![]() |
|
12:47
Geridə qoymaqda olduğumuz bu il əhəmiyyətli və səs-küylü hadisələrlə yadda qaldı.
Axar.az 2018-ci ildə Azərbaycanda baş verən ən mühüm ictimai-siyasi, iqtisadi və kriminal proseslərin xrologiyasını hazırlayıb.
İlin ən əhəmiyyətli hadisəsi prezident seçkiləri idi. Oktyabrın 9-dan aprelin 11-nə keçirilən seçkilərdə YAP-ın namizədi İlham Əliyev qalib gələrək, 2016-ci ildə keçirilən referendumdan sonra Konstitusiyaya edilmiş əlavə və düzəlişlərə əsasən Azərbaycanın ilk 7 illik prezidenti seçildi.
Seçkidən sonra Nazirlər Kabinetinin tərkibinin yenidən formaladırılması ciddi kadr dəyişiklikləri ilə müşayiət olundu. Baş nazir Artur Rasizadənin yerinə Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi olmuş Novruz Məmmədov, Kənd Təsərrüfatı naziri Heydər Əsədovun yerinə ASAN Xidmət rəhbəri İnam Kərimov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovu Sahil Babayev, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun yerinə deputat Muxtar Babayev, Dövlət Miqrasiya Xidməti rəisi Firudin Nəbiyevin əvəzinə millət vəkili Vüsal Hüseynov, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi sədri Əli Həsənovun yerinə deputat Rövşən Rzayev təyin olundu.
Həmçinin, Baş nazirin müavinlərindən Abid Şərifovla Elçin Əfəndiyev vəzifələri ilə vidalaşdı. Bakı meri Hacıbala Abutalıbov isə Baş nazir müavini təyin edildi. Bir neçə ay sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı postuna Səbayel rayon icra başçısı Eldar Əzizov gətirildi.
Disporla İş üzrə Dövlət Komitəsində uzun illər çalışan nazim İbrahimov da vəzifədən azad edildi və onu deputat Fuad Muradov əvəzlədi.
Vergilər naziri postuna təyinat alan Mikayıl Cabbarovdan sonra Təhsil naziri vəzifəsini Ceyhun Bayramov tutdu.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevi isə seçkilərdən sonra Səfər Mehdiyev əvəzlədi.
Mədəniyyət və Turizm Nazirliyi seçkilərdən sonra Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi olaraq iki struktura ayrıldı. Əbülfəz Qarayev Mədəniyyət naziri, Fuad Nağıyev isə Dövlət Turizm Agentliyinin sədri oldu.
Bu ilin yanvar ayından fəaliyyətə başlayan Qida Təhlükəsizliyi Agentliyinə Qoşqar Təhməzli sədr təyin olundu.
Bu ilin əlamətdar hadisələrindən biri isə Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması idi.
27-29 aprel tarixlərində isə ölkəmiz dünyanın diqqətini Formula 1 Azərbaycan Qran Prisi ilə cəlb etdi.
Azərbaycan qazının Türkiyə ərazisinə nəqlini həyata keçirəcək TANAP layihəsinin işə düşməsi isə 2018-ci ilin ən gözəl iqtisadi hadisəsi idi.
İlin ən dəhşətli faciəsi martın 2-də Respublika Narkoloji Dispanserdəki yanğın idi. Yanğın zamanı 25 nəfər dünyasını dəyişdi.
İlin ən səs-küylü olaylarından biri iyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ilə bağlı paytaxtda və rayonlarda elektrik enerjisi kəsilməsi oldu. Respublikada iki gün işıq problemi yaşandı.
Prezident keçirdiyi müşavirədə Azərenerji ASC prezidenti Etibar Pirverdiyevi sərt şəkildə tənqid edərək, qurum rəhbərini məsuliyyətsizlikdə günahlandırdı. Qısa müddət sonra Pirverdiyev vəzifəsindən azad edildi. Onun yerinə Azərişıq ASC sədri Baba Rzayev təyin olundu.
İlin ən qanlı hadisəsi isə iyulun 3-də Gəncədə icra başçısı Elmar Vəliyevin güllələnməsi oldu. Ona sui-qəsd edən Yunis Səfərov həbs edildi.
Onun həbsindən sonra iyulu 10-da bir qrup radikal tərəfindən Gəncənin mərkəzinə təyin edilmiş aksiyada iki polis polkovniki xəncərlə qətlə yetirildi.
Baş Prokurorluğun məlumatına görə, həmin hadisələrlə bağlı 60 nəfər həbs edilib, Dövlət Təhlükəsizliyi Xidməti isə 5 nəfərin zərərsizləşdirildiyini bildirib.
Bu gün mediada, televiziya kanallarında heç bir maarifləndirici mahiyyəti olmayan uşaq təcavüzü, qadın zorakılığı, işgəncə, intihar kimi məlumatlar və onlarla bağlı video-görüntülər yer alır. Əksər media mütəxəssisləri bu cür, heç bir əhəmiyyət kəsb etməyən məlumatların verilməsini düzgün hesab etmir. Media mütəxəssisləri və psixoloqların fikrincə, belə məlumatlar, onlarla bağlı görüntülər cəmiyyətdə aqressiya formalaşdırır və ona baxan insanın təhtəlşüurunda belə bir hadisənin ola bilmə ehtimalını yaradır. Bu da cəmiyyətdə aqressiv insanların sayını artırır və insanları özlərinə, hətta ailə üzvlərinə qarşı xoflu edir.
Nüfuzlu beynəlxalq media qurumlarında bu məsələlərlə bağlı xüsusi həssaslıq nümayiş etdirilir. Məsələn, misirli aktrisa Rania Yusubun tədbirə açıq paltar geyindiyinə görə 5 il müddətinə həbs olunma təhlükəsi yaranır. Bu məsələ ilə bağlı material hazırlayan BBC sujetdə qadının bütöv şəklini vermir, paltarın açıq hissəsini göstərmir ki, başı onsuz da bəlada olan aktrisanın işini daha da çətinləşdirməsin.
Qərb mütəxəssisləri hesab edir ki, xüsusilə media bu cür məsələlərdə - bir fərdə və ümumilikdə cəmiyyətə problem yaradacaq mövzularda maksimum diqqətli olmalıdır.
Mövzu ilə bağlı Axar.az-a danışan media eksperti Qulu Məhərrəmli də hesab edir ki, medianın baş verən hadisəyə, hadisədə adı hallanan şəxsə, xüsusilə qadın və uşağa yanaşması incə olmalıdır. Q.Məhərrəmlinin fikrincə, bu gün fəaliyyət göstərən saytların cəmi 10 faizi media funksiyasını həyata keçirir:
“Hər bir mətbu orqanın bir media siyasəti olmalıdır. İşgəncə, zorakılıq kimi heç bir əhəmiyyətə malik olmayan məlumatların açıq şəkildə saytlarda verilməsi cəmiyyətdə növbəti aqressiya yaradır. Söhbət təkcə maarifçilikdən getmir, söhbət mediaya verilən tələblərin heç olmasa, yarısına cavab verməkdən gedir.
Hər sosial şəbəkədə paylaşılan görüntü, status, söhbət sayt üçün mövzu olmamalıdır. İctimai əhəmiyyətli məsələlər tamamilə fərqlidir. Saçı əri tərəfindən kəsilən qadının məsələsi məişət mövzusudur. Buradakı zorakılıq işlənməli, araşdırlmalıdır, daha video olduğu kimi daha cəlbedici başlıqla təqdim edilməməlidir.
Sosial şəbəkələrin tullantılarını mediaya daşımaq olmaz. Bu videonun saytlar vasitəsilə tirajlanması belə olayların artmasına, o ağılda olan adamların qarşısındakını eyni üsulla cəzalandırmasına səbəb olur. Media şəxsi münasibətləri, şəxsi qərəzləri həll etmək üçün vasitə, alət ola bilməz. Ancaq təəssüf ki, Azərbaycanda media bu funksiyanı yerinə yetirir”.
Ancaq Musavat.com saytının baş redaktoru Xalid Kazımlı hesab edir ki, bu, cəmiyyətin problemidir, belə hadisələr mediasız da baş verir:
“Bu mövzu dəfələrlə qabarıb və hər dəfə də az qala media günahkar çıxarılır. Yəni qəzetlər, saytlar yazsa da, yazmasa da, belə bir durum var və uyğun faktlar ortadadır. Əksinə, media bu biabırçılığa diqqət cəmləyəndə, ictimai rəy yaradanda, hər kəs durumun nə qədər vahiməli və ikrahdoğurucu olduğunu bilir. İctimaiyyətin bu kimi zorakı adamlara qarşı hiddəti, nifrəti bir çox hallarda o psixopatlara çəkindirici faktor olur, üstəlik, səlahiyyətli adamlar, aidiyyəti qurumlar təsirli əks-tədbirlər görməyə başlayır. Bizim missiyamız budur və biz heç nə olmamış kimi davrana bilmərik. Biz bütün biabırçılıqları yazmalıyıq və hamı da bilməlidir ki, belə davam edə bilməz”.
Aznyus.az saytının şef redaktoru Babək Göyüşün fikrincə isə zorakılıqla bağlı materialların yayımlanmasına qadağa qoyulsa, yaxşı olar:
“Ümumiyyətlə, düşünürük ki, bu cür materiallar uşaqların psixologiyasına mənfi təsir göstərir. Valideynlərin uşaqlarını tərbiyə etməsi məsələsinə də mənfi təsir edə bilər. Çalışırıq ki, belə informasiyaları maksimum azaldaq. Bizdən fərqli olaraq mediada, sosial şəbəkələrdə bu cür materiallara həddindən çox yer verilir. Əlimizdən gələn qədər, status yazaraq belə məlumatların yayılmasının qarşısını almağa çalışırıq. Təbii ki, həmişə buna müvəffəq ola bilmirik”.
Publika.az saytının baş redaktoru Aqil Lətifov isə hesab edir ki, mediada bu tip xəbərlər gündəmi zəbt edən zaman bu müzakirələr meydana çıxır və heç bir nəticə hasil olmadan elə həmin xəbərlərlə birgə arxiv olur:
“Əgər hansısa xəbərin informasiya yükü, səhihliyi varsa, dövlətçilik əleyhinə və sirr deyilsə, media onu niyə də verməsin? Təəssüf ki, bizdə vəziyyət fərqlidir. Dünya mediasında verilənlər bizim mediada gedəndə qınağın biri bir qəpikdən olur. Əfsus ki, bir çoxu burada medianın rolunu qarışdırır. Axı media insan yetişdirən orqan deyil. Media yetişmiş, kamil insanlara xəbər verir.
Məsələnin Azərbaycan tərəfinə keçəndə və şəxsi yanaşmaya gələndə vəziyyət tamamilə dəyişir. Bizdə xəbər oxuyan kütlənin əksəriyyəti yetişməmiş insanlardır və bir növ mediamız öz xəbərlərilə onları istiqamətləndirir. Deməli, biz saytlarımızda yazı verərkən bütün bunları da nəzərə almalı, insan yetişdirmək vəzifəsini də yerinə yetirməliyik. Bu məqam isə böyük məsuliyyət yaradır. Amma bəzən saytlar sosial medianın əsirinə çevrilir. Elə son olaylarda bunu gördük. Təəssüf ki, sosial mediada gündəm olan məsələlər bir çox hallarda olduğu kimi saytlara gətirilir. Burada həmin informasiyanın, xəbərin zərərləri olması deyil, "qabağa düşüm" prinsipi əsas rol oynayır. Necə ki, saçı qırxılan qadının nümunəsində bunu gördük. Xəbər Feysbukda yayıldığı formada saytlarımızı bəzədi. Sosial şəbəkədə süzgəc yoxdur və hər şey olduğu kimi yayıla bilər, amma saytlarımızda bu yolverilməzdir. Xəbərin bütün mümkün nəticələri nəzərə alınmalıdır.
Şəxsi seçimimə qalsa, saytda zorlama, intihar, 18+ xəbərləri vermərəm. Amma bəzən müəyyən məqamlar bu sahələrdən xəbər verməyə məcbur buraxır. Bununla belə bu istiqamətli yazıları müəyyən qadağalar qoymuşam, başlıqlardan açıq-saçıq sözləri yığışdırmışıq. Qorxu yaradan, qan şəkillərini qadağan etmişik. Hər kəsin ailə çərçivəsində oxuya biləcəyi yazılar və üz fotoları verməyə çalışırıq. Məqsədimiz odur ki, daha çox ciddi, informasiya yükü olan, maarifləndirci, oxucuların müsbət fayda əldə edəcəyi yazılar verək. Eyni zamanda, sosial medianın gündəmini saytımıza gətirməyə yox, istədiyimiz yazının, mövzunun sosial şəbəkələrin gündəminə oturtmağa çalışırıq. Deyərdim ki, bu istəyimizi çox halda həyata keçirə bilirik”.
Azərbaycanda sosial şəbəkələrdə insanların dini fikirlərini azad şəkildə ifadə etməsi üçün tolerant mühit var. İndi tolerant həyatımıza ən böyük təhlükə islam adı ilə yaradılan dini icmalardır. Bu gün Azərbaycanın iqtisadi inkişafı bir çoxlarının xoşuna gəlmir. Buna qarşı qarayaxma kampaniyaları aparırlar.
Axar.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bu gün “Dini qurumlar və sosial media” mövzusunda keçirilən konfransda deyib.
“Bəziləri “İslam dini qrupları” vasitəsilə Azərbaycanı geriyə aparmağa çalışırlar. Bu qrupların kitablarının ölkəmizə daxil olmaması üçün Dini Komitə yetərincə ciddi addımlar atır. Azərbaycan jurnalistikası da dövlətçilik mövqeyində dayanır. Bunu biz Nardaran, Əbu Bəkir məscidi ilə bağlı məsələlərdə müşahidə etdik.
Bununla yanaşı, xaricdə yaşayan azərbaycanlılar sosial şəbəkədə yanlış məlumat yaymaqla pozuculuq yaratmaq istəyirlər. Məqsədləri sosial şəbəkə vasitəsilə saylarını artırmaqdır. Dünyanın bir çox ölkələri bu problemdən əziyyət çəkir. Mətbuat Şurası olaraq biz də bu mövzu ilə bağlı qanun üzərində işləyirik. Bu məsələlərin tənzimlənməsi məktəbdən başlanmalıdır. Məktəbdə savadlı, milləti sevən vətəndaş yetişdirsək, gələcəkdə bu problemlərin sayı azalar. Baş verən hadisələrin qarşısını almaq üçün qanunvericilik bazasını təkmilləşdirməliyik”, - Amaşov bildirib.
“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov isə bildirib ki, bu cür tədbirlərin keçirilməsi cəmiyyətimizin və mətbuatımız üçün faydalıdır:
“Sosial şəbəkələrin sosial media adlandırılmasını qəbul etmirəm. Media peşəkar jurnalistlərin çalışdığı məkandır, sosial şəbəkədə isə müxtəlif əqidələrə xidmət edənlər var və onlar burada öz fikirlərini bölüşürlər. Bəzən təhqirlər və aşağılama hallarına da rast gəlirik.
Bəzən görürsən ki, şəhidlərlə bağlı xoşagəlməz məqamlara rast gəlirik. Bəzən jurnalistlər sosial şəbəkədə gedən müzakirələri mətbuata gətirir. Burada biz jurnalistlərin də peşəkarlığı önəmlidir”.
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 18-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 85-95 faiz olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-5, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.
Dekabrın 18-19-da tibbi-meteoroloji proqnoz Abşeron yarımadasında rütubətli hava şəraiti əksər meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Bir neçə gün öncə Dubay-Bakı aviareysi ilə Bakıya gələn və həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə 23 ədəd mobil telefonu xüsusi "ssenari" ilə keçirməyə cəhd edən Yaqubova Layə Cümşüd qızı Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş mühasibi Şövkət Yaqubovanın qızıdır.
Axar.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən Ş.Yaqubova saxlanılan şəxsin onun qızı, Nurlan Nəsibovun isə kürəkəni olduğunu təsdiqləyib.
Xatırladaq ki, dekabrın 11-də FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib.
Layə Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan Nurlan Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.
Gömrük əməkdaşlarının diqqətinin Nurlan Nəsibova yönəldiyini görən Layə Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib. Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən Layə Yaqubovanın havalimanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd "Samsung S9 64GB", 1 ədəd "Samsung Note 9 128GB" , 5ədəd "İphone XS Gold 64GB", 3 ədəd "İphone XS Space Gray 64GB" , 1 ədəd "İphone XS Gold 256GB", 1 ədəd "İphone X Silver 64GB", 1 ədəd "İphone XS MAX Space Gray 256GB", 1 ədəd "İphone XS MAX Space Gray 64GB", 1 ədəd "İphone XS MAX Gold 256GB" və 2 ədəd "İphone XS MAX Gold 64GB" markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd "Samsung S9 64GB" markalı mobil telefon aşkar olunub.
Yaqubova Layə Cümşüd qızı ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ərlə arvadın hazırladıqları "ssenari" kameralar vasitəsilə qeydə alınıb və həmin görüntüləri təqdim edirik.
Sürücü özünü yandırmaqla onu saxlayan polisləri qorxutmaq istəyib. Yol polisi əməkdaşlarının köməyi olmasaydı, həmin sürücünün sağ qalma ehtimalı bəlkə də olmayacaqdı. Hadisənin necə baş verdiyi, sürücünün özünü necə yandırdığını əks etdirən görüntülər də var.
Bu sözləri Axar.az-a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə olan avtomobilinin üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılan və buna etiraz olaraq özünü yandıran sürücü barədə danışarkən bildirib.
V.Əsədovun sözlərinə görə, polis əməkdaşı sürücünü yanmaqdan xilas etmək üçün onun əynindəki gödəkçəni çıxarıb və bu zaman da özü xəsrət alıb:
“O özünü yandırmaq istəyən zaman polis əməkdaşı onun əlindən əvvəl kibriti alıb. Lakin sürücünün digər əlində alışqan olub və o, bununla özünü yandırmağı bacarıb. Buna baxmayaraq, polis əməkdaşları onun artıq alışaraq yanan gödəkçəsini çətinliklə də olsa, əynindən çıxara bilib. Polis əməkdaşının bu zaman özünün də yanıq xəsarəti almasına baxmayaraq, sürücünün tam yanmaması üçün əlindən gələni edib. Polis sürücünün əynindəki gödəkcəni çıxarmasaydı, indi sürücünün yanıq dərəcəsi daha da ağır olardı, bəlkə də onun sağ qalması mümkün olmazdı.
Sürücünün təkcə boynu və sağ əlinin dərisinin yanması, yanığın az olması polis əməkdaşının cəld tərpənməsi sayəsində olub.
Bütün bunları sübut edən kamera görüntüləri də var. Müşahidə kamerasına da baş verən hadisə anbaan düşüb. Görüntülərdən də görünür ki, yol polisi əməkdaşları sürücü ilə söhbət etməyə çalışır, sənədlərini tələb edir.
Sürücünün əynindən çıxarılan gödəkcə tez bir zamanda necə alışıb yanır, hamısı müşahidə kamerasında əksini tapıb”.
V.Əsədov bildirib ki, hələlik sürücünün bunu hansı səbəbdən etdiyi məlum deyil. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır:
“Araşdırmadan sonra məlum olacaq ki, sürücü bu addımı nə üçün atıb. Həmçinin sürücünün yaralanmasına səbəb olduğu polisə görə hər hansısa formada cəzalandırıb-cəzalandırlmayacağı da araşdırmalardan sonra məlum olacaq.
Sürücülər başa düşməlidir ki, bu tip avtomobilllərin istifadə edilməsi həm sürücünün özü üçün, həm də digər avtomobillər üçün olduqca təhlükəlidir”.
Əsədov bildirib ki, bu cür avtomobil sürücülərinə qarşı reydlər davam etdiriləcək.
Qeyd edək ki, ötən gün saat 16:40 radələrində paytaxtın Nəsimi rayonunun Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində nasaz vəziyyətdə, yol hərəkətində istismarı mümkün olmayan QAZ-31 markalı, 10 NR 899 dövlət nömrə nişanlı avtomobil yük daşıma qaydasını pozduğu, üstündə 12 metr uzunluğa malik tikinti materialı – armatur daşıdığı üçün yol polisi əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü saxlanılarkən yol polisləri tərəfindən ona müvafiq sənədin təqdim edilməsi, eyni zamanda spirtli içkinin dərəcəsinin yoxlanılması üçün tibbi müayinədən keçirilməsi təklif edilib. Lakin sürücü sənəd təqdim etməyib və spirtli içkinin dərəcəsinin yoxlanılmasından imtina edib. Daha sonra o, avtomobilində olan benzini üzərinə tökərək özünü yandırıb.
Yaralı sürücü Respublika Yanıq Mərkəzinə çatdırılıb. Mərkəzdən bildirilib ki, onun boynu və sağ əlinin dərisinin yanığı qeydə alınıb.
Xarici ticarət fəaliyyəti ilə məşğul olan hər bir şəxs gömrük sərhədindən keçirəcəyi mal və nəqliyyat vasitələribarədə məlumatları gömrük orqanlarına daha rahat göndərə bilər.
Dövlət Gömrük Komitəsindən (DGK) Axar.az-a verilən məlumata görə, Gömrük Məcəlləsində nəzərdə tutulmuş bütün bəyannamələr–idxal və ixrac daxil olmaqla, yalnız elektron formada aparılır. Elektron bəyannamə gömrük rəsmiləşdirilməsinin daha çevik və şəffaf həyata keçirilməsi, məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsi və əlavə vaxt itkisinin qarşısının alınması üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, sahibkar elektron bəyannaməni internetə çıxışı olan istənilən məkandan elektron hökumət portalı (www.e-gov.az) və ya Dövlət Gömrük Komitəsinin saytı (www.customs.gov.az) vasitəsilə tərtib edib, gömrük orqanına göndərə bilər.
Daha ətraflı məlumat DGK-nın hazırladığı maarifləndirici videoçarxda:
Ağdam Rayon Polis Şöbəsində (RPŞ) kadr dəyişikliyi olub.
Report xəbər verir ki, RPŞ-nın iki bölmə rəisi işdən çıxarılılb.
Məlumata görə, RPŞ-nın ictimai təhlükəsizlik bölməsin rəisi, polis polkovnik-leytenantı Razil Zeynalov və post patrul bölməsinin rəisi, polis baş-leytenantı Tacir Muradov tutduqları vəzifədən azad ediliblər.
İşdən çıxan bölmə rəislərinin vəzifələrinə hələlik təyinat yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl daxili işlər naziri Ramil Usubovun əmri ilə Pərviz İsmayılov Ağdam RPŞ-yə rəis təyin olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Nazirlikdən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 18-dən dekabrın 21-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dekabrın 19-da gündüz yağışda fasilə olacaq.
Azərbaycanın rayonlarında dekabrın 19-u axşam bəzi şərq rayonlarında, dekabrın 20-si axşam, dekabrın 21-də isə ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, çaylarda sululuğun artacağı, Lənkəran-Astara zonasının bəzi çaylarından isə qısamüddətli daşqın keçəcəyi ehtimalı var. Dağlıq rayonlarda yolların buz bağlayacağı ehtimal olunur.