Son günlər Azərbaycanda yoluxma sayının artması bir sıra sualları ortaya çıxarıb. Hamını narahat edən sual isə yenidən sərt karantin rejiminin tətbiq olunub-olunmayacağı ilə bağlıdır. Hazırda yoluxma sayının artmasına səbəb nədir?

Həkim-infeksionist Nilufər Məmmədovanın dediyinə görə, hazırda ölkədə epidemioloji vəziyyət narahat doğuracaq səviyyədə deyil: "Azərbaycanda mərhələli şəkildə sərt karantin rejimi tətbiq edilir. Mərhələli olaraq qapanmaların, yenidən açılmaların olacağını öncədən biz gözləyirdik. Təbii ki, tam qapanma ciddi sosial-iqtisadi böhrana səbəb ola biləcəyi üçün mərhələli şəkildə qapanma əksər ölkələr üçün daha uyğundur. Karantin rejiminin ləğv olunduğu zaman yoluxma sayında artımın olması gözləniləndir. Düşünürəm ki, son günlər müşahidə edilən yoluxma sayı stabil qalsa, yenidən tam qapanmaya ehtiyac qalmayacaq.

Əgər rəqəmlərdə ciddi bir artım müşahidə edilərsə, həkimlər, tibb işçiləri yüklənmiş formada çalışarlarsa, yenidən qapanmalar ola bilər".

İnfeksionistin sözlərinə görə, yoluxma sayının artmasında məktəblərin, universitetlərin, bağçaların açılmasının böyük rolu var: "İstər-istəməz ictimai nəqliyyatdan istifadə edənlərin sayı artıb. İctimai nəqliyyatın yükləmə ilə işləməsi, təhsilin yenidən bərpa olunması yoluxma sayının artmasına təsir edib.

Yoluxmanın hansı həddə kimi təhlükəli olmasını əvvəlcədən demək də mümkün deyil. Xəstəxanaların, ayrılmış səhiyyə ocaqlarının tam dolması zamanı artıq yoluxma təhlükə yaradır. Bu zaman stasionar ehtiyacı olan xəstələri yerləşdirmək mümkün olmur. Ancaq o həddə biz hələ ki çatmamışıq".

Azərbaycan Tibb Universitetinin dosenti, infeksionist İlham Bayramov da mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb: "Yoluxma sayının artmasını məktəblərlə əlaqələndirmək olar. Amma məktəblər bağlansa da, bu göstəricilər bəzən yüksək olur. Ola bilsin xarici ölkələrə gediş-gəlişin açılması da təsir göstərib. Eyni zamanda ilin soyuq, fəslin dəyişən vaxtıdır.

Bununla belə, son günlər yoluxma sayı elə də yüksək səviyyəyə qalxmayıb, bizə müraciət edənlər da əvvəlki dövrlə müqayisədə elə çox deyil. Təhsil müəssisələrinin də bağlanması üçün əsas yoxdur. Bizə heç hərarəti olan tələbə də müraciət etməyib. Amma qarşıdan Novruz bayramı gəlir, hər şey insanlardan asılıdır. Ara məsafəni gözləsinlər, adamlar çox olan yerə getməsinlər. Qaydalara əməl olunsa, sərt karantinə də ehtiyac qalmaz. Hazırda vaksinasiya aparılır. İlk olaraq 65, indi 50 yaşda olanlar peyvənd olunur, yavaş-yavaş yaş kateqoriyası aşağı düşəcək. Fikrimcə, müsbətə doğru gedirik".

İ.Bayramovun sözlərinə görə, yoluxma sayı 4-5 minə çatsa, təhlükəli sayılır: "Bu zaman sərt karantin təyin oluna bilər. 400-500 nəfərlik yoluxma təhlükəli rəqəm deyil, bundan da kəskin respirator infeksiyalarda daha çox adam yoluxurdu. Sadəcə, infeksiya epidemiya ərəfəsindədir, insanlarda da xəstəliyə qarşı fobiya yaranıb. Hazırda insanların daha çox maariflənməsinə ehtiyac var. Görürsən işi olmayan, yanaşı xəstəlikdən əziyyət çəkən insanlar maskasız gəzirlər. Bunlar çox təhlükəlidir.


Düşünürəm ki, indiki yoluxma sayı ilə sərt karantin tətbiq olunmaz. İndi bizə müraciət edənlərin sayı da azalıb. Bir çoxunda da koronavirus mədə-bağırsaq pozuntusu ilə başlayır, 37.1, 37.2 hərarət olur. Ağciyərlərdə hər hansı şikayət olduğunu deyən yoxdur. Əvvəlkinə nisbətən yüngül keçir. İnsanlarda koronavirus aşkarlansa da, kliniki gediş əvvəlki kimi deyil, daha yüngüldür. Bundan əvvəl hərarət düşmürdü, 2-3 antibiotik təyin olunurdu. İlkin gündən boğulmalar müşahidə olunurdu. İndi insanlar xəstəliyi adi bir qrip kimi keçirir".

Qeyd edək ki, bu gündən "Azərbaycan Respublikasında COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün vaksinasiya prosesinə başlanılıb. Bu arada "Sinovac" şirkətinin istehsalı olan "CoronoVac" peyvəndinin Türkiyədə üçüncü klinik sınağının nəticələri açıqlanıb. Vaksinin təsirinin 83.5 faiz olduğu bildirilib.

Bundan başqa, sınağın nəticələrinə görə, "CoronoVac" peyvəndi vaksin olunmuş şəxsin xəstəxanaya yerləşdirilməsinin qarşısını 100 faiz alır.

Nəticələrə əsasən, peyvənd vurulandan sonra yorğunluq, baş, əzələ ağrısı, temperatur və titrətmə kimi hallar müşahidə olunub.

Bakıda dayanma və durmanın qadağan edildiyi yerlərdə avtomobillər park edilir.

Ölkə.Az Xəzər TV-yə istinadən xəbər verir ki, şəhərin demək olar ki, bir çox ərazisində, eləcə də yol kənarlarında bu cür hallara rast gəlmək mümkündür.

Xüsusən də daha çox nəzarət kamerası olmayan ərazilərdə. Müşahidələr göstərir ki, bir çox sürücü dayanma və durma qaydasının nə olduğunu bilmir. Bilənlər də kobud qayda pozuntusuna yol verirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, bəzi ərazilərə yerləşdirilən 3.28 nişanı durmanı, 3.27 nişanı isə dayanma və durmanı qadağan edir. Amma bu məsələdə də istisnalar var. Məsələn, əgər avtomobildə nasazlıq yaranarsa və ya qəza baş verərsə bu halda dayanmaya icazə verilir.

Dayanma və durma ilə bağlı ən böyük problem hazırda durmaya müddətin verilməməsidir.

Ekspert deyir ki, əslində, dünya təcrübəsində durma ilə bağlı vaxt var. Hətta sovet dövründə də Azərbaycanda bu qayda olub. O vaxt 5 dəqiqəyə qədər olduqda dayanma, 5 dəqiqədən çox olduqda isə durma sayılırdı. Ərşad Hüseynov bildirir ki, vaxt məsələsini yalnız 3.28 nişanının olduğu ərazidə tətbiq etmək olar.

Qeyd edək ki, 3.27 nişanının təsiri altında və avtobus dayanacağında avtomobili saxlamaq qəti qadağandır. Avtobus dayanacağında dayandıqda və durduqda cərimə 40 manat, digər qadağan edilmiş ərazidə isə bu qaydanı pozduqda 20 manat cərimə tətbiq edilir.

Bir tərəfdən peyvənd olunuruq, digər tərəfdən bir yerə toplaşmamaq barədə göstəriş verilib. Lakin bəzi xəstəxana və onların rəhbərlərinə, deyəsən, bu çağırışlar gedib çatmayıb.

"ARB24" xəbər verir ki, tibb müəssisələrində maskasız uzun növbələr qeydə alınır.

Xəstəxanaların dəhlizində sıxlığın yaranması ölkədə elan edilən karantin qaydalarının pozulması deməkdir.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Beşdəli kəndindən videogörüntülər yayıb.

Görüntüləri təqdim edirik:

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

“Report” məlumata görə, komissiyanın növbəti toplantısının martın 4-də keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyada 550-dən çox müraciətə baxılıb.

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə nazirliyin rəsmi “Facebook” səhifəsinin adından vətəndaşa xoşagəlməz rəy yazılması iddiası ilə bağlı açıqlama verib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, sosial şəbəkələrdə yayılan foto montajdır, həqiqəti əks etdirmir.

Xatırladaq ki, sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin rəsmi hesabından vətəndaşa “bir öz vidinə bax, sonra nəsə yaz” tipli cavab yazıldığını iddia edən foto paylaşılıb. Həmin foto sosial şəbəkələrdə müzakirə edilib.

 

Yol nişanları tərsinə dönərsə... - Aidiyyəti qurumlardan REAKSİYA  - FOTO

2018-ci ildən etibarən Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda yol nişanlarının quraşdırılmasına məsul qurum hesab edilir. Bəzən yol nişanlarının ya təyinatı üzrə istifadə olunmadığını və ya istismara yararsız olduğunu görürük. Son vaxtlar isə bəzi yol nişanlarının çevrildiyini müşahidə etdik. Təbii ki, bu da yol hərəkəti iştirakçılarında, xüsusən sürücülərdə müəyyən çaşqınlıq yaradır.

Məsələ ilə bağlı Oxu.az olaraq BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə danışdıq.

O, həmin nöqsanlar barədə məlumatının olduğunu və artıq aradan qaldırıldığını bildirib:

“Yol nişanlarının tərsinə çevrilməsi son küləkli, qarlı hava şəraitindən sonra baş verib. Yeni Günəşli ərazisindəki piyada keçidi artıq düzəldilib. Son hava şəraitindən sonra bəzi yollarda belə hallar olub. Yasamal rayonu ərazisində avtobus dayanacağı işarəsi də tərsinə çevrilmişdi. 20 Yanvar ərazisi yanında geriyə dönmə nişanında da belə olmuşdu. Adətən bunlar həmin nişanların boltlarının boşalması nəticəsində baş verir.

Bizə bu barədə vətəndaşlar tərəfindən müraciətlər olur. Həm də öz əməkdaşlarımız tərəfindən belə hallar aşkarlanarsa, dərhal nöqsanın aradan qaldırılmasına çalışırıq. Bu iş davamlı olaraq aparılır.

Bəzən nişanlara kənar müdaxilələr olur, bəzən də yol-nəqliyyat hadisəsi zamanı nişanların özündə və ya dirəyində zədələnmə əmələ gəlir. Əgər nişan yerə düşüb, zədələnibsə, yenisi ilə əvəzlənir”.

Bakıdan başqa, bütün şəhər və rayonlarımızda yol nişanlarının quraşdırılmasına məsul olan qurum isə “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsidir. Bu qurumun texniki istehsalat şöbəsinin rəisi Şahin Həsənov paytaxtda gördükləri yol nişanları barədə BNA-ya məlumat verdiklərini bildirib:

“Paytaxtdan başqa, inzibati ərazi vahidlərində bizim xüsusi mühəndis qrupumuz var ki, yol nişanlarına nəzarət edir. Görürük ki, nişan paslanıb, onu dəyişirik, o nişana işıq düşmürsə, müvafiq addımı atırıq. Ola bilsin ki, nişanın boltu qırılıb, onu bərkidirik. Dövlət Yol Polisi də belə nişanlar olduqda bizə bu barədə məlumat verir.

Bakıda da əvvəl biz bu məsələyə baxdığımızdan, insanlar yol nişanlarının nöqsanları barədə bizə elektron müraciət ünvanlayırlar. Biz də aidiyyəti üzrə müvafiq orqana bunu yönləndiririk”.

 

Yol polisi ittihamlara aydınlıq gətirdi  - Ər-arvad arasında etibarnamə söhbəti - VİDEO

“Avtomobil Tv adlı “Youtube” kanalının müxbiri təəsüflər olsun ki, 99 LT 566 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü kamera qarşısına çıxardaraq sanki yol polisi əməkdaşının qeyri-qanuni əməlini kəşf etmiş kimi paylaşım edir.” Bu sözləri Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Polis polkovniki bildirib ki, jurnalist Elvin Hüseynovla dəfələrlə əlaqə saxlamağa çalışsa da bu mümkün olmayıb. “Qaynar xəttdə olan Ülvi adlı şəxs Elvin Hüseynovu yalnız “Whatsapp” vasitəsilə tapmağın mümkün olduğunu bildirdi. Bu isə onu göstərir ki, Elvin Hüseynov qəsdən telefon əlaqəsinə çıxmayıb. Mən şəxsən onunla əlaqə yaratmağa dəfələrlə cəhd etdim. Lakin bu mümkün olmadı və bundan təəssüf hissi keçirirəm.”

Vaqif Əsədov bildirib ki, sujeti təqdim edən şəxs araşdırma aparmadan, yol polisi ilə əlaqə yaratmadan və qanunun tələbləri ilə tanış olmadan yalnız sürücünü dindirməklə kifayətlənib. Bu videonu sosial şəbəkələrdə yaymaqla yol polisi əməkdaşı Fərid Əkbərov haqqında qeyri-qanuni informasiya yayaraq özünü haqlı hesab edib.”

Vaqif Əsədov bildirib ki, hadisə fevral ayının 23-ü, saat 12:00 radələrində baş verib. “Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində Qocayev Elvin Elçin oğlunun idarə etdiyi 99 LT 566 dövlət nömrə nişanlı, “Volkswagen Golf” markalı avtomobil, Ulduz Məmmədrzayevaya məxsus olan 99 VR 720 dövlət nömrə nişanlı, “Nissan Micra” markalı avtomobillə toqquşub və maddi ziyanla nəticələnən qəza hadisəsi baş verib. Hadisə ilə əlaqədar olaraq Bakı şəhər DYPİ-nin inspektoru, polis baş leytenantı Fərid Əkbərov araşdırma apararaq “Yol Hərəkəti Haqqında” Qanunun 37-ci maddəsinin 1-ci bəndində və 50-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydaların pozulmasına görə, Elvin Qocayev barəsində İXM-in 327.1, 332.1-ci (etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmək və ara məsafəsi qaydalarının pozulmasına görə) maddələri ilə inzibati qaydada protokol tərtib edib.”

Polis polkovniki Avtomobil.TV saytına müraciət edərək  bildirib ki, inspektor Fərid Əkbərov qanun çərçivəsində öz işini görüb və hər hansı qanunsuz hərəkətə yol verməyib. “Təəssüf hissi ilə bildirmək istəyirəm ki, jurnalist araşdırma aparmadan bu cür sujet yayımlayıb. Eyni zamanda mənim onunla telefon əlaqəsi yaratmaq cəhdlərimə də müsbət cavab verməyib. Ümid edirik ki, bundan sonra hər hansı sujet yayımlanan zaman ətraflı araşdırma aparıb sonra müvafiq münasibət bildirəcək.”

İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan "Ölkə.Az"a verilən məlumata görə, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına təəssüf ki, hələ də rast gəlinir.

Belə ki, martın 3-də gecə saatlarında Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Füzuli rayonunun işğaldan azad olunmuş kəndlərinə nəzarət postlarından kənar yollarla daxil olmağa cəhd göstərən şəxslər saxlanılıb və aidiyyatı üzrə Füzuli RPŞ-yə aparılıb.

Araşdırmalarla onların Füzuli rayon Zobucuq qəsəbə sakinləri - R.Əsədov, C.Şükürov, M.Məhərrəmov, Ş.Süleymanov, İ.Mahmudlu, N.Əmirov, C.Məmmədov, Z.Orucov və S.Əsədov olmaları müəyyən edilib.

Qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülüb.

COVID-19 virusu ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin qəbul etdiyi qərara müvafiq olaraq sərnişindaşıma fəaliyyətində yaranmış fasilə nəzərə alınmaqla, Bakı metropoliteninin bütün infrastrukturu normal iş rejimi şəraitində yoxlanılacaq.

"Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, mart ayının 6-7-də həyata keçiriləcək tədbirlər çərçivəsində bütün metropoliten xətlərində qatarlar müəyyən edilmiş qrafikə uyğun qaydada hərəkət edəcək. Eyni zamanda hərəkətin təşkili, idarə olunması və nizamlanması, elektrik təchizatı, habelə digər mühəndis-texniki qurğu, avadanlıq və sistemlər adi iş rejimi vəziyyətinə gətiriləcək.

Tədbirin həyata keçirilməsində məqsəd optimal iş rejimi şəraitində metropolitenin infrastrukturunu, o cümlədən qeyd edilən sistem və qurğuların fəaliyyətini texniki-normativ tələblərə uyğun yoxlamaqla qiymətləndirməkdir.

Mühüm məsələlərdən biri kimi, maşinist heyətinin və digər aidiyyəti işçi personalının peşə vərdişlərinin yoxlanılaraq dövrü qiymətləndirilməsi də təmin olunacaq.

Bu tədbirlər Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin daim hazır vəziyyətdə saxlanılmasına xidmət edir. Məlumat üçün onu da bildiririk ki, COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi müddət ərzində Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir.

Xəbər lenti