![]() |
|
Bakı Nəqliyyat Agentliyi (BNA) 64 və 81 müntəzəm marşrut xətləri istiqamətində yeni avtobusları istifadəyə verib.
Axar.az xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu gün səhər saatlarından 64 ("Neftçilər" metrostansiyası-Yeni Günəşli) və 81 (Köhnə Günəşli-Qaraçuxur) müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma fəaliyyəti yeni avtobuslarla təşkil edilib.
“Qarşıdakı aylarda digər xüsusəndə sərnişinlərin daha çox narazı qaldığı marşrut xətləri üzrə də analoji addımlar atılacaq”, - deyə o bildirib.
Xatırladaq ki, BNA dekabrın 24-də ölkəyə gətirilmiş yeni avtobusların təqdimatını keçirib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun səhhəti ağırlaşıb.
Axar.az-ın Ölkə.az-a istinadən verdiyi məlumata görə, 68 yaşlı akademikin böyrəkləri dayanıb. Həkimlər onu xəstəxanada müalicə edə bilmədiyindən evə buraxıblar.
Ramiz Məmmədov səhhətində yaranan ciddi problemlər üzündən bir neçə vaxtdır ki, işə çıxa bilmir.
Xatırladaq ki, akademik R.Məmmədov 4 fevral 1950-ci ildə Gürcüstan SSR-in Qardabani rayonunun Qaracalar kəndində anadan olub.
Mənimsəmədə təqsirləndirilən Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov, Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimovun cinayət işi üzrə məhkəmənin vaxtı açıqlanıb.
Report-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçiriləcək hazırlıq iclası 2019-cu ilin yanvarın 21-nə təyin edilib.
Cinayət işinə hakim Faiq Qəniyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə Azərbaycan Beynəlxalq Bankı ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaqla C.Hacıyevin göstərişləri əsasında həmin dövrdə qeyriləri vasitəsi ilə çoxsaylı kredit müqavilələri bağlanaraq manat və xarici valyutalarla rəsmiləşdirməklə 900 milyon manat həcmində pul vəsaitinin bankdan digər hesablara köçürülərək mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Aparılmış istintaqla C.Hacıyevin tanışı Dünyamin Xəlilov, digər 20 nəfər və qeyriləri ilə birlikdə qanunsuz maliyyə əməliyyatları aparılan və real dəyəri olmayan veksellərin alınması, eləcə də təminatı olmayan kreditlərin verilməsi yolu ilə ümumilikdə 4,7 milyard manat məbləğində pul vəsaitinin mənimsəmə və digər cinayətlər yolu ilə 2,5 milyard manat hissəsini ələ keçirməklə cinayət yolu ilə əldə edilmiş həmin vəsaitin 2 milyard manatını leqallaşdırmasında, digər 2,2 milyard manat məbləğində pul vəsaitinin isə müxtəlif əməliyyatlara yönəltməklə Azərbaycan Beynəlxalq Bankı ASC-yə ziyan vurmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaqla həmçinin C.Hacıyevin D.Xəlilovla birlikdə faktiki rəhbərlik etdiyi Aztorq MMC üzrə 2011-2014-cü illərdə dövlət büdcəsinə 1 milyon 752 min manat vergiləri ödəməkdən yayınmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edilən epizodlar üzrə Cahangir Hacıyevə mütəşəkkil dəstə tərəfindən küllü miqdarda mənimsəmə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması, vergidən yayınma və digər maddələrlə, D.Xəlilov və digər 20 şəxsə isə mənimsəmə və digər maddələrlə ittiham elan olunmaqla cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, C.Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il, D.Xəlilov 13 il və İ.Hidayətzadə isə 7 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə D.Xəlilovun cəzası 13 ildən 12 il 9 aya, Ali Məhkəmə isə İ.Hidayətzadənin cəzasını 5 ilə endirib.
Bütün dünyada olduğu kimi, Azərbaycanda da çap mediasına maraq olduqca aşağı düşüb.
Axar.az xəbər verir ki, internet medianın sürətli inkişafı artıq ənənəvi medianı sıradan çıxarmaqdadır.
Bu mövzuya KİV DF sədri Vüqar Səfərli bu gün BMM-də keçirilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrinin müzakirəsinə və təsdiqinə həsr olunmuş tədbirdəki çıxışında da toxunub. V.Səfərli bildirib ki, internet media resurslarının sürətlə inkişaf etdiyi hazırkı dönəmdə çap mediası müəyyən problemlərlə üzləşir. Vüqar Səfərlinin sözlərinə görə, qəzetlərin fəaliyyətində əsaslı dönüşə nail olunması üçün hazırda Fondun maliyyə yardımı müsabiqəsinin şərtlərində əsaslı dəyişikliklərin edilməsi, tələblərin sərtləşdirilməsi, habelə internet media resurslarının da maliyyələşdirilməsi məsələləri nəzərdən keçirilir.
KİV DF-nin tələblərinin sərtləşdirilməsi və vəsaitlərin bir hissəsinin internet resursuna yönəldilməsi isə Azərbaycanda bəzi qəzetlərin bağlanmasına səbəb olacaq. Belə ki, 2018-ci ildə KİV DF 33 qəzetə maliyyə dəstəyi göstərib. Hazırda ciddi oxucu qıtlığı keçirən çap mediasının böyük əksərinin isə KİV DF-nin tələbləri sərtləşəcəyi halda maliyyə yardımından məhrum ediləcəyi və bu səbəbdən də bağlanacağı gözlənilir.
Qeyd edək ki, dünyanın bir çox nüfuzlu nəşrləri artıq qezet formatından imtina ediblər. İlk belə addımı atan nəşrlərdən biri isə ABŞ-ın ən çox oxunan jurnallarından "Nyusvik" idi. Jurnal 2013-cü ilin ilk günündən nəşr fəaliyyətini dayandırdı.
Məşhur "İndependent" nəşrinin sahibi Lebedevin iki il öncə verdiyi analoji qərar isə bu tendensiyanın bütün dünyada artıq qaçılmaz olduğunu təsdiqlədi.
Eyni proses Türkiyədə də gedir. Qardaş ölkədə bu il bağlanan ən nüfuzlu nəşrlərdən biri də “Habertürk"dür. “Habertürk” onlayn internet mediası kimi fəaliyyətini hazırda daha uğurla davam etdirir.
Ermənistan ordusunda tüğyan edən özbaşınalıq və qanunsuzluq səbəbindən dekabr ayında bir çox cinayət xarakterli hadisələr baş verib.
Azərtac xəbər verir ki, düşmən ordusunun iki hərbi qulluqçusu özünə qəsd edib, biri isə xidmət yoldaşı tərəfindən güllələnib.
Altıncı dağ atıcı alayının zabiti leytenant Manruq Mirzoyan özünə qarşı edilən haqsızlığa dözməyərək hərbi hissədə odlu silahdan atəş açaraq özünü yaralayıb.
Zenit-raket alayının müqaviləli hərbi qulluqçusu Vardan Şaxnazaryan isə ov tüfəngi ilə özünə qəsd edib. İlk olaraq hadisənin ailə-məişət zəminində baş verdiyi bildirilsə də, sonradan araşdırma zamanı V.Şaxnazaryanın yüksək rütbəli zabit tərəfindən təhqir olunduğuna görə onun bu addımı atdığı məlum olub.
Daha bir məlumatda isə deyilir ki, döyüş mövqeyində növbədə olarkən iki erməni hərbçi arasında baş verən mübahisə qanlı cinayətə səbəb olub. Üçüncü əlahiddə motoatıcı alayının hərbi qulluqçusu Artyom Movsesyan xidmət yoldaşı tərəfindən açılan atəş nəticəsində çiynindən güllə yarası alıb.
Hər üç faktla bağlı araşdırılma aparılır.
Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral (backbone) internet provayderi AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilmiş Milli Net 2018 - Milli İnternet Mükafatı müsabiqəsi başa çatıb.
Axar.az xəbər verir ki, Azərbaycan İnternet Forumu tərəfindən artıq ənənəvi olaraq hər il keçirilən Milli Net müsabiqəsinin bu il sayca 10-cu yubiley tədbiri baş tutub. Artıq ikinci ildir ki, AzerTelecom şirkətinin baş sponsorluğu ilə keçirilən Milli Net müsabiqəsinin qaliblərinin yekun təqdimat mərasimində dövlət və özəl sektorun nümayəndələri, ölkənin internet ictimaiyyətinin, İKT sektorunda fəaliyyət göstərən aparıcı şirkətlərin və media qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, oktyabr ayında start verilmiş Milli Net 2018 müsabiqəsinə 19 Nominasiya üzrə 406 internet resurs təqdim edilib. Bu resurslardan yalnız qaydalara uyğun olan 300 resurs (saytlar, mobil tətbiqlər və sosial media resursları) müsabiqəyə qəbul edilib və səsvermədə iştirak edib. Onların arasından isə ən yaxşıları olan 105 resurs Nominant statusu alıb, ikinci səsvermə prosesində yekun qaliblər müəyyən olunub və təqdimat mərasimində elan edilib.
Tədbirdə çıxış edən AzerTelecom şirkətinin Satış və Tərəfdaşların İdarə olunması üzrə direktoru Ləman Abasbəyli bildirib ki, Milli Net müsabiqəsinin keçirildiyi 10 il ərzində layihə Azərbaycanda uğurlu milli internet resursların aşkarlanması və ictimaiyyətə tanıdılması, eləcə də internetdə ana dilimizin tətbiqinin genişləndirilməsində mühüm rol oynayıb, səmərəli bir platformaya çevrilib. O qeyd edib ki, bu il həm də AzerTelecom şirkətinin 10 illik yubileyidir və bu əlamətdar halın Milli Net-in 10 illiyi ilə üst-üstə düşməsi də çox sevindirici bir haldır. “AzerTelecom şirkəti hər zaman cəmiyyətdə innovasiyaların tətbiqi, maarifləndirici, milli resursların, elm və təhsilin inkişafı ilə əlaqəli ən mühüm layihələri dəstəkləyib və bu, gələcəkdə də şirkətin fəaliyyətində əsas istiqamətlərdən biri olaraq qalacaqdır”- deyə Ləman Abasbəyli bildirib.
Təqdimat mərasimində çıxış edən digər şəxslər də Milli Net tədbirinin əhəmiyyətini vurğulayaraq layihənin milli resursların inkişafına verdiyi töhfədən bəhs ediblər.
AzerTelecom Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və əsas səhmdarı Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkətidir. AzerTelecom ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şaxələnmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. AzerTelecom şirkətinin beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya hablarına birləşir. Şikrət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqletmə, beynəlxaql tranzit, DDoS hücumdan müdafiə, VPN, Data Mərkəz xidmətləri, SİP telefoniya və digər telekommunikasiya xidmətləri təqdim edir.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazıb.
Axar.az xəbər verir ki, məktub Bakıda keçirilən "Azərbaycanda İnsan Kapitalı üzrə Forum"un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin "Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” fikri ilə başlayır. Bu fikrin onu dərindən sarsıtdığını deyən millət vəkili Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırdığını xatırladır.
“Ötən əsrin əvvəllərində, müsəlman Şərqinin qaranlıqları içərisindən sıyrılmağı bacaran ziyalılarımız Azərbaycan qızlarının təhsil almalarına böyük əhəmiyyət verdikləri, bunun üçün böyük fədakarlıqlar etdikləri halda, biz Cümhuriyyətimizin 100-cü ildönümündə, dünyəvi Azərbaycan Respublikasında qızlarımızın məktəbə buraxılmamasından danışırıq. Utanvericidir!
Nəinki Bakıda, bütün müsəlman Şərqində ilk dünyəvi qızlar məktəbinin açılışından 117 il keçir. Məktəbin qurucusu Hacı Zeynalabdin Tağıyevə görə, "bir kişi təhsil alarsa, bu, yalnız savadlı bir insan olması deməkdir. Amma bir qızın təhsil alması gələcəkdə həm savadlı qadın, həm də dünyagörüşlü bir ana deməkdir.
117 il öncə heç bir təhsili olmayan Hacı Zeynalabdin Tağıyev bu böyük həqiqəti anladığı və dilə gətirdiyi halda, əhalisinin az qala 100%-i savadlı olan Azərbaycan Respublikasında qızların təhsildən yayındırılması təəssüf doğurur.
Vaxtilə müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərinin hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Zeynalabidin Tağıyevin məsciddə, ruhanilər qarşısında çıxışı isə xüsusu maraq doğurur: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir...”
Amma görünür Zeynalabdin Tağıyevin 117 il öncə etdiklərinin bu gün də təkrarlanmasına ehtiyac var”, - millət vəkili yazıb.
Q.Həsənquliyev bildirib ki, hazırda bəzi yaşayış məntəqələrində qızlarımızın təhsil almaları ilə bağlı yaranmış vəziyyət hamımızı ciddi şəkildə narahat etməlidir. Çünki təhsilsiz qadın hər şeydən öncə təhsilsiz övlad və təbii ki, təhsilsiz millət deməkdir:
“Düşünürəm ki, din xadimləri öz xütbələrində, iştirak etdikləri məclislərdə rəvayətlər danışmaq əvəzinə qızların təhsil almalarını, qadın hüquqlarını, xeyriyyəçiliyi, haqqı və ədaləti təşviq etməli, bu istiqamətdə ardıcıl təbliğat aparmalı, sivil cəmiyyət qurucuıuğuna öz tövhələrini verməlidirlər.
Ümid edirəm rəhbərlik etdiyiniz qurumlar tezliklə bu istiqamətdə real addımların atılmasına nail olacaqlar”.
“Nar” Yeni ilə yeni smartfonla başlamaq istəyən abunəçilər üçün xüsusi kampaniyaya başlayıb.
Axar.az xəbər verir ki, dekabrın 24-dən yanvarın 4-nə kimi From.ae/nar səhifəsindən 4G smartfonu alan hər bir “Nar” istifadəçisi 10 GB-dək internet paketi və pulsuz çatdırılma əldə edəcək. Bu kampaniyaya qoşulmaqla abunəçilər yeni telefon əldə etməklə yanaşı, ölkənin ən geniş şəbəkələrindən birinə malik olan “Nar”ın sürətli 4G internetindən yararlana biləcəklər. Bunun üçün yuxarıda qeyd edilən saytın səhifəsindən 4G smartfonunun sifarişindən sonra qeyd edilən “Nar” nömrəsinin promo kodu təqdim olunacaq. Bu promo kodu SMS vasitəsilə 4565 qısa nömrəsinə göndərməklə aktiv internet paketinə uyğun 4G internet bonusu hədiyyə ediləcək.
Qeyd edək ki, internet paketi 15 gün ərzində aktiv olacaq. Kampaniya haqqında daha ətraflı məlumatı nar.az saytından əldə etmək olar.
“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 2007-ci il martın 21-də fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7 min 300-dən artıq baza stansiyası ilə 2,2 milyona yaxın abunəçiyə yüksək keyfiyyətli xidmət göstərir.
Hər il olduğu kimi, bu il də metroda Şaxta baba stansiyaları gəzərək balaca sərnişinlərə hədiyyələr verəcək.
Bu barədə Axar.az-a Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. Metropoliten sözçüsü bildirib ki, bununla bağlı son detallar hələlik müzakirə olunur:
“Şaxta babanın kim olacağı məlum deyil. Son detallar müzakirə olunur. Müzakirədən sonra hər şey məlum olacaq. Ancaq Şaxta baba olmağa namizəd çoxdur”.
Xatırladaq ki, artıq 4 ildir Bakı Metropoliteni belə aksiya keçirir. Bundan öncəki illərdə Şaxta baba Bakı metropoliteninin keçmiş mətbuat katibi Nəsimi Paşayev, qar qız isə marketinq şöbəsinin müdiri Lala Babayeva olurdu.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində və bayram günlərində baş verə biləcək fövqəladə hadisələrin qarşısının daha operativ alınması və nəticələrinin aradan qaldırılması, əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri dekabrın 29-dan gələn il yanvarın 2-dək gücləndirilmiş iş rejimində çalışacaq.
FHN-dən Axar.az-a verilən məlumata görə, bununla əlaqədar Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.