![]() |
|
Səhiyyə Nazirliyinin nümayəndələri Türkiyədən təxliyə edilən və Pediatriya İnstitutunda müalicə alan vətəndaşlarımıza baş çəkiblər.
Bu barədə nazirlikdən məlumat verilib.
Cari ilin 10 fevral tarixində ölkəyə gətirilən vətəndaşlarımız arasında 10 uşaq və 12 böyük, ümumilikdə 6 ailə Səhiyyə Nazirliyinin K. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilib.
Bununla əlaqədar bu gün Səhiyyə Nazirliyinin nümayəndələri Pediatriya İnstitutunda müalicə alanlara baş çəkərək, onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıblar.
Görüşdə çıxış edən Səhiyyə Nazirliyi Səhiyyənin təşkili şöbəsinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova qeyd edib ki, gələn 10 uşaqdan 6-sı oğlan, dörd nəfəri isə qızdır:
“Onlardan ən kiçiyi 8 günlükdü, ən böyüyün isə 14 yaşı var. Həmin uşaqlar dərhal onlar üçün ayrılmış palatalara yerləşdirilib, hərtərəfli laborator-instrumental müayinələr başlanılıb və bu gün müayinələr artıq bitmək üzərindədir. Müayinələr bitdikdən sonra uşaqlar valideynləri ilə birgə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial sığınacağa göndəriləcəklər”.
Səhiyyə Nazirliyinin sektor müdiri həmçinin xatırladıb ki, dövlət baçısının müvafiq tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələrinin zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib. Bu məqsədlə, ümumilikdə tibb müəssisələrində 2000 çarpayı ayrılıb.
Görüş zamanı valideynlər övladları üçün yaradılmış hərtərəfli şəraitə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildiriblər.
“Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə həlak olan vətəndaşlarla bağlı hələlik yeni məlumat yoxdur”.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Onun sözlərinə görə, bu gün zəlzələ bölgəsindən vətəndaşlarımızın təxliyəsi gözlənilmir:
“Bu barədə dəqiq məlumat axşama doğru bilinəcək”.
A.Hacızadə əlavə edib ki, zəlzələdə ölən dörd nəfərin nəşi Azərbaycana gətirilib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin son məlumatına görə, beş baş verən hadisə zamanı beş nəfər azərbaycanlı vəfat edib.
Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərarı alınıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələlər nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 29 605 nəfər həyatını itirib.
Azərbaycan Ali Məhkəməsinin yaradılmasından 100 il ötür.
Oxu.Az xəbər verir ki, Ali Məhkəmənin yaradılması haqqında 1923-cü il fevral ayının 13-də qərar qəbul edilib və qurum mart ayının 1-dən fəaliyyətə başlayıb.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin (MİK) 1922-ci il 9 dekabrda keçirilən 2-ci sessiyasında “Azərbaycan SSR-də məhkəmə quruluşu haqqında Əsasnamə” qəbul olunub. Azərbaycan SSR MİK Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli 8 saylı qərar qəbul edib.
Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyənləşib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinə uyğun olaraq, Ali Məhkəmə ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid olan mülki (o cümlədən inzibati və iqtisadi mübahisələrə dair), cinayət işləri və digər işlər üzrə ali məhkəmə orqanıdır.
Ali Məhkəmə kassasiya instansiyası məhkəməsi kimi qanunla müəyyən edilmiş prosessual qaydada ədalət mühakiməsini həyata keçirir.
Ali Məhkəmə paytaxt Bakıda təşkil edilib, onun yurisdiksiyası Azərbaycan Respublikasının bütün ərazisinə şamil edilir.
Türkiyədə zəlzələ zamanı xəsarət alan 10 uşaq fevralın 10-da müalicə üçün Azərbaycana gətirilib.
“Report” xəbər verir ki, həmin uşaqlar Bakıda K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutuna (OMD) yerləşdirilib.
Hazırda xəstəxanada müalicələri davam edir. Müalicə müddəti bitdikdən sonra uşaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsələrinə yerləşdiriləcək.
Ölkə ərazisində fevral ayının pensiyalarının gecikdiyi iddia edilir.
Bildirilir ki, ötən ayın və bu ayın pensiya artımının cəm məbləği artıq bazada görünür. Lakin hələ ki, pensiya karta köçürülməyib.
Məsələ ilə bağlı baku.ws-ə açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı bildirdi ki, nazirlik pensiya ödənişlərini edib. Məbləğin karta köçürülməsi isə bank prosedurudur.
Ehtimal edilir ki, yaxın saatlarda pensiyalar tam ödəniləcək.
Bir neçə gün əvvəl zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn Sərvər Bəşirli Türkiyəyə göndəriləcək.
“Qafqazinfo” xəbər verir ki, S.Bəşirli növbəti dəfə yardım aparan zaman həmin məkanda türkiyəli iş adamları ilə görüşüb. “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin sədri Hüseyn Büyükfırat həmyerlimizə bildirib ki, o, Türkiyənin Adıyaman şəhərində yardımla bağlı işlərdə iştirak edə bilər.
Qeyd olunur ki, Sərvər Bəşirli daha əvvəl “Anadolu” agentliyinin müxbirinə verdiyi açıqlamasında Türkiyədə zəlzələ bölgəsinə gedib könüllü olaraq yardım etmək istədiyini bildirib.
Bakıda və Abşeron yarımadasında fevralın 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 1° şaxtadan 2°-dək isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunundan 773 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə az yağıntılı olacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 0-5° şaxta olacaq. Gecə və səhər bəzi yerlərdə yollar buz bağlayacaq.
“Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir”.
Bunu APA-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
AYNA-nın sahibkarlıq subyektlərinə göstərdiyi bir sıra xidmətlər yeni ünvanda təşkil ediləcək
Elxan Əsədov deyib ki, bu gün Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırlar: “Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir. Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir”.