![]() |
|
Torpaqlardan istifadə ilə bağlı qanuvericiliyə edilmiş dəyişikliklər yeni ildən qüvvəyə minir.
yanvarın 1-dən kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsinə və quraşdırılmasına icazə veriləcək.
Torpaq məcəlləsinə edilmiş yeni dəyişikliklər əhali arasında bir sıra yanlış anlaşılmalara səbəb olub. Bəzi vətəndaşlar elə hesab edir ki, bu dəyişikliklərlə gələn ildən Bakı və ətraf ərazilərdə, inşa edilmiş "özbaşına" tikililərin sənədləşdirilməsinə başlanılacaq, yaxud kənd təsərrüfatı təyinatlı torpaqlarda daimi yaşayış məqsədləri üçün tikintilərin aparılmasına icazə veriləcək.
Ekspert isə deyir ki, bu iddialar həqiqəti əks etdirmir.
Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, bu kateqoriya vətəndaşlarımıza ilk dəfə işə düzələn zaman 6 min manat birdəfəlik müavinət veriləcək.
Qərarı şərh edən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, əvvəlki qanunvericiliyə əsasən, sözügedən kateqoriyadan olan uşaqlar, habelə onların arasından olan şəxslər ilk dəfə işə düzələn zaman orta aylıq əmək haqqının beş mislindən az olmayan miqdarda birdəfəlik müavinətlə (5017,5 manat), habelə paltar, ayaqqabı, yumşaq ləvazimat, avadanlıq və ya öz arzularına əsasən onların əvəzinə verilən pul kompensasiyası ilə (265 manat) təmin olunurdular. Daha səmərəli sosial təminat məqsədi ilə pul kompensasiyasının da sözügedən müavinətin tərkibinə daxil edilməklə məbləğin 6 min manat müəyyən edilib:
“Bu hüquq valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər, habelə onların arasından olanlardır. Onlar ilk dəfə işə düzəldikdə artıq bu müavinətin alınması üçün müraciət etmək hüququna malik olurlar.
Bu müavinəti almaq hüququ olan vətəndaşlarımız yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə, “DOST” mərkəzinə və ya “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə" müraciət edə bilər.
Bu zaman aşağıdakı sənədlər tələb olunur:
- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnaməsinin surəti;
- əmək kitabçasının surəti;
- valideynlərin ölüm haqqında şəhadətnaməsi və yaxud bu barədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin arayışı.
Deməli, bu vətəndaşlarımız işə düzələndən sonra müvafiq sənədlər ilə müraciət edib həmin müvainəti ala bilərlər.
Bütün bunlar ilə yanaşı bir sıra müavinətlərlə bağlı məlumatlılığın nisbətən az olduğunu nəzərə alsaq, belə ödənişlərin proaktiv təyin olunması vacibdir. Yəni, hər hansı sənəd tələb olunmadan elektron müavinətin hesablanması və təyinatı daha məqsədəuyğundur”.
Xəbər verdiyimiz kimi, Baş nazir Əli Əsədovun imzaladığı Qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.
İş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2024-cü il 30 dekabr və 2025-ci il 3 yanvar iş günləri ilə müvafiq olaraq 2024-cü il 28 və 29 dekabr istirahət günlərinin yerləri dəyişdirilib.
Belə ki, 28 və 29 dekabr tarixləri iş günü olduğundan, bu həftə ardıcıl 7 gün iş olacaq. 30-31 dekabr, 1-5 yanvar tarixləri isə qeyri-iş günü olacaq.
Qeyd edək ki, Yeni ilin ilk iş günü yanvarın 6-sına təsadüf edəcək.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Şuşa şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
report xəbər verir ki, bu mərhələdə Şuşa şəhərinə 51 ailə - 208 nəfər köçürülüb.
Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
"Yol-xeber.az" saytının rəhbərliyi və kollektivi olaraq, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunan Vüsal Aslanovu ürəkdən təbrik edirik.
Vüsal müəllimin bu yüksək və məsuliyyətli vəzifədə göstərdiyi peşəkarlıq və liderlik keyfiyyətləri ilə Bakı Metropoliteninin inkişafına yeni nəfəs gətirəcəyinə, sərnişinlərə göstərilən xidmətlərin daha da təkmilləşdiriləcəyinə inanırıq. Sizin rəhbərliyiniz altında Bakı Metropoliteni müasir tələblərə uyğun şəkildə fəaliyyətini davam etdirəcək və ölkəmizin dayanıqlı nəqliyyat sisteminin inkişafına mühüm töhfələr verəcəkdir.
Bu məsuliyyətli vəzifənizdə Sizə möhkəm iradə, uğurlu qərarlar və böyük nailiyyətlər arzulayırıq. Əminik ki, Sizin zəngin təcrübəniz və yüksək idarəetmə bacarıqlarınız sayəsində Bakı Metropoliteni yeni uğurlara imza atacaq.
Bir daha təbrik edir, yeni vəzifənizdə uğurlar diləyirik!
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.
Bu mərhələdə Şuşa şəhərinə 49 ailə - 191 nəfər köçürülüb. Doğma yurda qayıdan Şuşa sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Bununla da Şuşa şəhərində cəmi 318 ailənin, yəni 1180 nəfərin daimi məskunlaşması təmin edilib.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 30 minə yaxın insan yaşayır.
Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.
Nazirlik əhaliyə, o cümlədən Yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə bir daha müraciət edərək, aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməlidir.
Bundan başqa, bayram şənliyində aşağıdakılar nəzərə alınmalıdır:
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı;
- ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi olmalı;
- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
- otağın qapıları mütləq bayıra açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıq tam söndürülməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Həmçinin qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır. Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək və tədbirlərin keçirilməsini FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırmaq tələb olunur. Obyekt rəhbərləri Xidmətə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!
Azərbaycanda dekabrın 21-də hava şəraitinin arabir yağıntılı keçəcəyi gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.
Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq işlərə başlayıb.
Yol-xeber.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Məlumata görə, uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
İlkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.
1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.
Şurada mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Agentliyə həvalə olunub.