![]() |
|
Azərbaycanda Ramazan ayı martın 1-də başlayacaq.
İlk Qədr (Əhya) gecəsi martın 18-i, digərləri isə martın 20-si, 22-si və 26-sı olacaq.
Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq. Həmin günlər şənbə və bazara təsadüf etdiyindən ardıcılıq olaraq dörd gün - martın 30-u, 31-i, aprelin 1-i və 2-si qeyri-iş günləri olacaq.
Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.
Qızıl qolbağın içərisindən qum tökülüb.
Xəzər TV məlumat verir ki, sosial şəbəkələrdə yayılan görüntülər müzakirələrə səbəb olub.
Məlum olub ki, bu kimi hallarla qarşılaşanlar az deyil. Hətta zərgərlər də bu kimi hallarla rastlaşdıqlarını deyirlər.
Onların sözlərinə görə, qızılın ağırlığı çox olsun deyə nəinki qum, hətta məhsula digər qatqılar da əlavə olunur.
Satıcılar isə alıcılara aldıqları məhsulları yoxlatmağı məsləhət görürlər. Ümumiyyətlə, vətəndaşlara birinci əl malları almaları tövsiyə olunur.
Xatırladaq ki, 2019-cu ilə kimi bu bazara Əyar Palatası nəzarət edirdi. Palata qızıl məmulatlarını yoxlayır, keyfiyyəti standartlara cavab verən məhsulların üzərinə öz möhürünü vururdu. Əgər məmulatın üzərində Əyar Palatasının "rombvari" damğası var idisə, deməli, qızıl keyfiyyətli idi. Təxminən altı ilə yaxındır ki, Əyar Palatası ləğv edilib və əvəzində heç bir qurum yaradılmayıb. Nəticədə qızıl bazarı nəzarətsiz qalıb.
Ətraflı süjetdə:
Ölkə ərazisində sürüşmə sahələrində aktivlik var, proses nəzarət altındadır və ciddi monitorinqlər aparılır.
APA xəbər verir ki, bunu Geoloji Kəşfiyyat Agentliyinin sədri Əli Əliyev deyib.
O bildirib ki, son dövrlər ölkə ərazisində mövsümi xarakterli intensiv atmosfer çöküntülərinin düşməsi ilə əlaqədar bəzi sürüşmə sahələrində aktivlik müşahidə edilir:
“Mövcud sürüşmə sahələrinin monitorinqi davam etdirilir. Əsas aktiv sürüşmə sahələri cənub bölgəsində, Abşeron yarımadasında, Şamaxı-İsmayıllı, qismən də Qəbələ-Ağdaş zonasındadır”.
Əli Əliyevin sözlərinə görə, Bakıda lokal sürüşmə sahələrində aktivlik müşahidə edilsə də, ümumi vəziyyət nisbi stabildir: “Belə ki, Abşeron yarımadasındakı sürüşmə sahələrində, o cümlədən Nübar massivi və Masazır “Zəli gölü” sahəsində də nisbi aktivlik qeydə alınıb.
Suraxanı rayonu Zığ-1 sürüşmə sahəsində 39 və 41 saylı binaların yerləşdiyi ərazinin istinad divarlarında zəif yerdəyişmə müşahidə edilib. Eyni zamanda, Zığ-1-də 3B, 3Q, 3D, 3E binalarında zəif aktivlik müşahidə edilir.
Qədim sürüşmə sahəsi hesab edilən Zığda isə son zamanlar qəbiristanlığa yaxın ərazilərdə səthdə zəif dinamik dəyişiklik müşahidə edilməkdədir.
Bundan başqa son zamanlar atmosfer çöküntülərinin intensiv düşməsi “Badu-Kübə” MTK-nın ərazisində və Gəncə prospekti 97-də hiss ediləcək aktivlik yaradır”.
Əli Əliyev onu da qeyd edib ki, bu sahələrdə artıq müvafiq qurumlar tərəfindən prosesin inkişafının qarşısının alınması üçün layihələr hazırlanmaqdadır.
Agentlik sədri vurğulayıb ki, Lerik rayonu Hamarat, Pirzəküçə və Vənədi kəndlərində aktiv lokal sürüşmə sahələri qeydə alınıb.
“Bundan əlavə Astara rayonu ərazisində Siyakü, Şüvü, Asxanakəran, Çuvaş və Sipiyəpart kəndləri ərazisində də lokal aktivlik sahələri qeydə alınıb. Buna səbəb kimi həm ərazilərin klassik sürüşmə sahələri olması, eyni zamanda, təbii amillər - atmosfer çöküntü kütlələrinin həcminin artması hesab edilir.
Lənkəranda da lokal sürüşmə sahələrinə rast gəlinir, amma son zamanlar burada yalnız Lənkəran-Xanbulan yolunun sağ çiynində bir neçə lokal sahə qeydə alınıb. Digər sürüşmə sahələrində isə stabil vəziyyət müşahidə edilir”.
2023-cü ilin son dekadasında atmosfer çöküntülərinin və texnogen amillərin təsirindən Taxtakörpü su anbarının ərazisində formalaşmış sürüşmə sahəsinin son vəziyyəti ilə bağlı danışan Agentlik sədri bildirib ki, bu sürüşmə sahəsində eni 65-70, uzunluğu 85-90 metr olan qırılma baş verib və sürüşmənin qarşının alınması məqsədilə müvafiq qurumlar tərəfindən tədbirlər planı hazırlanmaqdadır.
“Son zamanlar daha ciddi monitorinqlər apardığımız Quba rayonu ərazisində Küpçalqışlaq kəndi Qudyalçayın sol sahilində böyük sürüşmə kütləsi qeydə alınıb. Sol sahildən çay dərəsi istiqamətində irəliləyən sürüşmə yolu yararsız vəziyyətə salıb və sürüşmənin tikililərə doğru irəliləmək ehtimalı var.Proses hazırda aktiv vəziyyətdədir və mütəxəssislərimizin nəzarətindədir”, - Əli Əliyev əlavə edib.
Kapitalbank "BakıKart"la bağlı müştərilərinə xəbərdarlıq edib.
Yenisabah.az xəbər verir ki, bu barədə “Birbank” tətbiqi üzərindən müştərilərə məlumat göndərilib.
Məlumatda bildirilir ki, texniki xəta səbəbindən müştərilərin hesabına yanlışlıqla göndərilən məbləğlər onlardan geri alınacaq:
“Dəyərli Birbanklı, noyabrda istifadə etdiyiniz "Bakıkart" QR-biletləri üzrə ödədiyiniz məbləğ texniki xəta səbəbindən 29 noyabr-4 dekabr aralığında yanlışlıqla hesabınıza geri qaytarılıb. Qaytarılan məbləğlər 10 yanvaradək müvafiq kartınızın balansından çıxılacaq”.
Qeyd edək ki, dekabr ayında bir çox şəxsə geri ödəmələr olunmuşdu. Bunun səbəbi ilə bağlı bank tərəfindən hər hansı məlumat təqdim edilməmişdi. Sözügedən vəziyyət bir çoxları tərəfindən narazılıqla qarşılanmış, hətta bu barədə sosial şəbəkələrdə də paylaşım və rəylər mövcud idi.
Afrika qitəsində saxlanılmış gəmilər "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus deyil.
Bunun səhmdar cəmiyyətinin mətbuat katibi Mehman Mehdiyev bildirib.
Onun sözlərinə görə, gəmi ilə bağlı yayılan xəbərlərdə Xəzərdə üzən ASCO gəmilərinin fotolarından istifadə olunması narahatlıq yaradır: "Dənizçilərdən və onların ailələrindən çoxsaylı narahatlıq mesajları alırıq. Yanlış məlumatlar kimi, yanlış görüntülər də onlar arasında çaşqınlıq yaradır".
“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
QSC-dən “Yol-xeber.az”a verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.
“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.
***
“Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil. Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir.
“Bakı Metropoliteni” QSC metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir.
İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”, - qurumun yenilənmiş məlumatında bildirilib.
Qeyd edək ki, iddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.
2024-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən təxminən 8,5 milyon sərnişinə səyahət xidmətləri təqdim edilib. Ardıcıl ikinci ildir ki, ADY xidmət göstərdiyi sərnişinlərin sayını rekord səviyyəyə çatdırıb, belə ki, 2023-cü ildə 7 milyondan çox sərnişinə xidmət göstərməklə rekorda imza atmışdı.
Yol-xeber.az" xəbər verir ki, Ötən il xidmət həcminin artmasının əsas səbəbləri yeni alınmış qatarların xəttə buraxılması, yeni dayanacaqların istifadəyə verilməsi, bayram günləri və həftəsonları əlavə reyslərin artırılması və ümumilikdə müştəri məmnuniyyətinin yüksəlməsi ilə əlaqədar olmuşdur. Bununla yanaşı, müştərilərə xidmətlərin təqdim edilməsi və müştərilərlə əlaqələrin qurulması sahələrində sürətli rəqəmsallaşma, eləcə də qatarların daxilində, stansiya və dayanacaqlarda modernləşdirmə və təkmilləşdirmə işləri də müştəri məmnuniyyətinin yüksəlməsinə xidmət etmişdir.
İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan yeni, müasir və komfortlu qatarlar sərnişinlərin mənzil başına daha rahat və təhlükəsiz çatdırılması məqsədilə 2024-cü ildə Bakı–Ağstafa–Bakı marşrutu üzrə istifadəyə verilib. Sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə sürətli sərnişin qatarlarına ilk dəfə olaraq Ləki və Ucar stansiyalarında dayanacaq verilib. Bundan başqa, ADY-nin sərnişindaşıma strategiyasına uyğun olaraq, Bakı–Ağstafa–Bakı marşrutu üzrə reyslərin sayı yeni qatarların istismara verilməsi ilə 2-dən 4-ə çatdırılıb.
Azərbaycanın bütün regionlarını əlçatan etməyi hədəfləyən ADY 2024-cü ildə Bakı–Balakən–Bakı istiqamətində sərnişindaşımanın bərpası üçün bütün hazırlıqlarını tamamlayıb, Yevlax–Balakən sahəsində dəmiryol infrastrukturunda təmir işləri görülüb. 2025-ci il 3 yanvar tarixindən Bakı–Balakən–Bakı istiqamətində müntəzəm qatar reyslərinə start verilib. Hər iki istiqamətdə hərəkət edən qatarlar bölgənin əhalisi üçün nəqliyyat xidmətlərinin daha əlçatan olmasına, istər şimal-qərb istiqamətində yaşayan sakinlərə, istərsə də turistlərə səfərlərini rahat və təhlükəsiz planlaşdırmağa imkan verir.
Müştəri məmnuniyyətinin təmin edilməsi üçün sərnişindaşımada rəqəmsal həllərdən də geniş istifadə edilib. Əsas yeniliklərdən biri rayonlararası (şəhərlərarası) marşrutlar üzrə hərəkət edən sərnişin qatarlarına minik zamanı həm də elektron şəxsiyyət vəsiqəsinin göstərilməsinə imkan yaradılması olub. Belə ki, hər bir vətəndaşın “My.gov.az” portalından qeydiyyatdan keçməklə şəxsiyyətini təsdiq edən məlumatları QR kod şəklində əldə edərək səfər öncəsi qeydiyyatdan keçmək üçün vaqon bələdçisinin validatorunda (məlumatları yoxlama cihazı) oxutmağa təqdim etməsi kifayətdir.
Bundan əlavə, ötən ilin sentyabr ayında Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında pulsuz “Wi-Fi” xidməti istifadəyə verilib. Sərnişin rahatlığının tam təmin edilməsi məqsədilə rayonlararası marşrutlar – Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları ilə hərəkət edən qatarlarda da pulsuz “W-Fi” xidməti aktiv edilib, yazışmalar və onlayn axtarış üçün rahat internet bağlantısı təqdim olunub.
2023-cü ildə istifadəyə verilmiş “ADY Mobile” mobil tətbiqindən istifadə edənlərin sayı artaraq ötən il yüklənmə sayı 172 mini ötüb. 2024-cü ilin sentyabrdan tətbiqinə başlanılan loyallıq proqramı şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradıb. Belə ki, gedişlər üzrə 3% “cashback”, eləcə də qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazanılması kimi bir sıra funksiyalar mobil tətbiqdən istifadəni populyarlaşdırıb. Həmçinin 2024-cü il 1 noyabr tarixindən rayonlararası (şəhərlərarası) marşrutlar üzrə dinamik qiymət siyasətinə keçilib. Artıq səfərə 30-25 gün qalmış və əks istiqamətdə oturacağa bilet almış sərnişinlər 15% endirimdən yararlana bilirlər.
Müştəri məmnuniyyətinin ölçülməsi məqsədilə Abşeron dairəvi üzrə stansiyalarda QR kod sorğu stikerləri yerləşdirilib.
Bilet kassalarında yeni nəsil pos-terminalların bilet satış sisteminə inteqrasiya prosesi testi aparılıb. Azərbaycan Dəmiryol Muzeyində bilet satış sisteminin və özünəxidmət köşkünün avtomatlaşdırılması işi yekunlaşaraq Abşeron dairəvi bilet satışı sisteminə inteqrasiya edilib.
Sərnişinlərin rahat səyahəti üçün Abşeron dairəvi dəmiryol xəttində də bir sıra yeniliklər tətbiq edilib. Bu marşrut üzrə səfər edən sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Bakı Dəmiryol Vağzalı və Koroğlu dayanacağında turniketlərin sayı artırılıb, sərnişinlərin platformalara keçidi sürətlənib. Turniket sayı 28-dən 36-ya çatdırılmış Bakı Dəmiryol Vağzalında 1 dəqiqədə maksimum buraxılış gücü 750 nəfərdən 1000 nəfərə, turniket sayının 4-dən 10-a artırıldığı Koroğlu dayanacağında isə 108 nəfərdən 270 nəfərə yüksəlib.
Bütün bu addımlar sərnişindaşıma göstəricilərində yüksək artım tempinə zəmin yaradıb. Belə ki, dəmir yolları ilə ölkə daxilində daşınmış sərnişinlərin sayı 2021-ci ildə 2,8 milyon, 2022-ci ildə 5,2 milyon, 2023-cü ildə isə 7,1 milyon, 2024-cü ildə isə təqribən 8,5 milyon nəfər təşkil edib. Yəni 2023-cü ildə olduğu kimi, ötən il də nəzərdə tutulmuş hədəf aşılaraq ilk dəfə il ərzində 8 milyondan çox sərnişin daşınıb. 2024-cü ildə həftəiçi bəzi günlərdə sərnişin sayı 37 minə qədər yüksəlib, 2023-cü ildə bu göstərici 30 min olub.
Hər kəsə bərabər imkanlar yaratmağı hədəfləyən ADY inklüziv cəmiyyət prinsiplərinə xüsusi önəm verir, maneəsiz səyahətin təmin edilməsi baxımından davamlı olaraq kompleks tədbirlər həyata keçirir. ADY əvvəlki illərdə olduğu kimi, ötən il də bütün sərnişinlərə bərabər səyahət imkanlarının yaradılması istiqamətində bir sıra işlər görüb. Buna misal olaraq autizmli şəxslərin cəmiyyətimizə inteqrasiyası üçün bir çox layihələr həyata keçirilib, qatar bələdçiləri həssas qruplarla davranış qaydaları barədə təlimlərə cəlb edilib. Həmçinin autizmli şəxslərin cəmiyyətə qazandırılması istiqamətində çalışan təşkilatlarla sıx əməkdaşlıq edilir, müntəzəm olaraq maarifləndirici tədbirlər həyata keçirilir.
Bununla yanaşı, qatarlarda inklüziv səyahətin təmin edilməsi məqsədilə əlilliyi olan şəxslər üçün yönləndirmə sistemləri və dəstəkləyici xidmətlər təklif olunur. İstər oturacaqlarda nömrələmə sistemi, istərsə də digər məlumat lövhələrində yazılar Brayl əlifbasında təqdim olunur, xüsusi giriş qapısı, sanitar qovşaq, oturacaqlar nəzərdə tutulub. Həmçinin onlayn bilet alışı zamanı sərnişinlərimiz üçün rəsmi saytımızda müyəssərlik menyusu seçimi yaradılıb. Müyəssərlik menyusu epilepsiya, disleksiya, görmə qabiliyyəti məhdud, koqnitiv pozğunluğu olan istifadəçilər, bir sözlə, sağlamlıq imkanları məhdud sərnişinlər üçün nəzərdə tutulub. Həmin şəxslər menyuya daxil olmaqla saytın görünüşünü, kontrastını, mətnin ölçü və aralığını dəyişərək öz fərqliliklərinə uyğunlaşdıra bilərlər.
Bütün bu işlərin görülməsində, mühüm irəliləyişlərin əldə olunmasında ADY-nin işçi heyətinin rolu əhəmiyyətlidir. Sərnişinlərlə birbaşa ünsiyyətdə olan əməkdaşlar yüksək keyfiyyətli xidmət göstərmək üçün etiket qaydaları, müştərilərlə davranış və ingilis dili üzrə təlimlərdə, həmçinin ətraf mühitin mühafizəsi mövzusunda seminarlarda iştirak ediblər.
Mütəmadi olaraq sərnişin yönümlü təşəbbüslərlə çıxış edən Azərbaycan Dəmir Yolları 2024-cü ildə də missiyasına sadiq qalaraq sərnişinlərin rahat və təhlükəsiz daşınmasını səmərəli şəkildə təşkil edib, xidmət keyfiyyətini yüksəldib.