Milli Hidrometeorologiya Xidməti havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək havanın arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s, fevralın 24-də yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcək.

Fevralın 24-25-də havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcəyi, 0-3 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlayacağı ehtimal olunur.

Paytaxt qabaqcadan edilən xəbərdarlığa hazırdırmı?

"Ölkə.Az" xəbər verir ki, Bakı Meriyasından BAKU.WS-ə bildirilib ki, Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planlarına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri görülüb.

“Bakı şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər duz və lazımi invertar ehtiyatı yaradılıb.

Xüsusi rejimdə kommunal texnikaların və kommunal xidmət işçilərinin iş qrafikləri müəyyənləşdirilib. Qar yağan vaxtlarda bütün xidmətlər xüsusi rejimdə işləyəcəklər.

Şəhər İcra Hakimiyyətində fəaliyyət göstərən xüsusi qərargah şaxtalı və qarlı günlərdə paytaxtdakı bütün kommunal qurumların və xıdmətlərin işini əlaqələndirəcəkdir. BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib”, - Bakı meriyasından bildirilib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əsas öhdəliklərindən biri də hərəkət iştirakçılarının fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunmasıdır.

2020-ci il  ərzində Bakı şəhərində və respublikanın ümumi istifadədə olan avtomobil yollarında 3100 yol nişanları, 465 məlumatverici göstərici lövhə, 9998 siqnal dirəkləri, 1220 ədəd üçbucaq tipli bayraq, 9 920  pm əyrixətli tirlər quraşdırılmış və bərpa edilmiş 651,7  min m2 həcmində yolların boya ilə xətlənməsi işləri yerinə yetirilmişdir.  

2020-ci ildə ilk dəfə olaraq, Bakı Nəqliyyat Agentliyinin sifarişi ilə Bakı şəhərində çatışmayan yol nişanlarından 3 162  ədədi quraşdırılmışdır.

 
 
Müdafiə Nazirliyi Qubadlı rayonunun Çaytumas kəndindən video yayıb.

Həmin görüntüləri təqdim edirik:

Son günlər koronavirusa yoluxmanın sayında müşahidə olunan azalma karantin qaydalarının bir az da yumşaldılacağı ehtimalını artırıb.

Hazırda orta məktəblərdə ənənəvi təhsil qismən bərpa olunub, kafe və restoranların fəaliyyətinə icazə verilib.

Mövcud vəziyyətdə hələ də bağlı qalan sahələr var. Növbəti yumşaldılmalara gedilərsə, hansı məhdudiyyətlərin aradan qaldırılacağı maraqla gözlənilir.

ARB 24-ün keçirdiyi sorğuda iştirak edən vətəndaşların əksəriyyəti toylara qoyulan qadağanın aradan qaldırılmasının və metronun fəaliyyətini bərpasının tərəfdarı olduqlarını bildiriblər.

COVİD-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərin bir qisminin aradan qaldırılmasından sonra paytaxtdakı mənzərədən hər birimiz xəbərdarıq. İnsanlar iş başına, şagirdlərin bir qismi isə məktəblərə geri dönüb. Lakin hər gün yüz minlərlə insana xidmət edən metronun hələ də bağlı olması şəhərdə bezdirici tıxaclara səbəb olub. Bəs metro nə vaxt açılacaq?

Demokrat.az bildirir ki, Milli Məclisin üzvü Fazil Mustafa açıqlamasında qeyd etdi ki, metroların fəaliyyəti ilə bağlı qadağanın aradan götürülməsi üçün vətəndaş şikayətləri və müraciətləri hər keçən gün artır:

"Metro bağlı olduğundan vətəndaşların avtobusdan başqa ictimai nəqliyyat alternativi yoxdur. Bu isə avtobusların həddən artıq yüklənməsinə, vətəndaşların isə əziyyət çəkmələrinə səbəb olur. İş yerinə çatmaq üçün vətəndaş nə etməlidir? Avtobusa minməlidir. Başa düşürəm, metro yerin altındadır, rütubət və sair hallar yoluxmanın artmasına səbəb ola bilər. Lakin say məhdudiyyəti qoyulsa, sosial məsafə təmin edilsə, problem həllini tapar".

Nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirdi ki, bu gün Bakı şəhərində ortalama 24-30 min arası taksi fəaliyyət göstərir:

"Onların təxminən 20 mini eyni vaxtda fəaliyyət göstərsə, Bakı şəhərində vəziyyəti təsəvvür etmək o qədər də çətin olmaz. Üstəlik, avtobusların da hərəkət etməsi, insanların işdən çıxıb başqa yerə və ya evə getmələri pik saatlarda xaotik vəziyyətin yaranmasına səbəb olur".

Ekspert bu vəziyyətin qarşısını almağın çox çətin olduğunu düşünür:

"Mütləq şəkildə metro açılmalıdır. Metronu havalandırma sistemi normal olmadığına görə açmırlar. Şəhərin bir çox küçə və prospektlərinin hər gün iflic olmasında ictimai nəqliyyatdan istifadə edənlərin say azlığı da səbəb kimi göstərilir. Amma burada məsuliyyət vətəndaşların üzərinə düşmür. Hər səhər işə getmək üçün saatlarla boş yeri olan avtobus gözləyən insanlar əlacsız qalıb, 1 manatlıq taksilərə üz tutmağa məcbur olurlar. Nəticədə yollar həddən artıq yüklənir".

Bəs, yer üstündə tıxacların qarşısını almaq və avtobusları ifrat yüklənmədən xilas etmək üçün yeraltı nəqliyyatın fəaliyyətə başlaması nəzərdə tutulurmu?

"Bakı Metropoliteni" QSC -nin mətbuat katibi Bəxtiyar Məmmədov xatırlatdı ki, Metropolitendə sərnişindaşıma fəaliyyəti pandemiya şəraitində, o cümlədən xüsusi karantin rejimi müddətində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir:

"Hər gün Bakı Metropolitenində optimal iş rejimi şəraiti davam etdirilir. Optimal iş rejimi şəraiti dedikdə, bütün infrastrukturun sağlam və sərnişindaşımaya hazır vəziyyətdə saxlanılması nəzərdə tutulur".

Mətbuat katibinin sözlərinə görə, Metropoliten sərnişindaşımaya tam hazırdır. Qalır, Operativ Qərargahın qərarını gözləmək...

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin fevralın 22-si saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 42, Gədəbəydə 22, Göygöldə 19, Kişçayda (Şəki) 17, Lerikdə 15, Şəkidə 14, Qrızda 12, Altıağac, Oğuzda 10, Xaltanda 6, Yardımlı, Ağdərədə (Ordubad) 5, Qubada 3, Qəbələ, Zaqatala, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Neftçalada 7, Lənkəranda 6, Lerikdə 5, Yardımlı, Astarada 4, Beyləqan, Cəfərxanda 2, Şərur, Göygöl, Qəbələ, Mərəzə, Zərdab, İmişli, Kürdəmir, Maştağa, Binədə 1 mm-dək olub.

Havanın temperaturu fevralın 21-də Bakıda iqlim norması daxilində, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2 dərəcə isti, Naxçıvan MR-da 2-4, aran rayonlarında 0-3, dağlıq rayonlarda 6-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 16 dərəcəyədək şaxta olub.



22 fevral - Avtomobil yolları işçilərinin peşə bayramı günüdür. Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il fevralın 20-də imzaladığı “Azərbaycan Respublikası avtomobil yol işçilərinin peşə bayramının təsis edilməsi haqqında ” Sərəncamından sonra hər il bu tarix avtomobil yolları işçilərinin peşə bayramı kimi qeyd olunur.

 

Artıq 13 ildir ki, peşə bayramını qeyd edən avtomobil yolları işçiləri ölkəmizdə gedən sosial-iqtisadi inkişafa dəstək olmaqla Azərbaycanda yol infrastrukturunun inkişafında mühüm rol oynayırlar. İndi ölkəmizdə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən biri məhz yol infrastrukturunun müasir standartlara cavab verərək yenidən qurulmasıdır.

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ölkənin ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli avtomobil yollarının, körpülərin, tunellərin və yol qurğularının, həmçinin Bakı şəhərində yerləşən avtomobil yollarının, prospektlərin və küçələrin vəziyyətinə nəzarətin həyata keçirilməsi, qorunub-saxlanılması, layihələndirilməsi, tikilməsi, cari, orta və əsaslı təmiri və bərpa edilməsi işlərinin aparılmasını həyata keçirir. 

 

Qeyd edək ki, cəmiyyətin balansında 1316 ədəd körpü, ümumi istifadədə olan 17542,6 km uzunluqda avtomobil yolu var ki, bunun da  4385 km-i Respublika əhəmiyyətli, 13157,6 km-i isə Yerli əhəmiyyətli avtomobil yollarından ibarətdir.  Bu yollara  işğaldan azad edilmiş  doğma Qarabağımızın ərazisində olan 2661 km uzunluğunda avtomobil yolu və 90 ədəd körpü də daxildir. 

 

BÜTÜN YOLLAR QARABAĞA APARIR..

"Pandemiya dövründə aparılan tədbirlər nəticəsində bizə müraciət edən vətəndaşlardan 700-dən çoxunun işinə əsassız xitam verilməsi məlum olub və onlar öz işlərinə bərpa ediliblər".

Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Aynur Osmanqızı bildirib.

Onun sözlərnə görə, nəzarət tədbirləri nəticəsində əgər bu hallar aşkanarsa, işə götürənlər əsassız xitam verərsə, onlarla bağlı məlumatlar hüquq mühafizə orqanlarına təqdim edilir:

"İndiyə qədər 200-ə yaxın işə götürənlə bağlı məktub onların özünə ünvanlanıb ki, onlar xitam verdiyi müqavilə ilə bağlı məlumat və sənədləri Dövlət Əmək Müfəttişliyi Xidmətinə göndərsinlər. Çünki sistemdə nəzarət vaxtı verilən xitamlarla bağlı şübhələr yaranıb ki, onların əsassız olması mümkündür və göndərilən sənədlər sayəsində bunun əsassız olub-olmaması üzə çıxacaq.

Əsaslı xitam Əmək Məcəlləsinin 68-ci maddəsində əks olunub. İşçi özü ərizə yazıb işdən çıxırsa, bu, əsaslı xitamdır. İşçinin əmək müqaviləsinin vaxtı - 3 ay, 6 ay, 9 ay, 1 il tamam olubsa, vaxtı bitibsə və müqaviləyə xitam verilibsə, əsaslı xitamdır.

Lakin birdən-birə kütləvi ixtisara yol verilibsə, işçinin özünün xəbəri olmadan xitam verilibsə, bu əsassız xitam sayılır. İşçi bizə müraciət edir ki, onun xəbəri olmadan müqaviləsinə sistemdə xitam verilib. Biz müqavilədə baxırıq ki, onun öz ərizəsi ilə xitam verilməsi qeyd olunub. İşçi isə qeyd edir ki, o, heç bir müraciət etmədiyini və ərizə yazmadığını bidirir. Sadəcə onu deyilir ki, işə gəlmə və işlə əlaqələri bitib. Bu, artıq işçinin özünün xəbəri olmadan onun müqaviləsinə xitam verilməsi və qanunsuz haldır".

Qeyd edək ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları və qaydaları aşağıdakılardır:

Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları

  1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
  2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır:
  3. a) tərəflərdən birinin təşəbbüsü;
  4. b) əmək müqaviləsinin müddətinin qurtarması;
  5. c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi;
  6. ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər);
  7. d) tərəflərin iradəsindən asılı olmayan hallar;
  8. e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

Bu ildən etibarən Azərbaycanda sürücülərə təsviri yeni olan sürücülük vəsiqələrinin verilməsinə başlanılıb.

Report verdiyi məlumata görə, yeni sürücülük vəsiqəsi motosikletləri, kvadrisiklləri, trisiklləri, avtomobilləri, tramvayları və trolleybusları idarə etmək üçün “İSO/İEC 7810 Kimlik kartları - Fiziki xüsusiyyətlər” beynəlxalq standartının tələblərinə cavab verir.

Sürücülərə A, A1, B, B1, C, C1, D, D1, BE, CE, DE, C1E, D1E, tramvay və trolleybus katerqoriya və altkateqoriyası üzrə vəsiqələr verilir.

85,60 mm x 53,98 mm ölçülü yeni vəsiqənin daxilində təmassız oxuna (yazıla) bilən elektron daşıyıcı (çip) yerləşdirilib.

Vəsiqənin üz tərəfinin yuxarı sol küncündə ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” yazılır, onun altında Azərbaycan Respublikası Dövlət bayrağının rəngli təsviri verilir, sağında “AZƏRBAYCAN RESPUBLİKASI”, həmin sözlərin altında “SÜRÜCÜLÜK VƏSİQƏSİ”, ingilis dilində “Republic of Azerbaijan” və “Driving licence” sözləri yazılıb. Vəsiqənin aşağı sağ küncündə elektron daşıyıcının mövcudluğunu göstərən xüsusi işarə təsvir olunur, yuxarı sağ küncündə (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən təhlükəsizlik elementi ilə hazırlanmış Azərbaycan Respublikasının xəritəsinin təsviri verilir, sol tərəfində 6 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin 26 mm x 22 mm ölçüdə fotoşəkli üçün yer nəzərdə tutulur və fotoşəklin altında 7 rəqəmi ilə nömrələnmiş vəsiqə sahibinin imzası əks olunub.

Üz tərəfinin orta hissəsində 1., 2., 3., 4a., 4b., 4c., 4d., 5., 8. və 9. rəqəmləri yerləşdirilir və həmin rəqəmlərdə vəsiqə sahibinin soyadı, adı və atasının adı, doğulduğu tarix və yer, vəsiqənin verildiyi tarix, vəsiqənin etibarlılıq müddətinin qurtardığı tarix, vəsiqəni vermiş qurumun adı, vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi, vəsiqənin nömrəsi, vəsiqə sahibinin yaşayış yeri, vəsiqə sahibinin idarə etmək hüququna malik olduğu nəqliyyat vasitələrinin kateqoriyaları (altkateqoriyaları) qeyd olunub.

Sözlə yazılan məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində yazılıb.

Ətrafı gilyoşdan ibarət ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” hərfləri ilə yazılmış şəffaf holoqrafik plyonka, “Qobustan qayaüstü” rəsmləri formasında hazırlanmış gilyoş, təhlükəsizlik elementləri ilə tərtib olunmuş arxa fonda Heydər Əliyev Mərkəzinin binasının təsviri, (İRİS print) “göy qurşağı” üsulu ilə hazırlanmış gilyoş, ultrabənövşəyi çap texnologiyası və mikromətn, (OVİ - opticaly variable ink) müxtəlif rakurslar altında rəngini dəyişən elementdən hazırlanmış Azərbaycan Respublikasının xəritəsi, “Driving licence” sözünün altında yerləşdirilmiş qızılı rəngli eninə düz xətt (iridescent), arxa tərəfinin alt hissəsində qızılı rəngdə eninə bir-birini təkrarlayan 18 “buta” fiqurundan ibarət elementlər, ultrabənövşəyi işıqda görünən Azərbaycan Respublikasının Dövlət gerbi və səkkizguşəli ulduzun təsviri, o cümlədən, bilərəkdən səhvlərlə yazılmış mikromətn vəsiqənin təhlükəsizlik elementlərini özündə cəmləşdirir.

Pandemiya səbəbindən dünyada bütün istiqamətlər üzrə uçuşların biletləri bahalaşıb.

 Xezerxeber.az xəbər verir ki, son bir il ərzində demək olar ki, bütün aviaşirkətlər biletlərin qiymətlərini qaldırıblar. Hazırda ötən illə müqayisədə 50 -70 faiz bahalaşma var.

Turizm üzrə ekspert Elgün Babayevin sözlərinə görə, bahalaşmaya səbəb pandemiya səbəbindən aviaşirkətlərin ziyana düşməsidir. Bu müddət ərzində ləğv edilən səfərlərin biletlərinin ödənişlərinin qaytarılması, təyyarələrə texniki qulluq və digər personal xərcləri qiymətlərin qalxmasına səbəb olub. Məhz bu səbəbdən bahalaşma ölkəmizdən də yan keçməyib.

Bakıdan hazırda uçuş həyata keçirilən bütün istiqamətlər üzrə qiymətlər artıb.

Ekspertlər sərhədlərin bütün istiqamətlər üzrə açılacağı və müntəzəm uçuşların bərpa ediləciyi təqdirdə qiymətlərin tədricən enəcəyini bildirirlər. Lakin aviaşirkətlərin ziyanı çox olduğundan qiymətlərin əvvəlki səviyyədə olmayacağı gözlənilir.

Bir istiqamətə alınan bilet əvvəl maksimum 350 manat idi isə, indi bu qiymət 800 manatadır.

Xəbər lenti