Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, dekabrın 8-da Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 7-9, gündüz 9-11 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq.

Azərbaycanın rayonlarında dekabrın 8-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-7 dərəcə isti təşkil edəcək.


Bir neçə gün öncə Türkiyədə əməliyyat olunan millət vəkili Qənirə Paşayeva artıq Bakıdadır.

Axar.az xəbər verir ki, bu barədə Modern.az-a deputatın əmisi Qəzənfər Paşayev məlumat verib.

O, Qənirə xanımın vəziyyətinin yaxşı olduğunu söyləyib:

“10 gündən çox olardı ki, səhhətində yaranan problemlə bağlı Türkiyədə sinir əməliyyatı keçirmişdi. İndi səhhətində hər şey qaydasındadır”.

Q.Paşayev Qənirə Paşayevanın artıq Bakıda olduğunu da bildirib.

Qənirə Paşayeva qollarında meydana gələn karpal tünel narahatlığı səbəbilə Türkiyənin Memorial Şişli Xəstaxanasında əməliyyat olunub.


Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, dekabrın 7-də xarici dövlətlərin silahlı qüvvələrinin ölkəmizdə akkreditə olunmuş hərbi attaşeləri üçün illik yekun toplantısı keçirilib.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, toplantıda 28 xarici dövlətin və beynəlxalq təşkilatın 31 nümayəndəsi iştirak edib.

Müdafiə naziri adından toplantı iştirakçılarını salamlayan Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov onlara regiondakı hərbi-təhlükəsizlik vəziyyəti, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, eləcə də orduda aparılan islahatlar, beynəlxalq hərbi əməkdaşlıq çərçivəsində il ərzində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib və 2019-cu ildə planlaşdırılan fəaliyyətləri diqqətə çatdırıb. İdarə rəisi hərbi attaşelərin suallarını cavablandırıb.

Qonaqlar bu cür tədbirlərin keçirilməsinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib və gələcəkdə də səmərəli əməkdaşlığın davam edəcəyinə ümidvar olduqlarını vurğulayıblar.


Bakı küçələrində şəhərin təmizliyi üçün xeyli zibil qabı olsa da, metro stansiyalarında, platformada zibil qablarına rast gəlmək olmur. Belə olduğu təqdirdə diqqətli vətəndaş əlindəki zibili özü ilə apararaq küçədə qoyulmuş zibil qabına atır, diqqətsiz vətəndaş isə elə vaqona və ya platformaya tullayır. Bu da metronun zibillənməsinə səbəb olur.

Sözügedən məsələ - Bakı metrosunda zibil qabının olmaması sosial şəbəkə istifadəçiləri arasında müzakirə mövzusu olub.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, metro stansiyalarında zibil qabları yerləşdirilə bilməz:

“Metropolitendə zibil qablarının yerləşdirilməsi təhlükəsizlik baxımından düzgün deyil. Çünki özü ilə tezalışan maddələri içəri keçirən adam onları zibil qabının içinə atıb gedə bilər. Buna təhlükəsizlik xidməti icazə vermir. Tək bizdə belə deyil. Ümumiyyətlə, Beynəlxalq İctimai Nəqliyyat Assosiasiyasının qərarı var ki, metronun vestibül və platformalarında zibil qabı qoymaq olmaz. Ona görə ki, terror hadisələrinin əksəriyyəti zibil qabları vasitəsilə törədilir. Terror törətmək istəyən biri partlayıcını zibil qabına ata bilər”.

Qeyd edək ki, “Bakı Metropolitenindən istifadə qaydaları”nın 5.1.18. bəndinə əsasən, stansiyaların vestibüllərini, keçidlərini və platformalarını, eskalatorları, yolları və vaqonların salonunu zibilləmək və çirkləndirmək qadağandır.


Bu gün Azərbaycan və Rusiya arasında çox gözəl münasibətlər var.

Axar.az xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

“Lakin bundan bəhrələnən kimlərdir? Əlbəttə ki, Rusiyada fəaliyyət göstərən azərbaycanlılar. O zaman sual olunur: niyə onlar belə məsələlərdə öz mövqelərini bildirmir? İrəvanda keçirilən məlum toplantıda erməni dövlətinin rolu yoxdur. Bu, erməni diasporunun fəaliyyətidir. Rusiyada dərc olunan jurnallarda Azərbaycan milyonçularının siyahısı çıxır. Amma bu gün Rusiyada səfirlik, Heydər Əliyev Fondu və Gənclər Fondundan başqa orda tədbirlər təşkil olunurmu? Axı siz yaxşı münasibətlər əsasında qazanc əldə edirsiniz” , - Novruzov bildirib.

Siyavuş Novruzovun sözlərinə görə, ölkəmizdə bəzi anti-Azərbaycan qüvvələri Rusiyada yaşayan milyonçu azərbaycanlılar tərəfindən maliyyələşdirilir:

“Rusiya parlamentində bir dənə Zatulin var. Amma minlərlə başqaları var. Onlar dəvət edilməli, Azərbaycanın mövqeləri dəstəklənməlidir. Rusiyada yaşayan milyonçu azərbaycanlılar öz məsuliyyətləini dərk etməlidir”.


Bu gün tarixi bir günün yubileyini yaşayırıq. 100 il bundan əvvəl öz müstəqilliyini elan etmiş Azərbaycan xalqının parlamentinin ilk iclası keçirilib.

Bu sözləri Axar.az-a Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin yaradılmasının 100-cü ildönümü münasibəti ilə xalqımızı təbrik edən millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, AXC Parlamenti bir çox əhəmiyyətli qərarlar qəbul edib:

“Ölkəmiz buna qədər çox keşməkeşli, ağır, gərgin dövr yaşayıb. Müstəqilliyimizin elan edilməsi, onun Azərbaycanın bütün ərazisinə sahib olması üçün gərgin mübarizəsi, Bakının islam-türk ordusunun dəstəyi ilə erməni-bolşevik dəstələrindən azad edilməsi, Azərbaycanın inkişaf istiqamətlərinin müəyyənləşməsi xalqımızın müstəqilliyə hazır olduğunu göstərirdi. Həmin dövrdə bütün siyasi qüvvələrin marağını nəzərə alan parlament təşkil edildi. Baxmayaraq ki, Azərbaycanda milli icmaların sayı çox az idi, bununla belə onların hər birinin parlamentdə təmsilçiliyi təmin edildi. Fəaliyyət göstərdiyi il yarım ərzində parlament çox tarixi qərarlar qəbul etdi. İslahatların keçirilməsi, müasir demokratik dövlətin qurulması bu qəbildən olan məsələlərdir.

Azərbaycan Parlamenti Xalq Cümhuriyyətinin həyatında böyük rol oynayırdı. Burada gündəmdə olan məsələlər müzakirə olunur, qəbul edilirdi. Azərbaycan Dövlət Universitetinin təsis edilməsi, bir qrup gəncin aparıcı təhsil alması üçün Avropa universitetlərinə göndərilməsi, Paris Sülh Konfransı və s. buna misaldır. Təəssüf ki, tarixi şərait və aqressiv qonşular Azərbaycanın müstəqillik həyatını çox qısa etdi. Parlamentimiz də fəaliyyətini dayandırdı. Ancaq onun zamanında atılan addımlar bu gün tariximizin çox şərəfli səhifələrindəndir. Bugünkü müstəqil dövlətimiz 1918-1920-ci ildə fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin davamıdır və bu gün fəaliyyət göstərən Milli Məclisimiz həmin dövrdə yaradılan

AXC Parlamentinin xələfidir. Bu gün babalarımızın bizə qoyduğu irsi şərəflə davam etdirməyə çalışırıq”.

Millət vəkili Fazil Mustafa da AXC Parlamentinin tarixindən bəhs edib:

“Bu gün Parlamentin açılışının 100 ili tamam olur. Maraqlıdır ki, parlamentin iclası 1918-ci ilin dekabrın 2-də başlamalı idi. Lakin rus və erməni milli şuralarından olan deputatlar maneçilik törətmək məqsədi ilə parlamentin işində iştirakdan imtina etdilər. Azərbaycanın bu dəyərli övladları belə bir təzyiqə əhəmiyyət vermədən bir neçə gün sonra qətiyyətlə ilk iclasın açılışını gerçəkləşdirdilər. Sonralar bu parlamentin üzvü olmuş insanların əksəriyyəti Sovet Rusiyasının işğalının gətirdiyi repressiya dalğasında şəhid oldular, bir qisim insan mühacirətə getməyə məcbur oldu, ancaq hər platformada Azərbaycanın müstəqilliyi ideyasını yaşatmağı bacardılar. Bu milli qürur tariximizin yaradıcısı olan insanları sevgi və hörmətlə anırıq”.


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Psixoloji yardım haqqında" qanun layihəsi üçüncü – yekun oxunuşda müzakirə edilib.

Axar.az xəbər verir ki, iclasda layihənin 6 fəsil, 22 maddədən ibarət olduğu bildirilib.

Qanun layihəsi Azərbaycanda psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını, psixoloji yardım alan şəxslərin və psixoloqların hüquqlarını və vəzifələrini müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir.

Layihə ilə Azərbaycanda ödənişsiz psixoloji yardım alacaq şəxslərin kateqoriyası müəyyənləşib.

Qanunun 6-cı (Psixoloji yardımın maliyyələşdirilməsi) maddəsinə əsasən, psixoloji yardım dövlət büdcəsinin vəsaiti hesabına (ödənişsiz) və ya yardım alan şəxsin vəsaiti hesabına (ödənişli) həyata keçirilir.

Aşağıdakı hallarda şəxsin ödənişsiz psixoloji yardım almaq hüququ var:

1. Şəxsin yaşayış yeri və ya olduğu yer üzrə dövlət ambulator-poliklinika müəssisəsində və ya həmin müəssisənin göndərişi ilə ixtisaslaşdırılmış dövlət tibb müəssisəsində,

2. məktəbəqədər və orta təhsil müəssisələrində təhsilalanların,

3. həbs edilən şəxslərin,

4. Penitensiar müəssisələrdə cəza çəkən şəxslərin, eləcə də cəza çəkməkdən azad edilən və psixoloji yardıma ehtiyacı olan şəxslərin,

5. dövlət yardım mərkəzilərində məişət zorakılığından zərər çəkən şəxslərin,

6. Silahlı Qüvvələrdə xidmət keçən hərbi qulluqçuların,

7.hərbi əməliyyatlar zamanı zərər çəkən şəxslərin,

8. sosial xidmətə cəlb edilən şəxslərin,

9. fövqəladə hallar zamanı zərər çəkən şəxslərin, onların ailə üzvlərinin, habelə fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin,

10. peşə fəaliyyəti yüksək təhlükə mənbəyi ilə bağlı olan şəxslərin – işə götürənin vəsaiti hesabına,

11. tibbi-sosial reablitasiya zamanı əlilliyi olan şəxslərin və onların ailə üzvlərinin.

Qanunla pulsuz psixoloji yardımın göstərilməsinin digər halları da nəzərdə tutula bilər.

Psixoloji yardımın həcmi və müddəti psixoloji yardım alan şəxsin ehtiyaclarına mütənasib olmalıdır.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Layihədə bildirilib ki, Azərbaycanda Psixoloqlar Şurası yaradılır.

Qanunun 21-ci (Azərbaycan Psixoloqlar Şurası) maddəsinə əsasən, psixoloji xidmət göstərən mütəxəssislərin fəaliyyətinin əlaqələndirilməsi, onların peşə hüquqlarının qorunması, təcrübə mübadiləsinin aparılması və təbliği, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, əhalinin keyfiyyətli psixoloji xidmətlə təmin edilməsinə və psixoloji xidmət sahəsində elmi tədqiqatların aparılmasına köməklik göstərilməsi və psixoloji yardım standartlarının və etika normalarının işlənib hazırlanması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Psixoloqlar Şurası yaradılır. Şura ictimai əsaslarla fəaliyyət göstərir və yüksək ixtisaslı psixoloqlardan, müxtəlif sahələrdə psixoloji xidmət göstərən dövlət orqanlarının nümayəndələrindən ibarət olmaqla 7 üzvdən ibarətdir. Şuranın fəaliyyəti, hüquq və vəzifələri, üzvlərin təyin olunması ə idarə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənən “Azərbaycan Psixoloqlar Şurası haqqında Əsasnamə” ilə müəyyən edilir.

Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.


Rusiyada "Kamçatka diyarının etnik gözəli 2018” ilk gözəllik müsabiqəsi keçirilib.

Trend-in məlumatına görə, müxtəlif etnosları təmsil edən 14 nəfərin iştirak etdiyi müsabiqədə azərbaycanlı Ruqiyyə Mustafayeva qalib gəlib.

Müsabiqədə ikinci yeri yakut Aleksandra İvançenko, üçüncü yeri çukotkalı Karina Yetaurgina tutub.

Müsabiqədə qırğız, even, buryat, koreyalı və digər etnos nümayəndələri iştirak edib.


Dünya artıq plastik qablardan imtina mərhələsindədir. Qonşu Gürcüstan, Türkiyə və başqa ölkələr bununla bağlı layihələr hazırlayır. Hətta Azərbaycanda da Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşların plastikdən, sellofan paketlərdən istifadəsini azaltmaq üçün tədbirlər görür, ekoloji cəhətdən daha təmiz və sərfəli paketlərin istehsalına başlayıb.

Axar.az xəbər verir ki, dünyaca məşhur geyim və kosmetik vasitələr istehsal edən şirkətlər də plastikdən birdəfəlik imtina üçün tədbirlər görürlər. Hətta sözügedən şirkətlər bunun üçün müvafiq razılaşma da imzalayıblar.

Razılaşmaya daha çox plastik istehsal edən şirkətlər imza atıblar (dünya istehsalının təxminən 20% -i).

İmzalanan sənəddə bunlar təklif edilir:

- istənilən sahədə materialın istifadəsini minimuma endirmək,

- plastik tullantıları aradan qaldırmaq,

- onlarla ətraf mühitinin çirklənməsinin qarşısını almaq,

- birdəfəlik plastik qablardan imtina etmək,

- bu materialı təkrar emal etmək üçün innovativ metodlar tətbiq etmək,

- Mövcud plastikdən mümkün qədər uzun müddət istifadə “etmək.”

Razılaşma artıq bir neçə brend tərəfindən imzalanıb. Razılaşmaya imza atanlar arasında “Burberry”, “H&M”, “Stella McCartney”, “L’Oreal”, “Unilever”, “Target” şəbəkəsi, “Selfridges”, “Inditex” korporasiyasına daxil olan “Zara”, “Berşka”, “Massimo” və “Dutti” də var.


İctimai nəqliyyatda əhaliyə göstərilən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması işləri çərçivəsində bir sıra müntəzəm marşrut xətləri üzrə dəyişikliklər edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən Axar.az-a bildirilib.

Qeyd edilib ki, dəyişikliyə əsasən, 12 və 44 nömrəli müntəzəm marşrut xətləri bir-birini təkrarladığı üçün onların birləşdirilərək bir nömrə (12 nömrə) altında təşkil edilməsinə qərar verilib.

62 və 81 nömrəli müntəzəm marşrut xətləri üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi “Çinar Trans” MMC-yə həvalə edilib. Qeyd edilən hər iki marşrut xətti üzrə sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək.

64 nömrəli müntəzəm marşrut xətti üzrə də sərnişindaşıma fəaliyyəti yenilənmiş avtobuslarla həyata keçiriləcək. Bu məqsədlə, xətt üzrə müvəqqəti sərnişindaşıma xidmətinin göstərilməsi “General Avto Company” firmasına həvalə edilib.

88 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşıma xidmətinin təşkili isə “BakuBus” MMC-yə həvalə olunub.

Qeyd edilən dəyişikliklər 2019-cu il yanvarın 1-dən tətbiq ediləcək.

Xəbər lenti