Torpaqların işğaldan azad olunması hər kəsi sevindirir. İllərin həsrəti bitib. Lakin bəzi insanların səbirsiz davranışları, sevinclərini həyatlarını riskə ataraq yaşamaları bu sevincə kədər qatır.

Son günlər vətəndaşlarımızın işğaldan azad olunan dədə-baba torpaqlarına qeyri-leqal yollarla girməsi bədbəxt hadisələrin yaşanmasına səbəb olub. Çünki, bu ərazilər hələ düşmənlərin yerləşdirdiyi minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan tam təmizlənməyib və təhlükəsiz səfərlər üçün hələ tam şərait yaradılmayıb.

 

Məsələ ilə bağlı Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədovla həmsöhbət olduq.

"Ölkə.Az" oxu.az-a istinadən ANAMA-nın direktoru Qəzənfər Əhmədovla müsahibəni təqdim edir:

- Təəssüf ki, bu gün işğaldan azad olunmuş ərazilərə giriş qadağan olunsa da, vətəndaşlar bu çağırışlara məhəl qoymur.

- Bəli, çox üzücü bir mövzudur ki, vətəndaşlarımız xəbərdarlıqlara məhəl qoymadan həm özlərinin, həm də yaxınlarının həyatını təhlükəyə atmağa davam edirlər. Bu günə qədər vətəndaşların qeyri-leqal şəkildə işğaldan azad olunan ərazilərə girişi nəticəsində bədbəxt hadisələr qeydə alınıb.

İlk dəfə noyabrın 14-də saat 16:30 radələrində iki vətəndaşımız Füzuli rayonun işğaldan azad olunan Alxanlı kəndinə, mülki əhalinin girişinin qadağan olunduğu təhlükəli əraziyə daxil olublar.  Məlum olub ki, onlar iki qardaş – Yasin Əhmədov və Asif Əhmədov olub.

İki qardaş minaya düşüblər və nəticədə onlardan biri yerində ölüb, digəri isə ağır yaralanıb. Dərhal əraziyə ANAMA-nın əməkdaşları göndərilib. Xilasetmə əməliyyatı zamanı ANAMA-nın öz əməkdaşı vəzifə borcunu yerinə yetirən zaman Asəf Quliyev düşmən tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə aldığı xəsarət səbəbindən sol ayağı topuq nahiyəsindən amputasiya olunub. Bu kimi halların yaşanmaması üçün aidiyyəti qurumların, eləcə də bizim tərəfimizdən əhaliyə müraciət edilir.

- Bu kimi hallarla bağlı konkret faktların sayı varmı?

- Əslində bu kimi faktların sayının artmasını istəmirik. Amma daha bir fakt noyabrın 28-i saat 15:10 radələrində Füzuli rayonun işğaldan azad olunmuş Aşağı Seyidəhmədli kəndində yenə də mülki əhalinin girişinin qadağan olunduğu ərazidə bədbəxt hadisə qeydə alınıb. Bu barədə ANAMA-ya daxil olan müraciət əsasında, xilasetmə operativ əməliyyat axtarış qrupu hadisənin baş verdiyi əraziyə yollanıb.

Aparılan tədqiqat zamanı “Toyota” markalı avtomobilin iki ədəd tank əleyhinə minaya düşərək partladığı məlum olub. Hadisə nəticəsində avtomobildə olan Hacıyev Şakir Məhərrəm oğlu, Hacıyev Firuddin Məhərrəm oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Adilzadə Zibeydə Şakir qızı həlak olublar. Onların cəsədlərinin ərazidən götürülərək aidiyyatı üzrə təhvil verilməsi üçün xüsusi təhlükəsizlik zolağı açılıb.

- Bəs bu ərazilərə girişlərdə nəzarət yoxdurmu?

- Siz də bilirsiz ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” Fərmanına uyğun olaraq, işğaldan azad olunan ərazi vahidlərində müvəqqəti komendantlıqlar yaradılıb. Həmin rayonların ərazilərinə girişlərdə polis postları qurulub. Əmin ola bilərsiz ki, əraziyə xüsusi buraxılışı olan şəxs və nəqliyyat vasitələrinin girişinə icazə verilir. Onların isə təmizlənmiş və işarələnmiş xüsusi zolaqlarla hərəkətinə icazə verilir. Yəni, ərazilərə giriş bizim və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən 24 saat ərzində qorunur.

Siz təsəvvür edirsiz, mövsümlə əlaqəli olaraq hava şəraiti dəyişir. Polis əməkdaşları ilə birlikdə soyuq havalarda gecə-gündüz demədən, əhalinin təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görürlər.

- Dediyiniz şərtlərdə mülki əhalinin icazəsiz əraziyə daxil olması qeyri-mümkün görünür. Bəs insanlar bu əraziyə necə gəlib çıxıb?

- Bilirsiz, onlar Füzuli rayonunun yaşayış olan ərazilərində yaşayan və bu yerlərdə yaxşı bələd olan mülki əhalidir. Onlara dəfələrlə deyilir ki, rayonun işğaldan azad olunan ərazilərində düşmən tərəfindən minalar, partlamamış hərbi sursatlar yerləşdirilib. Orada ciddi şəkildə təhlükə var. Təəssüf ki, insanlar bu ərazilərə rəsmi yollardan deyil, kənar, digər kənddaxili yollardan keçərək gəlirlər. Yerli sakinlər nə qədər riskli, həyati təhlükəsi olan əraziyə daxil olduqlarının fərqində deyillər.

- Bu cür faktlar günün birinci yoxsa ikinci yarısı daha çox aşkarlanır?

- Gecə saatlarında deməzdim. Qeydə alınan hər iki bədbəxt hadisə günün ikinci yarısı saat 15.00-17.00 radələrində baş verib. Bu məsələlərlə bağlı ictimiayyətin ağlında cavabsız suallar qalmasın deyə, mən bu barədə keçirilən brifinqdə də məlumat verdim. Hüquq-mühafizə orqanları və bizim əməkdaşlar tərəfindən vətəndaşlara heç bir güzəştdən söhbət belə gedə bilməz.

Sadəcə ərazidə yaşayan əhali bu yerlərə bizdən daha çox bələddir yəqin ki. Həmin bildikləri yollardan istifadə edərək həmin qadağan olan ərazilərə keçərək dədə-baba yurdlarını görmək istəyirlər, bəlkə də qəbiristanlığı ziyarət etmək istəyirlər. Biz onları başa düşürük, amma bütün hallarda bu onların həyatı üçün təhlükəlidir. Dəfələrlə bu əraziyə girməyə cəhd edən şəxslərin qarşısı alınıb.

Xatırladaq ki, mülki əhalinin icazəsiz və digər yollarla postlardan yayınaraq, işğaldan azad olunan ərazilərə daxil olması qanun pozuntusu hesab edilir.

İcazəsiz olaraq işğaldan azad olunan ərazilərə girən və ya girməyə cəhd edən şəxs və ya şəxslər barəsində qanunun müvafiq normaları çərçivəsində tədbirlər görülür və görüləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.
Trend xəbər verir ki, Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.

B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.

Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406 75 85) yaradılıb.

B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Ermənistan silahlı qüvvələrinin məhv edilmiş və qənimət götürülmüş texnikalarının sayını açıqlayıb.
Onun sözlərinə görə, məhv edilmiş Ermənistan ordusunun texnikaları bunlardır:

“Tank əleyhinə vasitələr - 53 dənə, “Smerç” - dörd dənə, “Qrad” - 97 dənə, “Uraqan” - 2, YARS - 1, TOS odsaçan - 1, “S-300” zenit-raket kompleksləri - 7 atıcı qurğusu məhv edildi.

İndi əgər təkcə bunun qiymətini hesablasalar, görərlər ki, biz Ermənistan ordusuna nə qədər böyük zərbə vurduq. Beləliklə, 7 atıcı qurğu, bir “S-300” radiolokatoru və iki “S-300” aşkaretmə stansiyası məhv edildi.

“Oborona” radiolokasiya stansiyası - 1 dənə, “TOR” zenit-raket kompleksi - 5 dənə, “Osa” zenit-raket kompleksi - 40 dənə, KUB zenit-raket kompleksi - 4 dənə, KRUQ zenit-raket kompleksi - 1 dənə, zastava - 14 dənə, “S-125” zenit-raket kompleksi - 2 dənə, pilotsuz uçuş aparatları - 22 dənə, “Elbrus” əməliyyat-taktiki raket kompleksi - 2, ballistik raket - 1, “Toçka-U” raket kompleksi - 1, radioelektron mübarizə vasitələri - 5 dənə, “R-142” komanda qərargah maşını - 2 dənə, “Nebo-M” radiolokasiya stansiyası - 1 dənə, müxtəlif radiolokasiya stansiyaları - 7 dənə, “Reppelent” radio-texniki maneə vasitəsi - 4 dənə”.

Ölkə başçısı düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikalarını açıqlayıb:

“Özüyeriyən artilleriya qurğuları “Akasiya” və “Qvozdika” – 28-i məhv edilib, 5-i qənimət götürülüb. Müxtəlif çaplı toplar – 315-i məhv edilib, 37-si hərbi qənimət kimi götürülüb. Minaatanlar – 63-ü məhv edilib, 62-si qənimət götürülüb. Xüsusi avtomobillər – 10-u məhv edilib, 93-ü qənimət götürülüb. Qumbaraatan – 178-i qənimət götürülüb.

Traktor – 10, “Şilka” zenit qurğusu – 5 ədəd qənimət götürülüb. Atıcı silahlar – 1380 atıcı silah qənimət götürülüb. 7 komanda məntəqəsi, 11 sursat anbarı dağıdılıb. Tank – 287-si məhv edilib, 79-u qənimət götürülüb, toplam 366 tank. Siyahı davam edir.

Piyadaların döyüş maşını – 69-u məhv edilib, 47-si qənimət götürülüb. “Su-25” təyyarəsi – 5-i məhv edilib. Yük avtomobilləri – 252-si məhv edilib, 270-i hərbi qənimət kimi götürülüb”.

Keçən ilin fevral ayının sonlarında ölkəmizdə koronavirusa ilk yoluxma faktı qeydə alındı. Bir müddət öncə koronavirusa gündəlik yoluxma sayında azalma müşahidə edilsə də, təəssüf ki, son günlər gündəlik yoluxma sayı 4 mini ötüb. Vətəndaşlar sprey və maska taxmaqla, həmçinin əllərini yumaqla koronavirusdan qorunduqlarını deyirlər.

"Ölkə.Az" xəbər verir ki, ATV əməkdaşları şəhərdə müşahidələr zamanı koronavirusa hələ də məsuliyyətsiz yanaşanların olduğunu müşahidə edib.

Bu məsuliyyətsizliyin davam etməsi sonda daha ciddi problemlərə səbəb ola bilər. Ən əsası səhiyyənin imkanları çoxluğun qarşısında tab gətirə bilməz. Həkimlər sağlamlıq tədbirlərinə riayət edilməsini zəruri hesab edirlər.

Millət vəkili İlham Məmmədov bildirir ki, COVİD-19 pandemiyasının statik göstəriciləri və dinamik artımı olduqca təhlükəli bir həddə yaxınlaşdığımızın göstəricisidir: 

"Bunun ən bariz nümunəsi və ən dəhşətlisi artıq xəstəxanaların və Azərbaycan səhiyyəsinin yüklənməsidir. Ümumiyyətlə, bütün dünyada belədir. Yoluxma statistikası artdıqca ağırlaşan xəstələrin sayı, bununla bərabər dünyasını dəyişən xəstələrin sayı da çoxalır. Çox təəssüf olsun ki, biz artıq ölümün rekord hədlərindən danışırıq".

Həkimlərin də dediyi kimi, sadə 3 qaydaya riayət etməklə həm özümüzü, həm də ətrafımızdakı insanları koronavirus bəlasından qorumuş olarıq. Əks təqdirdə gündəlik yoluxma sayında artım qaçılmazdır. Təbii ki, belə olan hallarda karantin qaydaları da sərtləşdirilə bilər. 

Təhsil Nazirliyi Laçın rayonunun təhsil statistikasını açıqlayıb.

 1992-1993-cü tədris ilində Laçın məktəblərinin sayı 106, müəllimlərinin sayı 1 390, şagirdlərinin sayı 8 877 olub.

2020-2021-ci illərdə Laçın məktəblərinin sayı 104, müəllimlərinin sayı 1 808, şagirdlərinin sayı 13 615-dir.

Laçın rayonunda komendant postlarının yaradılması ilə bağlı işlər görülür.

"Bu barədə Trend-ə Laçın Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, hazırda bu istiqamətdə hazırlıq aparılır:

“Bu gün Azərbaycan ordusu rayon ərazisinə daxil olub. Ordu mövqeləri möhkəmləndirəndən sonra komendant postlarının yaradılmasına başlanacaq. Yəqin ki, sabah komendant postları yaradılacaq, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə köçürüləcək”.

Qeyd edək ki, Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb.

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin görüntüləri təqdim edirik.

 

 

Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı koronavirusdan vəfat edən vəkil Tahir Əlirzayev haqda video paylaşıb.

"Ölkə.Az" xəbər verir ki, teleparıcının "youtube” kanalında yayımlanan videoda onun sonuncu səs yazısına da yer verilib.

Həmin videonu təqdim edirik:

1993-cü ildə Kəlbəcər işğal olunurdu və mən özüm həmin vaxt orda idim. O vaxt biz Kəlbəcəri tərk edirdik, amma bu gün bizim övladlarımız azad olunmuş ərazilərə, o cümlədən Kəlbəcərə doğru hərəkət edirlər. Bu, simvolik bir məqamdır.

Bunu sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn bildirib.

O, bir ata kimi keçirdiyi hisslərdən də bəhs edib: “Mən hesab edirəm ki, Vətən Müharibəsində iştirak etmək bir görəvdir. Açığı, mən buna başqa şərh, izah verməyi də düzgün hesab etmirəm. Xeyli yaxınlarımız, qohumlarımız ordudadır. Ümumiyyətlə, on minlərlə əsgər və zabitin hamısı bizim övladımızdır. Onlar bu gün Vətən torpağının azad olunmasında iştirak edirlər. Hamısına eşq olsun”.

Pənah Hüseyn oğlu Vaqifin bundan öncə 1,5 il zabit kimi həqiqi hərbi xidmətdə olduğunu vurğulayıb: “İndi də zabit kimi, baş leytenant rütbəsində xidmətini davam etdirir”.

Qeyd edək ki, Pənah Hüseyn noyabrın 29-da sosial şəbəkədəki profilində bu məzmunda post paylaşıb: “2 aprel 1993-cü ildə Kəlbəcərdən Gəncəyə geri gəldim. Bu gün oğlumun əsgərləri ilə Murovu aşıb Kəlbəcərdə olması xəbərini aldım. Allaha şukürlər olsun!” teleqraf

Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil olub.

Bu münasibətlə paytaxt Bakıda insanlar küçələrə axışaraq bu möhtəşəm günü qeyd ediblər. Türkiyənin "Haber Global" televiziya kanalının yayımladığı görüntülərdə onların "Laçınım" mahnısının sədaları altında rəqs edərək, bir-biri ilə sevinclərini bölüşdükləri görünür. 

Həmin görüntüləri təqdim edirik:

Xəbər lenti