Netanyahunun qəfil ertələnən Bakı səfəri - siyasi səbəb, yoxsa...

İsrail baş nazirinin səfərinin təxirə salınmasında hansı faktor əsas rol oynadı? - iki rəy

Mayın 7-də İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana nəzərdə tutulan səfəri təxirə salındı. İsrail Baş naziri ofisinin yaydığı məlumatda deyilir ki, Qəzza zolağında və Suriyada baş verən hadisələr, eləcə də siyasi hadisələrin gərgin qrafiki və təhlükəsizlik tədbirləri səbəbindən Netanyahu Azərbaycana səfərini başqa tarixə təxirə salmaq qərarına gəlib.

Baş nazir dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edib və iki ölkə arasında mövcud olan isti münasibətləri yüksək qiymətləndirib. Səfər ərəfəsində isə məlum oldu ki, Türkiyə B.Netanyahunun Azərbaycana gəlişi üçün öz hava məkanından istifadə etməsinə icazə verməyib. Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli jurnalistlərə açıqlamasında deyib.

“İsrailin baş nazirinin təyyarəsinə hava məkanımızdan istifadə üçün icazə verildiyi iddiaları tamamilə həqiqətə uyğun deyil. Bu barədə bizə heç bir rəsmi müraciət daxil olmayıb”, - deyə diplomat bildirib.

Ötən ilin noyabrında Ankara İsrail Prezidenti İsaak Hersoqun təyyarəsinin hava məkanından keçməsinə icazə verməmişdi. Bu mövqe isə Qəzza zolağındakı vəziyyətlə əlaqədar ölkələr arasında münasibətlərin əhəmiyyətli dərəcədə soyuması ilə bağlıdır.

Bəs qardaş ölkə rəsmiləri mediada yazılanlara niyə gec reaksiya verdi? Netanyahunun Bakı ziyarətinin təxirə salınması sırf siyasi, yoxsa meteoroloji səbəblərdən qaynaqlanır? İzahatda səfərin ertələnməsinin daha bir səbəbi kimi “təhlükəsizlik tədbirləri” göstərilir. Söhbət hansı təhlükədən gedir?

Bəzi məlumatlara görə, Netanyahunun səfər protokolları qüvvədədir. Yəni “gəlməyəcək” deyilsə də, qarşılanma protokolları qüvvədədir. Bu, nə deməkdir?

Elçin Mirzəbəyli — Vikipediya

Elçin Mirzəbəyli 

Deputat Elçin Mirzəbəyli “Yeni Müsavat”a bildirdi ki, Benyamin Netanyahunun səfərinin təxirə salınması, böyük ehtimalla, tamamilə siyasi motivlərlə bağlıdır: “İsrail tərəfi səfərin ertələnməsini təhlükəsizlik tədbirləri ilə əlaqələndirir. Bu təhlükəsizlik məsələlərinin konkret nə ilə bağlı olduğunu müəyyən etmək çətindir, amma ehtimal olunur ki, səfərin təxirə salınmasına regional gərginlik səbəb olub.

Meteoroloji səbəblər isə ehtimal olunmur. Çünki müasir dövrdə belə yüksək səviyyəli səfərlərin hava şəraiti ilə bağlı olması inandırıcı deyil. Netanyahunun səfər protokollarının hələ də qüvvədə olması onun Bakıya gəlmək niyyətinin dəyişmədiyini göstərir. Çox güman ki, səfərin tarixi təxirə salınıb. Bu, səfərin bir müddət sonra baş tutacağına dair bir işarə ola bilər və həmçinin İsrail baş nazirinin səfəri yenidən planlaşdırmaq niyyətində olduğunu göstərə bilər. Səfərin təxirə salınması ilə bağlı izahat, zənnimcə, Azərbaycana yönəlik mesajdır. Ola bilsin ki, İsrail tərəfi səfərin təxirə salınmasının Azərbaycanla bağlı olmadığını bu üslubda vurğulamaq istəyib".

Deputatın sözlərinə görə, səfərin təxirə salınmasında Türkiyə ilə İsrail arasında yaranmış son gərginlik də rol oynaya bilər: “Ola bilsin ki, cənab Ərdoğanın ölkəmizə səfəri çərçivəsində onun Netanyahu ilə görüşü nəzərdə tutulubmuş. Lakin Suriyada iki ölkə arasında yaranmış gərginliyin son günlər daha da dərinləşməsi hazırda belə bir görüşün baş tutmasının arzuolunmaz hesab edilməsinə zəmin yaradıb və rəsmi Ankara diplomatik kanallarla bu barədə mövqeyini digər tərəfin diqqətinə çatdırıb. Bütün hallarda ortalıqda yalnız ehtimallar var”.

Oqtay Qasımov: “İki ölkə arasında münasibətlərin intensivləşməsi mühümdür”

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov isə Globalinfo.az-a deyib ki, Neftanyahunun səfərinin müvəqqəti təxirə salınması bir neçə səbəblə əlaqəlidir və bu, yalnız Qəzza və Suriyadakı vəziyyətlə məhdudlaşmır: “Doğrudur, bu bölgələrdə vəziyyət olduqca gərgindir. Xüsusilə də Suriyada son günlərdə durum kritik həddə çatıb. Druzların hökumətə qarşı etirazları İsrail tərəfindən dəstəklənir və faktiki olaraq bu proseslər İsrailin təsiri altındadır. İsrailin Suriyaya dair əsas strategiyası bu ölkədə mərkəzi hakimiyyətin formalaşmasının qarşısını almaq və mümkün olan hakimiyyətin İsrail üçün təhdid yaratmamasını təmin etməkdir. İsrail Suriyanın müdafiə qabiliyyətini minimum səviyyəyə salmağa çalışır. Səfərin təxirə salınmasının digər səbəbləri də ola bilər. Ehtimal olunurdu ki, onun Bakıya səfəri zamanı Türkiyə Prezidenti ilə də görüş baş tuta bilər. Bir müddət əvvəl İsrail və Türkiyə rəsmilərinin Bakıda qeyri-rəsmi görüş keçirdiyi barədə məlumatlar yayılmışdı. Lakin Suriyada baş verən son hadisələr Türkiyə və İsrail münasibətlərini yenidən gərginləşdirib. Türkiyə Suriyanın unitar dövlət kimi qalmasını, yəni mərkəzi hakimiyyətin güclənməsini dəstəkləyir. İsrail isə əksinə, zəif və federal quruluşa malik Suriyanın olmasında maraqlıdır. Suriyada son həftələrdəki böhran da Neftanyahunun səfərinə təsir göstərib. Bundan başqa, Türkiyə Xarici İşlər Nazirliyinin Netanyahuya məxsus təyyarənin Türkiyə hava məkanından keçməsi ilə bağlı rəsmi qərarın olmadığını bildirməsi də müəyyən ipucu verir. Digər tərəfdən, İran və ABŞ arasında danışıqlarda fasilə yaranıb. ABŞ İrana qarşı növbəti sanksiyalar tətbiq edib və bu, dialoqun növbəti raundunun baş tutmamasına səbəb olub. Bu da Neftanyahunun səfərinə təsir edən mümkün amillərdəndir. Nəhayət, digər bir səbəb də 9 may tarixində Moskvada keçiriləcək Qələbə paradında iştirak məsələsi ola bilər. Azərbaycan Prezidenti və İsrail baş naziri bu tədbirə dəvət olunublar. Onların iştirak edib-etməyəcəyi yaxın günlərdə dəqiqləşəcək”.

Qəzzada ərzaq ehtiyatları tamamilə tükənib – Qızıl Aypara Cəmiyyəti

Qəzza zolağında yardım paylama mərkəzləri və bazarlarda ərzaq ehtiyatları tükənib.

Məlumatı Qətərin “Əl-Cəzirə” telekanalı Fələstin Qızıl Aypara Cəmiyyətinin (PRCS) hesabatına istinadən yayıb.

Təşkilatın məlumatına görə, Qəzzada ərzaq vəziyyəti hazırda “19 ayın ən pisidir” və əsas ərzaq ehtiyatları “həm bazarlarda, həm də yardım paylama mərkəzlərində tükənir”: “Fələstin əhalisi çox kəskin aclıq riski ilə üz-üzədir. 1 milyondan çox qaçqın və köçkün hətta minimum gündəlik ərzaq ehtiyaclarını belə ödəyə bilmir".

Təşkilat həmçinin öz ehtiyatlarının "tamamilə tükəndiyini" deyir və qeyd edir ki, PRCS işçiləri indi qaçqınları ən azı az miqdarda qida ilə təmin etmək üçün icma mətbəxlərinə yalnız "çox məhdud miqdarda paxlalılar" paylaya bilirlər.

Bundan əvvəl Qızıl Aypara da Fələstin anklavında heç bir əsas ehtiyac və şəxsi gigiyena vasitələrinin olmadığını bildirmişdi. Bildirilib ki, bölgədə müvəqqəti sığınacaqların, brezentlərin və yorğanların tikintisi üçün material tükənib. Xəstəxanalarda elektrik generatorları üçün yanacaq, tibbi ləvazimat, dərman və ya uşaq qidası yoxdur.

Ermənistanda Paşinyanın impiçmenti tələb olunur

Ermənistanda baş nazir Nikol Paşinyanın impiçmenti tələb olunur.

“Report” xəbər verir ki, “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarı Edqar Kazaryan parlamentdə baş nazir Paşinyana etimadsızlığın ifadəsi olan impiçment prosesinin uğurlu olacağına əminliyini bildirib.

“Məndə belə təəssürat yaranır ki, impiçmentin əleyhinə olanlar onun uğursuzluğundan deyil, uğurundan narahatdırlar. Bu proses mütləq müvəffəqiyyətlə başa çatacaq - bütün rəqibləri məğlub etməklə. Heç kim öz xırda ambisiyalarını, maraqlarını rəhbər tutaraq xalqın iradə və istəyi qarşısında müqavimət göstərə bilməz. Xalq isə Nikol Paşinyanın istefasını istəyir”, - Edqar Kazaryan sosial şəbəkədəki səhifəsində yazıb.

Daha əvvəl “Biz yatmırıq” vətəndaş hərəkatının təşəbbüskarları Edqar Kazaryan və Narek Malyan Paşinyana etimadsızlıq təşəbbüsü ilə çıxış edərək parlamentin deputatlarına məktublar göndəriblər.

Rusiyanın səfirliyinə tüpürən vəkilə 8 min dollarlıq cərimə – İsveçrədə qalmaqallı hadisə

İsveçrədə qeyri-adi insident baş verib: bir vəkil Rusiyanın Bern şəhərindəki səfirliyinin konsulluq şöbəsinin qapısındakı lövhəyə tüpürdüyünə görə cəzalandırılıb.

İsveçrə hakimiyyəti vəkili 6 900 frank (təxminən 8 300 ABŞ dolları) məbləğində cərimələyib.

Rəsmi məlumatda qeyd olunur ki, bu hərəkət diplomatik əraziyə hörmətsizlik və ictimai etik qaydaların pozulması kimi qiymətləndirilib.

Hadisə yerli mediada və ictimaiyyətdə rezonansa səbəb olub. Cərimələnən vəkilin adı açıqlanmasa da, onun bu hərəkəti siyasi motivli etiraz jesti kimi dəyərləndirilir.

Şamda silahlar təhvil verilir – Druzi liderlərlə Suriya hökuməti arasında razılaşma

Suriyanın paytaxtı Şamda Druzi icmasının nümayəndələri ilə hökumət rəsmiləri arasında əldə olunmuş razılaşma çərçivəsində silahlı qruplar ağır silahlarını ölkənin Daxili İşlər Nazirliyinə təhvil verməyə başlayıb.


1 may tarixində əldə olunan razılaşmaya əsasən, “silahların təhvil verilməsi” maddəsi artıq tətbiq olunur. Bu proses ilk olaraq Şamın Cermana rayonunda həyata keçirilib. Rəsmi məlumata görə, oxşar silah təhvilvermə prosesi Sahnaya və Əşrəfiyyə Sahnaya məhəllələrində də davam etdirilir.

Şərqi Quta bölgəsinin rəhbəri Məhəmməd Seyyid məsələ ilə bağlı açıqlamasında bildirib ki, Daxili İşlər Nazirliyi ağır silahları mərhələli şəkildə qəbul edir:

“Cermana sakinləri, dini liderlər və yerli nüfuzlu şəxslər bu prosesə fəal dəstək göstərirlər,” – deyə Seyyid bildirib.

O əlavə edib ki, qarşıdakı günlərdə yüngül silahların da təhvil verilməsi nəzərdə tutulur və artıq bir çox şəxsin ölkənin təhlükəsizlik qurumlarına qoşulmaq üçün qeydiyyata alındığı açıqlanıb.

Məhəmməd Seyyid həmçinin vurğulayıb ki, gələcəkdə yalnız Daxili İşlər və Müdafiə nazirlikləri silah saxlamaq səlahiyyətinə malik olacaq. O, bu təşəbbüsün ölkə üzrə nümunəyə çevrilməsi arzusunu da dilə gətirib.

Tramp: Putinin istəyi budur, mən olmasaydım...

Rusiyanın sülh danışıqlarında güzəşti bütün Ukraynanı ələ keçirməkdən imtina etməkdir.

Bunu ABŞ prezidenti Donald Tramp “NBC News”a müsahibəsində deyib.

"Çünki Rusiya bütün Ukraynanı istəyir. Mən müdaxilə etməsəydim, onlar indi bütün Ukrayna üçün döyüşəcəkdilər. Rusiyaya hazırda ələ keçirdiyi ərazilərə ehtiyacı yoxdur. Rusiya bütün Ukraynanı istəyir. Mən olmasaydım, davam edəcəkdilər", - Tramp bildirib.

Əlavə edib ki, Avropa liderləri ABŞ prezidentindən dəfələrlə Kreml lideri Putinə zəng etməyi xahiş ediblər, çünki onların zənglərinə cavab vermir.

Netanyahudan TƏCİLİ AÇIQLAMA: "İrana CAVAB VERƏCƏYİK!"

İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin təhlükəsizliyi ilə bağlı növbəti sərt bəyanatla çıxış edib.

O, bildirib ki, İsrail İrana cavabını özünə uyğun olan zaman və yerdə verəcək. Netanyahu həmçinin əlavə edib ki, Husilərin həyata keçirdiyi hücumlar bilavasitə İrandan qaynaqlanır.

Netanyahunun bu açıqlaması son dövrlərdə Yaxın Şərqdə artan gərginlik fonunda səsləndirilib. İsrail tərəfi, xüsusilə də Husilərin Qırmızı dənizdəki hərbi aktivliyini İranın birbaşa dəstəyi kimi qiymətləndirir və bu addımların bölgədə sabitliyi pozduğunu iddia edir. İsrail rəhbərliyi bu kimi hücumlara qarşı cavab tədbirlərinin qaçılmaz olduğunu və zamanın seçiminin isə tamamilə İsrailin nəzarətində olduğunu bildirir.

Qeyd edək ki, İsrail və İran arasındakı münasibətlər son illərdə daha da gərginləşib. İranın bölgədəki müttəfiqləri – Hizbullah, Husi və digər qrupların fəaliyyəti İsrail tərəfindən təhlükə kimi qiymətləndirilir. Netanyahu dəfələrlə bu qüvvələrin neytrallaşdırılmasının İsrailin milli təhlükəsizlik strategiyasının tərkib hissəsi olduğunu vurğulayıb.

"8 il prezident olacağam" - Tramp

Donald Tramp üçüncü dəfə prezident postuna namizədliyini vermək niyyətində olmadığını açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bu barədə "NBC News"a müsahibəsində danışıb:

"Mən 8 il, 2 müddət prezident olacağam. Mən həmişə bunun çox vacib olduğunu düşünmüşəm".

Tramp əlavə edib ki, tərəfdarları onu mütəmadi olaraq gələcəkdə üçüncü müddətə namizəd olmağa çağırırlar, lakin o, bunu etmək niyyətində deyil:

"Bir çox insan "Tramp 2028" yazısı olan papaq satır. Amma mən bunu etmək fikrində deyiləm, mən dörd böyük il işləyəcəm və sonra onu başqasına, ideal olaraq böyük bir respublikaçıya təhvil verəcəyəm".

Amerika Konstitusiyasına 1951-ci ildə qəbul edilmiş 22-ci düzəlişə əsasən, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilər. ABŞ-da növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək. Tramp əvvəllər üçüncü müddətə prezidentliyə namizədliyini irəli sürmək imkanına icazə vermişdi və mediada Ağ Evin sahibinin Ədliyyə Nazirliyinə onun 2028-ci ildə keçiriləcək prezident seçkilərində potensial iştirakının qanuniliyini araşdırmağı tapşırdığı barədə məlumatlar yayılmışdı.

Xaos planı işə düşüb: Tramp qoca qitəni “təhlükəsizlik vakuum”una salır

ABŞ-ın çəkilməsi ilə yaranmaqda olan “təhlükəsizlik boşluğu” Avropa Birliyinin gələcək taleyini və geosiyasi statusunu müəyyən edəcək olduqca ciddi sınaqdır... Əgər, “qoca qitə” bu boşluqdan çıxmaq üçün alternativ müdafiə sistemi qurmağı bacarmazsa, Avropa Birliyinin sonu görünməyən “qaranlıq tunelə” girə biləcəyi də qətiyyən istisna deyil...

ABŞ və Avropa Birliyi arasında kifayət qədər ciddi problemlər mövcuddur. Tramp adminitrasiyasının xarici siyasəti isə bu problemlərin əsas qaynağı və dərinləşmə səbəbidir. Belə ki, Ağ Ev son vaxtlar ABŞ-ın Avropadakı hərbi və siyasi mövcudluğunu tədricən azaltmağa yönəlik planları ön plana keçirtməyə çalışır. Nəticədə beynəlxalq münasibətlər sistemində diqqətə layiq tendensiyalar daha qabarıq şəkildə ortaya çıxmaqdadır.

Onu da qeyd etmək lazımdır ki, ABŞ-ın avanqard rolunu oynadığı bu dəyişiklik prosesi yalnız beynəlxalq təhlükəsizlik balansına təsir göstərmir, həm də Avropa Birlinin və NATO-nun gələcək taleyi barədə yenidən düşünmək ehtiyacı yaradır. ABŞ-ın bu istiqamətdəki siyasi kursu bir neçə əsas aspekt üzrə təhlil oluna bilər. Bu məsələdə hərbi aspekt Qərb siyasi dairələrini narahat edən əsas istiqamətlərdən biridir. Çünki ABŞ uzun onilliklər boyunca Avropa qitəsinin təhlükəsizliyinin əsas təminatçısı olub.

1737561704_a46b4af478de5471279fa92130ff8bce.jpg (87 KB)

NATO-nun aparıcı hərbi gücü kimi, ABŞ Almaniyada, İtaliyada, Böyük Britaniyada və digər Avropa ölkələrində yüz minlərlə əsgər yerləşdirib. Son 20 ildə bu hərbi qüvvələrin sayı tədricən azaldılmağa başlayıb. Bu prosesin əsas səbəblərindən biri də qlobal prioritetlərin dəyişməsi ilə birbaşa bağlıdır. ABŞ Çini əsas strateji rəqib kimi müəyyənləşdirərək, əsas diqqətini məhz Asiya-Sakit Okean regionuna yönəldib.

Digər tərəfdən, son dövrlərdə Ağ Ev administrasiyaları NATO-ya üzv dövlətlərin öz müdafiə xərclərində iki faizlik minimum göstəriciyə əməl etməməsindən narazı olduqlarını qətiyyən gizlətmirdilər. Ancaq Tramp administrasiyası bu narazılığı ABŞ və NATO üzvləri, xüsusilə də, Avropa Birliyi ölkələri qarşısında kəskin problem kimi qabartmağa üstünlük verir. Və Ağ Evin yeni sahibi Donald Tramp bu prinsipiallığını ilk növbədə ABŞ vətəndaşları arasında xaricdə hərbi mövcudluğa sərf olunan fahtastik vəsaitlərlə bağlı narahatlıq üzrəindən arqumentləşdirir.

Ancaq bununla belə, Rusiya-Ukrayna müharibəsi kontekstində keçmiş Bayden administrasiyasının Şərqi Avropada - xüsusilə də Polşa və Baltikyanı ölkələrdə ABŞ-ın hərbi mövcudluğunu müvəqqəti olaraq, artırdığı da inkaredilməz reallıqdır. Bu isə onu göstərir ki, indiki prosesin xarakteri tam hərbi geri çəkilmə olmaya da bilər və onu daha çox yenidən yerləşdirmə və savaş resurslarının optimallaşdırılma cəhdi kimi dəyərləndirmək mümkündür.

f6df85b568-Avropa-amerika-silahlarindan-imtina-edir.jpg (212 KB)

Təbii ki, ilk baxışdan, “geri çəkilmə” kimi görünən bu prosesin iqtisadi aspekti də var, ticarət, fantastik xərclər və geoiqtisadi prioritetlərdə yeni hədəflərin ortaya çıxması kimi önəmli faktorları əhatə edir. ABŞ-ın xarici hərbi bazalarının saxlanılmasına milyardlarla dollara xərclənir. İndi Tramp administrasiyası maliyyə yükünü nisbətən azaltmaq niyyətinə düşüb. ABŞ üçün ticarət və texnologiya baxımından, gələcəyin iqtisadi bazarları isə Cənub-Şərqi Asiya və Hind-Sakit okean regionunda cəmləşir. Rəqəmsal vergi, enerji siyasəti və texnoloji tənzimləmələr sahələrində ABŞ və Avropa Birliyi arasında fərqli yanaşmalar da müşahidə olunur və bu, iqtisadi əməkdaşlığı ciddi şəkildə çətinləşdirir.

Maraqlıdır ki, ABŞ-ın “qoca qitə”dən çəkilmə prosesinin arxasında siyasi faktorlar da gizlənir və Avropa Birliyini indi müstəqilləşmə barədə düşünmək məcburiyyətində qalıb. Hər halda, Tramp administrasiyasının son davranışları Avropa Birliyi məkanında təhlükəsizlik və xarici siyasətdə daha müstəqil olmaq istəyini gücləndirib. Bu, “strateji muxtariyyət” anlayışında ifadə olunur. Fransanın təşəbbüsü ilə gündəmə gələn bu yanaşma Avropa Birliyinin NATO-dan tam ayrılmasını nəzərdə tutmur, ancaq ABŞ-dan daha az asılı olmasını hədəfləyir.

Ancaq Avropa Birliyi üçün bu, o qədər də asan hədəf deyil və onun qarşısında olduqca ciddi problemlər də mövcuddur. Çünki bu quruma üzv ölkələr arasında qarşıya qoyulmuş yeni hədəfə münasibətdə müəyyən fikir ayrılıqları var. Polşa, Baltikyanı ölkələr və Şimali Avropa dövlətləri ABŞ-ın təmin etdiyi təhlükəsizlik zəmanətini əvəzolunmaz sayırlar və Fransanın “muxtariyyət” çağırışlarına ehtiyatla yanaşırlar. Və Avropa Birliyi daxilində kollektiv müdafiə sahəsində koordinasiyasının zəifliyi ucbatından ortaq qərar hələ çox uzaq görünür.

2025-03-06-16-17-57yMrUHW4OEIVcnbrupVK4_file.jpg (70 KB)

Məsələ ondadır ki, ənənəvi hərbi müttəfiq ABŞ-ın “qoca qitə”dən çəkilmə planları Avropa Birliyini müxtəlif alternativlərin axtarılmasına vadar edir. Əsas alternativlərdən biri kimi hazırda Avropa Müdafiə İttifaqının yaradılması təklif olunur. Avropa Birliyi çərçivəsində vahid komanda strukturu və müdafiə büdcəsi ideyası hələ tam reallaşmasa da, hər halda bu istiqamətdə ilkin addımların atılmasına başlanılıb. Eyni zamanda, Fransa-Almaniya tandeminin sürətlə gücləndirilməsi də çıxış yollarından biri hesab olunur. Yəni, Avropanın hərbi təhlükəsizlik sistemində bu iki ölkənin liderliyi həlledici xarakter daşıya bilər, halbuki bu məsələyə yanaşmalar arasındakı kəskin ziddiyyətlər prosesə əngəl törədir.

Bütün bunlar onu göstərir ki, ABŞ-ın Avropadan çəkilməsi qlobal güc balansının sürətlə dəyişməkdə olduğuna real örnəkdir. Bu proses Avropa Birliyinə daha çox hərbi-siyasi məsuliyyət və təhlükəsizlik arxitekturasının yenidən qurulması üçün faktastik məbləğlərdə maliyyə xərcləri vəd edir. Ona görə də, “qoca qitə” ABŞ-ın boşluğunu doldurmaq üçün həm siyasi iradə, həm də institusional koordinasiya barədə düşünməli olacaq. ABŞ-ın çəkilməsi ilə yaranmaqda olan bu təhlükəsizlik boşluğu Avropa Birliyinin gələcək taleyini və geosiyasi statusunu müəyyən edəcək olduqca ciddi sınaqdır.

Belə anlaşılır ki, ABŞ Avropa Birliyi üçün “təhlükəsizlik vakumu” yaradır. Əgər, “qoca qitə” bu vakumdan çıxmaq üçün alternativ müdafiə sistemi qurmağı bacarmazsa, Avropa Birliyinin “qaranlıq tunelə” girə biləcəyi qətiyyən istisna deyil. Çünki ortaq müdafiə sistemi yaradılmayacağı təqdirdə, üzv dövlətlər öz təhlükəsizlik problemini təkbaşına həll etmək məcburiyyətində qalacaqlar. Və bu isə siyasi ziddiyyətlərin də dətinləşməsi ilə Avropa Birliyinin ümumiyyətlə, xaos vəziyyətinin təsiri altında dağıla biləcəyi barədə ehtimalları ön plana keçirə bilər.(“Yeni Müsavat”)

ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?

ABŞ və Ukrayna arasında təbii sərvətlərin birgə işlənməsi və Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan saziş imzalanıb. Razılaşmaya ABŞ maliyyə naziri Skott Bessentlə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko imza atıblar.

Sazişin əsas şərtlərinə əsasən, ABŞ-Ukrayna İnvestisiya Fondu yaradılır və bu fond 10 il ərzində Ukraynada inkişafa yönəlik investisiyalar həyata keçirəcək. Fondun idarəçiliyi və maliyyələşdirilməsi 50 faiz nisbətində tərəflər arasında bölünəcək. Ukrayna yeraltı sərvətlər, infrastruktur və aktivlər üzərində nəzarəti saxlayır, vəsaitlər yalnız yeni veriləcək lisenziyalarla təmin olunacaq. Saziş "tam tərəfdaşlıq" prinsipi əsasında qurulub və Avropa İttifaqına üzvlük prosesinə heç bir maneə yaratmayacaq.

Ümumilikdə, müqavilə 57 növ faydalı qazıntının - uran, neft, xrom, kobalt, platin və s. hasilatını əhatə edir. Sənəd alüminium və xromun, həmçinin mis, berillium, sink, titan, qalay, litium və onlarla digər metalın hasilatını əhatə edir. Faydalı qazıntıların siyahısı yalnız hər iki tərəfin razılığı ilə genişləndirilə bilər. Bəs bu sazişin tərəflər üçün hansı müsbət və ya mənfi tərəfləri var? Sövdələşmə müharibənin gedişatına necə təsir edəcək?

Ölkə.az xəbər verir ki, Ukraynalı politoloq Aleksandr Kovalenko mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb:

- Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında imzalanan saziş Vaşinqton-Kiyev əlaqələrinə və ya Donald Tramp-Volodimir Zelenski münasibətlərinə necə təsir edəcək?

- Minerallar üzrə saziş, bəlkə də, Ukrayna ilə Donald Tramp administrasiyası, məhz Amerika Birləşmiş Ştatları deyil, Donald Tramp administrasiyası arasındakı münasibətlərdə sıçrayışdır. Çünki hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bizim ABŞ ilə münasibətlərimiz tarixən çox yaxşı olub. Yəni ABŞ-nin əvvəlki administrasiyaları həmişə Ukraynaya kifayət qədər açıq və loyal olublar. Donald Trampın isə öz baxışı var. O həm birinci, həm də ikinci prezidentliyi dövründə özünəməxsus mövqeyi ilə seçilib. Buna görə də, biz onunla təmas qurmaq üçün yeni üsullar axtarırdıq.

- Bəs saziş Ukraynanın təhlükəsizliyi üçün nə qədər əhəmiyyətlidir? Çünki sövdələşmə əldə etmək üçün tərəflər arasında, xüsusilə də təhlükəsizlik məsələlərində razılığa gəlmək mümkün olmurdu.

- Qeyd etmək lazımdır ki, Ukraynaya investisiya yatırmaq, ABŞ sərmayəsi cəlb etmək və əmanətlərimizi qorumaq üçün əldə edilən sövdələşmə ilk növbədə ABŞ-nin maraq dairəsində olmalıdır. Bu maraq isə Ukrayna üçün də əlverişlidir. Çünki hər bir əmanət ABŞ üçün xəzinədir deyə dərhal onun təhlükəsizlik zonasına çevrilir. Bu isə Rusiyanın həmin ehtiyatlara və onların yerləşdiyi ərazilərə göz qoymaq imkanını məhdudlaşdırır. Çünki əks halda, bu, Vaşinqtonun maraq dairəsində olan əraziyə hücum deməkdir və birbaşa qarşıdurmaya səbəb ola bilər. Ona görə də bu saziş həm ABŞ-nin maraq dairəsində olan resursların təhlükəsizliyinin təminatı, həm də Ukraynanın gələcək inkişafına investisiyadır.

- Sənədin imzalanması niyə yubandı və nəticədə tərəflər niyə razılığa gəldilər?

- Bu layihə Vaşinqton üçün də çox maraqlıdır. Danışıqlara keçmiş prezident Cozef Baydenin dövründə başlanılsa da, imzalanma prosesi məhz Donald Trampın dövründə baş tutdu. Prosesin uzanmasına səbəb isə yeni administrasiyanın bu layihəyə yeni, daha dəqiq desək, öz mövqeyini əlavə etmək istəyi idi. Sənədin özünün konteksti, tələbləri, şərtləri, tərəflərin öhdəlikləri və s. mütəmadi olaraq dəyişirdi. Ona görə də belə bir qeyri-müəyyənlik var idi ki, sazişin imzalanmasından sonra da Donald Tramp yeni baxış ortaya qoya bilər. Çünki onun üçün hər hansı bir sənədin hüquqi aspekti, adətən, fundamental əhəmiyyət kəsb etmir. Eynilə Qrenlandiya və Panamaya edilən ərazi iddiaları kimi. Bu da Ukrayna üçün problemdir. Nə qədər ki Donald Tramp ABŞ prezidentidir, o, bu müqaviləyə hər an məhəl qoymaya bilər ki, bu da bizim üçün mənfi haldır.

- O zaman effektiv və müsbət olan nədir?

- Donald Tramp hakimiyyətə gələndən sonra ilk dəfə Ukraynaya hərbi yardım etməklə bağlı müzakirə aparmaq qərarına gəlib. Bu, müsbət haldır. O, andiçmə tarixindən bu günə qədər Kiyevin lehinə bir dənə də olsun yardım paketi imzalamayıb. Digər tərəfdən, Respublikaçılar Partiyasından olan senator Lindsey Qraham bəyan edib ki, Rusiya neftinin ixracına və idxalına kömək edən ölkələrə 500 faizlik rüsum tətbiq oluna bilər. Bu ölkələr böyük sanksiyalara məruz qala bilər ki, bu da onları Rusiya neftinin reeksportunu (ölkəyə daxil olmuş malların başqa ölkələrə ixrac edilməsi) dayandırmağa məcbur edəcək. İstisna etmirəm ki, hətta müəyyən müddətdən sonra Rusiya qazının reeksportu məsələsi də gündəmə gətiriləcək. Əgər bu baş verərsə, Rusiya Federasiyasına iqtisadi cəhətdən təzyiq göstərmək üçün yaxşı fürsət, bəlkə də, ən təsirli sanksiya tətbiq etmək olar. Ona görə də ilkin mərhələdə Ukrayna üçün mineral ehtiyatlarla bağlı sazişin imzalanması müsbət haldır. Ümid edirəm ki, hadisələrin gedişatı yaxın perspektivdə də eyni tempdə davam edəcək.

Xəbər lenti