![]() |
|
YOLUMUZ QARABAĞADIR..
Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol şəbəkəsinin daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu çərçivədə respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması işləri sürətlə və keyfiyyətlə aparılaraq yekunlaşdırılır.
Ötən əsrin 70-ci illərində o vaxtkı normativlər əsasında tikilmiş bir çox avtomobil yolları kimi Ucar-Zərdab-Ağcabədi yolu da ağır yük maşınlarının sayının kəskin artımı nəticəsində müasir tələblərə cavab vermədiyindən aşınmaya məruz qaldı. Bu isə ciddi mənada hərəkətə maneə törədirdi. Aparılan uğurlu islahatlar nəticəsində dövlət başçısının tapşırıq və sərəncamları ilə magistral yollarla yanaşı respublika əhəmiyyətli yolların da müasir səviyyədə yenidən qurulması işlərinə başlanıldı.
Respublika əhəmiyyətli Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun yenidən qurulması layihəsi Ucar şəhərinin girişindən başlayaraq, 70 km sonra Ağcəbədi şəhərinin cənubunda R18 Mingəcevir-Bəhrəmtəpə avtomobil yoluna birləşir.
Layihə üzrə mövcud yol oxu saxlanılmaqla yolun III dərəcəli yol parametrlərindən II dərəcəli yol parametrlərinə təkmilləşdirilməsi işləri aparılır. Bunun üçün mövcud yolun deformasiyaya uğrayan hissələrinin qazılması, torpaq yatağının genişləndirilməsi, torpaq dolğusu işləri, dənəvər tərkibli əsasın üst layının tikintisi işləri icra olunub, əsasın ait layının və qırmadaşlı əsasın tikintisi işləri isə yerinə yetirilir. Buna paralel olaraq yol əsası hazır olan hissələrin polimer asfalt-beton qarışığı ilə döşənməsi işləri də aparılır.
Tikinti-quraşdırma işləri magistral avtomobil yolunda vətəndaşların rahat və maneəsiz hərəkəti dayandırılmadan “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun keyfiyyətlə yerinə yetirilir.
Layihəyə əsasən hər birinin eni 3.75 metr olmaqla 2 hərəkət zolağından ibarət olan yolun ümumi eni 15 metrdir. Yol yatağının qalınlığı ümumilikdə 90, asfalt-beton örtüyü 3 lay olmaqla qalınlığı 27 sm təşkil edəcək.
Layihə çərçivəsində yol boyu 9 yeraltı keçid, 26 düzbucaqlı su keçidi, müxtəlif diametrlərə malik 74 suötürücü borunun və 30 avtobus dayanacağının inşası yekunlaşmaq üzrədir.
Bundan başqa uzunluqları 20 m-dən 175 m-ə qədər dəyişən 1-4 aşırımlı 7 avtomobil körpüsünün inşası işləri də aparılaraq yekunlaşdırılır. Sözügedən körpülərdən ən böyükləri avtomobil yolunun 58.9-cu km-də Mil-Qarabağ kollektoru üzərində inşa edilən və 60 metr uzunluğa malik körpü, həmçinin yolun 50-ci km-də Kür çayı üzərində inşa edilən 175 metr uzunluğa malik 4 aşırımlı körpüdür.
Ucar-Zərdab-Ağcabədi avtomobil yolu respublikamızın regionları, o cümlədən Ucar, Zərdab, Ağcabədi rayonları arasında iqtisadi əlaqələrin, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirməyə yardımçı yol olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var.
Layihənin icrası həm də ümumilikdə yolboyu yerləşən yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına böyük töhfə verəcək. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən yolların müasirləşdirilməsi bölgələrimizin turizm, kənd təsərrüfatı potensialını da gücləndirir. Bütün bu tədbirlərin əsas məqsədi isə vətəndaşların sosial məsələlərini həll etmək və onların gündəlik həyatını daha da yaxşılaşdırmaqdır.
Qeyd edək ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun tikintisinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.
YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!
YOLUMUZ QARABAĞADIR..
Vətəndaşların rahat gediş-gəlişini təmin edilməsinə xüsusi diqqət ayıran dövlət başçısının ölkədə avtomobil yollarının yenidən qurulması və reabilitasiyası istiqamətində həyata keçirilən işlərin davamı olaraq, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Xaldan-Şəki hissəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı tapşırıq və sərəncamlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
M5 magistralının yenidən qurulan hissəsinin uzunluğu 46 km-dir. Yolun sözügedən hissəsi II texniki dərəcəyə uyğun olaraq yenidn qurulur. Yolun ümumi eni 15 metr olmaqla bura 7.5 metr enində hərəkət hissə və hər bir istiqamət üzrə 3.75 metr enində çiyinlər daxildir.
Layihə çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, yolun köhnə və yararsız quruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə və qaya dolğusu işləri aparılmaqla yeni yol yatağı inşa olunub.
Torpaq işlərinin ardınca yol əsasının inşasına başlanılıb. Yol əsası optimal qırmadaş və qum-çınqıl qarışıqlarıdan istifadə olunmaqla inşa olunub. Hazırda yol boyu ələqələdirici bitum səpilməklə 27 sm qalınlığında 3 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır ki, bu çərçivədə də işlər yekunlaşmaq üzrədir.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, 46 km-lik yol boyu 3 avtomobil körpüsünün inşası da aparılaraq yekunlaşdırılır. Hazırda körpülərdə son tamamlanma işləri görülür. Körpülər yolun 1.8-ci km-də Alıcançay, 9.5-ci km-də Şirvan kanalı və 35.6-cı km-də Dəhnəçay üzərində inşa olunur. Müvafiq olaraq körpülərin uzunluqları 67, 76 və 61 metr təşkil edir.
Bundan başqa yol boyu köhnə suötürücü boruların yenilənməsinə də ehtiyac var idi. Bu üzdən müxtəlif diametrlərə malik 106 borunun inşası aparılıb ki, bunlardan 12-i düzbucaqlı su keçidləridir. Layihəyə uyğun olaraq yol boyu 7 nöqtədə yeraltı keçid də tikilib. Bununla yanaşı magistral yolun zəruri nöqtələrində 44 avtobus dayanacağının quraşdırılması da yekunlaşmaq üzrədir.
“M-5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində magistralın 46-cı km-dən ayrılan və Şəki şəhərinə qədər uzanan 12 km-lik respublika əhəmiyyətli yolun da III texniki dərəcəyə uyğun yenidən qurulması işləri də aparılaraq yekunlaşdırılır. 2 hərəkət zolaqlı olmaqla yolun ümumi eni 12 metr təşkil edir. Anoloji tikinti işləri bu yolda da görülür. Respublika əhəmiyyətli yolda 5 avtomobil körpüsünün inşa bitmək üzrədir. Körpülər yolun 0.4-cü km-də dəmiryolu, 0.7-ci km-də Əyriçay, 1.4-cü km-də Küncüt çayı, 4.6-cı km-də Sarı Qobu çayı və 5.2-ci km-də Qarasu çayı üzərində salınır. Körpülər 2-3 aşırımlı olmaqla uzunluqları 49, 61 və 76 metr təşkil edir.
Bütün işlər texnoloji ardıcıllığa uyğun olaraq və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. İşlərin yaxın müddət ərzində yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib. Ümumilikdə yollar boyu işlərin tərəqqisi planı üstələyir və 90 faiz təşkil edir. Qeyd edək ki, M5 Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolu ölkənin şimal-qərb istiqamətindən Mazımçay üzərindən keçməklə Gürcüstün sərhədinə doğru istiqamətlənən və respublikanın ümumi yollar şəbəkəsində xüsusi əhəmiyyəti olan 164 km uzunluğa malik II dərəcəli magistral avtomobil yoludur. Əsaslı şəkildə yenidən qurulan Yevlax-Zaqatala-Gürcüstan avtomobil yolunun (M5) tərkib hissəsinə aid olan Xaldan-Şəki hissəsi 2 rayonun inzibati ərazisindən keçməklə bir-neçə yaşayış məntəqəsini birləşdirir.
Aparılan işlər yol boyu yaşayan əhali ilə yanaşı yoldan istifadə edən bütün vətəndaşların gediş-gəlişini rahatlaşdıracaq, Gürcüstan həmçinin əks istiqamətdə yük və sərnişin daşımasını xeyli asanlaşdırmaqla kənd təsərrüfatının və turizmin inkişafına müsbət təsir edəcək.
Xatırladaq ki, ötən il sözügedən magistralın 40 km uzunluğa malik Zaqatala-Balakən-Mazımçay hissəsi əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdi.
YOLUN AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!
YOLUMUZ QARABAĞADIR...
Sənayenin, turizmin və kənd təsərrüfatının inkişafına təkan verən, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaratmaqla vətəndaşın sosial rifah halına müsbət təsir göstərən və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirən avtomobil yollarının yenidən qurulması işləri geniş vüsət alıb.
Bu məqsədlə Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli (18 km)–Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri sonuncu mərhələdədir.
17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolunda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun hərəkət hissəsinin səviyyəsi yerin təbii relyefi ilə eyni səviyyədə yerləşir və torpaq yatağının orta eni 5.0-7.0 metr arasında dəyişirdi. Yolun torpaq yatağının karxana çınqılı ilə əsaslı şəkildə təmir olunmasına zərurət yaranmışdır.
Yol boyu mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır. Bu üzdən boru başlıqlarının yenidən təmir olunmasına və əlavə olaraq yeni boruların qoyulmasına ehtiyac vardır. Sadalanan problemləri aradan qaldırılması üçün hazırda avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əsaslı şəkildə yenidən qurulur.
Zəyəm Cırdaxan–Tatarlı avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yararsız örtük mexanizmlə sökülüb daşınıb, yolun texniki parametirlərinin bərpası üçün xüsusi qrup qrunt tökülərək yayılıb, torpaq yatağının relyefdən aşağı olan hissəsinin qaldırılması üçün torpaq yatağı karxana çınqılı inşa edilib, yatağın normativ eninin alınması məqsədilə isə qaya tipli süxurlar və dağ yamacları mexanizmlə kəsilib.
Bundan başqa yol boyu yerləşən, suvarma üçün olan köhnə metal borular sökülərək əvəzinə yeni 468 paqon-metr uzunluğa malik müxtəlif diametrli dairəvi su ötürücü metal və dəmir-beton borular quraşdırılır və izolyasiya olunub, boru başlıqları dəmir-betonla inşa edilib, həmçinin 10 metr uzunluğunda olan yeni dördbucaqlı su keçidi inşa edilir, yolun 1-ci km-də yerləşən bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur.
Sadalanan işlərə paralel olaraq yol yatağı hazır olan hissələrdə yol əsasının karxana çınqılı və optimal qum-qırmadaş qarışığı ilə inşası işləri də aparılır. Yol əsası hazır olan hissələrə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb. Ümumilikdə 100 min kv.m sahənin asfalt-betonla örtülməsi nəzərdə tutulub.
Tikinti işlərinin sonuncu mərhələsində 6 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün isə sadalanan yollar boyu 112 yol nişanı, 480 siqnal quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin başa çatdırılması üçün ərazidə lazımi sayda canlı qüvvə və texnika çalışır.
Qeyd edək ki, ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir–Zəyəm–Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan–Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.
YOLUNUZ AÇIQ OLSUN, AZƏRBAYCAN ƏSGƏRİ!
Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən regionlarda yol infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir, kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alır.
7 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Poylu–Salahlı–Qarabağlı–Kəsəmən avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən hazırlanmış layihəyə uyğun olaraq, Samux rayonunda uzunluğu 39.5 km olan yerli əhəmiyyətli avtomobil yolunun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulması yekunlaşmaq üzrədir. Bu 28.1 km uzunluğa malik Yenikənd-Poylu avtomobil yolu və bu yoldan ayrılan Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarıdır. Kəsəmən yolunun uzunluğu 4.6 km, Qarabağlı yolunun uzunluğu 2.8 km, Salahlı yolunun uzunluğu isə 4 km təşkil edir.
Yenikənd-Poylu avtomobil yolu IV texniki dərəcəli olmaqla qara örtüklü idi. Avtomobil yolu uzun illər istismar olunduğundan təmirlər arası istismar müddətini keçmişdir. Avtomobil yolunun torpaq yatağı deformasiyaya uğramış, yolda qabarma və çökmələr əmələ gəlmişdir. Yolun 14-26 km hissəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan atmosfer və suvarma sularının təsiri altında qalırdı. Bu səbəbdən örtükdə çoxlu sayda çalalar, çökmələr və gölməçələr əmələ gəlmişdir. Yolun torpaq yatağının yerin təbii relyefindən qaldırılmasına və yenidən təmir olunmasına ehtiyac yaranmışdır.
Layihə çərçivəsində mövcud örtük qazılaraq kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu müxtəlif dərinliklərdə qazılaraq çıxarılıb, əvəzinə yararlı çınqıl materialı tökülərək kipləşdirmə işləri aparılıb. Bundan başqa yolun relyefdən aşağı olan hissələrində torpaq yatağının qaldırılması üçün yararlı qrunt tökülərək yayılıb və kipləşdirilib. Bu işlərə paralel olaraq yolun altından suların ötürülməsi üçün mövcud suötürücü borular bərpa olunub, zəruri olan yerlərdə yeniləri qurulub.
Belə ki, Yenikənd-Poylu avtomobil yolu boyunca müxtəlif diametrli 32 yeni suötürücü dəmir-beton boruların və başlıqlarının dəmir-betonla tikilməsi və izolyasiyası, həmçinin 6 yerdə düzbucaqlı su keçidlərinin inşası, zəruri olan yerlərdə avtoqreyderlə küvetlərin açılması işləri aparılıb.
Yeni yol yatağı işlənən ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışıqlarından ibarət müxtəlif qalınlıqlarda yol əsasının tikintisi və bərpası, yolun çiyinlərinin optimal-çınqıl materialı ilə bərkidilməsi işləri aparılır. Yol əsasının hazır olan hissələrinə isə yeni asfalt-beton örtüyünün döşənməsinə start verilib.
Anoloji işlər Kəsəmən, Qarabağlı və Salahlı kəndlərinin giriş yollarında da aparılır. Çınqıl və qara örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan örtük və torpaq yatağı aşınmaya məruz qalaraq yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdır.
Mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, qruntun yayılaraq profilə salınması və kipləşdirilməsi işləri görülüb. Torpaq yatağı hazır olan hissələrdə yol əsasının alt və üst layının tikintisi işləri görülür.
Sözügedən yollarda yerləşən suötürücü borular da uzun illər istismar olunduğundan boruların orta hissələri çökmüş, sukeçiricilik qabiliyyətin itirmiş, istismar üçün yararsız vəziyyətə düşmüşdür. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik 39 yeni dəmir-beton suötürücü borunun quraşdırılması, mövcud körpünün təmiri işləri də layihə çərçivəsində həyata keçirilib.
Yenidənqurma işlərinin sonuncu mərhələsi çərçivəsində hazırda yollar boyu yol əsası hazır olan ərazilərdə əlaqələndirici bitum səpilməklə 230 min kv.m-dən çox sahəyə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənir.
Tikinti işlərindən sonra yollar boyu hərəkətin normal təşkili üçün tədbirlər həyata keçiriləcək. Belə ki, zəruri yol nişanı, km göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək, avtobus dayanacaqları quraşdırılacaq.
Gürcüstan ilə dövlət sərhədinə yaxın ərazidə yerləşən yaşayış məntəqələrini əhatə edən yolların yenidən qurulması 5 min nəfər əhalinin gediş-gəlişini rahatlaşdıracaq.
Ümumilikdə bu layihə yol boyu yaşayan hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərməklə, avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaradacaq, kənd təsərrüfatının inkişafına təkan verəcək, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradacaq.
YOLUMUZ QARABAĞADIR...
Regionların sosial-iqtisadi inkişafı üçün mühüm amillərdən biri sözsüz ki, müasirləşən yol infrastrukturu hesab olunur. Bu həm insanların yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, həm də rahatlığına xidmət edir.
Respublikamızda yeni yolların tikilməsi ilə bağlı son aylarda prezident İlham Əliyevin müvafiq sərəncamlar imzalaması xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Belə layihələrdən daha biri Azərbaycan Respublikası Prezidentinin 10 sentyabr 2020-ci i il tarixində imzaladığı sərəncama əsasən Qazax rayonu, yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 13-cü km-dən ayrılan və Fərəhli kəndinə gedən yolun əsaslı təmiridir.
Uzunluğu 5 km olan yolun Fərəhli kəndinə qədər olan hissəsi 3 km, kəndin içərisindən keçən hissəsinin uzunluğu isə 2 km təşkil edir. Burda hərəkət hissəsinin eni müvafiq olaraq 6 və 4.5 metr olmaqla dəyişir.
Təbii ki, sərhədyanı yolun yenidən qurulması kənd əhalsinin ürəyincə olub. Çünki uzun illər onların istər rayon mərkəzinə, istərsə də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral yolu vasitəsi ilə qonşu rayonlara birbaşa çıxışında sözügedən yolun təmirsiz olması ilə bağlı problemlər mövcud olub. Artıq bu problemlər geridə qalır.
Hazırda yol boyu torpaq yatağının yararsız hissələri qazılıb çıxarılır, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq inşası, qazılmış hissələrin yenidən bərpası və yolun müəyyən hissələrində yolun normativ eninin alınması üçün genişləndirilməsi işləri görülür. Bundan başqa layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülür. Bunun üçün müxtəlif diametrli 14 dairəvi dəmir-beton borulardan istifadə olunur.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, daha sonra yol əsasın alt və üst layının inşası, bunun ardınca isə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görüləcək, uzunluğu 15 m, eni isə 8 m olan mövcud, 1 aşırımlı körpü əsaslı şəkildə təmir ediləcək.
Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təşkil etmək məqsədi ilə zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da müasir şəkildə yenidən qurulan yol qısa müddət ərzində vətəndaşların istifadəsinə veriləcək.
İşlərin tərtib olunmuş qrafikə uyğun vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda texnika və canlıq qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN...
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında yer alan genişmiqyaslı sosial-infrastruktur layihələr arasında yol infrastrukturunun yenidən qurulması xüsusi önəm daşıyır. Bu çərçivədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi respublika üzrə bütün rayonları əhatə edən magistral, respublika və yerli əhəmiyyətli yollarda geniş yenidənqurma işləri aparır.
Tovuz rayonunda bu layihələrdən 1 şəhər və 4 kəndi əhatə edən ümumi uzunluğu 36 km olan avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması işləri yüksək keyfiyyətlə və sürətlə aparılaraq yekunlaşdırılır.
Bu M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolundan ayrılan və uzunluğu 17 km olan Əyyublu kəndinin, 4.4 km uzunluğunda Aran kəndinin, 7.6 km-lik Qovlar şəhərinin 2 yaşayış məntəqəsinin, həmçinin uzunluğu 5 km olan Aşağı Quşçu və 2 km olan Koxanəbi kəndlirinin avtomobil yollarıdır.
Sözügedən yolların hər biri IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə və sürətlə aparılan bu işlər 5 yaşayış məntəqəsinin 30 mindən çox əhalisinin M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə respublikanın bütün istiqamətlərinə hərəkət etmələrini xeyli dərəcədə asanlaşdıracaq.
Çünki sözügedən avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idi. Üstəlik bəzi hissələrdə yol əkin sahəsindən keçdiyi üçün torpaq yatağı suvarma və qrunt sularının təsirinə məruz qalaraq yararsız hala düşmüşdür. Bu isə öz növbəsində vətədaşların hərəkətində müəyyən çətinliklərə səbəb olurdu.
Tikinti layihəsi uyğun olaraq yollar boyu torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa olunub. Bu işlərə paralel olaraq suların ötürülməsi üçün müxtəlif diametrlərə malik yeni suötürücü dəmir-beton boruların tikintisi işləri də aparılıb. Çünki mövcud suötürücü borular və boruların başlıq hissələri dağılmışdır.
Torpaq yatağının tikintisi yekunlaşan ərazilərdə optimal-qırmadaş və qum-çınqıl qarışığından ibarət yeni yol əsasının inşa olunur. Texnoloji ardıcıllığa əsasən yol əsası hazır olan hissələrdə 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə də start verilib. Qeyd olunan işlər ümumilikdə yolların 200 min kv.m-dən çox sahəsində aparılacaq. Asfaltlanan ərazilərdə çiyinlərin lazımi materialla bərkidilməsi işləri də görülür.
Bütün işlər mövcud “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında aparılır. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
YOLUNUZ AÇIQ OLSUN..
“Azərbaycan Dəmir Yolları” QSC Ləkidən Qəbələyə çəkilən dəmir yolunu bu ilin sonunadək istismara verməyi planlaşdırır. Bu layihə çərçivəsində aparılan tikinti işlərinin artıq 82 faizi tamamlanıb.
Qəbələyə çəkilən biryollu xətt öz başlanğıcını Bakı - Böyük Kəsik dəmir yolu xəttinin Ləki stansiyasından götürür. Yeni salınmış dəmir yolu xəttinin yan yollarla birlikdə ümumi uzunluğu 44,5 km təşkil edir.
Yolun layihələndirmə işlərinə xarici ekspertlər cəlb olunub, tikinti işləri isə yerli mütəxəssislər tərəfindən aparılıb. Qəbələyə çəkilən yolun keçdiyi ərazilər asan relyefə malik olmadığından bu xəttin çəkilməsi dəmiryolçulara böyük zəhmət və çətin sınaqlar hesabına başa gəlib. Tikintisi iki ildir davam edən yolda 7 ədəd körpü, 6 ədəd avtomobil tuneli, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 106 ədəd suötürücü boru kimi süni mühəndisi qurğular tikilərək başa çatdırlıb.
Bundan başqa, yolda elektrik dirəkləri və 1 ədəd dartı yarımstansiyasının tikintisi tamamlanıb və kontakt şəbəkəsinin quraşdırılması üçün son işlər davam etdirilir. Bu yolda kəsintisiz 800 metrlik relslərdən istifadə olunub ki, bu da sərnişinlərin komfortlu səyahət keçirməsinə, eləcə də səs çirklənməsinin qarşısının alınmasına hesablanıb. Yolda təhülkəsizliyi təmin etmək üçün ümumi uzunluğu 85 000 paqon metr olan metal hasar da çəkilir.
Qəbələyə çəkilən yeni yolda 1 dayanacaq və 1 stansiya olacaq. Onlardan biri Ağdaşda, digəri isə Qəbələdə tikilir. Yolda həmçinin işarəvermə və rabitə sistemi üçün 1 ədəd məntəqə də inşa olunur.
Bakıdan Qəbələyə gedən dəmir yolu xəttində İsveçrənin “Stadler” şirkətinin istehsalı olan “Kiss” markalı elektrik qatarlarından istifadə olunacaq. Yolda orta sürətin saatda 100 km olması nəzərdə tutulur ki, bu da Bakıdan gedən sərnişinlərin 3 saat sonra Qəbələyə təhlükəsiz və rahat şəraitdə çatmasını təmin etmiş olacaq.
Tikinti işlərinin bu ilin noyabr ayınadək başa çatdırılması və yolun isə ilin sonunadək istismara verilməsi planlaşdırılır.
Ölkəmizin sosial-iqtisadi həyatında xüsusilə regionlarda, o cümlədən kəndlərdə iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi, həmçinin qeyri neft sektorunun inkişafının gücləndirilməsi istiqamətində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi respublikanın inkişaf gündəliyində ön plana çıxıb.
Bu istiqamətdə aparılan işlər ölkə ərazisində avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınmasına olan tələbatı nəzərə alaraq, yüksək keyfiyyətli avtomobil yollarının layihələndirilməsi və tikilməsi vəzifəsini qarşıya çıxarır.
Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2020-ci il tarixli 1997 nömrəli Sərəncamına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədində “Xanoba”, “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun 4 zolağa genişləndirilməsi işləri aparılır.
Sözügedən avtomobil yolu 1982-ci ildə inşa edilib. Uzun illər istismar olunduğundan örtük yararsız vəziyyətdə idi. Bu üzdən yolun yenidən qurulmasında məqsəd Rusiya Federasiyası ilə sərhəddə yerləşən Samur, Şirvanovka və Xanoba sərhəd keçid məntəqələri ilə nəqliyyat əlaqəsini daha da yaxşılaşdırmaqdır.
Bundan başqa yol yeni Bakı-Rusiya magistral avtomobil yoluna birləşəcəkdir. Bununla da avtomobil yolu sərnişinlərin və ölkə ərazisindən ixrac olunan məhsulların 3 keçid məntəqəsi arasında paylaşdıraraq daha da sürətli transfer rolunu oynayacaqdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Azərelmitətdiqatlayihə İnstitutu” MMC tərəfindən avtomobil yolunun 4 zolağa genişləndirilməsi məqsədilə 1C kateqoriyasına uyğun olaraq yol layihəsi hazırlanıb. Layihəyə əsasən avtomobil yolunun ümumi uzunluğu 23.4 kilometr, torpaq yatağının eni 21.6 metr, hərəkət hissəsinin eni 15 metr, 0.4 metr bərkidici zolaq olmaqla çiyinlərin eni 2x2 metr təşkil edir.
Hal-hazırda marşrut boyu mövcud örtüyün sökülməsi, torpaq yatağının təbii relyef səviyyəsinə qaldırılması və genişləndirilməsi, yolun genişləndirilməsi üzrə kommunikasiya xətlərinin köçürülməsi, svayların vurulması və torpaq işləri həyata keçirilir.
Layihə üzrə marşrut boyu Samur-Yalama beynəlxalq dəmir yolu xətti üzərində 1 ədəd yol ötürücüsünün, Xan Arxı və Samur-Abşeron su kanalı üzərində 2 ədəd körpünün, həmçinin Xanoba ərazisində yerli yolla kəsişmədə avtomobil tunelinin tikintisi də aparılır.
Layihə üzrə nəzərdə tutulan yolun tikintisi altına düşən yaşayış və qeyri-yaşayış obyektləri sahiblərinin kompensasiya alınması istiqamətində müvafiq sənədləşmə işləri həyata keçirilib və bu çərçivədə də işlərə başlanılıb. Bundan başqa layihənin təsiri altına düşən yaşıllığın köçürülməsi məqsədilə hazırlanmış “Ətraf mühitə təsirin qiymətləndirilməsi” hesabatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin rəy alınması məqsədilə göndərilib. Artıq müvafiq rəy alınaraq tikinti altına düşən yaşıllıqların köçürülməsi işlərinə də start verilib.
“Xanoba” “Şirvanovka” və “Samur” sərhəd-keçid məntəqələri arasındakı avtomobil yolunun yenidən qurulmasının 2021-ci ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulub.
YOLUNUZ AÇIQ OLSUN..
Ölkə başçısının 30 iyul 2020-ci il tarixli Sərəncamına əsasən, 3 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən və Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun 134-cü km-də başlanğıcını götürən Şirinbulaq marşrutu üzrə kəndləri əhatə edən avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən genişmiqyaslı tikinti işləri həyata keçirilir.
Şəki rayonu Aşağı Kəldək, Aşağı Daşağıl, Aydınbulaq, Əliyar, Şirinbulaq, Çolaqlı kəndlərini əhatə edən avtomobil yollarının uzunluğu 28.1 km təşkil edir. Bu respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 134-cü km-də ayrılan və 18 km uzunluğa malik Aydınbulaq avtomobil yolu, həmçinin başlanğıcını Aydınbulaq yolundan götürən və 10.1 km olan Aşağı Kəldək, Aşağı Daşağıl, Şirinbulaq və Çolaqlı kəndlərinin yollarıdır.
IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların ümumi eni 10 metr təşkil edəcək. 2 hərəkət zolaqlı olmaqla yolun hərəkət hissənin eni isə 6 metr, hər bir istiqamət üzrə çiyin hissələrin eni isə 2 metr olacaq.
Çınqıl, qara örtük və torpaq əsasdan ibarət sözügedən avtomobil yolları uzun illər istismar olunduğundan yolda çalalar, çökmələr, qabarmalar əmələ gəlmiş, nəqliyyatın hərəkətində çətinliklər yaranmışdır. Üstəlik bir-çox yerdə yolun səviyyəsi yerin təbii relyefiylə eyni səviyyədə olduğundan yolun torpaq yatağı atmosfer və qrunt sularının təsiri altında qalır. Bu üzdən torpaq yatağının relyefdən layihə səviyyəsinə qaldırılmasına ehtiyac yaranmışdır. Bundan başqa yolun bəzi hissəsində torpaq yolun orta eni 4-5 metr təşkil edir. Yağıntı olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti demək olar ki, dayanır. Sadalanan problemlərin tam olaraq aradan qaldırılması üçün agentlik yol boyu təxirəsalınmaz tədbirlərin icrasına start verib.
Yolların dağılmış hissələrin qazılaraq çıxarılması və yenidən bərbası, torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılaraq genişləndirilməsi ilə yenidən inşası, eyni zamanda atmosfer sularını yoldan kənarlaşdırmaq və kənardan yağış sularının yola daxil olmaması üçün avtoqreyderlə küvetlərin qazılması, yaşayış məntəqələri daxilində zəruri yerlərdə “U” şəkilli beton küvetlərin çəkilməsi işləri həyata keçirilir. Yenidənqurma işlərinin əhatə etdiyi ərazinin sahəsi 300 min kv.m-ə yaxındır.
“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yol əsasın alt layının qum-çınqıl, üst layının isə optimal çınqıl qarışığı ilə salınması, çiyin hissələrin eyni materialla bərkidilməsi işləri görülür. Yol əsası hazır olan hissələr isə əlaqələndirici bitum səpilməklə 12 sm hündürlükdə iri və xırda dənəli olmaqla 2 laydan ibarət yeni asfalt-beton örtüyü ilə döşənir.
Bundan başqa avtomobil yollarının müxtəlif hissələrində yerləşən suötürücü borular uzun müddət istismar olunduğundan boruların sukeçiricilik qabiliyyəti azalıb, borularda və boru başlıqlarında sınma və çatlama halları yaranıb, nəticədə suötürücü borular istismar üçün yararsız vəziyyətə düşüb. Bu üzdən yollar boyu müxtəlif diametrlərə malik azbest, metal və dəmir-beton boruların sökülərək çıxarılması, əvəzinə 54 yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması, boru başlıqlarının dəmir-betonla təmiri, 2 yerdə dördbucaqlı su keçidinin inşası də layihə üzrə yerinə yetirilən işlərdəndir.
Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə avtobus dayanacaqları və əyrixətli dəmir tirlərin, hərəkətin normal təşkil üçünsə yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi nəzərdə tutulur.
Sözügedən yolların yenidən qurulması ilə 5 yaşayış məntəqəsinin 3 mindən artıq əhalisinin istər Şəki şəhər mərkəzinə, istərsə də Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə etməklə qonşu rayonlara gediş-gəlişi xeyli rahatlaşacaq, yük və sərnişin daşıması asanlaşacaq. Ən əsası yolun tikintisi ilə bu ərazidə kənd təsərrüfatının inkişafı hədəflənir ki, bu da birbaşa olaraq yol boyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir edə biləcək amildir.
YOLUNUZ AÇIQ OLSUN..
Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarına uyğun olaraq yolların müasirləşdirilməsi istiqamətində görülən işlərin həcmi ildən-ilə artmaqdadır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Kürdəmir rayonunda bu çərçivədə 18 km uzunluğu malik Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun yenidən qurulması işləri artıq sonuncu mərhələ üzrə icra olunur.
Başlanğıcını Bakı-Ələt-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 170-ci km-dən götürən Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli avtomobil yolunun əhatə etdiyi yaşayış məntəqələri 4 minə yaxın əhalinin yaşadığı 3 kənddir. Bu kəndlər arasında nəqliyyat əlaqəsi çox pis vəziyyətdə olub. Çünki torpaq və çınqıl örtük əsaslı yolla gediş-gəliş çox çətin olub.
18 km uzunluğa malik avtomobil yolu boyu deformasiyaya uğramış örtüyünün bərpası məqsədi ilə zəruri yerlərdə yol yatağı qazılaraq çıxarılıb, genişləndirmə işləri aparılmaqla 10 metr enində yeni yol yatağının inşası istiqamətində addımlar atılıb. Yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi işləri həyata keçirilib. Bunun üçün qum-çınqıl və optimal-qırmadaş qarışığından istifadə olunub.
Texnoloji ardıcıllıqla aparılan tikinti işlərinin növbəti, sonuncu mərhələsi üzrə artıq yolun asfaltlanması işlərinə start verilib. Yol örtüyünün alt layının 7 sm qalınlıqda iri dənəli, üst layının isə 5 sm qalınlıqda xırda dənəli asfalt-beton örtüyü ilə tikintisi aparılır. Bu işlər 100 min kv.m-dən çox ərazini əhatə edir.
Layihə çərçivəsində yol boyu yararsız vəziyyətdə olan suötürücü boruların yeniləri ilə əvəz edilməsi və yenilərinin quraşdırılması işləri də görülüb. Bunun üçün müxtəlif diametrli dairəvi dəmir-beton borulardan istifadə olunub.
Yol boyu avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədi ilə avtobus dayanacaqlarının tikilməsi, yol nişanı, km göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da layihə üzrə nəzərdə tutulur.
Bu tədbirlərin icrası, ilk növbədə, Ərəb Qubalı-Çöl Qubalı-Məhərrəmli marşrutu üzrə yaşayan əhalinin rahatlığını təmin edir, onların mənzil başına təhlükəsiz çatmalarına imkan yaradır. Bundan başqa, yolların bu cür müasir səviyyəyə çatdırılması, təkcə yol üzərində olan kəndləri deyil, ümumilikdə, həmin rayonun sosial-iqtisadi inkişafına töhfə verir və yolboyu yerləşən yaşayış məntəqələrində sakinlərə əlavə iqtisadi imkanlar açır.
YOLUNUZ AÇIQ OLSUN..