ABŞ və Ukrayna gözlənilən sazişi imzaladılar: Kiyev uduzdu, yoxsa qalib gəldi?

ABŞ və Ukrayna arasında təbii sərvətlərin birgə işlənməsi və Ukraynanın bərpası üçün İnvestisiya Fondunun yaradılmasını nəzərdə tutan saziş imzalanıb. Razılaşmaya ABŞ maliyyə naziri Skott Bessentlə Ukraynanın iqtisadiyyat naziri Yuliya Sviridenko imza atıblar.

Sazişin əsas şərtlərinə əsasən, ABŞ-Ukrayna İnvestisiya Fondu yaradılır və bu fond 10 il ərzində Ukraynada inkişafa yönəlik investisiyalar həyata keçirəcək. Fondun idarəçiliyi və maliyyələşdirilməsi 50 faiz nisbətində tərəflər arasında bölünəcək. Ukrayna yeraltı sərvətlər, infrastruktur və aktivlər üzərində nəzarəti saxlayır, vəsaitlər yalnız yeni veriləcək lisenziyalarla təmin olunacaq. Saziş "tam tərəfdaşlıq" prinsipi əsasında qurulub və Avropa İttifaqına üzvlük prosesinə heç bir maneə yaratmayacaq.

Ümumilikdə, müqavilə 57 növ faydalı qazıntının - uran, neft, xrom, kobalt, platin və s. hasilatını əhatə edir. Sənəd alüminium və xromun, həmçinin mis, berillium, sink, titan, qalay, litium və onlarla digər metalın hasilatını əhatə edir. Faydalı qazıntıların siyahısı yalnız hər iki tərəfin razılığı ilə genişləndirilə bilər. Bəs bu sazişin tərəflər üçün hansı müsbət və ya mənfi tərəfləri var? Sövdələşmə müharibənin gedişatına necə təsir edəcək?

Ölkə.az xəbər verir ki, Ukraynalı politoloq Aleksandr Kovalenko mövzu ilə bağlı Oxu.Az-ın suallarını cavablandırıb:

- Amerika Birləşmiş Ştatları ilə Ukrayna arasında imzalanan saziş Vaşinqton-Kiyev əlaqələrinə və ya Donald Tramp-Volodimir Zelenski münasibətlərinə necə təsir edəcək?

- Minerallar üzrə saziş, bəlkə də, Ukrayna ilə Donald Tramp administrasiyası, məhz Amerika Birləşmiş Ştatları deyil, Donald Tramp administrasiyası arasındakı münasibətlərdə sıçrayışdır. Çünki hakimiyyətdə kimin olmasından asılı olmayaraq, bizim ABŞ ilə münasibətlərimiz tarixən çox yaxşı olub. Yəni ABŞ-nin əvvəlki administrasiyaları həmişə Ukraynaya kifayət qədər açıq və loyal olublar. Donald Trampın isə öz baxışı var. O həm birinci, həm də ikinci prezidentliyi dövründə özünəməxsus mövqeyi ilə seçilib. Buna görə də, biz onunla təmas qurmaq üçün yeni üsullar axtarırdıq.

- Bəs saziş Ukraynanın təhlükəsizliyi üçün nə qədər əhəmiyyətlidir? Çünki sövdələşmə əldə etmək üçün tərəflər arasında, xüsusilə də təhlükəsizlik məsələlərində razılığa gəlmək mümkün olmurdu.

- Qeyd etmək lazımdır ki, Ukraynaya investisiya yatırmaq, ABŞ sərmayəsi cəlb etmək və əmanətlərimizi qorumaq üçün əldə edilən sövdələşmə ilk növbədə ABŞ-nin maraq dairəsində olmalıdır. Bu maraq isə Ukrayna üçün də əlverişlidir. Çünki hər bir əmanət ABŞ üçün xəzinədir deyə dərhal onun təhlükəsizlik zonasına çevrilir. Bu isə Rusiyanın həmin ehtiyatlara və onların yerləşdiyi ərazilərə göz qoymaq imkanını məhdudlaşdırır. Çünki əks halda, bu, Vaşinqtonun maraq dairəsində olan əraziyə hücum deməkdir və birbaşa qarşıdurmaya səbəb ola bilər. Ona görə də bu saziş həm ABŞ-nin maraq dairəsində olan resursların təhlükəsizliyinin təminatı, həm də Ukraynanın gələcək inkişafına investisiyadır.

- Sənədin imzalanması niyə yubandı və nəticədə tərəflər niyə razılığa gəldilər?

- Bu layihə Vaşinqton üçün də çox maraqlıdır. Danışıqlara keçmiş prezident Cozef Baydenin dövründə başlanılsa da, imzalanma prosesi məhz Donald Trampın dövründə baş tutdu. Prosesin uzanmasına səbəb isə yeni administrasiyanın bu layihəyə yeni, daha dəqiq desək, öz mövqeyini əlavə etmək istəyi idi. Sənədin özünün konteksti, tələbləri, şərtləri, tərəflərin öhdəlikləri və s. mütəmadi olaraq dəyişirdi. Ona görə də belə bir qeyri-müəyyənlik var idi ki, sazişin imzalanmasından sonra da Donald Tramp yeni baxış ortaya qoya bilər. Çünki onun üçün hər hansı bir sənədin hüquqi aspekti, adətən, fundamental əhəmiyyət kəsb etmir. Eynilə Qrenlandiya və Panamaya edilən ərazi iddiaları kimi. Bu da Ukrayna üçün problemdir. Nə qədər ki Donald Tramp ABŞ prezidentidir, o, bu müqaviləyə hər an məhəl qoymaya bilər ki, bu da bizim üçün mənfi haldır.

- O zaman effektiv və müsbət olan nədir?

- Donald Tramp hakimiyyətə gələndən sonra ilk dəfə Ukraynaya hərbi yardım etməklə bağlı müzakirə aparmaq qərarına gəlib. Bu, müsbət haldır. O, andiçmə tarixindən bu günə qədər Kiyevin lehinə bir dənə də olsun yardım paketi imzalamayıb. Digər tərəfdən, Respublikaçılar Partiyasından olan senator Lindsey Qraham bəyan edib ki, Rusiya neftinin ixracına və idxalına kömək edən ölkələrə 500 faizlik rüsum tətbiq oluna bilər. Bu ölkələr böyük sanksiyalara məruz qala bilər ki, bu da onları Rusiya neftinin reeksportunu (ölkəyə daxil olmuş malların başqa ölkələrə ixrac edilməsi) dayandırmağa məcbur edəcək. İstisna etmirəm ki, hətta müəyyən müddətdən sonra Rusiya qazının reeksportu məsələsi də gündəmə gətiriləcək. Əgər bu baş verərsə, Rusiya Federasiyasına iqtisadi cəhətdən təzyiq göstərmək üçün yaxşı fürsət, bəlkə də, ən təsirli sanksiya tətbiq etmək olar. Ona görə də ilkin mərhələdə Ukrayna üçün mineral ehtiyatlarla bağlı sazişin imzalanması müsbət haldır. Ümid edirəm ki, hadisələrin gedişatı yaxın perspektivdə də eyni tempdə davam edəcək.

09 May 2025 Putinin qonaqlığı: Liderlərə nə təqdim etdi - MENYU
09 May 2025 Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
09 May 2025 Trampın yeni "Ukrayna planı" Kremldə şok effekti yaradıb: Türkiyənin müdaxiləsi Rusiyanın təklənməsinə yol açacaq
08 May 2025 İsrailin müdafiə naziri İranı hədələyib: "Qəzzada HƏMAS-a etdiyimizi sizə də edəcəyik"
08 May 2025 Putin tərəfindən elan olunan üçgünlük atəşkəs qüvvəyə minib
08 May 2025 Şahbaz Şərif Pakistanın qələbəsini elan etdi
08 May 2025 Böyük Britaniya müharibəyə hazırdır: Sığınacaqlar, nüvə təhdidi və kibermüharibə
08 May 2025 İndi də Pakistanla Hindistana vasitəçilik etmək istəyir
08 May 2025 "Gmail" vasitəsilə şəxsi məlumatlar ƏLƏ KEÇİRİLİR
08 May 2025 Almaniyada yeni kansler seçildi: Dünyanı nələr gözləyir?
08 May 2025 Kreml indi Paşinyana “tək seçim” şansı tanıyır: İrəvan Qərbdən imtina edib, Rusiyanın orbitinə qayıtmasa…
07 May 2025 Tramp Tehrana çağırış etdi və hədələdi: Bu, çox üzücü olacaq
07 May 2025 Pakistan Hindistana aid təyyarəni vurdu- Münaqişə böyüyür
07 May 2025 Aİ-dən Qrenlandiyaya dəstək - Kallas açıqladı
07 May 2025 Moskvaya getmək istəyən Vuçiçə SİYASİ ƏNGƏL - İki ölkə hava məkanını bağladı
07 May 2025 Ağ bayraq qaldırıldı: Hindistan-Pakistan toqquşmasında şok yaşandı
06 May 2025 Britaniya müharibəyə HAZIRLAŞIR - Gizli dosyedə NƏLƏR VAR...
06 May 2025 Fransada təhlükəsiz yer qalmayıb – Ədliyyə naziri
06 May 2025 Britaniya və Fransadan Rusiyaya çağırış
06 May 2025 Tramp 9 May Qələbə Gününü ABŞ-də milli bayram elan etdi

Xəbər lenti