Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) cari ildə 270 yeni maşın və mexanizm almağı planlaşdırır.

Agentlikdən Axar.az-a bildirilib ki, bu barədə AAYDA-da 2018-ci ilin yekunlarına və 2019-cu ildə qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclasında deyilib. İclas iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin AAYDA-nın binasındakı büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib.

AAYDA-nın idarə heyətinin sədri Saleh Məmmədov son bir ildə yol infrastrukturun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün mühüm işlər görüldüyünü, respublikanın avtomobil yollarının inkişafı istiqamətində vacib layihələr həyata keçirilməklə bir sıra nailiyyətlər əldə olunduğunu bildirib. Belə ki, 2018-ci ildə respublikanın 54 rayonunda, Bakı və Sumqayıt şəhərlərində 90 layihə başa çatıb. Buraya 10 respublika əhəmiyyətli, 64 kəndlərarası, 11 Bakı şəhərinin qəsəbələrarası və 2 ümumşəhər əhəmiyyətli avtomobil yolu layihələri, 2 körpü və bir avtomobil yolu tunelinin tikintisi daxildir. Həmin layihələr 2,2 milyon əhalinin yaşadığı 920 yaşayış məntəqəsini əhatə edən 2042,3 kilometr uzunluğunda avtomobil yollarıdır. Yolların yenidən qurulması sərnişin və yük daşımasının yaxşılaşmasına, ən əsası isə həmin ərazilərdə kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxarır.

S.Məmmədov ötən il 33 körpü, 29 yol ötürücüsü, 4 tunelin tikilərək istifadəyə verildiyini, maddi-texniki bazanı gücləndirmək məqsədilə 221 adda maşın və mexanizmlərin alındığını qeyd edib. Əlavə edib ki, aparılmış kompleks tədbirlər çərçivəsində birinci texniki dərəcəli avtomobil yollarının uzunluğu 2015-ci ildə 461 kilometr təşkil edirdisə, hazırda 448,5 kilometr artaraq 909,5 kilometr olub.

Vurğulanıb ki, Prezident İlham Əliyev yol infrastrukturunun yenilənməsi ilə bağlı görülən işlərə xüsusi əhəmiyyət verərək bu sahədə həyata keçirilən tədbirlərin gedişi ilə şəxsən maraqlanır, tikintisi başa çatan layihələrin, avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edir, öz dəyərli tövsiyə və tapşırıqlarını verir.

Qeyd edilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi yeni avtomobil yolunun açılışı ötən il ən yadda qalan hadisələrdən biri olub. Magistral yolun tikintisi bu bölgədə turizmin, kənd təsərrüfatının inkişafına və beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərəcək. Hazırda yeni magistral avtomobil yolunun 170 kilometrlik hissəsinin ödənişli olması ilə bağlı müvafiq işlər həyata keçirilir. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin digər hissəsini təşkil edən və Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun 92 kilometrlik hissəsinin tikintisinə 2018-ci ildə başlanılıb. Hazırda magistral yolun uzunluğu 29,9 kilometr olan hissəsində işlər sürətlə davam edir. Yeni yolun 7,5 kilometr hissəsində asfalt-beton örtüyün üst layı istisna olmaqla bütün işlər artıq başa çatıb. Tranzit xidmətlərin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyətə malik olan daha bir yol Mingəçevir-Bəhramtəpə avtomobil yolu hesab olunur ki, oktyabr ayının 22-də sözügedən yolun 112 kilometrlik Qarağacı-Bəhramtəpə hissəsinin açılışı da ötən ilin yol infrastrukturu sahəsində ən mühüm hadisələrdən biri olub. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikanın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir.

S.Məmmədov Prezident İlham Əliyevin regionlarda nəzərdə tutulan bütün infrastruktur layihələrin icra olunmasının insanların həyat şəraitinin yaxşılaşmasına birbaşa təsir edən turizmin və kənd təsərrüfatının inkişafına gətirib çıxaracaq kənd və qəsəbələrarası, qəsəbədaxili avtomobil yollarının tikintisinin vacibliyi barədə səsləndirdiyi tövsiyə və tapşırıqlarına əsasən, 2019-cu ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını deyib. Qeyd edib ki, 2019-cu ildə ilkin mərhələdə ümumi uzunluğu 1000 kilometrdən çox olan 43 rayon üzrə rayon və qəsəbədaxili, kənd və qəsəbələrarası avtomobil yollarını əhatə edən 50 yol infrastrukturu layihəsi icra olunacaq. Bundan başqa, respublika əhəmiyyətli və magistral yolların da tikintisi aparılacaq.

Sonda 2018-ci il ərzində yol infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilmiş layihələrə dair film nümayiş etdirilib.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda güclü küləyin əsəcəyi ilə bağlı xəbərdarlıq yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında isə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.


Qazaxıstanda daha bir axtarışda olan azərbaycanlı saxlanılaraq başqa ölkəyə təhvil verilib.

Report-un məlumatına görə, Rusiyada axtarışda olan azərbaycanlı, 1985-ci il təvəllüdlü Çubayev Məhəmməd Sultan oğlu Qazaxıstanın Pavlador şəhərində saxlanılıb.

O, quldurluq və oğurluq cinayətlərini törədən mütəşəkkil dəstənin üzvü olması ilə ittiham olunur.

Saxlanılan azərbaycanlının Rusiyanın hüquq-mühafizə orqanlarına təhvil verilməsi nəzərdə tutulub.

Qeyd edək ki, bir neçə gün əvvəl digər Rusiyada axtarışda olan azərbaycanlı Əliyev Nuru Baxşı oğlu da Qazaxıstanın Pavlodar şəhərində saxlanılaraq geri təhvil verilib.

 

Azərbaycanlılar ən çox bu ölkələrə səfər ediblər

Ötən il ərzində xaricə gedən Azərbaycan vətəndaşlarının çox hissəsi İrana, daha sonra isə Gürcüstana səfər ediblər.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19,5 faiz artaraq 4908,1 min nəfər olub.

Ölkə vətəndaşlarının 33,6 faizi İran, 29,2 faizi Gürcüstan, 18,9 faizi Rusiya Federasiyası, 12,3 faizi Türkiyə, 1,4 faizi Ukrayna, 0,9 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,7 faizi isə digər ölkələrə səfər edib. Səfər edənlərin 65,3 faizi kişilər, 34,7 faizi isə qadınlar olub.

 

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71,8 faiz, Gürcüstana gedənlərin sayı 4,2 faiz, Türkiyəyə gedənlərin sayı 0,9 faiz, Rusiyaya gedənlərin sayı 0,3 faiz artıb.

2018-ci ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 81,4 faizi dəmir yolu və avtomobil, 17,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatından istifadə edib.

 

 

 

 

Ukraynada bir ailəni xilas edən azərbaycanlı qardaşlara mükafat verildi

Nikolayev vilayət şurasının başçısı Viktoriya Moskalenko Ukraynada yanan avtomobildən bir ailəni xilas edən azərbaycanlı qardaşlar – Ümid və Sabir Şirinovları “Müqəddəs Nikolay Xaçı” ordeni ilə mükafatlandırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə şuranın mətbuat xidməti məlumat yayıb. 

Yanan avtomobildən 3 yaşlı Maksimi və onun valideynlərini xilas edən Şirinovlar ailənin bütün xəstəxana xərclərini də özləri qarşılayır. 

 

Ukrayna Azərbaycanlıları Konqresinin üzvləri olan qardaşların mükafatlandırma mərasimi zamanı Moskalenko onlara minnətdarlığını bildirib: “Hörmətli Ümid və Sabir! Mən sizə ürəkdən təşəkkürümü bildirmək istəyirəm. Bütün Nikolayev sizin necə qəhrəmanlıq göstərdiyinizdən danışır. Mən fəxr edirəm ki, siz Nikolayevdə yaşayırsınız və bizim həmyerlimiz, cəmiyyətimizin bir üzvüsünüz. Regionumuzda yaşayan bütün milli azlıqların dostluğunu dəstəkləyirəm”. 

Ümid və Sabir isə özlərini qəhrəman hesab etmədiklərini, sadəcə həmin anda atılmalı olan addımı atdıqlarını deyiblər: “Yanan maşından çıxardığımız qadın ərini xilas etməyimizi istədi. O, avtomobildə sıxılıb qalmışdı. Alov isə qaz balonuna doğru gəlirdi. Biz onun ərini qaldırıb avtomobildən çıxaran kimi partlayış oldu”. 

Qeyd edək ki, hadisə yanvarın 19-da baş verib. Ailə hazırda xəstəxanada müalicə olunur.

 




 

11:57

Milli Məclisin deputatı, iş adamı Əsabil Qasımovun oğlu 29 yaşlı Elçin Qasımovun İsveçrədəki qış turizm mərkəzində ölümü ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Axar.az-ın məlumatına görə, E.Qasımov ölümündən bir neçə saat əvvəl anası ilə görüntülü danışıb. Həmin zaman heç bir problem olmayıb.

Bunun ardınca dostu ilə birgə xizək sürmək üçün Alp dağına qalxan Qasımovun halı qəfildən pisləşib. Dostu kömək çağırıb və hadisə yerinə çağırılan təcili-tibbi yardım helikopteri ilə xəstəxanaya aparılsa da, E.Qasımov yolda dünyasını dəyişib.

Mərhumun ekstrim idman növlərinə həvəsli olduğu bildirilir.

Millət vəkili Əsabil Qasımov oğlunun nəşinin Azərbaycana gətirilməsi üçün aidiyyəti qurumlarla iş aparılır. Publika az yazıb ki, Əsabil Qasımovun qardaşı ilə bərabər, böyük oğlu Taleh Qasımov da cənazənin gətirilməsi üçün İsveçrəyə yola düşüb.

Qeyd edək ki, Elçin Qasımovun ötən gün İsveçrədə Alp dağlarında xizək sürərkən yıxılaraq öldüyü barəsində məlumat yayılıb. Mərhum atasının sahibi olduğu və baş ofisi Murtuza Muxtarov küçəsində yerləşən “Karat Holding”də şöbə müdiri vəzifəsində çalışırmış.


Moskvada Otradnıy rayonunda yerləşən azərbaycanlılara məxsus “İnam” məscidinin bağlanmasından sonra həmyerlilərimiz namazlarını məscidin həyətində qılmağa başlayıb.

Məsələ ilə bağlı Moskvada yaşayan soydaşımız, jurnalist Fuad Abbasov Axar.az-ın redaksiyasına müraciət edib.

“Moskvada yaşayan müsəlmanlar bu məscidi ziyarət edə bilmirlər və şaxtalı havada yaş asfalt üzərində namaz qılmağa məcburdurlar”, - Abbasov bildirib.

Qeyd edək ki, “İnam” məscidi Bakının eks-prokuroru Məmməd Quliyev və eks-prezident Ayaz Mütəllibovun təşəbbüsü ilə tikilib. Onlara bu işdə hər ikisinin ortaq dostu olan iş adamı Rəşid Bəyazidov yardım edib. Bəyazidov məscid tikilişinə öz ərazilərindən birində şərait yaradıb.


Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi tərəfindən digər ölkələrdən soğan idxalının məhdudlaşdırılması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə soğan məhsulunun “zərərli risk analizi“nin aparılması istiqamətində məlumat daxil olub.

AQTA-dan Axar.az-a bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra Azərbaycanda becərilən soğanın risk təhlili aparılıb və nəticələr Türkiyəyə göndərilib. Risk təhlilindən sonra uyğun şərtlər daxilində Azərbaycandan Türkiyəyə soğanın idxalına icazə verilib. Belə ki, ölkəmizdən Türkiyəyə ixrac olunan soğan Azərbaycan mənşəli olmalı, kartof gövdə nematodu və soğanın ağ çürüməsi zərərli orqanizmlərinə sirayətlənməməlidir.

Bununla əlaqədar Qida Təhlükəsizliyi Agentliyi sahibkarların nəzərinə çatdırır ki, Türkiyəyə soğan ixrac edərkən bu tələbəri nəzərə alsınlar. İxrac etmək istədikləri soğanın mənşəyinə və fitosanitar təhlükəsizliyinə diqqət yetirsinlər. Əks halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək.


Sosial şəbəkələr yazılı mətbuatı sıxışdırır, bu, başadüşüləndir. Amma heç kim məsuliyyət hissini itirməməli və bundan sui-istifadə etməməlidir. Bu o demək deyildir ki, heç kim qəzet oxumur.

Axar.az xəbər verir ki, bu sözləri sabiq deputat Alqış Musayev sosial şəbəkədə qeyd edib.

O bildirib ki, qəzetlərin birində bir məqalə üç millət vəkilinin imzası ilə dərc olunub:

“Nə ilə rastlaşsam yaxşıdır? Bir il əvvəl qəzetlərin birində bir millət vəkilinin imzasıyla dərc olunmuş məqalə 6 ay əvvəl elə həmin qəzetdə başqa bir millət vəkilinin adıyla, bir neçə gün bundan əvvəl isə yenə həmin qəzetdə başqa bir millət vəkilinin imzasıyla dərc olunub. Biabırçılıqdır!”


Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib.

Trend-in məlumatına görə, birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fonduna üçəmlərin doğulduğu Vəliyevlər ailəsinə maddi yardım göstərilməsi barədə göstəriş verib.

3 illik övlad həsrətindən sonra üçəmlərə sahib olan ailənin başçıları müvafiq yardım və hədiyyələrə görə Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xəbər lenti