Azərbaycanda pozuntulara yol verdiklərinə görə 6 hakimin səlahiyyətlərinə xitam verilib.

Axar.az-ın məlumatına görə, bu barədə Ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə Məhkəmə-Hüquq Şurasının dekabrın 21-də keçirilən iclasında qeyd olunub.

Yığıncaqda vurğulanıb ki, səlahiyyət müddəti bitmiş 56 hakimin və 7 məhkəmə sədrinin fəaliyyətinin qiymətləndirilməsi nəticələri prinsipial müzakirə edilib, 4 məhkəmə sədrinin işində nöqsan və çatışmazlıqlara görə aşağı işə keçirilməsi, vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verməsi nəzərə alınaraq, 6 hakimin səlahiyyətlərinə xitam verilməsi barədə qərar qəbul olunub.

Eyni zamanda, 57 nəfərin peşəkarlıq səviyyəsinə uyğun müxtəlif hakim vəzifələrinə təyinatı məqsədəuyğun sayılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış on mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, mənzillərdən ikisi birotaqlı, üçü ikiotaqlı, beşi üçotaqlı olub.

ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Vüqar Behbudov mərasimdə çıxış edərək ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışıb. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində mənzil alan ailələri təbrik edib. Bildirib ki, şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilən mənzillərin sayı 6200-dən çoxdur. Təkcə bu il həmin kateqoriyadan olan ailələrə 626 mənzil təqdim edilib.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

Yeni mənzil alanlar onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.


14:36

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Axar.az məktubun mətnini təqdim edir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Əminəm ki, Sizin ali dövləti fəaliyyət sahəsində çoxillik təcrübəniz, xalqınızın rifahının yaxşılaşdırılmasına yönəlmiş gərgin səyləriniz bundan sonra da Azərbaycanın firavanlaşmasına və davamlı inkişafına sanballı töhfə verməkdə davam edəcək.

İnanıram ki, Astana ilə Bakı arasında çoxəsrlik ənənəvi dostluq münasibətləri qardaşcasına strateji tərəfdaşlıq əsasında, habelə ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da dinamik şəkildə inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, tükənməz enerji, məsul dövləti vəzifənizdə yeni uğurlar, qardaş Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".

***

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Vladimir Vasilyevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Siz uğurlara imza atmış bir dövlət xadimi kimi Azərbaycan Respublikasında sabitliyin və firavanlığın qarantısınız.

Sizin müdrikliyiniz, uzaqgörənliyiniz və geniş dünyagörüşünüz sayəsində bu gün Azərbaycan Respublikası dinamik inkişaf edən bir dövlətdir.

Əminəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik dostluq tellərinə və qarşılıqlı hörmətə əsaslanan səmimi və mehriban qonşuluq münasibətləri xalqlarımızın mənafeyi naminə bundan sonra da genişlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaqda yeni uğurlar diləyirəm”.


“Bakcell” ilkə imza ataraq, abunəçiləri üçün “Elektron pul kisəsi xidməti” (E-Wallet) istifadəyə verəcək.

Axar.az xəbər verir ki, bu barədə şirkətin Əlavə Dəyər Xidmətləri üzrə şöbə müdiri Fərəh Allahverdiyeva jurnalistlər üçün təşkil edilən “Mobil Telekommunikasiyaya Giriş” adlı təlimdə deyib.

O bildirib ki, hər bir abunəçinin mobil nömrəsi həm də onun bank hesabına çevriləcək:

“Bu xidmət imkan verəcək ki, abunəçi hesabından müxtəlif ödənişlər etsin. Hazırda “Bakcell”in elektron pul kisəsi xidməti üzərində hazırlıq işləri aparılır. Bu xidmətin gələn il istifadəyə verilməsi planlaşdırılır. Elektron pul kisəsi bank kartına çox oxşadığı üçün abunəçi balansını istənilən şəkildə artıra biləcək. Buraya hesabın istənilən valyutada saxlanılması, hesabın əməliyyat tarixçəsi, hesaba pul keçirilmə və çıxarılması, mobil telefon hesabının ödənişləri, müxtəlif TV, internet və sair daxildir”.

İkinci Fəxri Xiyabanda Aprel şəhidi mayor Urfan Vəlizadənin qəbrinin yanına çatanda şəhidin qızı Zəhranın anasına dediyi ilk sözlər belə oldu: “Nə əcəbsə, gülləri oğurlamayıblar”.

Zəhra ona görə təəccüblənmişdi ki, hər dəfə ailəsi ilə qəbri ziyarət etməyə gələndə güllərin oğurlandığını görürdü. Son oğurluq hadisəsindən sonra Zəhranın balaca ürəyi buna dözməyib və oğruya məktub yazıb.

Məktubu ilk görən şəhidin həyat yoldaşı Könül Vəlizadə olub. O deyir ki, qızının oğruya yazdığı sözləri oxuyanda bir anlıq şok vəziyyətinə düşüb.

Şəhidin digər qızı 3 yaşlı Bətülün əslində nələrin baş verdiyindən xəbəri yoxdur, hələ başa düşmür. Özü üçün oynayır, gülür, yağan yağış damlalarını balaca əlləri ilə tutmağa çalışır. Zəhra isə bacısının da yerinə oğruya demək istədiyi sözləri dedi.

İkinci Fəxri Xiyabanda olan mollalar da dəfələrlə oğurluq hadisənin olduğunu, onların hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulduğunu bildirdilər.

Könül Vəlizadə baş vermiş hadisə ilə əlaqədar Yasamal rayonu 28-ci polis bölməsinə müraciət edib. Polis əməkdaşları hadisə yerinə baxış keçiriblər. Faktla bağlı araşdırmalara başlanılıb.


“Ulduz taksi” (*5000) şirkəti bu gündən etibarən gediş qiymətlərini 22% bahalaşdırıb.

Axar.az xəbər verir ki, şirkətin operatorları bahalaşmanı ötən günə qədər “endirim qiymətlərlə” çalışmaları ilə əsaslandırıblar. Belə ki, şirkət artıq güzəştli qiymətləri bugündən ləğv edib və nəticədə gediş qiymətləri 22% civarında bahalaşıb.

Bu qiymət siyasəti ilə “Ulduz taksi” (*5000) Bakıda ən baha xidmət göstərən taksi şirkətlərindən birinə çevrilib.

Ümumiyyətlə isə son 3 gündə bütün taksi şirkətlərində qiymət artımı müşahidə olunur. Taksi sürücüləri bunu havaların yağışlı keçməsi səbəbindən taksi şirkətlərinə müraciətlərin çoxalması ilə əlaqələndirirlər.

Qeyd edək ki, taksi şirkətləri bu ilin ikinci yarısından başlayaraq, qiymətləri artırıblar. Ötən illə müqayisədə taksi şirkətlərində artım 40%-ə qədər özünü göstərir.

Cavid Fəxrəddin oğlu Səfərov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Report-un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 20-də bununla bağlı fərman imzalayıb.


Dekabrın 20-də Dövlət Gömrük Komitəsində “Gömrük sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi üzrə 6-cı beynəlxalq elmi-praktik konfrans” öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Axar.az-a bildirilib ki, konfransda Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Təmkin Xəlilov, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Dilavər Fərzəliyev, aidiyyəti qurumların nümayəndələri, Rusiya Gömrük Akademiyasının prorektoru, həmin akademiyanın Rostov filialının direktoru Pyotr Başlı, Rusiya Federal Gömrük Xidmətinin İnformasiya Texnologiyaları Baş İdarəsinin rəis müavini Ruslan Najimov, Özbəkistan Respublikası Gömrük Komitəsinin İnformasiya-Kommunikasiya Texnologiyaları idarəsinin rəisi Doniyor Maksumov, Qazaxıstanın Azərbaycandakı səfirliyinin məsləhətçisi Aydın İmaşov, Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbə və müdavimləri iştirak ediblər.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəis müavini Ramiz Hümbətov bildirib ki, Azərbaycan gömrüyü qısa zaman kəsiyində böyük inkişaf yolu keçib. Gömrük sistemində informasiya texnologiyalarının geniş şəkildə tətbiq edildiyini deyən R.Hümbətov konfransın gömrük sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi, işgüzar əlaqələrin qurulması, bilik və bacarıqların əldə edilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Dövlət Gömrük Komitəsinin Akademiyası haqqında da ətraflı məlumat verən R.Hümbətov artıq bu təhsil müəssisəsinin ölkənin mühüm elm ocaqlarından birinə çevrildiyini diqqətə çatdırıb.

Konfransda müzakirə olunacaq məsələlərin gömrük xidmətləri üçün əhəmiyyətindən danışan Rusiya Gömrük Akademiyasının Rostov filialının direktoru Pyotr Başlı hazırda informasiya texnologiyalarının bütün gömrük xidmətlərinin fəaliyyətinin əsasını təşkil etdiyini diqqətə çatdırıb və qeyd edib ki, gələcəkdə informasiya texnologiyalarının tətbiqi ilə malların istehsalından satışına qədər baş verən proseslər izlənə biləcək və gömrük orqanları istər infrastruktur, istərsə də ixtisaslı kadrların hazırlanması baxımından buna hazır olmalıdırlar. Qonaq, eyni zamanda Rusiya Gömrük Xidmətində və Rusiya Gömrük Akademiyasında informasiya texnologiyalarının tətbiqi sahəsində görülən işlər barədə məlumat verib və konfransın təcrübə mübadiləsi, əməkdaşlığın gücləndirilməsi istiqamətində uğurlu platforma olduğunu bildirib.

Daha sonra konfrans “Gömrük sferasında İKT”, “Gömrük prosedurlarının idarə olunmasında İKT-nin rolu” adlı sessiyalarla davam edib. Sessiyalarda “Azərbaycan Respublikasında qabaqcıl texnologiyaların tətbiqi və gömrük sistemində İKT-nin tətbiqi ilə bağlı beynəlxalq təcrübə”, “Rusiya Federasiyasının gömrük orqanlarında İKT-nin tətbiqi”, “Özbəkistan Respublikasının gömrük orqanlarında İKT-nin tətbiqi: biznesə yardım üçün platforma”, “Qazaxıstanın dövlət gəlirləri orqanlarında gömrük risklərinin idarəedilməsi sistemi”, “Rusiya Gömrük Akademiyasında gömrük mütəxəssislərinin hazırlanması üçün innovativ informasiya texnologiyalarının tətbiqi” və digər mövzularda təqdimatlar keçirilib.

İki gün davam edəcək konfransın növbəti günündə tədbir iştirakçılarının Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasında görüşü nəzərdə tutulur.


11:06

Xabarovsk əyalət məhkəməsi ağırlıqqaldırma üzrə Dünya və Avropa çempionu Andrey Draçevin ölüm işi üzrə həmyerlimiz Anar Allahverənovu təqsirkar bilərək, onu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 18 il müddətinə azadlıqdan məhrum edib.

Axar.az xəbər verir ki, dövlət ittihamçısı Allahverənov üçün 19 il həbs cəzası istəsə də, müttəhimin vəkilləri buna etiraz ediblər.

Məhkəmədə son söz verilən Allahverənov Andrey Draçevin yaxınlarında üzr istəyib. Qismən günahkar olduğunu etiraf edən Allahverənov cinayəti ehtiyatsızlıq səbəbindən törətdiyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin 20 avqustunda Xabarovskda yerləşən kafelərdən birində Andrey Draçevlə Anar Allahverənov arasında dava baş verib. Hadisə nəticəsində aldığı xəsarətlərdən Draçev xəstəxanada dünyasını dəyişib. Anar Allahverənov hadisədən təxminən 1 ay sonra hüquq-mühafizə orqanlarına müraciət edərək təslim olub.

Hazırda Baş Dövlət Yol Polisi və Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi idarələrinin əməkdaşları paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq, xidməti fəaliyyətlərini davam etdirirlər.

Daxili İşlər Nazirlindən Axar.az-a verilən məlumata görə, gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq bağçaları, orta ümumtəhsil məktəbləri, iri idarə və müəssisələrin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Həmin məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.

Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər. Görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə, paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.

Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.

Xəbər lenti