![]() |
|
Bu il şəhid ailələri və müharibə əlillərinə daha 1 000 mənzil veriləcək.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə Vətən müharibəsindən sonra 6,8 min, ümumən ötən dövrdə 16 minədək mənzil təqdim edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu sahədə işlər 2025-ci ildə davam etdiriləcək. Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə bu il daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib və növbədə dayanan bu kateqoriyaya aid şəxslərin avtomobillə təminatı başa çatdırılıb.
Azərbaycanda bir sıra kommunal xidmətlər üzrə qiymətlər müəyyənləşdirilib.
Bu barədə Tarif Şurasına istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin və dərman vasitələrinin qiyməti tənzimlənib.
Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təklifi nəzərə alınaraq iclasda su təchizatı və tullantı sularının axıdılması sistemlərinə qoşulma xidmətinə görə ilk dəfə olaraq tariflər təsdiq edilib. İndiyədək bu sahədə işlər dövlət tənzimlənməsi olmadan pərakəndə şəkildə fərqli məbləğlərlə həyata keçirilirdi.
Qeyd olunmalıdır ki, su təchizatı və tullantı sularının axıdılması üzrə təsdiq olunmuş tariflərdə əhali abonentləri üzrə qoşulma üçün həm sosial xarakterli, həm də şəhər və regionlar üzrə diferensial yanaşma tətbiq olunub.
Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.
Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib.
Qoşulma ilə əlaqədar tikinti obyektinin vəsaiti hesabına görüləcək işlər 30 metrədək məsafəni əhatə edir. Bu məsafə 30 metrdən artıq olduqda isə mövcud şəbəkə təchizatçı tərəfindən genişləndirilir və bunun üçün əlavə ödəniş tələb edilmir.
Bu sahədə tənzimləmə qoşulma ilə bağlı xərcləri azaldacaq, dayanıqlı və keyfiyyətli xidmət göstərilməsinə öz töhfəsini verəcək, maliyyə şəffaflığına və uçot sisteminin təkmilləşdirilməsinə eyni zamanda, pərakəndəliyin aradan qaldırılması ilə sahibkarlar tərəfindən investisiya qoyuluşu zamanı xərclərin əvvəlcədən hesablanmasına şərait yaradacaq.
Əhaliyə göstərilən istilik təchizatı xidmətinin tarifi:
Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.
Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.
Təbii qaz tarifləri:
Ölkəmizdə təbii qaz üzrə mövcud ölkədaxili orta tarif maya dəyərindən aşağıdır. Bu, iqtisadi zərərin qarşısının alınması, rentabelliliyin təmin edilməsi və bu sahəyə investisiyaların artırılması üçün yeni tarif tənzimləməsi zərurəti yaradıb.
Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.
Əhali üzrə illik istehlak həcmi:
1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində;
1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik;
2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.
1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir.
48% abonent üzrə - 32 qəpik,
39% abonent üzrə - 1 manat 43 qəpik,
13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik.
Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.
Elektrik istehsalında istifadə olunan təbii qazın tarifi 2 qəpik (12,1%) artırılaraq 16,5 qəpikdən 18,5 qəpik səviyyəsində, sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kub metr təbii qazın tarifi 2 qəpik (9%) artırılaraq 22 qəpikdən 24 qəpik həddində müəyyənləşdirilib.
Elektrik enerjisi tarifləri:
Təbii qazın qiymət artımının elektrik enerjisinin istehsal xərclərinə təsiri və bu sahədə xidmətlərin dayanıqlılığının yüksəldilməsi zərurəti nəzərə alınaraq elektrik enerjisi üzrə yeni tariflər müəyyənləşdirilib.
Əhali üzrə aylıq istehlak həcmi:
200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə;
200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə;
300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.
1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.
Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir:
65% abonent üzrə - 45 qəpik,
20% abonent üzrə - 1 manat 33 qəpik,
15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik.
Göründüyü kimi, əhalinin 65%-i üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi maksimum aşağı səviyyədə - 0,4 qəpik (5%) artırılır.
İstehlak malları indeksinə təsirin minimallaşdırılması məqsədilə sənaye və kənd təsərrüfatı sahələri üzrə 1 kilovatt saat elektrik enerjisinin tarifi - 0,6 qəpik (6%) artırılaraq 10 qəpikdən 10,6 qəpik həddində müəyyənləşdirilib.
Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.
Onun xüsusi qəhrəmanlığı ilə bağlı tarixçə isə belədir:
1992-ci ildə Xocalının Pirlər kəndi yaxınlığında yeddi əsgərimiz Alban kilsəsinin yerləşdiyi yüksəklik uğrunda ölüm-dirim savaşına qalxırlar. Döyüşdə altı yoldaşı həlak olan Natiq son dərəcə əlverişli mövqedə yerləşən Alban məbədində mübarizəni davam etdirir. Təkbaşına 5 gün gecə-gündüz vuruşaraq düşmənləri bu posta yaxın buraxmır. Onun təslim olmayacağını anlayan ermənilər Natiqi azərbaycanlı əsirlərlə şantaj etməyə başlayırlar. 22 nəfər Xocalı sakininin güllələnməsinə razı olmayan Natiq kilsənin üzərindəki Azərbaycan bayrağını özü ilə götürərək təslim olmaq üçün ermənilərə tərəf gedir. Həmin vaxtdan sonra Natiq Qasımov barəsində heç bir məlumat verilməyib.
Natiq Qasımovun hazırda yayılan fotosu əsir düşərkən çəkilib və “Oqonyok” jurnalında o vaxt dərc edilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər tərəfindən əsir və girov götürülmə faktı danılan şəxslərin siyahısında Natiq Qasımovun da adı vardır. Dövlət Komissiyasının dəfələrlə etdiyi müraciətlərə baxmayaraq, erməni tərəfi indiyədək Natiqin sonrakı taleyini Azərbaycandan və beynəlxalq təşkilatlardan gizlədir.
Natiq haqda çəkilən filmdə isə onun Vitali Balasanyanın iştirakı ilə dindirilməsindən sonra “doğranıldığı” – yəni işgəncə ilə öldürüldüyü haqda şahid ifadəsi var. Bu şahidlər ermənilərdir və onlar bunu hələ illər öncə filmdə etiraf etmişdilər.
Etibarlı mənbələrdən əldə edilmiş məlumata əsasən, bu qorxmaz Azərbaycan əsgərinin qəhrəmanlığı və şücaəti düşmən hərbçiləri arasında vahimə və psixoloji gərginlik yaratdığı üçün səhra komandiri Vitali Balasanyan Natiq Qasımova erməni əsgərlərin qarşısında müharibə qanunlarına zidd olaraq dəfələrlə ağır və dəhşətli işgəncələr verərək onu qətlə yetirib.
25 iyun 2024-cü ildə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Natiq Qasımova Milli Qəhrəman adı verilib.
Allah rəhmət eləsin!
Polad İsrayıl oğlu Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəblərdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək hərbçi olub.
General-mayor P.Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində gedən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də II Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə ona Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
2020-ci ildə Qəbələ şəhərində Şəhidlər xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Ötən ildən Bakı şəhərindəki küçələrdən biri də Azərbaycanın Milli Qəhrəmanının adını daşıyır.
Polad Həşimovun iki oğul və bir qız övladı yadigar qalıb.
Bu gündən Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının həddi artıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il üçün təsdiqlədiyi yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında qanunda öz əksini tapıb.
2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən olunub.
Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2025-ci il üçün ehtiyac meyarının həddi 285 manat məbləğində təsdiq edilib.
Xatırladaq ki, 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat təşkil edib.
Bu gündən Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad edilib.
bununla bağlı Vergi Məcəlləsində edilmiş dəyişiklik qüvvəyə minib.
Dəyişikliyə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı 8 il müddətinə ƏDV-dən azad edilib.
Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minib.
oxu.az xəbər verir ki, bu gündən etibarən Azərbaycan vətəndaşlarının Rusiya ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq.
Qeyd edilən müddət Rusiya qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər.
Bundan əlavə Azərbaycan vətəndaşı Rusiya dövlət sərhədini keçdiyi tarixdən 7 iş günü ərzində olduğu yer üzrə qeydiyyata alınmalıdır.
Əlavə olaraq nəzərə alınmalıdır ki, Rusiya Federasiyasının mövcud qanunvericiliyinin tələblərinə əsasən Rusiya Federasiyasına daxil olan zaman əcnəbilərdən, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarından miqrasiya kartının doldurulması tələb olunur.
Miqrasiya kartını Rusiya Federasiyasının dövlət sərhədinin buraxılış məntəqələrində, beynəlxalq hava limanlarında, habelə Rusiyaya uçan təyyarələrin göyərtəsində pulsuz əldə etmək mümkündür. Miqrasiya kartı rus dilində və ya pasportda qeyd edilən məlumatlara uyğun olaraq latın əlifbasının hərfləri ilə doldurulmalıdır.
Bu gündən Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı qərar qüvvəyə minib.
Bu, Baş nazir Əli Əsədovun imzaladığı "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması haqqında" qərarda əskini tapıb.
Belə ki, koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə karantin rejiminin müddəti aprelin 1-i saat 06:00-dək uzadılıb.
Azərbaycan vətəndaşlarının yanvarın 1-dən müddətli həqiqi hərbi xidmətə növbəti çağırışı başlayıb.
Bu gündən 18 yaşı tamam olmuş, Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Eyni zamanda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən yanvarın 30-dək ehtiyata buraxılırlar.