Minaya düşən Nağı İmanovun son durumu açıqlandı

Ötən gün Xocalı rayonunun Ulubaba kəndi ərazisində minaya düşən Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlunun vəziyyəti açıqlanıb.

 Modern.az xəbər verir ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasının direktoru Vüsal Məmmədov xəstənin sağ aşağı ətrafı, baldır nahiyəsinin aşağı hissəsinin 3-də 1-i amputasiya olunduğunu bildirib.

“Nağı İmanov xəstəxanamıza çox ağır vəziyyətdə, həddindən artıq qan itirərək gəlmişdi. Dünənki gün üçün ağır olaraq dəyərləndirilirdi, ancaq bu gün vəziyyəti nisbətən stabilləşib və reanimasiya şöbəsinə köçürülüb. Xəstənin vəziyyətinin bir neçə gün sonra tam stabilləşəcəyi gözlənilir və ona qədər müalicəsi davam etdiriləcək”. 

V.Məmmədov onu da vurğulayıb ki, xəstə hazırda ayılıb və suallara cavab verir:

“Amma çox qan itirdiyindən vəziyyətindəki ağırlıq qalmaqdadır, bunun üçün də müalicəsi reanimasiya şöbəsində davam etdirilir. Hər keçən gün həyati riskinin daha da azalacağı gözlənilir və 2 gün sonra vəziyyətinin daha stabilləşdiyini görmək mümkün olacaq”.

Qeyd edək ki, Nağı İmanov Birinci Qarabağ müharibəsi veteranıdır, o, Ağdərənin Sırxavənd kəndində anadan olub. 1991-ci ildə atası və qardaşı ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Birinci Qarabağ müharibəsinin iştirakçısı tabor komandiri kimi ehtiyata buraxılıb.

Lerikdə İrandan gətirilən 10 kq narkotik aşkarlandı - FOTO

Lerikdə polisin keçirdiyi əməliyyatla 10 kiloqram narkotik aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin cənub regional qrupundan verilən məlumata görə, çətin relyef şəraitindən istifadə edərək qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitənin Bakı şəhərində realizə olunmasının qarşısı polis əməkdaşları tərəfindən alınıb.
Qeyd edilən əməli törədən şəxslər - Zülfüqar Süleymanov və Məhəmməd Nağıyev Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Onlardan 10 kiloqram marixuana aşkarlanıb. Araşdırmalarla onların narkotik vasitəni şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdikləri və maddi qazanc qarşılığında Bakı şəhərində deyiləcək ünvanlara çatdırmağa razılaşdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

 
Xəzər dənizində zəlzələ oldu

Xəzər dənizində zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, 3,1 maqnitudalı zəlzələ yerli vaxtla saat 01.03-də qeydə alınıb.

Bakıda ağır qəza: ər və arvad öldü

Bakıda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə Qaradağ rayonu, Lökbatan qəsəbəsində qeydə alınıb.

Vasif Hüseynovun idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili ilə Şövqi Kərimovun idarə etdiyi BMV markalı avtomobil toqquşub.

Nəticədə minik avtomobilin sürücüsü Şövqi Kərimov və sərnişini olan həyat yoldaşı Aytac Kərimova hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Ceyhun Cəfərovun cəza müddəti bitdi - Azad edildi

Kürdəmirin korrupsiya ittihamları ilə məhkum edilmiş icra başçısı Ceyhun Cəfərovun cəzaçəkmə müddəti başa çatıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, son bir ilini məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkən eks-icra başçısı artıq azaddır.

Bir ay əvvəl də Ceyhun Cəfərovla birlikdə həbs olunan birinci müavini Tacəddin Novruzov azadlığa buraxılıb.

C. Cəfərov və T.Novruzova qarşıdakı 2 il 6 ay dövlət və yerli özünüidarəetmə orqanlarında vəzifə tutmaq qadağan edilib.

Qeyd edək ki, 2020-ci ilin avqustunda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Kürdəmirdəki qanun pozuntularına qarşı əməliyyat keçirib. Əməliyyat çərçivəsində rayonun icra başçısı və başqa vəzifəlilər cinayət məsuliyyətinə cəlb edilib.

Ceyhun Cəfərov ilk növbədə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cəfərov 8 il 6 ay azadlıqdan məhrum edilmişdi. Dövlətə vurulan ziyanı ödəməsi nəzərə alınaraq, Şirvan Apellyasiya Məhkəməsi cəza müddətini 6 ilə endirib, daha sonra Ali Məhkəmə qərarı ilə bu müddət 4 il 6 aya qədər azaldılıb.

Cəza müddətində Ceyhun Cəfərov 2 ilini təcridxanada, 1 il 2 ayını ümumi rejimli cəza müəssisəsində, qalan 1 il 2 ayını isə məntəqə tipli cəzaçəkmə müəssisəsində keçirib. Məhkum son aylarda müdriyyətin icazəsi ilə müəyyən vaxtlarda cəzaçəkmə müəsisəsindən kənara çıxa bilirdi.

AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı bu ilin dekabr ayına qədər hazır olacaq

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaq hesabatı 2025-ci ilin dekabr ayına qədər hazır olacaq.

AZƏRTAC Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Talqat Lastaev bildirib.

"Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) tələblərinə və tövsiyə olunan təcrübələrinə uyğun olaraq, istintaq bir il davam edir. Buna görə də, 2025-ci ilin dekabr ayına qədər yekun istintaq hesabatı tamamlanacaq", – deyə Lastaev qeyd edib.

Ötən il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktau şəhərinin bir neçə kilometrliyində qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, eləcə də 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər, o cümlədən altı qazaxıstanlı həlak olub. 29 nəfər, o cümlədən iki bələdçi sağ qalıb.

Ermənilər 19 minə yaxın azərbaycanlını qəsdən öldürüb - RƏQƏMLƏR

Ermənilər tərəfindən 1988-2024-cü illər ərzində 3493 nəfəri mülki, 15 min 357 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 18 min 850 şəxs qəsdən öldürülüb.

Bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmədə prokuror ittiham aktının nəticəvi hissəsini elan edən zaman deyib.

O bildirib ki, qeyd olunan dövr ərzində 4435 nəfəri mülki, 51 min 803 nəfəri hərbi qulluqçu olmaqla, ümumilikdə 56 min 268 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilməklə qəsdən öldürülmələrinə cəhd edilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayəti işləri üzrə məhkəmə prosesinin baxış iclası fevralın 18-də davam etdirilib.

Dövlət ittihamçıları Fuad Musayev və Vüsal Abdullayev təcavüzkar müharibənin gedişində törədilmiş ayrı-ayrı cinayət faktları və iş üzrə təqsirləndirilən şəxslərin həmin cinayətlərdə iştirakına dair ittiham akının hissəsini elan ediblər.

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi keçirilir

Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir.

Proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilir.

Xatırladaq ki, ötən proses prokurorlar tərəfindən ittiham aktının elanı keçirilib.

Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərdə təqsirləndirilirlər.

Xatırladaq ki, Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

100-qadinin-fotolari-ile-soyuslu-videolar-paylasmisdi

Azərbaycanda saxta profillərlə çoxsaylı qadınların fotolarından ibarət söyüşlü videolar yayan şəxsin kimliyi müəyyən edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polisin həyata keçirdiyi tədbirlərlə sosial şəbəkə istifadəçisi olan qadınların fotolarını icazəsiz götürərək nalayiq formada paylaşan şəxsin Masallı rayon sakini 2000-ci il təvəllüdlü H.Paşalı olması müəyyən edilib.

Onun “TikTok” sosial şəbəkəsində 5 saxta profili idarə etməsi və topladığı fotoların fonunda söyüşlü, qeyri-etik ifadələr yerləşdirərək həmin səhifələrdə yayması məlum olub.

Bildirilib ki, H.Paşalının əməlləri ilə bağlı bir neçə qadın polisə müraciət etdikdən sonra araşdırma aparılıb. Saxta profillərin Masallıda yaşayan şəxs tərəfindən idarə edilməsi məlum olandan sonra o, fevralın 16-da Masallı RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlan Masallı Rayon Məhkəməsinə göndərilib. O, ifadəsində təxminən 100 qadının fotolarını götürərək hazırladığı videolarda istifadə etdiyini bildirib.

Məhkəmənin qərarı ilə saxlanılan şəxsə 20 gün həbs cəzası verilib.

 

 
 
daha-bir-qanunsuz-tikili-sokuldu

Ölkə ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

FHN-dən verilən məlumata görə, Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən Ağcabədi-Ağdam avtomobil yolunun rayonun Şərəfxanlı kəndi ərazisindən keçən hissəsinə yaxın yerdə vətəndaş Ələmdar Məmmədzadə tərəfindən qanunsuz tikinti işlərinin aparılması faktı aşkar edilib. Bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müraciət edilib.

Müraciət əsasında qurumun Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Ağcabədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.

Xəbər lenti