Azərbaycanda bu tarixdə həm koronavirus, həm də karantin rejimi bitə bilər

Azərbaycanda koronavirusa yoluxanların sayında yenidən artım müşahidə olunur. Belə ki, avqustun 17-də açıqlanan rəsmi statistikaya görə 124 nəfər koronavirusa yoluxub, 167-si isə sağalıb. İki nəfər isə dünyasını dəyişib. Bu artım ölkədə koronavirusun ikinci dalğasının başlamasından xəbər verir?
Bununla bağlı KONKRET.az-ın sualını cavablandıran professor Adil Qeybulla bildirib ki, ikinci dalğanın olması üçün birincinin sona çatması vacibdir: “Birinci dalğa bitməmiş artım olarsa, bu artıq infeksiya baş verməsi deməkdir. May ayında da da bu hal təkrarlanmışdı. Ona görə də situasiya bilinmir. Bu baxımdan bizdə infeksiya da ola bilər, ya da birinci dalğa azalıb sona çatmaqla ikinci dalğa başlaya bilər. Bunların hər biri mümkündür. İkinci dalğanın olması payızda gözlənilir. Bütün dünya ölkələrində ikinci dalğa ilə bağlı söhbətlər gedir. Bu baxımdan da prosesin necə olacağı barədə fikir səsləndirmək də çətindir. Çünki virus getdikcə zəifləməyə doğru getməklə yanaşı ömrü də azalır. Virus uzun müddət bu formada davam edə bilməz. Hesab edirəm ki, koronavirus payız fəslinin sonunda bitməlidir”.

Bakıda karantinə nəzarət gücləndirildi

Fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin tam və hərtərəfli təmin olunması üçün polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktik tədbirlər gücləndirilib. 

Bakı şəhər BPİ Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmətin sanitar-epidemioloji normalara uyğun aparılması və insanlar arasında sosial məsafənin qorunması məqsədilə paytaxtın bütün ərazilərində naryad qrupları təlimatlandırılıb.

İctimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına nəzarət həyata keçirilir.

Paytaxt sakinlərinin  diqqətinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur. Mövcud qayda və tələblərə əməl etməyən, fəaliyyətinə icazə verilən sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, bu gündən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Koronavirusa yoluxan abituriyentlərin arzuları ürəklərində qaldı
Dövlət İmtahan Mərkəzi koronavirus pandemiyası ilə əlaqədar olaraq bu il imtahan prosesində müəyyən dəyişikliklər etdi.

Baku TV xəbər verir ki, bəzi abituriyentlər virusa həyatlarının ən önəmli zamanında - tələbə olmaq arzusunu gerçəkləşdirəcəkləri bir ərəfədə yoluxdular.

DİM-dən Baku TV-yə verilən məlumata görə, hərarət səbəbindən təxminən 40-a yaxın abituriyent imtahana buraxılmayıb. Onlar üçün imtahan yenidən təşkil edilib. Amma bu il qəbul imtahanında iştirak edə bilməyən COVID-19 xəstələri üçün yenidən imtahan təşkil olunmayacaq.

Ətraflı süjeti təqdim edirik:

“Uşaqpulu” ilə bağlı AÇIQLAMA

Azərbaycanda uşaqpulunun verilməsi ilə bağlı müzakirələr reallaşa bilər.
Bu məlumatı "Sputnik Azərbaycan”a açıqlamasında Millin Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov söyləyib. O, bildirib ki, hazırda bu məsələ Milli Məclisdə müzakirə mərhələsindədir: "Belə bir fikir var ki, ünvanlı dövlət sosial yardımı və digər yardımlar verilir. Ona görə də, uşaqpulu verilməsə də olar. Amma elə müavinətlər var ki onları verməmək də olar. Uşaqpulu isə mütləq verilməlidir. Çünki, ünvanlı dövlət sosial yardımı bütün ehtiyacı olan ailələri əhatə etmir. Bununla bağlı müəyyən çatışmazlıqlar var. Ünvanlı sosial yardımın verilməsi ilə bağlı insanlardan çoxlu şikayətlər daxil olur".
Deputat deyib ki, artıq uşaqpulunun verilməsi ilə bağlı Milli Məclisdə komissiya yaradılılb: "Biz həmişə bu məsələni gündəmdə saxlamışıq. Çalışacağıq ki, uşaqpulu ilə bağlı müzakirələr müsbət həllini tapsın. Amma bu təkcə bizimlə bağlı olan məsələ də deyil. Uşaqpulu məsələsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də hesablamalar aparır. Onlar aztəminatlı ailələrdə uşaqlara verilən yardımları əsas gətirirlər. Ünvanllı yardımın verilməsi yaxşıdır. Amma nəzərə almaq lazımdır ki, ünvanlı yardım birinə düşür, birinə düşmür. Biz rayonlarda qəbulda olanda da bunu görürük ki, ünvanlı yardımı ala bilməyən, amma ehtiyacı olan nə qədər ailələr var".

V. Əhmədov uşaqpulunun verilməsində yaş məsələsinin müzakirə olunduğunu bildirib. O, deyib ki, bəzi təklilərdə uşaq pulunun əvvəlcə 7-8 yaşadək, sonra 17-18 yaşınadək verilməsi müzakirə olunur: "Bu dövlətin büdcəsindən, imkanından asılı olan məsələdir" - deyə deputat əlavə edib.

Bu gündən kafe və restoranlar açılır

Bu gündən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.
Avqustun 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində elan edilmiş sərtləşdirilmiş karantin rejimində dəyişiklik haqda qərar qəbul edib.

Müvafiq qərarla 2020-ci il 18 avqust tarixindən etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava sahəsində yerində xidmət saat 09:00-dan 22:00-dək (qəlyan avadanlıqlarından istifadə və hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaq istisna olmaqla) həyata keçiriləcək.
Bu Qərarın məqsədləri üçün ictimai iaşə obyekti dedikdə, yeyinti məhsullarının istehsalı, emalı, satışı və istehlakının təşkili ilə əlaqədar xidmət fəaliyyətini həyata keçirmək məqsədilə istifadə edilən əmlak kompleksi (restoran, kafe, yeməkxana, qəlyanaltı, bufet, köşk tipli məkanlar, çay evləri və bu kimi digər obyektlər) nəzərdə tutulur.
İctimai iaşə obyektinin açıq hava sahəsi dedikdə, ən azı üç tərəfdən bütövlükdə hava axınına tam açıq (bir metrdən hündür hər hansı tikili və digər konstruktiv maneəsiz) sahə və ya üzəri tam açıq (açıq səma altında) sahə nəzərdə tutulur.
İctimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanı, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsi və həmin qurğuların işlək vəziyyətdə olması təmin edilməlidir.
Qərara əsasən fəaliyyətinə icazə verilən ictimai iaşə obyektlərinin fəaliyyəti mövcud qaydalara, sanitariya normalarına və metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunmalıdır.

Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb - FOTO

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Balakən regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Balakən “ASAN xidmət” mərkəzi  Balakən, Zaqatala, Qax rayonlarında qeydiyyatda olan 284 minə yaxın vətəndaşa xidmət göstərəcək.

Qeyd edək ki, hazırda ölkədə 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakıda, digər 15-i isə regional mərkəzlər olmaqla Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Quba, Masallı, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndə yerləşir.

Xatırladaq ki, bu ilin 29 iyul tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. 

Prezident İlham Əliyevin 31 iyul 2020-ci il tarixində  Balakən rayonunda istifadəyə verilmiş “ASAN xidmət” mərkəzinin infrastruktur imkanlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında da Sərəncam imzalayıb.

 

APA

 
 
Mərdəkan sakinləri şəhərə bu avtobuslarla gedib-gələcək   - VİDEO

Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə ekspres xətlərdən daha biri, M10 ekspres xətti 17.08.2020 -ci il tarixindən fəaliyyətə başlayır. M10 xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsində, köhnə dəmiryolu stansiyası adlanan ərazidə təşkil olunan dayanacaq məntəqəsindən hərəkət edəcək. Ərazidə müvafiq nişanlanma işləri aparılıb.

BNA-dan  verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspres xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq. Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq.

M10 xəttinin istifadəyə verilməsi ilə Mərdəkan, Şağan, Binə və Yeni Suraxanı qəsəbələri istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik təxminən 13.000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 10 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir. Qeyd edək ki, M10 ekspres xətti üzrə avtobusların hərəkət sxemi Mərdəkan qəsəbəsi - "Nəriman Nərimanov" metro stansiyası istiqaməti müəyyən edilib.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M10 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

M9 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə istifadəyə veriləcək.

 

 
Nazirlikdən kafe-restoran sahiblərinə xəbərdarlıq

İqtisadiyyat Nazirliyi sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə əməl edilməsi vəziyyətini ciddi nəzarətdə saxlayacaq. "Qafqazinfo"ya daxil olan məlumatda bildirlir ki, Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilmiş sahələr üzrə xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə dair müvafiq qərarlar qəbul edilib. Bu qərarlara əsasən, istehsal, xidmət və ictimai iaşə sektorlarında müştərilərin qəbulu, xidmət ərazilərinin dezinfeksiya edilməsi, işçilərin və müştərilərin müvafiq davranış və sanitar normalara əməl etməsi, insanlar arasında sıxlıq normalarının qorunması və s. tələblər müəyyən edilib.

Ölkədə sərt karantin rejiminin tələblərinin qismən yumşaldılması prosesi çərçivəsində bir sıra sahələrdə fəaliyyətlərin, o cümlədən ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin bərpa edilməsi nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməlidir. Karantin rejiminin tələblərinin yumşaldılması şəraitində bu məsələlər xüsusilə aktuallaşdığından, İqtisadiyyat Nazirliyi və onun müvafiq qurumları tərəfindən bu tələblərə əməl edilməsi vəziyyətinə ciddi nəzarət olunacaqdır.

Nəzarət prosesinin həyata keçirilməsi zamanı aşağıdakı məsələlərə xüsusi diqqət ediləcək:

· sahibkarlıq subyektlərinin fəaliyyətinin Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olub-olmadığına;

· fəaliyyətinə günün müəyyən saatlarında icazə verilən sahibkarlıq fəaliyyəti subyektləri və onların vəzifəli şəxslərinin həmin tələblərə əməl edib-etməmələrinə;

· təsərrüfat obyektlərində sahibkarlıq subyektləri və onların vəzifəli şəxsləri tərəfindən işçilərin tibbi maska ilə təmin edilməsinə, habelə tibbi maskadan istifadə olunmasına nəzarət edilməsinə;

· ictimai iaşə obyektlərinin giriş-çıxışlarında, kassalarda dezinfeksiya məhlulundan istifadə imkanının təmin edilməsinə, o cümlədən dezinfeksiya məhlulundan istifadə üçün müvafiq qurğuların (dispenserlərin) yerləşdirilməsinə və həmin qurğuların işlək vəziyyətdə olmasına;

· təsərrüfat obyektlərinin ərazisindəki, o cümlədən kassaların qarşısındakı insanlar arasında 1,5-2 metrlik ara məsafəsinə əməl olunmasına nəzarət edilməsinə, bu məqsədlə obyektin ölçülərinə uyğun sayda şəxslərin obyektə daxil olmasına icazə verilməsinə;

· ictimai iaşə müəssisələrinin qida qəbulu zallarında, otaqlarında, habelə açıq hava sahələrində oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən (qəlyan avadanlıqlarından istifadə edilməməsi və bir masa arxasında müştəri sayının 6 nəfərdən çox olmaması şərti ilə), masalararası məsafələrin isə 2 metrdən az olmamasına;

· müştərilərin təsərrüfat obyektlərinə yalnız maskalarla daxil olmasına, maskası olmayan şəxslərə girişdə maskaların təqdim edilməsinə, həmçinin ictimai iaşə obyektlərində masa arxasında oturma halları istisna olmaqla bütün digər vaxtlarda maskadan istifadəyə nəzarət edilməsinə.

Mövcud tələblərə əməl edilməməsi halları inzibati xəta kimi qiymətləndiriləcək və İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, qaydaları pozan sahibkarlıq subyektlərinə cərimələr tətbiq ediləcək.

Sahibkarlıq subyektlərinin nəzərinə çatdırılır ki, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə və insanlar arasında ara məsafəsinə dair tələblərə əməl edilməməsi İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə, qalan digər tələblərin pozulması isə 211.1-ci maddəsi ilə inzibati xətaya səbəb olur.

Sahibkarlıq subyektlərinin fəaliyyətinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarları ilə qadağan edilmiş fəaliyyət sahələrinə aid olduğu hallarda həmin obyektlər dərhal bağlanacaq. Qaydaların pozulması halları nəzarət aparan strukturların tələbi əsasında dərhal aradan qaldırılmalıdır, əks halda, nəzarət qrupları təsərrüfat obyektinin bağlanmasını tələb edə bilərlər.

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərini, o cümlədən açıq hava sahələrində müştəriləri qəbul edən ictimai iaşə sahəsində çalışan sahibkarları sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.

Qeyd edək ki, sabahdan etibarən ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilir.

Bu gündən daha bir QADAĞA ləğv edildi

15 avqust saat 00:00-dan xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Cəlilabad, Gəncə, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərləri və Abşeron, Bərdə, Goranboy, Göygöl, Xaçmaz, Salyan rayonlarında ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan ikigünlük məhdudiyyət başa çatıb.
Bu gün saat 06:00-dan etibarən vətəndaşlar fəaliyyətinə icazə verilən ictimai nəqliyyat vasitələrindən istifadə edə bilərlər.
Qeyd edilir ki, Bakı metrosunun fəaliyyəti avqustun 31-dək dayandırılıb.

Avqustun 17-də rus dili və biologiya fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilir.

Təhsil Nazirliyindən verilən məlumata görə, İmtahanlarda 2073 namizədin iştirakı nəzərdə tutulub.

İmtahanlar  təxminən 18 gün davam edəcək. Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçirilir. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Təhsil Nazirliyi müsabiqədə iştirak edən bütün namizədlərə uğurlar arzu edir!   /Modern.az/

Xəbər lenti