![]() |
|
Bu gündən Azərbaycanda minimum aylıq əməkhaqqı artıb.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamında əksini tapıb.
Sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Bundan əvvəl ölkədə minimum əməkhaqqı 345 manat olub.
Azərbaycanda yeddi günlük bayram tətili başlayıb.
Nazirlər Kabinetinin müvafiq qərarı ilə iş və istirahət günlərinin yerləri dəyişdirilib.
Qərara əsasən, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü - dekabrın 31-i, Yeni il bayramı - 1 və 2 yanvar qeyri-iş günüdür. Gələn il 4 və 5 yanvar şənbə və bazar günlərinə təsadüf edir. Beləliklə, bir həftə ardıcıl - 30 dekabr və 31 dekabr 2024-cü il, 1 yanvar, 2 yanvar, 3 yanvar, 4 yanvar və 5 yanvar 2025-ci il tarixləri qeyri-iş günləri olacaq.
30 dekabr – 5 yanvar tarixlərində “Azərbaycan Dəmir Yolları” QSC-nin bütün strukturları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
“Yol-xeber.az” xəbər verir ki, hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzil başına vaxtında çatdırılması məqsədilə hərəkət vasitələrinə texniki baxış keçirilib, reyslər üzrə mütəmadi reydlər, yoxlamalar təşkil edilib.
ADY bayram günlərində qatarla səfərlərə tələbatın artacağını nəzərə alaraq, sərnişin məmnuniyyətinin təmin edilməsi məqsədilə həmin günlərə əlavə reyslər təyin edilib.
30 dekabr – 5 yanvar tarixlərində Bakı–Ağstafa–Bakı marşrutu üzrə qatarlar hər gün hər iki istiqamətdə hərəkətdə olacaq. Qatar hər gün Bakıdan Ağstafa istiqamətinə saat 08:00, 09:15 və 18:00-da, Ağstafadan Bakı istiqamətinə isə hər gün saat 08:20, 16:40 və 17:00-da yola düşəcək.
Həmçinin tətil günlərini Qəbələdə keçirmək istəyənlər üçün 1 yanvar tarixi istisna olmaqla hər gün Bakı–Qəbələ–Bakı marşrutu üzrə qatar reysləri təşkil ediləcək. Belə ki, 30 dekabr və 3 yanvarda hər iki istiqamətdə, 31 dekabr və 4 yanvarda Bakıdan Qəbələyə, 2 və 5 yanvarda isə Qəbələdən Bakıya əlavə reyslər təyin edilib.
ADY yanvarın 3-dən etibarən Bakı–Balakən–Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verəcək. Yataq tipli qatarlar 3 yanvardan etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək.
Hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.
Bayram günlərində ADY-nin 24/7 fəaliyyət göstərən 1822 əlaqə mərkəzi də gücləndirilmiş rejimdə çalışacaq.
“Artıq bizim bu günə kimi əldə etdiyimiz məlumatlar deməyə imkan verir ki, təyyarəmiz xarici təsir nəticəsində qəzaya uğrayıb.
Bu sözləri mərhum pilotların vida mərasimində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
“Yerli və xarici ekspertlərin gəldiyi ilkin qənaət budur ki, pilotlar əllərindən gələn hər şeyi ediblər. Hadisənin baş verdiyini eşidən kimi Prezident İlham Əliyev dərhal Bakıya qayıdıb. Bu da onun hər bir vətəndaşa qayğısının göstəricisidir”, - nazir vurğulayıb.
Mərasimdə AZAL-ın vitse-prezidenti İlham Əmirov da çıxış edib.
“Təyyarənin qalıqlarına baxanda və digər əldə etdiyimiz məlumatlar bizə birmənalı şəkildə deməyə imkan verir ki, təyyarə xarici kənar təsir nəticəsində qəzaya uğrayıb. Təyyarənin idarəetməsi sıradan çıxıb. Nədənsə ilkin olaraq bəzi yerlərdə bizim təyyərəni qəbul etməyiblər. Sonradan da faciə baş verib”, - İ.Əmirov vurğulayıb.
“Mən qızımla fəxr edirəm. Mən onu çox istəyirəm. Qoy həmişə daim yaşasın!”
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri ilə vida mərasimində bələdçi Hökümə Əliyevanın atası Cəlil Alıyev deyib.
“Bu, ağır faciədir, ağır itkidir. Xalqımızın başı sağ olsun! Bu ağır itkini mənimlə bərabər bütün Azərbaycan xalqı, dövləti çəkir...”, - deyə o bildirib.
Sail Ağasəlim
Fotolar: Pərvin Zeynal
Baş Dövlət Yol Polisi İdarəsinin bayram günləri ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib.
İdarədən bildirilib ki, hazırda ölkəmizdə mövsüm üçün xarakterik olan yağışlı, qarlı hava şəraiti müşahidə olunur:
"Bayramla əlaqədar qeyri-iş günlərində magistral avtomobil yollarında hərəkət intensivliyinin əhəmiyyətli dərəcədə artması fonunda yorğun, yuxusuz halda sükan arxasına əyləşən, nasaz, mövsümə uyğun təchiz edilməyən avtomobillərlə səfərə çıxan, xüsusilə gün ərzində istirahət etmədən bir neçə dəfə uzaq məsafələrdə sifariş yerinə yetirən sürücülərə tez-tez təsadüf edilir ki, bu da yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını dəfələrlə artırır.
Baş Dövlət Yol Polisi İdarəsi bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün bir daha səfərə çıxan sürücüləri, xüsusilə yük və sənişin daşıma fəaliyyəti ilə məşğul olan şəxsləri yorğun, yuxusuz halda sükün arxasına əyləşməməyə, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, sürət rejimini yol və hava şəraitinə uyğun seçməyə, yol hərəkəti qaydalarına sözsüz əməl etməyə çağırır!".
Bu il Azərbaycan Dəmir Yollarının qatarlarında sərnişinlərə pulsuz simsiz internet bağlantısı təqdim edilib.
Yol-xeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, hazırda Bakı, Sabunçu, Sumqayıt, Gəncə, Qəbələ vağzallarında, Koroğlu, Bakıxanov, Pirşağı, Goran, Ağstafa stansiya və dayanacaqlarında, eləcə də Bakı-Ağstafa-Bakı, Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlarda sürətli "W-Fi" internet bağlantısı mövcuddur.
Bu xidmət 2025-ci il yanvarın 3-dən Bakı-Balakən-Bakı reyslərini yerinə yetirəcək qatarlarda da aktiv ediləcək.
İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO/IEC TR 24028:2024 “İnformasiya texnologiyaları - Süni intellekt - Süni intellektin etimadı doğrultmasına dair icmal” və AZS ISO/IEC TR 24372:2024 “İnformasiya texnologiyaları - Süni intellekt (Sİ) - Sİ sistemləri üçün hesablama yanaşmalarının icmalı” dövlət standartları qəbul edilib.
Dövlət Xidməti xəbər verir ki, sözügedən dövlət standartları Sİ sistemlərinin etimadı doğrultma mövzularını, o cümlədən bu sistemlərin əsas hesablama xüsusiyyətlərini, onlarda istifadə olunan vacib alqoritmlər və yanaşmaları müəyyən edir.
Yeni dövlət standartlarının tətbiqində məqsəd Sİ sistemlərinin müxtəlif platformalar və sahələrdə düzgün işləməsi üçün ümumi qaydalar və təlimatların yaradılmasını, həmçinin qarşılıqlı şəkildə işləməsini təmin etməkdir.
Qeyd edək ki, yeni dövlət standartları “İnformasiya-kommunikasiya texnologiyaları” standartlaşdırma üzrə Texniki Komitədə (AZSTAND/TK 05) müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlar Biləcəri, Yevlax, Şəki, Göynük, Qax, Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən olmaqla 10 stansiya və dayanacaqda saxlayacaq.
Bu barədə “Yol-xeber.az”a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Məlumata görə, marşrut üzrə Bakıdan Balakənə kimi bir istiqamətə gedişhaqqı "Standard" sinif üçün yerlərdə 18 manatdan, "Standard Plus" 27 manatdan, "Business" sinfi üçün isə 72 manatdan başlayır.
Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, yanvarın 4-də isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək. Qatar Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya isə 8 saat 40 dəqiqəyə çatacaq.
"Pandemiyadan öncə qatar Bakıdan Balakənə 9 saat 35 dəqiqə, Balakəndən Bakıya 9 saat 45 dəqiqəyə çatırdı. Yataq tipli qatarlarda sürətin oturaq tipli qatarlara nisbətən daha az olması bir neçə əsas amillə bağlıdır. Əsas məqsəd sərnişinlərin rahatlığını təmin etməkdir. Bu qatarlarda hərəkətin stabil və daha az titrəyişsiz olması üçün sürət tənzimlənir ki, uzun məsafələrdə, xüsusilə gecə səyahətlərində sərnişinlər rahat yata, istirahət edə bilsinlər. Bir məqamı da qeyd etmək lazımdır ki, sərnişinlərin mənzil başına daha tez, yəni gecə yarısı çatması onlara çətinlik yaradır. Belə ki, digər ictimai nəqliyyat növləri gecə saatlarında işləmədiyi üçün sərnişinlərin stansiyadan son mənzilə çatması çətinləşir", - deyə məlumatda qeyd edilib.
ADY bildirir ki, sürətə dəmiryol infrastrukturu və texniki avadanlıq da təsir edir: "Yataq tipli qatarlarda çəkisi daha ağır olan avadanlıqlar və komfort üçün nəzərdə tutulmuş yataq yerləri mövcuddur ki, bu da yüksək sürətə imkan vermir. Oturaq qatarlarda isə sürət əsas prioritetdir, çünki bu qatarlardan daha çox gündəlik iş və sürətli səyahət üçün istifadə olunur. Dünya təcrübəsində də yataq tipli qatarlarda sürət adətən daha aşağı olur, çünki bu xidmətin məqsədi rahat gecə səyahətinin təmin edilməsidir".
Pilotların səslərini yazır, uçuş trayektoriyasını qeydə alır.
Xəzər TV- məlumat verir ki, söhbət təyyarələrdəki narıncı rəngli "qara qutu"lardan gedir.
Aviasiya məsələləri üzrə ekspert Tolga Özbek bildirib ki, bu qurğu iki əsas hissədən ibarətdir.
Ekspert deyir ki, "qara qutu" yüksək istiliyə, təzyiqə və su altında qalma şəraitinə davamlı materialdan hazırlanır. Bu cihaz, qəza yerlərində asan tapılması üçün narıncı rəngdə dizayn edilib.
Qeyd edək ki, qara qutu ekstremal şərtlərə 1 100 dərəcə istiliyə, 6 000 metr dərinlikdəki su təzyiqinə və güclü zərbələrə dözümlüdür. Əgər təyyarə suya düşsə, 30 gün ərzində suyun altında siqnal göndərə bilir və saniyədə mindən çox uçuş parametrini qeydə ala bilir.
Ətraflı süjetdə: