![]() |
|
Cəbhədə ölən işğalçı Ermənistan ordusunun əsgərləri üçün humanizm dərsi keçməyə çalışan insanlar ya dar düşüncəlidir, ya da ucuz populizmlə gündəmdə qalmağa çalışır.
Axar.az xəbər verir ki, bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı deyib. O bildirib ki, Mübariz İbrahimov Milli qəhrəmanımızdır:
“Onu insan öldürməyə görə ittiham etmək humanizm yox, ən azı cəhalətdir. Mübariz İbrahimov evində oturmuş birini öldürməyib. Azərbaycan ərazilərini işğal etmiş, qətliamlar və soyqırım törətmiş ordunun əsgərlərini öldürüb. Ordumuzun əsgərləri işğalçı ordunun əsgərlərini bir-bir təftiş edə bilməz ki, hansının ürəyindən nə keçir, kim bura könüllü gəlib, kimi zorla göndəriblər. Hansı erməni özünü məsum hesab edirsə və öldürülmək istəmirsə, onu Azərbaycan ərazisinə, cəbhə xəttinə göndərən hakimiyyətinə etiraz etsin və bizim torpaqlarımızı işğal altında saxlayan orduda xidmətdən imtina etsin. Əgər hansısa bir insan bizim ərazilərimizi işğal altında saxlayan orduda xidmət keçməyi normal hesab edirsə, onda onun ölümünü də normal qarşılamaq lazımdır”.
A.Aslanlı vurğulayıb ki, bir sahədə yeni nəsə öyrənməyə başlayan dar dünyagörüşə sahib insanların, ya da sırf gündəmdə qalmaq xatirinə sensasiya xarakterli açıqlamalar verənlərin fikirlərinə münasibət bildirməməyə çalışır:
“Hesab edirəm ki, onların fikirlərini uzun-uzadı müzakirə etmək onları məqsədinə çatdırır. Bu cür insanları boykot etməyin tərəfdarıyam. Amma Azərbaycanda son illərdə işğalçı ordunun əsgərlərinin ölməsinə saxta, ya da qüsurlu humanizm duyğusu ilə yanaşanlar artdığı üçün münasibət bildirməyi vacib hesab etdim”.
Onun qəhrəmanlığını qəbul etməmək Azərbaycan maraqlarını düşünməyən insanların işidir. Mübariz İbrahimov əsil qəhrəmanlıq, igidlik, cəsurluq simvolu kimi yaddaşlarda həmişə qalacaq. Təbii ki, düşmən tərəfi də var və Mübariz İbrahimovun qəhrəmanlığını gözdən salmağa çalışırlar. Məsələyə bu konteksdə baxmaq lazımdır.
Bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Mübariz İbrahimovu sevməyən və onun barəsində bu cür fikirlər səsləndirən adamlar ola bilər, amma Azərbaycanı sevən, onun maraqlarını düşünən insanlar Milli Qəhrəmanımıza yüksək qiymət verirlər.
“Mübariz İbrahimov bir sindromun qırılmasında mühüm rol oynayıb. Bəzən nadanlar və cahillərin bir qismi bildirirlər ki, o, hansısa bir məktəbin, məzhəbin təmsilçisi olduğu üçün bunu edib. Bunlar onun qəhrəmanlğını gözdən salmaq üçün atılan addımlardır. Mübariz İbrahimov birbaşa Azərbaycanın dəyərlərini yaşadan, onun düşmənindən qisasını alan bir qəhrəmandır. O, hansısa bir məktəbin deyil, bütövlükdə Azərbaycanın yetirməsidir. Mübariz İbrahimov bütövlükdə islam dünyasının qəhrəman oğludur”, - millət vəkili bildirib.
Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.
“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov dekabrın 15-də Xızı rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşları qəbul edib.
Baş Prokurorluqdan Axar.az-a verilən məlumata görə, qəbuldan əvvəl Baş prokuror və Xızı rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 22 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.
Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.
İstirahət günlərində səyahətə çıxan insanlar üçün hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumatda Böyük və Kiçik Qafqaza səyahət edən insanların nəzərinə çatdırırılır ki, hava şəraitinin əsasən yağmursuz, bəzi yerlərdə dumanlı olacağı gözlənilir. Lakin dekabrın 16-da axşam ayrı-ayrı yerlərdə yağış yağacağı ehtimalı var. Havanın temperaturu dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 3-5 dərəcə isti təşkil edəcək.
Lənkəran-Astara bölgəsinə üz tutanların nəzərinə çatdırılır ki, əsasən hava şəraitinin yağmursuz keçəcəyi, lakin dekabrın 16-sı gündüzdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şərq küləyi üstünlük təşkil edəcək. Havanın maksimal temperaturu 8-12, dağlıq rayonlarda 6-9 dərəcə isti təşkil edəcək.
Aran rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Havanın maksimal temperaturu 8-13 dərəcə isti təşkil edəcək.
Naxçıvan MR-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman müşahidə olunacaq. Zəif şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 6-11 dərəcə isti təşkil edəcək.
Paytaxt qonaqlarının nəzərinə çatdırılır ki, hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, dekabrın 15-i gündüz, dekabrın 16-da əsasən yağmursuz keçəcəyi gözlənilir. Dekabrın 16-sı gündüz mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın maksimal temperaturu 9-12 dərəcə isti təşkil edəcək.
Maliyyə Sabitliyi Şurasının bu ilin ilk 9 ayının yekunlarına həsr edilmiş iclası keçirilib.
Mərkəzi Bnakdan Axar.az-a verilən məlumata görə, iclasa ölkənin baş naziri, Maliyyə Sabitliyi Şurasının sədri Novruz Məmmədov sədrlik edib.
İclasın gündəliyinə uyğun olaraq Maliyyə Sabitliyi Şurasının katibliyi tərəfindən ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətində görülmüş işlər barədə icmal-hesabat təqdim edilib.
Müzakirələr zamanı qeyd edilib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanmış, qeyri-neft sahələrinin və regionların inkişafı sürətlənib. Cari ilin 9 ayında ümumi daxili məhsul qeyri-neft sektoru üzrə 1% artıb. Qeyri-neft sənayesində 10,8%, kənd təsərrüfatında 4,3%, informasiya və rabitə xidmətlərində 7,7%, ticarətdə 2,7%-lik artıma nail olunub. İqtisadiyyatın və sosial sahələrin inkişafı istiqamətində bütün maliyyə mənbələri hesabına əsas kapitala 10,1 milyard manat investisiya yönəldilib. Əsas kapitala yönəldilən vəsaitlər keçən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə 20,2%, qeyri-neft sənayesi üzrə isə 24,4% artıb. Əhalinin gəlirləri 9,5% artmaqla inflyasiyanı 6,9% üstələyib.
2018-ci ilin 9 ayında ölkənin xarici sektor göstəricilərinin yaxşılaşması davam edib. Cari əməliyyatlar hesabının profisiti 5,1 mlrd. ABŞ dolları olmaqla ÜDM-in 15%-ni təşkil edib. Tədiyə balansı göstəricilərinin yaxşılaşmasına neftin dünya qiymətinin yüksəlməsi ilə yanaşı qeyri-neft sektoru üzrə ixracın genişlənməsi də təsir göstərib.
Xarici sektor üzrə fundamental amillərin təsirləri fonunda 2018-ci ilin 9 ayında valyuta bazarında tarazlıq qorunub, milli valyutanın məzənnəsi sabit olmuşdur. Ölkənin strateji valyuta ehtiyatları dövr ərzində 7,6% və ya 3,2 mlrd. ABŞ dollar artaraq 45 mlrd. ABŞ dolları ötüb.
2018-ci ilin 9 ayında dövlət büdcəsinin gəlirləri 101,3%, xərcləri isə 98% icra olunub. Dövlət büdcəsinin 423,7 mln. manat məbləğində artıqlığı (profisit) yaranıb. Dövlət investisiyalarının artması iqtisadi aktivliyin dəstəklənməsində mühüm rol oynayıb.
2018-ci ilin üçüncü rübündə fiskal islahatlarla bağlı bir sıra mühüm qanunvericilik aktları (“Yeni Büdcə Qaydaları”, “Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” sənədi və “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”) təsdiq edilib. 2019-cu il üçün dövlət büdcəsinin layihəsi büdcə qaydalarına uyğun tərtib edilib.
Həyata keçirilən effektli makroiqtisadi siyasət şəraitində 2018-ci ilin 9 ayında orta illik inflyasiya proqnozlaşdırılandan əhəmiyyətli dərəcədə aşağı olmaqla 2,6% təşkil edib.
Hesabat dövründə makroiqtisadi sabitliyin möhkəmlənməsi və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla pul siyasəti yumşaldılıb, uçot dərəcəsi mərhələli şəkildə endirilib. Pul təklifinin dinamikası inflyasiya hədəfi nəzərə alınmaqla tənzimlənib, 2018-ci ilin 9 ayında manatla geniş pul kütləsi 8,3% artıb.
Bank sektoru tərəfindən 9 ayda iqtisadiyyata kredit qoyuluşları 4,6%, fiziki şəxslərin depozitləri 8,4% artıb.
Yekunda 2019-cu ildə makroiqtisadi sabitliyin qorunması və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işlərin davam etdirilməsi, eləcə də dayanıqlı makroiqtisadi sabitlik əsasında inklüziv iqtisadi artımın sürətləndirilməsi üçün zəruri islahatların daha da dərinləşdirilməsinin vacibliyi qeyd olunub.
Qeyd edək ki, Maliyyə Sabitliyi Şurası ölkə prezidentinin 15 iyul 2016-cı il tarixli fərmanı ilə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi məqsədilə yaradılıb.
Bu gün Bakı şəhərində ilk zooparkın (heyvanat parkı) yaradılmasının 90 ili tamam olur.
Axar.az xəbər verir ki, müxtəlif zamanlarda məkanı dəyişdirilərək genişləndirilən zoopark 80-ci illərə qədər Bayıl qəsəbəsində bir hektar sahədə fəaliyyət göstərib. 1982-ci ildə həmin ərazidə torpağın sürüşmə təhlükəsi nəzərə alınaraq indiki yerinə köçürülüb və sahəsi bir hektardan çox artırılıb. Zooparkın gələcək inkişafını təmin etmək məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 2001-ci ildə burada ərazi artırılaraq 4,25 hektara çatdırılıb.
Hazırda Bakı Şəhər Heyvanat Parkı xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri siyahısına daxil edilərək qorunur. Park 1995-ci ildən 18 ölkədən 70-dək zooloji parkın daxil olduğu Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyasının üzvüdür və bu heyvanat parkları ilə geniş əməkdaşlıq əlaqələri qurulub.
1995-ci ilə qədər Bakı zooparkında 60 növ və 200 baş heyvan nümayiş olunurdu. Ötən illər ərzində burada heyvanlar aləmi daha da zənginləşdirilib. Balıqlar üçün akvarium, sürünənlər üçün terrarium, qırqovulların nümayişi üçün fazanarium ekspozisiyası yaradılıb. Hazırda parkda 151 növə aid 1240-ə yaxın heyvan mühafizə olunur.
Heyvanat Parkının 90 illik yubileyi ilə əlaqədar olaraq 14 dekabr tarixində “Açıq qapı” günü elan edilib və bu gün zoopark hər kəs üçün pulsuz fəaliyyət göstərir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda müşahidə olunacaq hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Departamendən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 14-dən 15-nə keçən gecə bəzi yerlərdə yağışın arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində havanın temperaturunun aşağı enəcəyi, maksimal temperaturun 4-6 dərəcə isti təşkil edəcəyi, bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Azərbaycanın rayonlarında dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimalı var.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 15 dekabr tarixindən 03 yanvar tarixinədək Bakı Beynəlxalq Avtovağzal Kompleksi (BBAK) gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Axar.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzalına mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova məlumat yayıb. Onun sözlərinə görə, həmin günlərdə yarana biləcək sərnişin sıxlığını nəzərə alaraq, BBAK tərəfindən 200-dən çox ehtiyat avtobus ayrılıb:
“Bayram ərəfəsində 600-dən çox reyslə 16 mindən çox sərnişin daşınması nəzərdə tutulur. Müqayisə üçün qeyd edək ki, hazırda gün ərzində 300-350 nəqliyyat vasitəsilə təxminən 9 min sərnişin avtovağzaldan yola salınır.
Nəqliyyat vasitələrinin fəaliyyətinə xüsusi komissiya nəzarət edəcək. Sərnişinlərin rahat və təhlükəsiz şəkildə səfərini təmin etmək məqsədilə Bakı Beynəlxalq Avtovağzalının mühafizə xidməti və texniki heyəti yarana biləcək problemləri dərhal həll edə bilmək üçün növbəli iş rejimində çalışacaq.
Sərnişinlər biletləri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarından və ya onlayn qaydada – www.bbak.az saytından daha öncədən əldə edə bilərlər”.
10:30
Uzun illər müalicə həkimi işləmişəm. Təsadüfən Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri vəzifəsinə təyinat almışdım. Hesab edirəm ki, komissiyanın işi işləniləsi deyil, nifrət olunmalı bir sistemdir. Qismət eləydi. İş elə gətirdi ki, gəlib burada da çalışdım.
Axar.az xəbər verir ki, bu sözləri Unikal.org-a Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının keçmiş sədri Əli Əsgərov deyib.
Ə.Əsgərov bundan sonra fəaliyyətini həkim kimi davam etdirəcəyini də istisna etməyib:
“Hələlik heç yerdə çalışmıram. Qismətimi gözləyirəm. İnşallah hər şey yaxşı olacaq”.
Qeyd edək ki, Xətai rayon Tibbi Sosial Ekspertiza Komissiyasının sədri Əli Əsgərov öz istəyi ilə tutduğu vəzifədən azad edilib.
Əli Əsgərov Azərbaycan Milli Məclisinin (MM) sədrinin birinci müavini Ziyafət Əsgərovun qardaşıdır.