![]() |
|
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalı qardaş ölkənin Kahramanmaraş şəhərində fəaliyyətə başlanılıb.
"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında FHN-in İctimaiyyətlə Əlaqələr İdarəsinin baş məsləhtçisi Turqay Abbaslı deyib.
O bildirib ki, Azərbaycan xilasediciləri hazırda qardaş ölkənin Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarını davam etdirir:
"Fövqəladə Hallar Nazirliyi tərəfindən 725 nəfər şəxsi heyət əraziyə cəlb edilib. Onlardan 41-i tibbi personaldır. Artıq bir neçə gündür Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları həyata keçirirlər. İndiyədək 8-i uşaq olmaqla 37 nəfər sağ, 147 nəfər meyit dağıntılar altından çıxarılıb. Azərbaycandan çoxlu sayda humanitar yardım, çadırlar, dərman preparatları qardaş ölkə Türkiyəyə gətirilib. Mobil səhra hospitalı Kahramanmaraşda qurulub və fəaliyyətə başlayıb".
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Son məlumata görə, hadisə nəticəsində Türkiyədə 12 873 nəfər ölüb, 62 937 nəfər yaralanıb.
Azərbaycan vətəndaşlarının Türkiyənin zəlzələ bölgəsindən təxliyəsi davam edir.
Azərbaycanın Türkiyədəki səfirliyindən APA-ya verilən xəbərə görə, 9 fevral tarixində saat 14:00-da təxliyə avtobusu Qaziantep vilayəti avtovağzalından Azərbaycana yola düşəcək.
“Uşaqlarımızı yaratdığımız məlumat forması ilə qeydiyyatdan keçiririk. Onların şəkillərini, göz və saç rəngini qeyd edirik. Sonra fotosunu çəkib Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurasının (TÜBİTAK) hazırladığı məlumat sisteminə yükləyirik”.
"Qafqazinfo" xəbər verir ki, bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib.
O, zəlzələ bölgələrində dağıntılar altından çıxarılan, yanında ailəsi olmayan uşaqlar barədə danışıb.
Bildirib ki, ilk iş xilas olunan uşaqların zəlzələ riski olmayan əyalətlərə köçürülməsidir:
"Bu uşaqlar üçün qolbaq sistemi tətbiq edəcəyik. Belə ki, uşağı əyalətə köçürərkən ona ağ qolbaq taxıb adını yazıb nömrə verəcəyik. Rəqəmsal sistemə əsasən, hər vilayət üçün fərqli rəngdə qolbaq veriləcək. Sonra uşaqların ailələri dağıntılar altından hansı şəhərdə çıxdıqlarını söylədikdə uşaqlarını daha rahat tapa biləcəklər".
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Türkiyəyə yardımla bağlı Bakıda təşkil edilən kampaniyaya Milli Məclisin deputatları da qoşulublar.
Pravda.az bu barədə parlament üzvləri arasında nə qədər maliyyə yardımı etdikləri ilə bağlı sorğu keçirib.
“Deputatlar hansı formada yardım edəcəklərsə, mən də ona qoşulacağam. Bank hesablarını bu gün götürmüşəm. Nə qədər məbləğ məsələhət olsa, o qədər ödəyəcəyik”.
Milli Məclisin deputatı Tahir Kərimli isə deyib ki, parlament tərəfindən Türkiyəyə ciddi şəkildə kömək göndəriləcək:
“Bu gün komitə iclasında da demişəm, xalqımdan o qədər razıyam ki... Başımızı uca etdilər, Türkiyəyə vətən kimi baxdılar. Xalqımızın fəallığı, yardım kampaniyasında iştirakı, həqiqətən, qürurverucidir. Xalqımıza halal olsun! Deputatlarla öz aramızda söhbət aparmışıq. İstəyirik ki, cəm şəkildə, hamımız birləşib, qiymətli nəsə göndərək. Artıq məsələ qərarlaşıb. Allahın izni ilə, generatorlar alınıb, yola salınacaq. Mən artıq maliyyə yardımımı göstərdim. Amma miqdarı demək istəmirəm. Hamı gücü çatdığı qədər kömək edir... Ciddi şəkildə köməyimiz olacaq. Heç kim narahat olmasın, mütləq olacaq. Rayonlarla əlaqəmiz var. Orada da yardım yığırlar. Deyirlər ki, ehtiyac yoxdur, amma insanlar özləri kütləvi şəkildə yardım edirlər. Çox yaxşı haldır”.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, hazırda Bakıda deyil, xaricdədir:
“Bu günlərdə Bakıya qayıdacağam. Düşünürəm ki, mən də yardım aksiyasına qoşulum. Artıq təhlil edirəm, müəyyən məsələlərə baxıram. Qayıdandan sonra vəziyyətə uyğun olaraq mən də Türkiyədəki qardaş-bacılarımıza dəstək olmağı düşünürəm. Allah dünyasını dəyişənlərə rəhmət etsin, yaralılara şəfa versin”.
Milli Məclisin deputatı Fazil Mustafa qeyd edib ki, bu məsələ ilə bağlı artıq tədbirlər görülür:
“Türkiyəyə dəstək üçün hansı variantlar varsa, onu həll edirik. Xüsusi hesaba maddi yardım göndərdim, maaşımdan köçürdüm. Lazımi geyim və digər vasitələri də toplayırıq. Yəqin ki, onları da bu gün, ya sabah təhvil verəcəyik. Partiyamızın da üzvləri bu prosesə qoşulublar. Hesab edirəm, hamı - Türkiyənin Azərbaycan qarşısında etdiklərinin dəyərini bilən, qardaşlıq duyğusu daşıyan hər kəs bu məsələdə öz dəstəyini verməlidir. Çünki orada insanlar çox ağır, sıxıntılı vəziyyətdədirlər. Qardaş-bacılarımız böyük bir fəlakət yaşayıblar. Bu dərdin azalmasına, kədərin yüngülləşməsinə mütləq hamımız öz töhfəmizi verməli, əlimizdən gələn kiçik nəsə olsa da, etməliyik”.
Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu da məbləğ açıqlamaq istəməyib:
“Qardaş Türkiyəyə hər bir Azərbaycan vətəndaşı yardım etmək arzusundadır. Nə qədər yardım etdiyimin ictimailəşdirilməsini istəmirəm. Bu, mənim xarakterimə uyğun deyil. Belə bir söz var: “sağ əlin verdiyini sol əl bilməz”. Hər bir Azərbaycan vətəndaşı yardım edir və edəcək. Məncə, burada heç bir istisna olmayacaq”.
Bakıda və Abşeron yarımadasında fevralın 9-da bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, güclü şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək.
Havanın temperaturu gecə 0-2° şaxta, gündüz 1°-dək isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 777 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85 % olacaq.
Azərbaycanın rayonlarında sabah havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 4-7° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. Yollar buz bağlayacaq.
2023-cü il fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib.
Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycandan Türkiyəyə genişmiqyaslı yardıma başlanıb.
Fevralın 6-dan hazırkı zamana kimi Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı göndərilib.
1-ci təyyarə fevralın 6-da saat 13:25 yola düşüb və Fövqəladə Hallar Nazirliyinin 168 nəfərlik şəxsi heyətini fəlakət zonasına çatdırıb.
2-ci təyyarə fevralın 6-da saat 17:25-də yola düşüb, FHN-in 233 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını aparıb.
3-cü təyyarə fevralın 6-da saat 20:50-də yola düşüb, FHN-in 21 nəfərlik şəxsi heyətini və xilasetmə avadanlıqlarını Türkiyəyə çatdırıb.
4-cü təyyarə fevralın 7-də saat 09:40-da yola düşüb, 41 nəfərlik tibbi heyəti və mobil səhra hospitalına aid 4 konteyneri aparıb.
5-ci təyyarə fevralın 7-də saat 14:00-da yola düşüb, səhra hospitalı üçün 3 konteyner və FHN-in şəxsi heyətinin təminatı üçün yük aparıb.
6-cı təyyarə fevralın 8-də saat 01:00-da yola düşüb, FHN-in 4 nəfər şəxsi heyəti və şəxsi heyətin təminatı üçün ərzaqlar və humanitar yardım aparıb.
7-ci təyyarə fevralın 8-də saat 09:46-da yola düşüb, FHN-in 229 nəfərlik şəxsi heyətini, xilasetmə avadanlıqlarını və FHN-in şəxsi heyəti üçün təminat vasitələrini aparıb.
Fevralın 8-də saat 01:00-da yola düşən 14 yük avtomobilindən ibarət karvan 29 nəfərlik şəxsi heyəti, 4 səhra mətbəxini, humanitar yardımı və FHN-in şəxsi heyətinin təminatını Türkiyəyə çatdıracaq.
Ümumilikdə, faciə baş verdiyi dövrdən bu günə kimi FHN-in 725 nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Onlardan 34 nəfəri həkim və 7 nəfəri texniki işçi olmaqla tibbi heyətə aiddir.
Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin, modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və s., habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir.
Türkiyədə güclü zəlzələdən zərərçəkənlər üçün Bakıda yardımların toplandığı ünvan dəyişib.
Bu gündən yardımlar Heydər Əliyev adına İdman Konsert Kompleksində toplanır.
"Yardımla bağlı Babək prospektində yerləşən Doğtaş mebel qəbul məntəqəsinin ünvanı nəqliyyatın işində sıxlıq yaşanmaması səbəbiylə Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksi olaraq dəyişilib", - Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.
Vətəndaşlar yardımlarını bu ünvana gətirə bilərlər.