taxıllı çörəklərdən istifadə edərək özümüzü və sağlamlığımızı xəstəliklərdən qoruya bilərik: "İki il ərzində çörək istehlakının adambaşına altı kiloqram azalması gözəl göstəricidir. Çünki çörək yeməyi azaltmaqla şəkərli diabet riskini, piylənməni, ürək-damar xəstəliklərini azalda bilərik. Doğru çörək seçərək ehtiyacımızı bir və ya yarım dilimlə ödəmək mümkündür. Doğru çörək taxıllı çörəklərdir. Onları normasında yedikdə onun ziyanı yoxdur".
Qida eksperti Fərid Səfərov da insanların yemək rasionlarında çörəyi azaltdığını təsdiqlədi: "Ümid edirik ki, statistikada azalmanı bir az daha görərik. Mən ətrafımdakı insanların timsalında da təsdiq edirəm ki, hətta çoxlu çörək yeyənlər belə, əvvəlki dövrlərə nisbətən indiki dövrdə bunu minimuma endiriblər. İnsanların əksəriyyəti ya ümumiyyətlə çörək yemir və bunu alternativ karbohidratlarla əvəz edir, ya da daha sağlam çörəklərə üstünlük verirlər. Məsələn, mərcidən, qarabaşaqdan, yulafdan, əsasən, kompleks karbohidratlardan hazırlanan çörəkləri seçirlər".
F. Səfərovun fikrincə, çörəyin orqanizmimizə ziyanı faydasından qat-qat çoxdur: "Hazırkı vəziyyətdə çörək yeməyi azaltmağın, əsasən, müsbət tərəfləri var. Çünki çörək hazırlanarkən un çox cilalanır. Ən əsas məsələ, nəzərə almaq lazımdır ki, çörək karbohidratdır. Rasionumuzda karbohidrat nə qədər az olarsa, bizim üçün o qədər xeyirlidir. Həmçinin, çörək daha gec həzm olunur. Hər kəs onu rahatlıqla həzm edə bilmir. Onu orqanizm üçün daha faydalı kompleks karbohidratlarla əvəz etmək olar".
London Kral Kollecinin britaniyalı alimləri belə qənaətə gəliblər ki, insanların yadplanetlilərə inamı və onların Yerə səfərləri zərərsiz ekssentriklik olmaqdan çıxıb və ictimai problemə çevrilib.
Tədqiqat "Proceedings of the International Astronomical Union" (PIAU) elmi jurnalında dərc olunub.
Təhlil göstərib ki, təkcə ABŞ- da UNO-ların varlığına inananların nisbəti 1996-cı ildən 2022-ci ilə qədər 20%-dən 34%-ə yüksəlib. Demək olar ki, hər dörd amerikalıdan biri (24%) UNO-ları öz gözləri ilə gördüklərini deyir.
Tədqiqatçıların fikrincə, planetimizdə yadplanetlilərin gizli fəaliyyətləri ilə bağlı geniş yayılmış inanclar müxtəlif sui-qəsd nəzəriyyələrini gücləndirir və ümumilikdə dövlət qurumlarına ictimai inamı azaldır. Uzunmüddətli perspektivdə bu, 2021-ci ilin yanvarında keçmiş ABŞ prezidenti Donald Trampın tərəfdarları tərəfindən Kapitoliyə hücuma bənzər böhranların təkrarlanmasına səbəb ola bilər .
Mütəxəssislər vurğulayıblar ki, UNO-lar ətrafında yaranan hay-küy diqqəti mikroblar da daxil olmaqla, yerdənkənar həyatın bütün formalarını axtaran astrobiologiya elmindən yayındırır.
Hesabat müəllifləri psevdo-elmi nəzəriyyələrə və sui-qəsd nəzəriyyəçilərinə can atmaqdansa, astrobiologiya sahəsində real elmi kəşflərə diqqət yetirməyi tövsiyə edirlər.(Publika.az)
"WhatsApp" istifadəçiləri PİN kodu təyin edərək yeni mesajlardan “qoruna” biləcəklər.
"Bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Bu funksiya iOS-da əlavələrin funksiyalarını yoxlamaq üçün istifadə edilən “TestFlight” proqramı vasitəsilə aşkar edilib. Portal müəlliflərinin sözlərinə görə, vatsapın gələcək versiyasında istifadəçi arzuolunmaz mesajlardan özünü qorumaq üçün PİN kodu əlavə edə biləcək.
Bildirilir ki, yeni həmsöhbətlər ilk mesajı yazmaq üçün PİN kodu daxil etməli olacaqlar. Məhdudiyyət adları “əlaqə kitabı”nda olmayan istifadəçilərə şamil edilir.
Yeni funksiyanın messencerin ictimai versiyasında nə vaxt istifadəyə veriləcəyi məlum deyil.
Hər nəqədər Xəzər dənizinin suyunun çox çirkli olduğuu düşünsək də, reallıqda belə deyil.
Xəzərin şəfaf suyunu və gözəl qayalıqlarını fotoqraf Aleksey Lyokinin müəllifi olduğu fotolardan görmək olur.
Məlumata görə, fotolar Xəzər dənizində Pirallahıya yaxın, Böyuk Tava ve Dardanel adaları tərəfdə çəkilib.
Hətta bu gözəl mənzərəli adalara yaxın istirahət üçün məkanların da olduğu bildirilir.
“Gələcək 10 ildə milyonlarla insan Neuralink beyin implantlarından istifadə edəcək”.
“Bu barədə məlumatı “Neuralink” şirkətinin sahibi, amerikalı milyarder İlon Mask “X” hesabında paylaşıb.
“Əgər hər şey yaxşı getsə, bir neçə il ərzində yüzlərlə, 5 il ərzində on minlərlə, 10 il ərzində isə milyonlarla insanda Neuralink çipi olacaq”, - deyə Mask qeyd edib.
Qeyd edək ki, “Neuralink” startapı 2016-cı ilin iyulunda Mask tərəfindən yaradılıb və insan beyninə yeridilməsi mümkün olan çiplərin hazırlanması ilə məşğul olur. Milyarder hesab edir ki, bu cihazlar insanlara süni intellektə qarşı durmağı bacaran kiborq olmaq imkanı verir. Həmçinin onun fikrincə bu çiplər insanlara düşüncənin gücü ilə kompüteri idarə etməyi öyrənməyə kömək edəcək.
Onu da xatırladaq ki, “Neuralink” şirkəti cari il yanvarın 28-də ilk dəfə olaraq insan beyninə çip yerləşdirib. Avqustun əvvəlində Mask bildirib ki, ikinci pasiyentə də implant yerləşdirilib. Bu çiplər iflic olmuş şəxslərə kompüteri idarə etməyə imkan verir.
"Bir neçə ildən sonra Azərbaycanda orta ömür müddəti artacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu deyib.
Sosioloq insanların az ömür sürməsinin səbəbini stressli və gərgin həyat tərzi ilə əlaqələndirir:
"Statistika elədir ki, həmin anda nəticə çıxartmaq düzgün deyil. Statistikada parametrlər də nəzərə alınmalıdır. Yoxsa statistik rəqəmlərdən nəticə çıxartmaq əsas ola bilməz. Orta qiymət aldadıcı da ola bilər. Əhalinin böyük bir hissəsi qaçqın və məcburi köçkün idi. Onların arasında xəstələnmə və ölüm halları daha çox olurdu. Müharibə vaxtı nə qədər insanlarımız dünyasını dəyişdi. Həm ön cəbhədə, həm də arxa cəbhədə... Həyacan, əsəb, stress keçirdiklərinə görə ölüm halları çoxalmışdı. İndi vəziyyət düzəlib".
Əhməd Qəşəmoğlu bildirib ki, müharibələr olmasa, stress halları azalacaq və orta ömür uzun olacaq:
"Gərginlik, torpaq həsrəti, yataqxanalarda yaşamaq, pis mənzil şəraiti hamısı ömür uzunluğunda rol oynayırdı. Düşünürəm ki, yaxın vaxtlarda statistika yaxşılaşacaq".
Qeyd edək ki, Tiflis Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi araşdırma apaşdırmasına görə, Gürcüstanda orta ömür uzunluğu Avropa İttifaqından 7 il azdır. Avropada insanların orta hesabla 84 il yaşadığı İspaniya liderlik edir, onu İtaliya (83,7 il) və Malta (83,6 il) izləyir. Türkiyədə orta ömür 77,8 il, Azərbaycanda 74,5 il, Ermənistanda 75,8 ildir.
Azərbaycanda şəhid atasının görüntüləri ürək dağlayıb.
Sosial şəbəkələrdə paylaşılan videoda şəhid atasının yol boyu şəhid fotoları vurulan yerdə olması öz əksini tapıb.
Onun əvvəlcə öz övladının fotosunu təmizlədiyi, daha sonra isə onu öpüdüyü görünür.
Görüntülərin Gəncə yolunda qeydə alındığı bildirilir.
2024-cü ilin əvvəlindən ABŞ-də parvovirus hallarında böyük artım qeydə alınıb.
Bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzindən (CDC) açıqlama verilib.
Bildirilib ki, son iki ildə xəstəliyə yoluxma hallarının sayı artıb və 5-9 yaşlı uşaqlarda parvovirusun nisbətində 40 faiz artım müşahidə olunub. Bu virus daha çox qızdırma, baş ağrısı, oynaq ağrısı və səpki kimi simptomlarla özünü göstərir.
Açıqlamada virusa qarşı peyvəndin hələ hazırlanmadığı vurğulanıb və xəstəliyə qarşı diqqətli olmaq barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Parvovirus B19 virusu (beşinci xəstəlik) tənəffüs və ya damcı yolu ilə insandan insana ötürülür. Yanaqlarda əmələ gələn səpgilərə görə buna “şapalaqlanmış yanaq sindromu” da deyilir. Ümumiyyətlə, damcı yolu ilə keçsə də, şaquli olaraq anadan dölə keçə bilən çox yoluxucu bir virusdur. Yanaqlarda səpgilər başladıqdan sonra artıq yoluxucu olmur. İnkubasiya dövrü 2-3 həftə çəkir.(sfera.az)
İlahiyyatçı: “Cadu xəstəlik kimidir, Allahla əlaqəsi güclü olana heç nə təsir etməz, zəif olana isə...”
Keçmiş “Lider” televiziyasının rəhbəri Ədalət Əliyevin xanımı Nailə Əliyeva paylaşımları ilə bir mövzuya diqqət çəkib. İş xanımı bir qadının ona cadular etdiyi haqda sosial şəbəkə hesabında məlumat yayıb.
N.Əliyeva bildirib ki, bu məsələ ilə bağlı həmin qadın bu yaxınlarda ona mesaj yazaraq üzrxahlıq edib: “Bir xanım neçə illərdir ki, mənə cadular edib. Mən təəccübləndim, düşünürəm ki, o, buna çox pul xərcləyib, bunun işləməyəcəyini görmür? Onun bizə etdiyi hər şey onun öz başına gəlib və ən pisi övladlarının başına gəldi, boşanmalar, işsizlik, xəstəliklər... Amma münasibətlərimiz getdikcə güclənir, maşallah. Amma bir müdrik qadın mənə bunun necə işlədiyini izah etdi və sizə məsləhət vermək istərdim. Mən soruşmayacağam ki, cadugərliyə inanırsanmı, falçılara gedirsənsə, hərə özü bilər, bayaq dediyim kimi, heç kimi mühakimə etmirəm, hər kəs öz yolunu seçir”.
Heç kimə sirr deyil ki, ölkəmizdə işləri yolunda getməyən, çətinliyə düşən kimi falçı və cadugərlərin qapısını döyən insanlar kifayət qədərdir. Kimisi bu yolla bəxtinin açılacağına, kimisi qazancının, ruzi-bərəkətinin artacağına, kimisi ev alacağına inanır. Bir sözlə, inam, ümid sonda insanı bu yolu sınamağa vadar edir. Bu səbəbdən belə iddialar da var ki, cadugərlər Azərbaycanda hər il milyonlar qazanır.
Cadugərlik haqqında müqəddəs hesab edilən dini kitablarda da bəhs edilir. Qurani-Kərimin “Nas” və “Fələq” surələri cadugərliyə həsr olunub.
İddialara görə, hazırda Azərbaycanda falçı və cadugərlər həm onlayn, həm də oflayn fəaliyyət göstərib xeyli pul qazanırlar. Fəaliyyətləri hər nə qədər qanuna zidd olsa da, onlar öz əməllərinə davam edirlər. Lakin dövlətə vergi ödəmirlər.
Falçı və cadugərlik leqal fəaliyyət növü deyil və buna görə Dövlət Vergi Xidməti onları vergi ödəyicisi kimi qeydiyyata ala bilmir. Azərbaycanda caduya inanan və yuxarıdakı xəbərdən də bəlli olduğu kimi cadu etdirən də var. Bəs İslamda cadu barədə nə deyilir? Bundan necə qorunmaq olar?
Yeri gəlmişkən, ABŞ-ın “Plos One” elmi jurnalında yayımlanan araşdırmaya görə, dünyada caduya inananların sayı artmaqdadır. Araşdırmanın gəldiyi nəticəyə əsasən, dünya əhalisinin 43 faizi caduya inanır. Alimlər bu vəziyyətin ən mühüm səbəbinin rifah səviyyəsi ilə bağlı olduğunu vurğulayıblar. Belə ki, kasıb ölkələr caduya çox, varlı ölkələr isə az inananlar arasında yer alıb. Sorğular 5 qitə və 95 ölkədən 140 min insan arasında aparılıb. Sorğuya cəlb olunan insanlara “Pis gözə inanırsınızmı?”, “Pis cadu ola bilərmi?” kimi suallar verilib.
İlahiyyatçı Fərid Abdulla mövzu ilə bağlı fikirlərini bildirib: “Qarşılaşdığım ən çətin durumlardan biri elə istixarə, dua, cadu və bu qəbil məsələlərdir. Mənə də bununla bağlı çox sayda suallar verilir. Deyirəm, əziz insan, adamın platforma və üslubuna baxın, sonra müraciət edin.
Bəzən tanıdığım adamlar da olur. Soruşurlar ki, ""Quran"a baxardınız, hansı duanı oxuyum, cadu əleyhinə hansı əməlləri edim?" Deyirəm ki, mənim bu barədə fikrim ayrıdır və sizinlə eyni fikirdə olmaya bilərəm. Əgər buna inanırsınızsa, buna inanan adamdan soruşun. Görürəm ki, nə isə naümid olurlar. Yəni necə ola bilər ki, din sahəsi ilə məşğul olan biri, bunlarla da məşğul olmasın? Bu mənim öz fikrim və inancımdır. Problemə düşmüsən? Get dizini at yerə, dua et. İstədiyin duanı, istədiyin dildə de. Elə bir dua yoxdur ki, Allah desin, bunu oxusan, qəbul edərəm, bunu isə oxusan yox... Bu həyat sınaqla doludur. İmam Hüseynin başına gələnlərə baxın. Ona cadumu olunmuşdu? İmam Hüseyn Yezid və başqaları üçün, başqaları da onun üçün sınaq və imtahan idi. İstixarə sadəcə qərarsızlıq üçün həll yoludur. Amma bu o demək deyil ki, Allahın qərarıdır. Sabah deyə bilməzsən ki, Allah, nə edim e, sən dedin elə, mən də etdim. Həm də yaxşı gəlsə belə, bu cür davam edəcəyinə sığorta da deyil.
Caduya gəlincə, bu, xəstəlik kimidir. Allahla əlaqəsi güclü olana heç nə təsir etməz. Zəif olana, hər şey təsir edər. Allahdan başqa güc, qüdrət sahibi yoxdur. Hətta peyğəmbərlər belə, xəstələniblər, işləri düz gəlməyib və sair. Lakin insanlar bu acı reallığı yox, nə isə xüsusi qeybi, əfsanəvi, qeyri-adi şeyləri dinlə assosiasiya edirlər. Zənn edirlər ki, din mavəradır. Həm də mavəradır (pərdə arxasında olanlar). Lakin bu bizim öhdəliyimiz deyil. Əgər Allah sənə (sınamaq üçün və ya günahın kəffarəsi olaraq) bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir vermək istəsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhimlidir. (Yunus, 107) Kim nəyə inanırsa, ona da əməl edə bilər. İnsan adətən inancı ilə üz-üzə gəlir və sınanır".
İlahiyyatçı əlavə edib ki, İslam tərəfindən sehr etmək, bundan pul qazanmaq haramdır, böyük günahlardandır: “İnsan ilk növbədə cadudan, falçıdan, gözdəymədən qorunmaq üçün Allaha çoxlu zikrlər etməlidir. Tez-tez "Əuzu billəhi minəş-şeytanir-racim cümləsini, yəni qovulmuş şeytanın şərindən Allaha sığınıram deyin. Bundan əlavə, “Fələq”, “Nas” surələrini oxuyun. “Qələm” surəsinin 51 və 52-ci ayələrini oxumaq lazımdır, buna bəd-nəzər ayələri də deyilir. Eləcə də “Ayətül kürsi” oxunmalıdır"./ “Yeni Müsavat”