Karantin vaxtı Kürün sahilində yeyib-içən 19 nəfər saxlanıldı
Zərdab rayonunun Aşağı Seyidlər kəndinin “Seyidlər bağı” adlanan ərazisində, Kür çayının sahilində bir qrup şəxs toplaşaraq yeyib-içmək məclisi təşkil edib və xüsusi karantin qaydalarını kobudcasına pozublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, daha sonra həmin şəxslər təşkil etdikləri məclisin video görüntülərini çəkərək sosial şəbəkələrdə paylaşıblar. 

Məlumat daxil olan kimi Zərdab Rayon polis Şöbəsinin əməkdaşları tərəfindən həmin məclisdə iştiirak edən və karantin qaydalarını pozan 19 nəfər saxlanılıb. Onlardan ikisi məclisin təşkilatçıları, rayon sakinləri Rza Alxasov və Sabiq Nəbiyev rayon məhkəməsinin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. Digərləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər. 

Avtomobilin baqajında postu keçmək istəyən şəxs saxlanılıb
Avtomobilin baqajında postu keçmək istəyən şəxs saxlanılıb.

APA xəbər verir ki, xüsusi karantin rejiminin pozulması hallarından biri də 15.04.2020-ci il saat 04:20-də Bakı-Şamaxı avtomobil yolunun 31-ci kilometrliyində qeydə alınıb. 

 Bakı şəhər sakini Bəhərçinov Şamxal Əli oğlu etibarnamə əsasında idarə etdiyi “Ford Focus” markalı 99-CJ-345 dövlət qeydiyyat nişanlı minik avtomobilinin baqaj hissəsində Şəki rayon sakini Ağakişiyev İbrahim Cumalı oğlunu polis keçid postundan paytaxt istiqamətinə keçirmək istəyərkən Yol Patrul Xidməti Alayının əməkdaşları tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Azərbaycanlı iş adamı koronavirusdan öldü
Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı iş adamı koronavirus səbəbindən vəfat edib.

Moskvada yaşayan Vasif adlı iş adamının yaxınları onun fotosunu paylaşaraq başsağlığı veriblər. Bildirilib ki, təxminən 10 gün əvvəl Vasifdə koronavirus aşkar edilib. Tibbi müdaxilələrə baxmayaraq o vəfat edib.

Vəfat edən şəxsin cənazəsinin həftənin şənbə günü ölkəyə gətiriləcəyi gözlənilir. (publika)

Azərbaycanlı iş adamı koronavirusdan öldü

DİN karantin cərimələrini ödəmək istəməyənlərə xəbərdarlıq etdi
Koronavirus pandemiyasının Azərbaycanda sürətlə yayılmasının qarşısını almaq üçün tətbiq edilən qaydalardan biri də zərurət olmadan və icazə almadan evdən çıxmağın qadağan olunmasıdır.

Bu qaydanı pozan şəxslər barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən cərimə protokolları tərtib edilir.

Əksər şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin minimum həddində, yəni 100 manat cərimə olunur. Lakin bəzi şəxslər bu prosedura ciddi yanaşmırlar.

Bakıda keçirilən reydlərin birində də vətəndaşın "yaz cəriməni, çıxım gedim. Onsuz da ödəməyəcəyəm" reaksiyası müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə də yazılan rəylərdən görünür ki, bu fikirdə olanlar az deyil.

BAKU.WS-in məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, bu cür düşünənlər səhvə yol verirlər:

"Deyilənlər tamam yanlış və qeyri-ciddi fikirlərdir. Karantin rejiminin pozulmasına görə tətbiq edilən cərimələrin ödətdirilməsi mexanizmi mövcuddur.

Karantin rejimi qaydalarını pozan şəxsə barəsində tərtib edilən protokoldan qanunamüvafiq olaraq, məhkəməyə müraciət etməsi üçün 10 gün müddət verilir. Yəni, vətəndaş özünü günahkar hesab etmirsə, protokoldan şikayət verə bilər.

On gün müddət tamam olanda əgər şikayət olunmazsa, protokol qanuni qüvvəyə minmiş sayılır. Bundan sonra vətəndaşa cəriməni ödəmək üçün 30 gün vaxt verilir.

Bu 40 gün ərzində isə sahə müvəkkilləri adına protokol tərtib edilən şəxslərə cəriməni ödəmələri barədə xəbərdarlıq edir.

Qırx gündən sonra cəriməni ödəməyən şəxslərin iş yerinə və yaxud yaşadığı ünvana rəsmi bildirişlər göndəriləcək ki, dərhal cəriməni ödəsinlər.

Cəriməni ödəməkdən imtina edən şəxslərin ölkədən çıxışına qadağa qoyulacaq, avtomobili varsa, saxlanılacaq və cərimə ödənilənədək avtomobil cərimə meydançasında qalacaq.

Cərimələrin ödətdirilməsi üçün məcbur etmə üsullarının hamısından istifadə olunacaq.

Karantin rejimini pozduğuna görə barəsində inzibati cərimə tətbiq edilənlər bilməlidirlər ki, cəriməni mütləq şəkildə vaxtında ödəməlidirlər.

Əks təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcəkdir".

Bu gün saat 12 radələrində Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində xüsusi karantin rejimi ilə əlaqədar polis tərəfindən qurulmuş postda insident baş verib.

Qazax istiqamətində hərəkət erən “Mercedes S Class 500” markalı lüks avtomobil polisin “saxla” əmrinə tabe olmayıb. 10 OO 018 dövlət qeydiyyat nişanlı lüks avtomobil sürətlə hərəkət edərək onu saxlamağa çalışan polisə çırpılıb.
Polis serjantı dərhal həmkarlarının köməkliyi ilə xəstəxanaya aparılıb.
Əraziyə post patrul naryadı cəlb edilib və hadisəni törədən sürücü saxlanılıb. (publika.az)

SON DƏQİQƏ: Azərbaycanda daha bir nəfər koronavirusdan öldü
Azərbaycanda 50 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bununla bağlı Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb.

Bildirilib ki, bir nəfər vəfat edib, 39 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 1148 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 289 nəfəri müalicə olunaraq sağalıb, 12 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 25 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2373 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Yasamalda baş verən qətlin ANBAAN GÖRÜNTÜLƏRİ
Paytaxtın Yasamal rayonunda qohumunu qətlə yetirməkdə təqsirli bilinən Kamil Səttarlının cinayət işi başa çatıb.

Hadisə 2019-cu il martın 1-də Yasamal rayonu Xiyabani küçəsi 33 ünvanındakı gözəllik salonunun qarşısında baş verib. Laçın rayonunun Minkənd kəndində qeydiyyat olan Kamil Səttarlı qohumu Emil Babaverdiyevə hücum edərək 3 bıçaq zərbəsi vurub. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hadisənin səbəbləri barədə daha ətraflı videonu təqdim edirik.

Azərbaycanda koronavirusa yoluxan icra başçısının müavinindən XƏBƏR VAR
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərov koronavirusdan sağalıb.

Report məlumatına görə, o, xəstəxanadan buraxılıb və daha iki həftə ev şəraitində müalicəsini davam etdirəcək. 

Qeyd edək ki, A.Dilavərov bir müddət öncə xəstəxanaya yerləşdirilmişdi. Onun koronavirus testi pozitiv çıxmışdı.

Şirvanda karantini pozan jurnalist həbs edildi
Bu barədə DİN-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata əsasən, Aprelin 12-də ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar Şirvan şəhəri ərazisində xidmətdə olan polis əməkdaşları küçədə gəzən bir nəfərə yaxınlaşaraq icazə və şəxsiyyətini təsdiq edən sənədlərini tələb edərkən o tabeçilik göstərməyərək polis əməkdaşının qanuni tələblərinə tabe olmadığına görə saxlanılıb.

Belə ki, Şirvan Şəhər Polis Şöbəsidə onun internet xəbər portallarından birinin müxbiri, Hacıqabul rayon sakini İbrahim Vəzirov olması olması müəyyən edilib.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və 25 gün müddətində inzibati həbs edilib.

Bakıda iki dost ərzaq almaq adı ilə icazə alıb, Qubada saxlanıldılar
Qubada karantin rejimini pozan şəxslərdən narkotik vasitə də aşkar edilib.

Bakı şəhər sakinləri olan Murad Quliyev və Mustafa Əsgərov sonuncuya məxsus “Hyundai H-1” markalı nəqliyyat vasitəsi ilə Bakı-Quba istiqamətində hərəkət edən zaman xüsusi karantin rejimi ilə əlaqədar olaraq Şabran rayonu Gəndov kəndi ərazisində quraşdırılmış müvəqqəti stasionar postda Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Məlum olub ki, həmin şəxslər icazə sistemi vasitəsi ilə ərzaq almaq üçün 2 saatlıq icazə alaraq istirahət etmək məqsədi ilə şimal bölgəsinə gəlmək istəyiblər.

Onların barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərkən hər iki şəxs özlərini şübhəli apardıqları üçün onların üzərlərinə və nəqliyyat vasitəsinə baxış keçirilib. Bu zaman həmin nəqliyyat vasitəsində gizlədilən saxlanılan şəxslərə məxsus ümumilikdə üç kibrit qutusunda narkotik maddə olan qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Dindirilmə zamanı Murad Quliyev və Mustafa Əsgərov həmin narkotiklərin onlara məxsus olduğunu etiraf ediblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti