Pandemiya şəraitində hər bir şəxs izolyasiya qaydalarına, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına əməl etməlidir.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu dövrdə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərə əməl edilməsi vətəndaşların sağlamlığına xidmət edir:

"Nə dövlət, nə polis kiminsə bu qaydaları pozmasına görə cərimələnməsində maraqlı deyil. Pandemiya şəraitində vətəndaşlarımız qaydalara ciddi əməl etməklə, özünü yaxınlarını, bütövlükdə cəmiyyəti bu bəladan qorumalıdır.

İnzibati cərimə çəkindirici xarakter daşıyır, inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədindən irəli gəlir. İndiki şəraitdə bu məsuliyyət hər birimizin həyat tərzi olmalıdır. Bir daha diqqətə çatdırırıq ki, xüsusi karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının hansısa vətəndaşın cərimə edilməsində maraqlı deyil. Yetər ki, vətəndaşlar tibbi maskadan düzgün istifadə etsinlər.

Tək Azərbaycanda yox, dünyanın bütün ölkələrində pandemiya ilə əlaqədar hüquq normaları var. Bu hüquq normalarının təmin edilməsinə ciddi nəzarət olunur.

Bir sıra dövlətlər tərəfindən pandemiyanın geniş yayılmasının qarşısının alınmasında müəyyən edilən qaydaların yerinə yetirilməsi üçün daha sərt cəza tədbirləri həyata keçirir. Məsələn, tibbi maskalardan istifadə etməyən şəxslər Türkiyədə 219 manat, Almaniyada 307 manat, Böyük Britaniyada 235 manat, Fransada 276 manat, ABŞ-da 510 manatdan 550 manata qədər cərimələr tətbiq edilir. Elə ölkələr var ki, orada daha yüksək cərimələr olmaqla yanaşı, 30 sutka həbs qərarı olan hüquq normaları tənzimlənir.

Hər bir vətəndaşı bu qaydalara əməl etməyə çağırırıq. Qaydalara əməl edən vətəndaşlara isə təşəkkür edirik".

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı vəziyyət barədə açıqlama yayıb.

Açıqlamanı təqdim edirik:

19 fevral 2021-ci il (saat 09:45)

1. Bakı - Quba - Rusiya ilə dövlət sərhədi

Yağıntı yoxdur, Quba və Qusar rayonları ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmiş və hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

2. Giləzi - Xızı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilir, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

3. Bakı - Qobustan

Yağıntı yoxdur, 5-6 dərəcə şaxta var. Yolun 90-105 km hissəsində səhərsaatlarından başlayaraq yola qum-duz səpilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

4. Qobustan - Şamaxı - Muğanlı

Yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yola qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

5. Muğanlı - Ağsu - Yevlax

Yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış hissələrinə qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

6. Bakı - Ələt - Hacıqabul

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

7. Hacıqabul – Ucar – Yevlax

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

8. Yevlax – Gəncə - Qazax -Gürcüstan Respublikası ilə dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

9. Muğanlı – İsmayıllı

Yağıntı yoxdur, İsmayıllı rayonu ərazisində 7-8 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, əsasəndə yolun meşə zolağından keçən hissəsinə qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

10. İsmayıllı - Qəbələ - Oğuz - Şəki

Yağıntı yoxdur, Qəbələ rayonu ərazisində 1-2 dərəcə şaxta və duman var. Duman olan hissədə görünmə məsafəsi 30-35 metr təşkil edir. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə, körpülərə qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

11. Şəki – Qax – Zaqatala – Gürcüstan Respublikası ilə dövlət sərhəd

Yağıntı yoxdur, Qax rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

12. Yevlax – Şəki (Göybulaq)

Yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

13. Gəncə-Daşkəsən-Xoşbulaq

Yağıntı yoxdur, Daşkəsən rayonu ərazisinə 12-13 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

14. Şəmkir - Gədəbəy

Yağıntı yoxdur, Gədəbəy rayonu ərazisinə 14-15 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilmiş, hazırda bu istiqamətdə işlər davam etdirilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

15. Ələt – Astara – İranla dövlət sərhədi

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

16. Masallı – Yardımlı

Yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

17. Lənkəran – Lerik

Yağıntı yoxdur, Lerik rayonu ərazisində 1-2 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum duz səpilir, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

18. Hacıqabul – Bəhramtəpə – Horadiz

Yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti normaldır.

“Dəyişkən hava şəraiti ilə bağlı Bakı şəhərinin inzibati ərazisində heç bir yol nəqliyyat hadisəsi baş verməyib. Lakin, Dövlət Yol Polisi sürücülərə və piyadalara diqqətli olmağı tövsiyə edir”.

Bunu Oxu.Az-a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O, hava şəraitinin pisləşməsi ilə bağlı verilən proqnozları nəzərə alaraq bir daha sürücülərə müraciət edib:

“Bakının bütün küçə və prospektləri tam nəzarətə götürülüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) xüsusi texnikaları, Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq şöbəsinin nümayəndələri və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları birgə yaradılan xüsusi qərargahda xidmətini davam etdirir.

Paytaxtın ən riskli, enişli-yoxuşlu küçə və prospektləri əməkdaşlarımız tərəfindən nəzarətə götürülüb. Bununla yanaşı sürücülərin və piyadaların da ehtiyatlı olması tövsiyə olunur. Ola bilər ki, bəzi yollarda yüngül sürüşkənlik olar, sözsüz ki, bu yollarda olduqca diqqətli olsunlar. Yollarda buzlaşma ehtimalını nəzərə alaraq sürət həddini minimuma endirsinlər. Mövsümlə əlaqədar qarlı və dəyişkən hava şəraitində avtomobillərin təkərlərinin təzyiqini azaltmaq tövsiyə olunur”.

V.Əsədov sürücülərə yola çıxmazdan əvvəl avtomobillərin xarici işıq cihazlarının işlək vəziyyətdə olması, avtomobilin dövlət nömrə nişanlarının görünəcək vəziyyətdə olması vacibdir:

“Belə havada avtomobili idarəetməyə uyğunlaşmış sürücülərə şərait yaradılmalıdır. Təkərlərin mövsümə uyğun olmasına diqqət yetirmək lazımdır. İsitmə sistemlərinin, şüşəsilənlərin işlək vəziyyətdə olması, avtomobildə suyun, antifrizin olması vacibdir. Sürücülər ara məsafəsi saxlamalıdırlar, sürət həddini aşağı salmalıdırlar. Vəziyyətdən asılı olmayaraq, sürücülərin, eləcə də sərnişinlərin təhlükəsizlik kəmərlərindən istifadə etməsi vacibdir”.

“Piyadaların avtomobil yolu keçərkən qulaqlıqlardan istifadə etməməsi tövsiyə edilir. Piyadaların nəqliyyat vasitələrinin, dayanacaqda avtobuslarının qarşısından keçməsi və avtomobil yolunun hərəkət zolaqlarında dayanması təhlükəlidir. Bu sürücünü çaşdıra bilər”, - deyə V.Əsədov qeyd edib.

30 nəfər hərbçi girdikləri döyüşdə minaya düşür, onların yarısından çoxu şəhid olur. Elə əslən Balakən rayonunun Şambul kəndindən olan snayper-kəşfiyyatçı Pərviz Urkayev də həmin minadan öz payını alır. Şəhid yoldaşları kimi tabuta qoyularaq hospitala yola salınır. Amma tabutlar maşına yığılan zaman gözlənilməz hadisə baş verir. Tabutların birindən səs gəlir: “Mən hələ sağam”.

Bunları qazi Pərviz Urkayev “Xəzər xəbər”ə danışıb:

“Gördüm ki, qaranlıq bir otaqdayam. Tabutu dirsəyimlə vurub açanda yanımdakı əli və qolu olmayan əsgər yoldaşımın sürünə-sürünə getdiyini gördüm. Dedim ki, məni qoyub hara gedirsən. Mənə dedi ki, ardımca gəl. O, məni qaldıranda huşumu itirdim”.

P.Urkayev huşunu itirdikdən sonra nəbzi dayanıb. Bundan sonra o, şəhid bayrağına bükülərək yenidən tabuta qoyulub və morqa göndərilib. Burada isə həkimlər bir-bir şəhid nəşlərini müayinə edərkən onun sağ olduğunu görüblər.

“Həkimlər tabutların hamısını yoxlayıblar. Mənim tabutumu yoxlayanda görüblər ki, nəbzim vurur. Götürüb aparıblar xəstəxanaya. Mən komadan çıxandan sonra deyirdilər ki, səndəki ürək heç kimdə yoxdur. Bədənində qan qurtarmışdı, yenə də ürəyin işləyirdi”, - deyə Urkayev bildirib.

Qazimiz deyir ki, özünə gələn zaman ayağının topuqdan aşağı hissəsinin olmadığını görüb. Əvvəl elə zənn edib ki, ayağı amputasiya edilib, daha sonra minaya düşərkən ayağının elə yerindəcə qopduğunu öyrənib.

Qeyd edək ki, P.Urkayev Prezident İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif ediib.

Daha ətraflı aşağıdakı süjetdə:

Müdafiə Nazirliyi Zəngilan rayonunun Birinci Alıbəyli kəndindən video yayımlayıb. 

Həmin görüntüləri təqdim edirik:

Yeni növ koronavirus infeksiyasını ağır formada keçirən xəstələri maqnit rezonans tomoqrafiya edərkən məlum olub ki, pasiyentlərin yarısının ürək toxumasında - miyokardit, işemiya və başqa zədələr mövcuddur. Bu, infeksiyanın ürək fəsadlarına səbəb olduğu barədə əvvəlki tədqiqatları təsdiqləyib.

"Report” xəbər verir ki, araşdırma “European Heart Journal”ında dərc edilib.

Britaniya və ABŞ həkimləri 2020-ci ilin iyun ayında altı London klinikasından müalicə edilərək sağalan 148 xəstəni müayinə ediblər. Xəstələrin 48-i süni nəfər aparatına qoşulubmuş və əsasən troponin səviyyəsinin yüksək olduğu xəstələr seçilib.

Bu protein əzələ büzülməsində iştirak edir. Əzələ bu və ya digər səbəbdən zədələnəndə protein qana qarışır. Buna görə həkimlər tez-tez müəyyən ürək xəstəlikləri üçün onun səviyyəsini biomarker kimi istifadə edirlər.

Maqnit rezonans tomoqrafiya 148 xəstədən 80-də (54 faiz) ürək əzələsinin zədələndiyini göstərib. Ətraflı analizlər müəyyən edib ki, bəzi xəstələrdə bu daha əvvəl, digərlərində isə koronavirusa yoluxduqdan sonra əmələ gəlib.

Bakıda məktəblərin koronavirusa görə martın 1-dən distant təhsilə keçəcəyi ilə bağlı söz-söhbətlər yayılıb. 

Bu barədə sosial şəbəkələrdə və “Whatsapp” qruplarında bildirilir. Qeyd edilir ki, məktəblərdə müəllimlər, texniki işçilər və şagirdlər arasında yoluxmalar qeydə alınıb. 

Qeyd edək ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin koronavirusa görə fəaliyyətinin müvəqqəti dayandırılması yayılan söz-söhbətin daha da artmasına səbəb olub. 

Məsələyə aydınlıq gətirmək üçün Təhsil Nazirliyilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun BAKU.WS-ə verdiyi məlumata görə, yayılan fikirlərin heç bir əsası yoxdur.

“Məktəblərdə vəziyyət stabildir. Təkcə Nərimanov rayonunda yerləşən məktəbdə yoluxma qeydə alınıb. Bununla bağlı da dünən məlumat yaymışıq”, - deyə Cəsarət Valehov bildirib.

Xatırladaq ki, Bakının Nərimanov rayonunda yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırlıb.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi açıqlama yayıb.

Belə ki, 82 nömrəli tam orta məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəlliminin COVİD-19 testi pozitiv çıxıb.

Bakı Şəhər Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir.

Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.

BŞTİ rəhbərliyi və İdarənin əməkdaşları da gündəlik məktəblərə gedir, tədrisin təşkili vəziyyəti ilə yerində tanış olurlar.
Bütün bunlar şagird və valideynlərdə əminlik hissini artırır, ənənəvi tədrisə və müəllimlə canlı ünsiyyətə əsaslanan əyani dərs prosesinə maraq göstərənlərin faiz artımına təkan verir.

İnanırıq ki, ümumi təhsil müəssisələrində ənənəvi tədrisin təşkili istiqamətində nəzərdə tutulan mərhələli tədbirlər cəmiyyətin birgə səyi ilə bundan sonra da uğurla reallaşdırılacaqdır.

Bakının Yasamal rayonu ərazisində bir neçə ağac köçürülür.

 Trend məlumatına görə, sözügedən ərazi Yasamal rayonu, Bəxtiyar Vahabzadə küçəsində Mərkəzi Elmi kitabxananın yanıdır.

Hazırda səkidə olan ağacların Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən köçürülməsi prosesi gedir.

Nazirliyinin mətbuat katibi İradə İbrahimova isə bildirib ki, ilkin ehtimala görə, ağacların köçürülməsinə səbəb yerin altından keçən kabeldəki nasazlıqdır: “Daha ətraflı məlumat veriləcək”.

 

 
 
Azərbaycanda koronavirusa yoluxanların və ölənlərin sayında azalma dinamikası davam edir. Yanvarın 18-dən isə ölkə ərazisində vaksinasiya başlayıb. Vaksinasiyanın da ölkədə pandemiya ilə bağlı vəziyyəti müsbətə doğru dəyişməsi gözlənilir. Əgər yoluxma sayı azalma dinamikası ilə davam edərsə, mart ayından iri ticarət mərkəzlərinin və "Mall"ların fəaliyyətinə icazə verilə bilərmi?

Baku.ws xəbər verir ki, bununla bağlı danışan dosent Ədalət Rüstəm bildirib ki, mart ayından iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər:

"Əlbəttə, bu, vaksinasiyanın nə qədər insanı əhatə etməsindən asılı olacaq. Vaksinasiyadan əlavə, insanlar da, əvvəlki aylarla müqayisədə, karantin qaydalarına daha məsuliyyətlə yanaşırlar. Demək olar ki, küçədə maskasız insan yoxdur.

Əgər insanlar bugünkü kimi karantin qaydalarına əməl etsə, yenidən yoluxma sayının artma ehtimalı olmaz. Yay aylarında 3-cü dalğanın başlama ehtimalı çox aşağıdır. Çünki vaksinasiya xəstəliyin yayılmasına imkan verməyəcək.

Yoluxma sayı azalma ilə davam edərsə, növbəti yumşalmaların olması mümkündür. Əgər bu yumşalma yenidən yoluxma sayını artırmasa, tədricən digər obyektlərin də fəaliyyətinə icazə veriləcək.

Əlbəttə, yumşalmaların nəticələrindən çox şey aslı olacaq. Əgər artım olmasa, növbəti yumşalmalara gediləcək. Mart ayında iri ticarət mərkəzlərinin fəaliyyətinə icazə verilə bilər".

Nəqliyyat, Rabitə və Yüksək Texnolgiyalar Nazirliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat katibi Pərvin Məmmədova işindən çıxıb.
Bu barədə o, məlumat verib.
 
"2018-ci ildən fəaliyyət göstərdiyim və mənə çox doğma olan BBAK ilə yollarımız ayrılır. Hər birinizə dost münasibət, sıx əməkdaşlıq üçün təşəkkür edirəm. Ümid edirəm aramızda anlaşılmazlıq olmayıb. Ünvanladığınız sorğulara, müraciətlərə əlimdən gəldiyi qədər tez münasibət bildirməyə çalışmışam. Buna ən böyük səbəb isə mediaya dost, bütün məsələlərə diqqətlə yanaşan və müsbət həllinə çalışan rəhbərlə çalışmağım olub. Əməyinə dəyər verilməsi möhtəşəm hissdir.
 
Nəqliyyatda 8 il. Bütün rəhbərlərimə təşəkkür etmək istəyirəm. Çünki mən bu sahədə böyüdüm, çox şey öyrəndim.
 
Dostlar, heç nə bitmir, yolumuz uzundur. Əməkdaşlığımıza qaldığımız yerdən davam edəcəyik.
 
Bundan sonra fəaliyyətimə Odlar Yurdu Universitetinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi davam edəcəyəm. Təhsilin həyatımızda, məqsədlərimizə gedən yolda rolu əvəzsizdir. Bu yolda az da olsa qatqım olacaqsa nə gözəl. Mənə göstərdikləri etimad çox dəyərlidir. Fəaliyyət göstərəcəyim müddətdə bu etimadı doğrultmağa və əlimdən gəldiyi qədər faydalı olmağa çalışacağam", - deyə o, qeyd edib.
 
 

Xəbər lenti