Strict Standards: Declaration of JCacheControllerView::get() should be compatible with JCacheController::get($id, $group = NULL) in /home1/yolxeber/public_html/libraries/joomla/cache/controller/view.php on line 0

Bakının mərkəzində, Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, Əziz Əliyev küçəsində aparılan təmir işləri ilə əlaqədar olaraq nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, hazırda Füzuli küçəsinin Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək olan 232 metrlik hissəsində də təmir işləri icra olunduğundan hərəkət məhdudlaşdırılıb.

Bu gün iki dəfə Sovet İttifaqı Qəhrəmanı, azərbaycanlı general-mayor Həzi Aslanovun anım günüdür.

Həzi Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran rayonunda anadan olub. 13 yaşında atasını itirən Həzi kərpic zavodunda fəhlə kimi işləməyə başlayıb. Sonra Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilib. Bakı və Leninqrad hərbi məktəblərində oxuyub. 1929–cu ildə təhsilini bitirdikdən sonra Leninqrad süvari məktəbinə daxil olub. Təhsilini başa vurandan sonra Kotovsk adına III Bessarabiya süvari diviziyasında vzvod komandiri kimi fəaliyyətə başlayıb.

1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə qeyri-bərabər döyüşdə Həzi özünü bacarıqlı sərkərdə kimi göstərib. Donbas və Moskva ətrafında vuruşmalarda qəhrəmanlıq göstərib. Xarkov və Stalinqrad uğrunda gedən döyüşlərdə H.Aslanovun başçılığı ilə 55-ci tank briqadasının tankçıları düşmənə ağır zərbələr endiriblər. H.Aslanov Stalinqrad uğrunda rəşadətli döyüşlərinə görə 1942-ci il dekabrın 22-də Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Zirehli tank qoşunları Akademiyasının birillik təhsil proqramını 3 aya mənimsəyən qəhrəman yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıdıb. 1944-cü ilin martında ona tank qoşunları general mayoru rütbəsi verilib. O, Volqadan başlamış bütün döyüşlərdə özünü bacarıqlı sərkərdə, fitri istedad sahibi kimi göstərib. Təkcə 1944-cü ilin hücum döyüşləri dövründə 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkür alıb.

O, 55-ci əlahiddə tank polku feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət göstərib. H.Aslanovun qvardiya polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında fəal iştirak edib.

Həzi Aslanov 1945-ci il yanvarın 24-də Latviyanın Liepay rayonunda alman faşistləri ilə döyüşdə həlak olub. 1944-cü ildə general-mayor H.Aslanov Belarus cəbhəsindəki şücaətinə görə ikinci dəfə yüksək ada təqdim edilsə də, SSRİ hərbi rəhbərliyində təmsil olunan erməni generalı İ.Baqramyan buna maneəçilik törədib. Ölümündən 47 il sonra, 1991-ci ildə H.Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı verilib.

Həzi Aslanov Böyük Vətən müharibəsi cəbhələrində göstərdiyi şəxsi igidlik və qoçaqlığına görə 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunub. Qəhrəmanın qəbri Bakıda Şəhidlər Xiyabanındadır.1969–cu ildə Həzinin vətəni Lənkəranda onun ev muzeyi açılıb, şəhərinin mərkəzində onun boyük heykəli ucalır. Bakıdakı küçələrdən və metrostansiyalardan biri Həzi Aslanovun adını daşıyır.

Yanvarın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 8-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu olacaq. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-12° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.

Daxili İşlər Nazirliyinin məişət zorakılığı qurbanlarının şikayətlərini araşdırmadığı iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bildirilib ki, məişət zorakılığından zərər çəkən qadının keçmiş həyat yoldaşı avtomobilini onun evinin qarşısında saxlayıb.

Qadın və uşaqları qorxu, həyəcan içində olublar. Qadın Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin sahə müvəkkili olan Anar Qasımova məlumat verib. Sahə müvəkkili gəlib ərizəni alıb gedib.

İddia edilib ki, A.Qasımov gedərkən kişinin avtomobilinə yaxınlaşıb heç nə soruşmayıb.

Qeyd olunub ki, Daxili İşlər Nazirliyi məişət zorakılığı qurbanlarının şikayətlərini araşdırmır.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, Suraxanı rayonu Hövsan qəsəbəsində qeyd edilən hadisə ilə bağlı qadın “102” Xidməti Zəng Mərkəzinə məlumat verib:

“Ərazi üzrə Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin əməkdaşları araşdırma aparıblar. Araşdırma zamanı qeyd edilən avtomobilin boş olduğu və sürücüsünün orada olmadığı məlum olub. Sürücü ilə əlaqə saxlanılıb və o, yaxınlıqda olan qohumugildə olduğunu bildirib. Qeyd edək ki, avtomobil həmin ərazidən uzaqlaşana qədər polis əməkdaşları tərəfindən xanımın evi mühafizə edilib”.

“Həmin qadının və ailəsinin təhlükəsizliyini gücləndirmək üçün keçmiş həyat yoldaşı 30-cu Polis Şöbəsinə dəvət edilib və ona xəbərdarlıq edilib”, - deyə o qeyd edib.

Bir neçə gündür sosial şəbəkələrdə "Xocasən", "Xocəsən" və "Xocahəsən" ifadələri geniş müzakirə obyektinə çevrilib.

Buna səbəb sözügedən ifadələrin eyni ərazi vahidində yerləşən obyektləri adlandırmasıdır.

Belə ki, Binəqədi rayonunun inzibati ərazi vahidi olan qəsəbə "Xocahəsən" adlanır. Ancaq ərazidə yenicə istifadəyə verilən metro stansiyasına "Xocəsən", metronun qarşısındakı dayanacağa "Xocasən" adları verilib. Mövzunun həlli bir növ çıxılmaz yola çevrilib.

Bu zaman nəzərlər ölkənin dil qaydalarına cavabdeh olan quruma yönəlsə də, onlardan gələn cavab daha bir paradoksa səbəb olub. AMEA Dilçilik İnstitutundan bildirilib ki, hər kəs ünvanlara adı səhv verib, sözügedən ad əslində "Xocahəsən" olmalıdır.

Qəribə məqam budur ki, qurum öz lüğətində ərazini "Xocəsən" olaraq təqdim edib.

Sinifdə dərs zamanı nadinc şagirdlərə əl qaldıran müəllimin görüntüləri 2 gündür sosial şəbəkələrdə gündəm olub. Videonu izləyənlərin yarısı müəllimi, yarısı isə şagirdləri günahlandırır. Bəs əslində məsələ necədir?

 "Xəzər Xəbər”in əməkdaşları videonun çəkildiyi 59 saylı tam orta məktəbdə olublar.

Məlumata görə, görüntülər paytaxtdakı 59 saylı tam orta məktəbin 6C sinfində qeydə alınıb. Müəllim dərs zamanı nizam-intizama tabe olmayan uşaqlara əl qaldırıb, şagirdlərdən biri isə bu anı telefonla qeydə alıb.

38 ildir dil-ədəbiyyat müəllimi kimi fəaliyyət göstərən 62 yaşlı müəllim bir neçə şagirdin dərs prosesinin gedişinə mane olduğunu, təkrar xəbərdarlıqlardan nəticə çıxarmadıqlarını, dərsi izah etməyə maneə yaratdıqlarını və bu səbəbdən məlum vəziyyətin yarandığını bildirib.

Videonu çəkən şagird müəlliməni çox istədiyini və dərsdə nadinclik etdikləri üçün peşman olduğunu dilə gətirib. 6C sinif şagirdlərinin valideynləri də baş verənlərlə bağlı təəssüf hissi keçirdiklərini vurğulayıblar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Kamaləddin Qafarov: “Azərbaycan Çinin təşəbbüsünə  regionda  dəstək verən ilk ölkə olub”

“Hazırda Azərbaycanla Çin arasında qarşılıqlı əməkdaşlıq üçün kifayət qədər möhkəm platforma formalaşıb. Ölkə Prezidenti İlham Əliyevin yanvarın 17-də Davosda Çinin CGTN televiziya kanalına müsahibəsinin gedişində dövlətmizin başçısına ünvanlanan suallar bunu deməyə əsas verir ki, dövlətlərarası münasibətlərdən başqa, Çin ictimaiyyətinin Azərbaycana, ölkəmizdə gedən proseslərə marağı kifayət qədər böyükdür. Prezident İlham Əliyevin dediyi kimi, ölkələrimiz arasında 30 il ərzində davam edən siyasi münasibətlər Azərbaycanla Çinin bir-birinə etibar edən dost və tərəfdaş ölkələr olduğunu nümayiş etdirir. Önəmli məqamlardan biri budur ki, ölkələrimiz beynəlxalq təsisatlar çərçivəsində səmərəli əməkdaşlıq edirlər və bir-birinin ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəkləyirlər.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlıq əlaqələrinin formalaşmasında və inkişafında “Bir kəmər, bir yol” layihəsinin xüsusi rolu var: “Hələ 2013-cü ildə Çin Avrasiya ölkələri arasında infrastrukturun yaradılmasına və qarşılıqlı əlaqələrin qurulmasına yönələn “Bir kəmər, bir yol” adlı yeni iqtisadi inkişaf strategiyası elan etmişdi. Strategiyanın əsas məqsədi malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa daşınması üçün ticarət dəhlizinin yaradılması idi. Hələ o dövrdə Azərbaycan Çinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə oldu. 2019-cu ildə Pekində keçirilmiş 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun gedişində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının Sədri Si Cinpin demişdi ki, Azərbaycan Avrasiya məkanında əməkdaşlıq üzrə Çinin əsas tərəfdaşlarından biridir və Böyük İpək Yolunun bərpasında təbii tərəfdaşdır. Çin lideri “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Trans-Xəzər nəqliyyat dəhlizinin əhəmiyyətini də xüsusi qeyd etmişdi. Öz növbəsində Prezident İlham Əliyev CGTN-ə müsahibəsində xüsusi olaraq vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü çox böyük coğrafiyanı əhatə edən, vaxtında irəli sürülmüş müdrik bir təşəbbüs idi. Azərbaycanın bu təşəbbüsə ilk günlərdən fəal şəkildə qoşularaq hələ mövcud olmayan infrastruktura investisiya yatırmağa başlaması, artıq dövlətimizin məhz gələcəyə hesablanmış iqtisadi siyasətinin müdrikliyinin daha bir göstəricisidir. Azərbaycan bu təşəbbüsün ilk dəfə irəli sürüldüyü gündən keçən 10 il ərzində layihənin rellaşdırılması istiqamətində çox böyük işlər görüb. O cümlədən, Xəzər dənizində ən böyük ticarət limanı olan Ələt Beynəlxalq Dəniz Ticarət Limanı inşa edilib. Hazırda bu limanın yükaşırma qabiliyyəti 15 milyon tondur və bu göstərici 25 milyon tona qədər artırılacaq. Xəzər dənizi ilə yükləri daşımaq üçün Bakıda gəmiqayırma zavodu inşa olunub. Beləliklə, açıq dənizə çıxışı olmayan Azərbaycan beynəlxalq, logistik və nəqliyyat mərkəzinə çevrilib. Cənab Prezident öz müsahibəsində bir məqamı da xüsusi vurğuladı ki, “Bir kəmər, bir yol” təşəbbüsü həmçinin digər marşrutlar, xüsusilə Şimal-Cənub marşrutu üzrə daşımaları fəallaşdırıb. İndi artıq Şimal-Qərb marşrutu üzərində işlər aparılır. Bu, uğurla inkişaf edən qlobal layihədir və marşrut üzərində yerləşən bütün ölkələr artıq bunun faydasını görürlər.”

K.Qafarov daha sonra deyib: “Dövlətmizin başçısı müsahibəsində müasir dünyada getdikcə dərinləşən qütbləşmə prosesi fonunda Qoşulmama Hərəkatının mövcud potensialından düzgün istifadə edilməsinin zəruriliyini diqqət mərkəzinə çəkdi. Cənab Prezident Azərbaycanın timsalında müasir dünyada qarşılıqlı yardım və paylaşmaların nə qədər vacib olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərib. Həm də ölkəmiz bunu könüllü olaraq, hər hansı təmənna güdmədən edib. Cənab Prezident İlham Əliyevin dediyi kimi, əgər dünya liderləri ambisiyalar və virtual liderlik uğrunda mübarizədən əl çəksələr, silahları yerə qoyaraq bəşəriyyətin üzləşdiyi yoxsulluq, aclıq, bir çox ölkələr üçün içməli suyun və elektrik enerjisinin əlçatan olmaması kimi fundamental problemlərə diqqətlərini yönəltsələr, bu zaman dünya daha gözəl və daha təhlükəsiz olar.”

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbov vəzifəsindən istefa verəndən sonra medianın bir nömrəli personasına çevrilib. Yerli mətbuatda hər gün Vasif Talıbov və onun övladları Seymur Talıbovla Rza Talıbov haqqında yeni faktlar dərc olunur.

Qaynarinfo bildirir ki, 1988-ci ildə anadan olan Seymur Talıbov 2003-cü ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasına qəbul olub. 2003-cü ildə isə Seymur Talıbovun 15 yaşı olub. Onun bu yaşda BDU-ya necə qəbul olunması bəlli deyil.

Sayt müxtəlif resurslar vasitəsilə bu faktı dəqiqləşdirməyə çalışıb. Məlum olub ki, Seymur Talıbovun rəsmi tərcümeyi-halında, eyni zamanda onunla bağlı anket məlumatlarında da 2003-cü ildə BDU-ya qəbul olunduğu qeyd edilib.

Əlavə edək ki, həmin illərdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov olub.

Seymur Talıbov Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsində çalışıb. Eyni zamanda Naxçıvan MR Ali Məclisinin deputatıdır. Vasif Talıbov istefa verdikdən sonra Seymur Talıbov da prorektor vəzifəsini itirib.

Azərbaycan tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrinin ildönümüdür.

Qanlı Yanvar hadisələrindən 33 il ötür.

1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.

Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.

Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verdi. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pislədi.

Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi. Azərbaycan Respublikası Prezidentinin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” 1994 cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar.

Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.

Kamaləddin Qafarov: “20 Yanvar faciəsi qan yaddaşımıza əbədi həkk olunub...”
“Əsrlər boyunca öz azadlığı, müstəqilliyi uğrunda mübarizə aparmış Azərbaycan xalqının şərəfli tarixində qanlı-qadalı faciələrin əks olunduğu xeyli səhifə var. Ötən əsrin sonlarında özünün dövlət müstəqilliyini bərpa etməyə qalxmış Azərbaycan 1990-cı ilin yanvar ayının 19-dan 20-nə keçən gecə də belə bir faciə ilə üzləşdi. Ölkəmizin və xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olunmuş həmin hadisələrdən 33 il keçir. 20 Yanvar hadisələri XX əsrdə xalqımıza qarşı davamlı olaraq həyata keçirilən təcavüzkar siyasətin təzahürlərindən biri idi. 1980-ci illərdə SSRİ rəhbərliyinin himayədarlığı ilə erməni separatçıları tərəfindən başlanan Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı törədilən kütləvi qırğın və qətliamlar, tarixi Azərbaycan torpaqlarında yaradılmış Ermənistan ərazisindəki dədə-baba yurdlarından soydaşlarımızın məcburi deportasiyası da bu siyasətin mərhələləri idi.”

Bu sözləri 20 Yanvar faciəsinin mahiyyəti ilə bağlı mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.


Deputat qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ-nin o dövrki rəhbəri Mixail Qorbaçovun əmri ilə ölkənin Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilərək, dinc əhaliyə divan tutmuş, insanları təkcə küçə və meydanlarda deyil, hətta öz evlərində belə ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutaraq kütləvi şəkildə qətlə yetirmişlər: “Təsdiq olunmuş məlumatlara görə, Qanlı Yanvar gecəsində qoşunların qanunsuz yeridilməsi nəticəsində təkcə Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri də olub. Ümumilikdə isə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” vardır. Hər zaman olduğu kimi, millətin ən ağır günlərində öz xalqının yanında olan, onun dərdini bölüşən Heydər Əliyev 20 Yanvar faciəsinə də ilk olaraq qəti etirazını bildirmiş, bu qanlı cinayətə siyasi qiymət verərək, SSRİ rəhbərliyini ittiham etməkdən belə çəkinməmişdir. Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirmiş, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək həmin əməliyyata rəhbərlik edənləri ifşa etmişdi: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm... Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı ... Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!” Bir məqamı da xüsusi qeyd etmək lazımdır ki, 20 Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının mübarizə salnaməsində bu millətin yenilməzliyini və mətinliyini nümayiş etdirən qürur doğuran bir səhifə oldu. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirdi. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etdi. Bu hadisə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrildi, dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb oldu.”

K.Qafarov sözünə davam edərək deyib: “Ümummilli lider Heydər Əliyev dövrün mürəkkəbliyinə rəğmən, 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə də məşğul oldu və bunun nəticəsində bir çox həqiqətlər üzə çıxdı. Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etmişdir. Bundan 4 il sonra, 1994-cü ilin mart ayının 29-da yenə də Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə Azərbaycan Respublikasının Milli Məclisi “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi.
Bu gün Azərbaycanda Ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsləri sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün effektiv sosial müdafiə sistemi formalaşıb. Ulu Öndər Heydər Əliyevin siyasi xəttini dönmədən davam etdirən möhtərəm dövlət başçımız şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına hər zaman xüsusi diqqət ayırır. Dövlət başçısının 19 yanvar 2006-cı il tarixli “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən, şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədilə təqaüd verilir. Onların uyuduğu Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı “20 Yanvar” dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldılmışdır. Azərbaycan xalqı Vətənin müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını heç zaman unutmayacaq.”

Xəbər lenti