![]() |
|
Ermənistanın hələ də silahlanmaya üstünlük verməsinə rəğmən Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait ayırmaqda davam edəcək.
Bu sözləri iqtisadçı alim, millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, Ermənistanın 30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard manat (2.352 milyard dollar) ayrılacaq:
“Bu, işğaldan azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq edir. Bu, həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin daha da möhkəmlənməsi anlamına gəlir”.
Qeyd edək ki, Azərbaycan müstəqillik illərində ilk dəfədir ki, hərbi xərclərini azaldır.
“Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun 14-1.1-ci maddəsinə əsasən bioloji aktiv qida məhsullarının (BAQM) reseptə yazılması qadağan olunub.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Həmçinin, həmin Qanunun 14-1.3-cü maddəsinə əsasən, bioloji aktiv qida məhsullarının üzərində və istifadə təlimatlarında (içlik vərəqlərində) əmtəə nişanı adının yazıldığı hər yerdə əmtəə nişanı adının altında onunla eyni ölçüdə və şriftdə olan ağ fonda qara rəngli aydın, seçilən, qalın və böyük hərflərlə, silinməsi mümkün olmayan tərzdə çap olunmuşan “DƏRMAN VASİTƏSİ DEYİLDİR!” sözlərinin yazılması məcburi xarakter daşıyır.
Yuxarıda qeyd olunan sahədə qanunvericiliyin tələblərinə riayət olunmasına və neqativ hallara səbəb ola biləcək amillərin aradan qaldırılması məqsədilə özəl tibb müəssisələrində resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən buraxılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılmasının qarşısının alınması üçün Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri çərçivəsində maarifləndirici, preventiv və qanunvericiliklə müəyyən olunmuş inzibati tədbirlərin görülməsi nəzərdə tutulur.
Nəzərinizə çatdırırıq ki, elektron resept sisteminə keçid ilə əlaqədar özəl tibb müəssisələrində və aptek təşkilatlarında plan üzrə və plandankənar yoxlamaların aparılması zamanı həmin müəssisələrdə resept yazmaq hüququna malik tibb işçiləri tərəfindən yazılan reseptlərdə bioloji aktiv qida məhsullarının yazılması, həmçinin belə reseptlər əsasında BAQM satışı hallarının aşkar edilməsi üçün nəzarət gücləndiriləcək.
Ötən il sentyabrın 19-20-də Azərbaycanın Qarabağ bölgəsində keçirilən antiterror əməliyyatlarında şəhid olan hərbi qulluqçuların məzarları ziyarət olunur.
Şəhidlərin yaxınları, ictimaiyyət nümayəndələri, eləcə də hökumət rəsmiləri İkinci Şəhidlər xiyabanına gələrək burada dəfn olunan şəhidlərin məzarlarına qərənfillər düzür, əklil qoyur, onların xatirələrini ehtiramla yad edirlər.
Qeyd edək ki, Azərbaycanın 2023-cü il sentyabrın 19-20-da Qarabağ bölgəsində keçirdiyi antiterror əməliyyatlarından sonra ərazi separatçı terrorçulardan təmizlənib.
İmişli rayonu Aranlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad edilib.
“Qafqazinfo” xəbər verir ki, adıçəkilən müəllim ötən il sözügedən məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi. L.Nəcəfquliyeva işdən çıxarılması ilə bağlı paylaşımında iddia edib ki, məhz həmin hadisə səbəbindən builki fəaliyyətinə icazə verilməyib.
Məlumat üçün bildirək ki, Leyla Nəcəfquliyevayanın ötən gün daha bir videosu yayılmışdı. Yayılan videoda müəllimin açıq hava şəraitində uşaqlara dərs tədris etdiyi görünür. Rayonun icra nümayəndəsi isə müəllimə burada dərs keçməsini irad tutur. Bununla da şagirdlərin də olduğu məkanda müəllim və icra nümayəndəsi arasında qalmaqal yaşanır.
Hər iki iddia ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Təhsil İdarəsindən müraciətimizə belə cavab verildi: “Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.
İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.
Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozib.
Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”.
Video ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. Açıqlamada bildirildi ki, müəllimin dərsi çöldə tədris etdirməsini əks etdirən görüntülər sentyabrın 16-da çəkilib: “O məktəb əvvəllər qəzalı vəziyyətdə idi. Dövlət proqramında nəzərdə tutulmuşdu və yeni məktəb tikildi. Müəllim ondan əvvəl həmin videonu paylaşmışdı. Elə başa düşdü ki, onun videosuna görə məktəb yenidən inşa edildi. Amma bu və digər bir neçə məktəb elə dövlət proqramında var idi. Məktəb sentyabr ayının 17-də istifadəyə verilib. Həmin video isə ayın 16-sı çəkilib. Müəllimin çöldə dərs tədris edərək çəkdiyi və paylaşdığı video da elə məktəbin 17-si istifadəyə verilməsinə etiraz olaraq hazırlanıb. Şagirdlərdən də istifadə edərək belə bir video çəkib. Ötən gün baş tutan Pedaqoji Şuranın iclasından sonra Leyla Nəcəfquliyevaya vəzifəsindən azad edilib”.
Xatırladaq ki, ötən ilin yanvarında müəllim dərsi boykot edərək ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.
Qeyd edək ki, həmin vaxt Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilmişdi ki, Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.
İş və istirahət günlərinin yerləri dəyişdirilib.
Baş nazir Əli Əsədov qərar imzalayıb.
Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 12 və 13 noyabr iş günləri ilə müvafiq olaraq 16 və 23 noyabr istirahət günlərinin yerləri dəyişdirilib.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.
Yol-xeber.az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, əlavə təyin edilən qatarlar sentyabrın 21-də saat 09:15-də Bakıdan Ağstafaya, sentyabrın 22-də saat 15:00-da isə Ağstafadan Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 16:43:36-da daxil olacaq.
Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, bu zaman payız gecə-gündüz bərabərliyi qeydə alınacaq.
Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq.
Payız fəslinin uzunluğu 89 gün 20 saat 36 dəqiqə 54 saniyə olacaq.
Rəsmilər nə təkzib, nə təsdiq edir; təhlükəsizlik eksperti: “Müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur, amma...”
COVİD-19 pandemiyası ilə əlaqədar olaraq 2020-ci ilin martında tətbiq olunan xüsusi karantin rejimi nəticəsində Azərbaycanın quru sərhədləri bağlanıb. Hazırda Azərbaycanda xüsusi karantin rejiminin vaxtı oktyabrın 1-nə qədər növbəti dəfə uzadılıb.
Hər karantin müddəti bitməyə yaxın quru sərhədlərinin açılacağı ilə bağlı mövzu aktuallaşır. Bəllidir ki, bu ilin noyabrında Azərbaycan COP29 tədbirlərinə ev sahibliyi edəcək. Bu səbəbdən də çoxsaylı xarici vətəndaşın Azərbaycana gələcəyi planlaşdırılır.
Yada salaq ki, apreldə ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən forum zamanı Prezident İlham Əliyev quru sərhədləri barədə də danışıb. O, quru sərhədlərinin bağlı qalmasının səbəbindən bəhs edib. Dövlət başçısı bildirib ki, quru sərhədinin bağlı saxlanması qərarı COVİD səbəbi ilə verilib.
“Biz hələ də formal olaraq karantin mərhələsindəyik, eyni zamanda açıq deməliyik ki, sərhədlərin bağlı qalması qərarı təkcə buna əsaslanmır. Biz indi görürük ki, artıq bir müddət keçdikdən sonra sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Əvvəlki dövrlərdə belə hallar çox olub, bəziləri açıqlanıb, digərlərini ictimailəşdirməmişik. Kənardan ciddi təhlükə və problemlərlə üzləşirdik. Bütün potensial risklərimizin kənardan ola biləcəyini deyəndə, məhz bunu nəzərdə tuturdum. Məncə, təfərrüatlara çox varmasam, başa düşəcəksiniz. Amma Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Bəli, insanlar bunu nəzərə almalıdırlar. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır. Xüsusən də şimal sərhədimizdə müharibə, cənub sərhədimizdə böhran olduğu bir vaxtda. Ətrafda isə yağışdan sonra göbələk kimi yaranan yeni münaqişə zonası var və mən hesab edirəm ki, Azərbaycan xalqı bunu başa düşür”, - dövlət başçısı qeyd edib. Dövlət başçısı bildirib ki, məsuliyyətli olmaq lazımdır: “Deməli, quru sərhədinin açılması ilə bağlı məqam hələ ki yetişməyib”.
“Quru sərhədlərinin müvəqqəti olaraq açılacağı ilə bağlı məlumatlar doğrudur. Amma həmişəlik açılması məsələsi hələ sual altındadır”.
Ölkə.az xəbər verir ki, bu sözləri isə Demokrat.az-a açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert Rəşad Rza deyib.
O bildirib ki, quru sərhədlərin müvəqqəti bağlanmasında fayda var:
“Çünki regionda müəyyən proseslərin getməsi, qonşu dövlətlərdə olan agentura şəbəkəsinin Azərbaycana müdaxiləsi və bir çox səbəblər var ki, sərhədlərin nəzarətdə saxlanılmasında fayda var. Ona görə də dövlət bu təhlükəsizlik qaydalarına əməl edərək bu cür addımlar atır. Nə zaman tamamən açılacağı isə COP29 hadisəsindən sonra ola bilər. Regionda bir sıra dəyişikliklər və təhlükəsizlik qaydalarının maksimuma qaldırılması, ölkələr arasında anlaşmalar müsbət nəticə göstərərsə, açıla bilər”.
Məsələ ilə bağlı TNS-in sorğusunu cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı nə təsdiq, nə də təkzib edib. Qurum rəsmisi bildirib ki, sərhədlərin açılıb-açılmaması ilə bağlı dəqiq məlumatı yoxdur: “Bu barədə məlumatım yoxdur. Bir məlumat olarsa, ictimaiyyətə bildiriləcək”.
Azərbaycan 2025-ci ildə dövlət büdcəsinin 3 milyard 51.6 milyon manat proqnozlaşdırılan kəsirini əsasən borclanma hesabına maliyyələşdirəcək.
Bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib.
Məlumata görə, borclanma 2 milyard 672.3 milyon manat nəzərdə tutulur ki, bu da kəsirin 87.6 %-ni təşkil edəcək. Bundan başqa, kəsirin 2025-ci ilin əvvəlinə ehtimal edilən vahid xəzinə hesabının qalığı hesabına 250 milyon manat, özəlləşdirmədən daxilolmalar hesabına 110 milyon manat, məqsədli büdcə fondlarının vəsaitinin qalığı hesabına 19.3 milyon manat olmaqla maliyyələşdirilməsi planlaşdırılır.