Azərbaycanda daha bir QADAĞA QÜVVƏYƏ MİNİR

Həftəsonu Bakıda müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılır.
Xüsusi karantin rejimi qaydalarına uyğun olaraq 22 avqust gecə 00:00-dan müntəzəm və ekspres xətlər üzrə avtobusların fəaliyyəti dayandırılacaq.
Nəqliyyat vasitələri 24 avqust səhər saat 06:00-dan yenidən fəaliyyətlərini bərpa edəcəklər.

Metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri açılacaq
Avqustun 21-dən etibarən metronun “28 May” və “Elmlər Akademiyası” stansiyalarının vestibülləri səhər pik saatlarında da ödəmə terminallarından istifadə üçün açıq olacaq.

Bu barədə BNA açıqlama yayıb.

Bildirilib ki, sərnişinlər saat 06:30-dan saat 12:00-dək “28 may" və "Elmlər Akademiyası” stansiyalarının vestibülündəki ödəmə terminallarından istifadə edə biləcək:

“Sərnişinlərdən vestibüllərdə maskadan istifadə etmələrini və sosial məsafəni gözləmələrini xahiş edirik. Tövsiyə edirik ki, “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qursunlar.

Əvvəlcədən tədbirli davranış lüzumsuz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir”.

Bu gündən Məhərrəm ayı başlayır

Hicri-qəməri təqvimi ilə Məhərrəm ayı başlayıb.
Miladi təqvimi ilə avqustun 21-i Məhərrəm ayının ilk günüdür.

Beləliklə, Hicri-qəməri təqvimi ilə 1441-ci il başa çatıb və 1442-ci il daxil olub.
Məhərrəm ayının başlamasından 10 gün sonra, yəni avqustun 30-u isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurası və səlahiyyətli nümayəndələri bəyan edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il Məhərrəmlik dönəmində məscid və ziyarətgahlarda təziyə mərasimləri keçirilməyəcək.

Kərbəla şəhidlərinin xatirəsinə ənənəvi olaraq qan vermə aksiyası da pandemiya səbəbindən məscidlərdə deyil, ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdirilib.

Sabah 35 dərəcə isti olacaq
Azərbaycanda 21 avqustda gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək.  

Havanın temperaturu  Abşeron yarımadasında gecə 19-22,  gündüz  32-35,  Bakıda  gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-50 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, axşam arabir güclənəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı, dolu düşəcəyi  gözlənilir. Səhər dağlarda duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Sürülməyən maşına cərimə yazılıb? - DYP-dən ittihamlara CAVAB   - FOTO

Sürücü Həmid Əliyev avtomobili idarə etmədiyi halda ona protokol tərtib olduğunu idda edir. Bu barədə müraciət edən vətəndaş bildirib ki, 2019-cu ilin iyun ayının 10-da aeroport yolunda (Olimpiya Stadionunun yaxınlığında) avtomobil qəzasına uğrayıb. Həmin vaxtdan idarə etdiyi 90 FF 928 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobil cərimə meydançasına yerləşdirilib. "Bu vaxt ərzində maşını idarə etməmişəm. Amma bu yaxınlarda ASAN xidmətdə sürücülük vəsiqəsini dəyişmək istəyəndə bildirdilər ki, 349 manat cərimən var. Hətta cərimələrin ikisi avtomobil qəzaya düşdükdən sonra yazılıb. Bu necə olur ki, maşın sürmədiyim halda mənə cərimə tətbiq olunur?"
Məsələ ilə bağlı açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, sürücüyə idda etdiyi kimi protokol tərtib olunmayıb. 
"Qeyd edilən protokol 04.06.2019-cu ildə sürücü əks istiqamətdə hərəkət etdiyi üçün tərtib olunub. Xətanın mövcudluğu ilə yerində razılaşmadığı üçün qərar çıxarımayıb. Sürücü iştirakı ilə işə baxılması üçün gəlmədiyinə görə 22.06.2019-cu ildə həmin protokol üzrə qərar qəbul edilib. Sürücü cərimə borclarını ödəmədiyi üçün cərimə borcunun üzərinə dəbbə pulu gəlib. Sürücü isə cərimə borcunu yenə ödəməyib. Bu səbəbdən 
24.10.2019-cu ildə  cərimə borcunu vaxtında ödəmədiyi üçün İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən protokol tərtib olunub və baxılması üçün məhkəməyə təqdim olunub. Yəni, bu protokol konkret olaraq hansısa yol hərəkəti qaydalarını pozmağa görə deyil, inzibati cərimənin ödənilməsinə görə şəxsin iştirakı olmadan tərtib olunub."
Kamran Əliyev bildirib ki, 17.04.2020-ci ildə tərtib olunmuş protokolun isə Dövlət Yol Polisinə aidiyyəti yoxdur.

 

Orxan

 
 
Polis koronavirus xəstələrinin evdən çıxmamasına nəzarət edir

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “COVİD-19” infeksiyasına yoluxmuş və ev şəraitində müalicə alan şəxslərin özünütəcrid qaydalarına riayət etməsi məqsədilə tədbirlər həyata keçirilir. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, mütəmadi olaraq polis əməkdaşları həmin şəxslərin yaşadıqları ünvanlara baş çəkir, onlarla maraqlanırlar.

Ətrafdakı şəxsləri də virusa yoluxdurmamaları üçün yaşadıqları ünvanları tərk etməmələrinin vacibliyi onların diqqətinə çatdırılır. Həmçinin, bildirilir ki, qaydaları pozan və digərlərinin yoluxmasına şərait yaradan şəxslər qanunvericiliklə nəzərdə tutulan qaydada məsuliyyətə cəlb olunacaqlar.

BNA rəhbəri Vüsal Kərimlidə koronavirus aşkarlanıb

Paytaxta gətiriləcək yeni 115 ədəd avtobuslara baxış keçirilməsi üçün Bakı Nəqliyyat Agentliyinin nümayəndə heyəti Türkiyənin İzmir şəhərinə yola düşüb.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir ki, pandemiya dövründə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti qaydalara uyğun olaraq nümayəndə heyətinin üzvləri uçuşdan əvvəl COVID-19 testindən keçiblər.

Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli və nümayəndə heyətinin digər bir üzvünün test müayinəsinin nəticələri pozitiv çıxıb. İdarə Heyətinin sədri və digər əməkdaş karantinə alınıb. Zəruri müayinə və müalicə tədbirləri görülür. Vüsal Kərimlinin və əməkdaşımızın səhəti stabildir, hər hansı bir narahatlıq müşahidə olunmur.

Yeni avtobusların alınmasının şəhərimiz üçün mühüm əhəmiyyəti nəzərə alınaraq səfər təxirə salınmayıb. Test nəticələri neqativ olan əməkdaşlarımız hazırda qardaş ölkədə səfərdədilər.

Məlumat üçün bildiririk ki, Türkiyənin BMC şirkətinin istehsalı olan 115 ədəd avtobusun çatdırılması prosesinə bu ilin oktyabrında başlanılacaq və noyabradək yekunlaşdırılması nəzərdə tutulub.

Ölkədə qadağa qoyulsa da, restoranlarda 2 gündür toy edilir

Azərbaycanda sərtləşdirilmiş karantin rejimi çərçivəsində avqustun 18-dən etibarən kafe və restoranların açıq havada fəaliyyətinə icazə verilməsindən sonra toy və nişan mərasimlərinin bu qaydalar çərçivəsində keçirilib-keçirilməməsi gündəmə gəlmişdi.

Operativ Qərargahın sonuncu brifinqdə “Qafqazinfo”nun əməkdaşı bu barədə rəsmilərə sual verərək açıq havada nişan və toy mərasimi keçirilməsinin mümkün olub-olmadığını soruşmuşdu. Lakin rəsmilər toyların kütləvi tədbir olduğu üçün qadağan olunduğunu qeyd etmişdilər.

Əldə etdiyimiz məlumata görə, son günlər Bakının bir neçə məşhur restoranında toy və nişan mərasimləri keçirilib. Hətta bəzi müğənnilər də toylarda iştirak edərək mahnı oxuyub, aparıcılıq ediblər. Restoranların açıq havada fəaliyyətə başlamasından sonra Bakıda 20-yə yaxın toy keçirilib. Təkcə dünən paytaxtda 6 toy mərasimi baş tutub. Bu tədbirlərdən birindən mediapost.az saytı video görüntü yayıb. Dünən “Şeron” qrupunun üzvləri “Nar&Şərab” restoranında nişan mərasimində aparıcılıq ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, bütün bu kütləvi tədbirlər haqqında polisə məlumat daxil olub: “Polis əməkdaşları tərəfindən tədbirin keçirilməsinin qarşısı alınıb. Bunlar sadəcə cəhdlərdir, toy mərasimi keçirilməyib”.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat katibi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, dünən Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən bir restoranda toy mərasimi keçirildiyi aşkarlanıb: “Polis əməkdaşları yoxlama zamanı ora yaxınlaşıb və müəyyən olunub ki, qohumların iştirakı ilə 70 nəfərlik masa sifariş olunub. Bunun qarşısı alınıb və həmin şəxslər inzibati məsuliyyətə cəlb olunub. Digər restoranlarda mərasim keçirilməsi haqda məndə məlumat yoxdur”.

Pensiya kartlarını itirənlərin diqqətinə!

Dövlət Sosial Müdafiə Fondu sosail müavinət alan şəxslərə müraciət edib.

Fondun mətbuat katibi Rəşad Mehdili “Qafqazinfo”ya bildirib ki, pensiya, təqaüd, müavinət, ünvanlı sosial yardımlarını “Kapital Bank”ın plastik kartları vasitəsilə alan vətəndaşlar kartları itibsə və ya yararsız hala düşübsə, həmin bankın müvafiq ərazi üzrə filiallarına müraciət etməklə yeni kart əldə edə bilərlər.

“Beynəlxaq Bank”ın plastik kartları vasitəsilə bu ödənişləri alan vətəndaşlara isə bunun üçün əvvəllər olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun müvafiq ərazi üzrə filiallarına müraciət etmələri tövsiyə olunur.

Bu gün qəbul imtahanları keçirilir

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə qəbul imtahanları keçirilir.

Mərkəzdən verilən məlumata görə, imtahanlar respublikanın 16 şəhər və rayonunda təşkil olunur.

İmtahanların təşkil edilməsi üçün ümumilikdə 85 imtahan binası, 1516 imtahan zalı, 85 ümumi imtahan rəhbəri, 258 imtahan rəhbəri, 1966 nəzarətçi–müəllim, 170 buraxılış rejimi əməkdaşı, 85 bina nümayəndəsi ayrılıb.

İmtahanlarda 20100 abituriyentin iştirakı nəzərdə tutulur.

Xəbər lenti