![]() |
|
Azərbaycan Prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına qatılmayacaq.
APA xəbər verir ki, bu barədə Rusiya Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Laos liderləri Moskvadakı Qələbə paradına gəlməyəcəklər.
İran TRACECA çərçivəsində İran-Azərbaycan-Gürcüstan tranzit dəhlizinin yaradılmasını təklif edir. “Yeni Müsavat” xəbər verir ki, bu barədə İran mətbuatına ölkənin yol və şəhərsalma nazirinin müşaviri Amin Tərfe bildirib. O qeyd edib ki, sözügedən təşəbbüs İranın yol və şəhərsalma naziri Fərzanə Sadiqin bu yaxınlarda Azərbaycana səfəri zamanı səsləndirilib və rəsmilər tərəfindən bəyənilib.
Xatırladaq ki, TRACECA beynəlxalq nəqliyyat dəhlizi Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Sazişin 14 iştirakçı ölkəsinin - Azərbaycan, Ermənistan, Bolqarıstan, Gürcüstan, İran, Qazaxıstan, Qırğızıstan, Moldova, Rumıniya, Tacikistan, Türkmənistan, Türkiyə, Ukrayna və Özbəkistanın nəqliyyat sistemini əhatə edir.
İranın bu proqram çərçivəsində ayrıca Azərbaycan və Gürcüstanla nəqliyyat dəhlizi yaratmaq ideyası maraqlı görünür. Çünki üç ölkə İranın təşəbbüskarı olduğu mahiyyətcə eyni olan Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsində birgə fəaliyyətə dair müqavilə imzalayıblar. Bu layihəni 2016-cı ildə İran irəli sürüb, mahiyyəti Asiyadan yüklərin öz ərazisi ilə Ermənistan, Gürcüstan üzərindən Avropanın Qara dəniz sahillərinə çatdırmaqdan ibarətdir. 2021-ci ilədək İranın dəvətinə baxmayaraq, Azərbaycan Ermənistan amilinə görə layihəyə maraq göstərməyib.
Daha sonra İranla Azərbaycan arasında Araz çayı üzərindən yeni avtomobil körpüsünün tikintisinə dair müqavilə imzalanıb və 2023-cü ilin dekabrında körpünün rəsmi açılışı baş tutub. Rəsmi məlumata görə, hazırda dövlət sərhədindən buraxılış məntəqəsinin ikinci fazada genişləndirilməsi məqsədilə müvafiq işlər aparılır. Genişləndirilmə işlərindən sonra dövlət sərhədindən buraxılış məntəqəsi 7 gediş və 7 gəliş xətləri üzrə gündəlik olaraq 500 giriş və 500 çıxış olmaqla, ən azı 1000 yük nəqliyyat vasitəsini qəbul edə biləcək.
Regionda icra olunan demək olar ki, bütün beynəlxalq əhəmiyyətli layihələrdən kənarda qalan Ermənistan Fars körfəzi-Qara dəniz layihəsində iştirakda son dərəcə maraqlıdır. İrəvan dəfələrlə ən yüksək səviyyədə bu layihə üzrə sazişləri ratifikasiya etməyə hazır olduğunu elan edib. Lakin İranın təşəbbüskarı olduğu layihə hələ də danışıqlardan real mərhələyə keçməyib. Belə ki, layihə iştirakçısı olan ölkələrin nümayəndələrindən ibarət işçi qrupun sonuncu - altıncı iclası 2022-ci ilin aprelində Sofiyada keçirilib, orada ölkələr arasında imzalanacaq sazişin 6-cı dəfə işlənmiş “son” variantı razılaşdırılıb. İran, Bolqarıstan və Ermənistan nümayəndələrinin imzaladığı sazişin Azərbaycan, Yunanıstan və Gürcüstan tərəfindən də imzalanması üçün mayın sonuna qədər vaxt müəyyənləşdirilib. Lakin ötən müddət ərzində bu imzalanmaya dair hər hansı açıqlama qeydə alınmayıb.
Maraqlıdır ki, Ermənistan tərəfi dəhlizin bir qolunun Azərbaycan üzərindən keçməsi ilə razılaşmadığını dəfələrlə bəyan edib. İrəvan həm bu dəhliz, həm də qoşulmağa can atdığı Şimal-Cənub dəhlizi ilə yükdaşımaların müddətini azaltmaq üçün artıq 15 ildən yuxarıdır ki, ölkənin İran sərhədindən başlayaraq, Gürcüstan sərhədinə qədər beynəlxalq səviyyəli avtomobil yolunun tikintisinə start verib. Tikintinin çox mühüm hissəsi xarici maliyyə qurumlarından, xüsusilə də Avrasiya İqtisadi İttifaqının maliyyə qurumu olan Avrasiya İnvestisiya Bankından alınan kreditlər hesabına həyata keçirilir. Yalnız son 2 ildə magistralın tikintisi prosesində canlanma müşahidə olunmaqdadır. Yolun bir neçə hissəsinin tikintisi Avrasiya İnvestisiya Bankının krediti hesabına və İran şirkətləri tərəfindən icra olunur. İrəvanda aparılan hesablamalara əsasən, magistralın tikintisinin 2032-33-cü illərdə tam başa çatdırılması gözlənilir. Məlumdur ki, TRASEKA Avropa İttifaqı və ABŞ tərəfindən dəstəklənir. İranın təşəbbüskarı olduğu Fars körfəzi-Qara dəniz nəqliyyat dəhlizi layihəsinə münasibətdə belə dəstək yoxdur. Üstəlik, həm ABŞ, həm də Avropa İttifaqının İrana yönəlik iqtisadi sanksiyaları mövcuddur, Vaşinqton hətta onları getdikcə sərtləşdirir. Buna görə də Tehranın təşəbbüskarı olduğu layihənin reallaşması mümkün deyil. Bunu nəzərə alan İran eyni marşrut üzrə yükdaşımaların təşkilini nəzərdə tutan prosesi TRASEKA çətiri altına çəkmək istəyir. Bu, layihəni sanksiyalardan qoruya və eyni zamanda iştirakçı ölkələri fəallaşmağa stimullaşdıra bilər.
Əslində İranın yeni təşəbbüsü olmadan belə, üç ölkə Asiyadan Avropaya yükdaşımaların təşkilində əməkdaşlıq edir. Şimal-Cənub nəqliyyat dəhlizi çərçivəsində İran üzərindən ötürülən yüklər Azərbaycandan Rusiya və Gürcüstana nəql edilir. Həm Azərbaycan, həm də Gürcüstan Asiyadan Avropaya Aİ və ABŞ-ın dəstəyinə malik Transəxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində uğurla əməkdaşlıq edirlər. Hər iki ölkənin nəqliyyat-logistika infrastrukturu sürətlə inkişaf etdirilir. Azərbaycan Xəzərin o tayından, eyni zamanda İrandan gələn yüklərin qəbulu və qısa müddətdə ötürülməsini təmin etmək üçün öz ərazisində infrastrukturun qurulmasına milyardlarla manat investisiya yatırır. Hazırda İran sərhədinə doğru uzanan Ələt-Osmanlı-Astara dəmiryol xəttinin əsaslı şəkildə yenidənqurulması işləri həyata keçirilir. Eyni zamanda Rusiya sərhədinə qədər olan dəmiryol infrastrukturunun müasirləşdirilməsi prosesi yekunlaşmaq üzrədir.
Bundan əlavə, Azərbaycan İrana və Rusiyaya avtomobil yollarının ötürücülük imkanlarının genişləndirilməsi işlərini başa çatdırmaqdadır. Gürcüstan istiqamətində işlər artıq yekunlaşdırılıb.
İranın isə görüləsi işləri kifayət qədər çoxdur. Tehran 2023-cü ildə bağlanmış müqavilə əsasında nəqliyyat dəhlizlərinin inkişafı üçün zəruri olan Rəşt-Astara dəmiryol xəttinin tikintisi üçün Rusiyadan 1,3 milyard avro kredit almalıdır. Lakin ötən müddət ərzində dəmiryol xəttinin keçdiyi ərazidə torpaq alınması işləri başa çatmadığına görə xəttin texniki-iqtisadi layihələndirilməsinə belə başlanmayıb. Bu səbəbdən Rusiya ilə yolun tikintisinə dair lazım olan sazişlərin imzalanması da baş tutmur.
Qeyd etdiyimiz kimi, Azərbaycan yalnız İran üzərindən deyil, Mərkəzi Asiya üzərindən də Avropaya və əksinə yükdaşımaların reallaşması üçün açar ölkədir. Rəsmi Bakı həm dəniz vasitəsilə (Ələt Beynəlxalq Dəniz Limanı), həm də İran üzərindən gələcək yüklərin qəbulu üçün infrastrukturun formalaşdırılmasını əsasən başa çatdırıb. Hazırda onun zəruri yerlərdə genişləndirilməsi üzərində işlər aparılır. Bu baxımdan, əgər İranın yeni dəhliz təşəbbüsü reallaşacaqsa, Azərbaycan onunla daşınacaq yükləri qəbul edib ötürməyə tam hazırdır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İraqa rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirlər arasında baş tutan təkbətək görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Geniştərkibli görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri, xüsusilə də iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, kommunikasiyalar, elm, mədəniyyət, təhsil, turizm üzrə tərəfdaşlığın perspektivləri, habelə regional və qlobal vəziyyət müzakirə olunub.
Azərbaycan və İraq arasında mövcud tarixi dostluq, qardaşlıq münasibətlərinin, xalqlarımız arasında mədəni və ənənəvi yaxınlığın münasibətlərimizin inkişafında rolundan bəhs olunub. Əməkdaşlığın daha da genişləndirilməsində ali və yüksək səviyyəli təmas və səfərlərin, siyasi məsləhətləşmələr mexanizminin vacibliyi qeyd edilib.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud əməkdaşlıq mexanizmlərinin, xüsusilə də Ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiya və Azərbaycan-İraq Biznes Şurasının önəminə diqqət çəkərək ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji və qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişaf perspektivlərindən istifadənin vacibliyini vurğulayıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) çərçivəsində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə, həmçinin çoxtərəfli platformalar çərçivəsində nümayiş olunan dəstəyin davam etdirilməsinin də əhəmiyyəti qeyd olunub.
Humanitar və təhsil sahələri üzrə əməkdaşlığın inkişafından bəhs olunub, İƏT və Qoşulmama Hərəkatına üzv dövlətlərdən olan tələbələr üçün təqaüd proqramları, o cümlədən Heydər Əliyev Beynəlxalq Təhsil Təqaüdü kimi təşəbbüslərin faydalılığı vurğulanıb.
Bugünkü səfər çərçivəsində həmçinin ADA Universiteti və İraq Diplomatik Xidmət İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasının da təhsil sahəsində əməkdaşlığın genişləndirilməsində əlamətdar hadisə olduğu qeyd edilib.
Görüşdə regional və beynəlxalq təhlükəsizlik məsələləri, Yaxın Şərqdə mövcud vəziyyət, Hindistan-Pakistan gərginliyi, eləcə də postmünaqişə dövründə bölgədə mövcud reallıqlar, Azərbaycanın bərpa və yenidənqurma, minatəmizləmə və sülh səylərindən də ətraflı bəhs olunub.
Bunlarla yanaşı, gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra nazirlər media nümayəndələrinin iştirakı ilə təşkil olunmuş mətbuat konfransı çərçivəsində görüşün yekunlarına dair bəyanatlarla çıxış ediblər.
***
Bağdadda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun İraqın Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüseyn arasında geniştərkibli görüş keçirilib.
görüş çərçivəsində iqtisadiyyat, ticarət, enerji, nəqliyyat və rabitə, elm, mədəniyyət, təhsil və turizm kimi əsas sektorlara xüsusi diqqət yetirməklə həm ikitərəfli, həm də çoxtərəfli tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar müzakirə edilib.
Həmçinin daha geniş regional və qlobal inkişaf məsələləri nəzərdən keçirilib, hər iki tərəf qarşılıqlı maraq doğuran təhlükəsizlik məsələləri ilə bağlı fikirlərini bölüşüb.
Nazir Ceyhun Bayramov qarşı tərəfi münaqişədən sonrakı regional vəziyyət, yenidənqurma, minatəmizləmə və sülh səyləri, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi qarşısında mövcud çağırışlar barədə məlumatlandırıb.
***
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
“Hindistanın günahsız mülki şəxslərə qarşı hücumu ilə bağlı Azərbaycanın Pakistana davamlı dəstəyini çox yüksək qiymətləndiririk".
Bunu Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin “X” sosial media hesabında yazıb.
Səfir həmçinin, qeyd edib: “Pakistan və Azərbaycan qardaş olaraq daim birlikdə olacaqlar!"
Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Azərbaycan Hindistan ilə Pakistan arasında gərginliyin daha da artması ilə bağlı narahatlığını bildirir.
Pakistana qarşı bir neçə mülki şəxsin ölümü və yaralanması ilə nəticələnən hərbi hücumları pisləyirik. Pakistan xalqı ilə həmrəy olaraq, günahsız qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik.
Bütün tərəfləri təmkinli olmağa və münaqişəni diplomatik yollarla həll etməyə çağırırıq”.
Milli Məclisin növbəti iclası sabah keçiriləcək.
Bu barədə parlamentə istinadən bildirir. Məlumata görə, mayın 8-də saat 11.00-da Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçiriləcək.
7 may 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İraq Respublikasına rəsmi səfərə yola düşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun İraq Respublikasının baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn ilə görüşünün, habelə digər yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Prezident Donald Trampın yaxın gələcəkdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla strateji müttəfiqlik qurması üçün kifayət qədər ciddi ortaq prioritet maraqlar mövcuddur... Ona görə də, buna əngəl ola biləcək müəyyən ziddiyyətlərin aradan qaldırılması ilə Ərdoğan-Tramp tandeminin reallığa çevrilmə perspektivi olduqca cəlbedici görünür...
Türkiyə-ABŞ münasibətləri son vaxtlar fərqli inkişaf mərhələsinə keçid etmiş kimi görünür. Xüsusilə də, Bayden adminstrasiyası dönəmində korlanmış əməkdaşlıq kanallarının hazırda tədricən bərpa edilməkdə olduğu inkaredilməz reallıqdır. Hər halda, Tramp adminstrasiyası rəsmi Ankara ilə münasibətləri yenidən normal məcraya qaytararaq, daha strateji səviyyəyə çatdırmaq niyyətini qətiyyən gizlətmir. Və bu, yaxın gələcəkdə Türkiyə-ABŞ münasibətlərinin yeni dünya düzəninin qurulmasında önəmli təsiredici faktorlardan birinə çevrilə biləcəyini ehtimal etməyə imkan verir.
Onu da qeyd etmək lazımdır ki, Türkiyəyə qərəzli Bayden adminstrasiyasının siyasi süqutundan sonra hakimiyyətə gələn prezident Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan ilə artıq bir neçə dəfə telefonla qlobal mövzuları müzakirə edib. Hər imkanda prezident Rəcəb Tayyib Ərdoğana rəğbətini biruzə verən Ağ Ev sahibi sonuncu telefon müzakirəsi barədə şəxsən məlumat yayıb. Və bu, Ərdoğan-Tramp əlaqələrinin inkişaf etməkdə olduğunu göstərir.
Məsələ ondadır ki, ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığını "çox məhsuldar müzakirə" adlandırıb. O, bildirib ki, Türkiyə prezidenti R.T.Ərdoğanla bir çox qlobal mövzularda, o cümlədən, Ukrayna savaşı, Suriya, Yaxın Şərq və digər önəmli məsələlər ilə bağlı geniş fikir mübadiləsi aparıb. Və Ağ Ev sahibi Türkiyəyə səfər dəvəti aldığını, eləcə də, prezident Rəcəb Tayyib Ərdoğanı da Vaşinqtona dəvət etdiyini vurğulayıb.
Bütün bunları nəzərə aldıqda, Türkiyə və ABŞ arasında strateji ortaqlıq, qlobal maraqlarda ziddiyyətlər və geopolitik reallıqların şərtləri böyük maraq doğurur. Çünki Türkiyə-ABŞ münasibətlər, uzun illərdir ki, NATO çərçivəsində şəkillənən, ancaq zamanla ortaq maraqlarla yanaşı, ciddi strateji fikir ayrılıqlarını da ehtiva edən kompleks bir geosiyasi əlaqələr sistemidir. Ona görə də, Türkiyə-ABŞ münasibətlərinə ortaq maraq sahələri, ixtilaflar, Suriyada əməkdaşlıq və ziddiyyətlər, Ukrayna savaşı ilə bağlı vasitəçilik potensialı, habelə Avropanın təhlükəsizlik sistemində Türkiyənin rol alma perspektivi üzərindən yanaşmaq daha doğru olardı.
Maraqlıdır ki, hazırda Türkiyə və ABŞ arasındakı siyasi dialoq çoxşaxəlidir. Hər iki tərəf beynəlxalq təhlükəsizlik, enerji sabitliliyi və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlara sahibdir. Bu əlaqələrin əsas istiqamətləri isə NATO çərçivəsində hərbi əməkdaşlıq, terrorizmə qarşı ortaq mübarizə, Qafqaz, Yaxın Şərq və Balkanlarda sabitliyin qorunması, enerji təhlükəsizliyi və ticarət əlaqələrinin gənişləndirilməsi kimi önəmli sahələri əhatə edir.
Ancaq buna baxmayaraq, Türkiyə və ABŞ-ın fikir ayrılıqları yaşadığı olduğuca ciddi problemlər də mövcuddur. Belə ki, ABŞ-ın Suriyada YPG/PKK terror təşkilatı ilə əməkdaşlığı Türkiyənin təhlükəsizlik maraqlarını təhdid edir. Türkiyənin Rusiyadan S-400 raket sistemləri alıması isə Ağ Evdə narazılıq yaradır. Və bu baxımdan, iki ölkənin maraqlarının uzlaşdırılması hazırda o qədər də asan məsələ deyil.
Məsələn, Suriyada hər iki ölkə terrorizmə qarşı mübarizə, sülh və sabitliyin qorunması məsələlərində ortaq olsa da, həm seçilmiş metodlar, həm də yerli aktorlara yanaşma tərzi baxımından, ciddi fikir ayrılıqları var. ABŞ PKK/YPG-ni İŞİD-ə qarşı "effektiv güc" dəyərləndirir, Türkiyə isə bu terror təşkilatını öz milli təhlükəsizliyinə təhdid hesab edir. Bu ziddiyyət hətta NATO daxilində əlaqələrin gərginləşməsinə də səbəb olur. Və Türkiyənin Suriyada apardığı hərbi əməliyyatlar da Ağ Evdə vaxtaşırı tənqidlə qarsılanır.
Ukrayna savaşına münasibətdə isə Türkiyə balanslı və praqmatik siyasəti ilə Qərb və Rusiya arasında əvəzolunmaz vasitəçi kimi çıxış edir. 2022-ci ildə sülh danışıqlarının İstanbulda keçirilməsi və Qara Dəniz Taxıl Sazişinin reallaşması, Türkiyənin diplomatik potensialını biruzə verir. ABŞ-ın Ukrayna savaşınin dayandırılması prosesindən tədricən uzaqlaşması Türkiyəyə daha geniş siyasi-diplomatik manevr məkanı aça bilər. Və hazırda rəsmi Ankaranın bu prosesdə Ağ Evi əvəzləmə ehtimalı tədricən atmağa başlayıb.
Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasında ABŞ-ın rolunu tam əvəz etmə potensialı hələlik məhdud olsa da, hər halda, regional platformalarda rəsmi Ankaranın artan aktivliyi inkaredilməz reallıqdır. Bu baxımdan, Balkanlar, Qafqaz, Orta Asiya və Qara Dəniz hövzəsində Türkiyənin təsiredici rolu strateji xarakter daşıyır. Və bu, Ağ Ev üçün rəsmi Ankara ilə münasibətlərdə kifayət qədər cəlbedici faktordur.
Göründüyü kimi, Türkiyə-ABŞ münasibətləri ziddiyyətlər və ortaq maraqları paralel şəkildə ehtiva edən strateji tərəfdaşlıq modelidir. Tərəflər Suriyada, Ukraynada, NATO daxilində və Avropanın təhlükəsizliyində müəyyən ortaq yanaşmalar göstərsələr də, hər halda, fərqli prioritetlər bu əlaqələrin sabitliyini risk altında da saxlayır. Və bu baxımdan, yaxın və orta perspektivdə bu münasibətlərin formalaşması Türkiyənin daxili siyasət istiqamətləri, qlobal güc balansı və Qərb dairələri, xüsusilə də, ABŞ ilə siyasi-diplomatik harmoniyadan asılı olacaq.
Belə anlaşılır ki, prezident Donald Trampın yaxın gələcəkdə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla strateji müttəfiqlik qurması üçün hər halda, müəyyən ortaq prioritet maraqlar olmamış deyil. Ona görə də, buna əngəl ola biləcək müəyyən ziddiyyətlərin aradan qaldırılması ilə Ərdoğan-Tramp tandeminin reallığa çevrilmə perspektivi kifayət qədər cəlbedici görünür. Xüsusilə də, Tramp-Putin sövdələşməsinin bərpa edilməyəcək səviyyədə pozulmasından sonra Ərdoğan-Tramp tandemi yeni dünya düzəninin əsas müəyyənedici faktoruna da çevrilə bilər. Və bu, həm də Türkiyə-ABŞ ortaqlığının yeni dünya düzənində şərtləri diqtə edən qlobal qütbə çevrilmə ehtimalını da gücləndirir.(musavat.com)
İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə prezident Məsud Pezeşkianın Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasında vasitəçi ola biləcəyini deyib. Mümkündür ki, Pezeşkian da Bakı səfərində bu təklifi irəli sürüb.
Tehranın vasitəçilik istəyinin iki hədəfi var.
- Cənubi Qafqazda mövqelərini gücləndirmək: digər oyunçular kimi İran da regionda gələcək güc balansını Bakı-İrəvan sülh sazişinin müəyyən edəcəyini anlayır və prosesdən kənarda qalmaq istəmir;
- İrəvanın mövqeyinə yaxın olan gündəliyini – sərhədlərin dəyişməməsi, kommunikasiyanın dəhliz məntiqindən kənar açılması - qəbul etdirmək;
Lakin Tehranın Bakı və İrəvan arasında vasitəçi olması mümkün görünmür.
1. Ermənistanın mövqeyini açıq şəkildə dəstəkləyən İranın neytrallığı sual altındadır;
2. Regionun gələcəyi, o cümlədən, sülh sazişi ilə bağlı gündəliyi Azərbaycanın gündəliyi ilə kəsişir;
3. Hazırda Bakı ilə münasibətlərin normallaşması siyasətini izləsə də, 44 günlük müharibədən sonra açıq müstəviyə keçən mövqeyi – Zəngəzur dəhlizinin “qırmızı xətti” olması, dəyişməyib;
4. İranın sülh sazişində vasitəçilik etməsi regionda maraqları olan digər oyunçuları – Rusiya, Avropa İttifaqı və ABŞ-ı da aktivləşdircək və bu, Bakı-İrəvan xəttində son seçim olan “ikitərəfli format”a ziddir;
Tehranda vasitəçiliyin qəbul edilməsinin çətin olduğunu anlayırlar, hərçənd, bununla Ermənistana münasibətdə neytral olduqları mesajını verir və 2020-ci ildən sonra baş verənlərə görə Azərbaycanın mövqeyini yumşaltmağa çalışırlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə müsahibə verib.
Müsahibəni təqdim edirik:
-2025-ci il mayın 7-8-də Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lam Azərbaycan Respublikasına dövlət səfəri edəcək. Siz ölkələrimiz arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın indiki vəziyyətini necə qiymətləndirirsiniz?
- Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanı və Vyetnamı yarım əsrdən artıq tarixə malik dostluq münasibətləri birləşdirir. Belə ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Min Azərbaycan SSR-ə səfər edib. O dövrdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsini tutan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev 1983-cü ildə Vyetnamda səfərdə olub. Şübhəsiz ki, bu əlamətdar səfərlər ölkələrimiz arasında əməkdaşlığın inkişafının möhkəm təməlinə çevrilib.
Mənim 2014-cü ildə ölkənizə dövlət səfərim və 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti cənab Çıonq Tan Şanqın Azərbaycan Respublikasına rəsmi səfəri iki dövlət arasında münasibətlərdə yeni səhifə açdı və onların gələcək inkişafına təkan verdi. Prezident Çıonq Tan Şanqın səfəri çərçivəsində rəsmi şəxslərlə yanaşı, neft-qaz, energetika, inşaat, informasiya-kommunikasiya, maliyyə, sənaye, ticarət, turizm, nəqliyyat, əczaçılıq və digər sahələrin işgüzar dairələrinin iştirakı ilə Birinci Azərbaycan-Vyetnam biznes forumu keçirildi.
Müxtəlif sahələrdə əməkdaşlığın inkişafı, qarşılıqlı fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya mütəmadi dialoq və birgə təşəbbüslərin səmərəli reallaşdırılmasında mühüm platformadır.
Xarici İşlər nazirliklərinin xətti ilə siyasi məsləhətləşmələr aparılır. Onlardan sonuncusu bu il aprelin ikinci yarısında keçirilib. Hər iki ölkənin parlamentlərində parlamentlərarası əlaqələr üzrə işçi qrupları fəaliyyət göstərir.
Ölkələrimiz ən böyük beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir. 2024-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dolları olub. Sözsüz ki, bizim bu göstəricini gələcəkdə də artırmaq üçün potensialımız mövcuddur.
Ölkələrimiz neft sahəsində də qarşılıqlı fəaliyyət göstərir. 2019-cu ildə Vyetnamın “Binh Son Refinery and Petrochemical Company” ilə SOCAR arasında müqavilə imzalanıb. Neft sahəsində əməkdaşlığımız möhkəm tarixi təmələ əsaslanır – çünki Azərbaycan mütəxəssisləri Vyetnamın neft sənayesinin yaradılmasında və inkişafında əsas rol oynayıblar. Təsadüfi deyil ki, 1981-ci ildə Sovet İttifaqının köməyi ilə yaradılan “Veso Petrol” müştərək müəssisəsinin ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olub.
Mədəniyyət, humanitar və təhsil sahələrində əməkdaşlığımızın kökləri sovet dövrünə gedib çıxır, amma son illərdə daha da inkişaf edib. 1955-ci ildə Azərbaycan bəstəkarı Qara Qarayev Vyetnam müharibəsi haqqında ilk sovet-Vyetnam sənədli filmi üçün “Vyetnam süitası”nı bəstələyib, onun premyerası 2023-cü ildə Hanoyda olub. 1959-1962-ci illərdə Prezident Ho Şi Minin dəvəti və sovet hökumətinin təklifi əsasında azərbaycanlı rejissor Əjdər İbrahimov Vyetnamda kino məktəbinin yaradılmasında fəal iştirak edib, orada ustad dərsləri keçib və üç film çəkib. O, bu xidmətlərinə görə Vyetnam Sosialist Respublikasının ali “Əmək” ordeni ilə mükafatlandırılıb.
Sovet dövründə Azərbaycanda 5 minə yaxın vyetnamlı təhsil alıb, onların bir çoxu hazırda Vyetnamın dövlət orqanlarında məsul vəzifələr tutur. Mənim 2014-cü ildə Hanoya səfərim zamanı Azərbaycan ali məktəblərinin vyetnamlı məzunları ilə görüş oldu, onlar ölkəmiz və burada keçirdikləri illərlə bağlı səmimi sözlər ifadə etdilər. 2015-ci ildə Hanoyda Azərbaycan ali məktəblərinin məzunlarını birləşdirən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası təsis edildi.
Ölkələrimiz arasında mədəni əlaqələrdən söz düşmüşkən qeyd etmək istərdim ki, onlar müxtəlif təşəbbüslər və layihələr vasitəsilə inkişaf etməkdə və möhkəmlənməkdə davam edir. Məsələn, 2024-cü ildə Bakıda sizin əsgərlərin Vyetnam müharibəsində qəhrəmanlığına həsr edilmiş “Əfsanə yaradanlar” filminin nümayişi oldu. Həmin il paytaxtımızda Vyetnam Lideri Ho Şi Minin Azərbaycana səfərinin 65 illiyi münasibətilə Vyetnam Günləri keçirildi.
Heydər Əliyev Fondu 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi də daxil olmaqla, Vyetnamda fəal surətdə layihələr həyata keçirir. Bu ilin aprelində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkənizə səfəri çərçivəsində vitse-prezident Vo Ti An Suan, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsi Baş katibinin xanımı No Fon Li, yaradıcılıq sənayesinin nümayəndələri, Hanoy Ticarət və Turizm Kollecinin rəhbərləri, həmçinin Azərbaycanda təhsil almış vyetnamlı məzunlarla görüşüb. Görüş çərçivəsində Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə bağlı sertifikat təqdim edilib.
Beləliklə, Azərbaycanla Vyetnam arasında münasibətlər bütün əsas sahələr üzrə uğurla inkişaf edir.
-İkitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılması kontekstində Vyetnam Liderinin Azərbaycana qarşıdakı səfəri nə kimi əhəmiyyətə malikdir?
-Məlum olduğu kimi, cənab Lamın qarşıdakı səfəri onun Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi qismində ilk səfəri olacaq. Tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu kontekstdə səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar.
Səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək.
Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq.
İnanıram ki, cənab Lamın səfəri daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq.
-Vyetnam ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin bundan sonra da inkişafı üçün hansı perspektivlər və potensial mövcuddur?
-Hesab edirəm ki, ölkələrimiz ən müxtəlif sahələrdə əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir. İqtisadi-ticari münasibətlərdən danışarkən qeyd etmək lazımdır ki, bu gün təkcə iqtisadi artımı stimullaşdıracaq deyil, həm də qarşılıqlı faydalı tərəfdaşlıq üçün dayanıqlı zəmin yaradacaq, bununla da öz növbəsində iqtisadiyyatlarımızın gələcəkdə də şaxələndirilməsinə kömək edəcək yeni əməkdaşlıq imkanları mövcuddur.
Ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsinin əsas perspektivli istiqamətlərindən biri turizmdir. Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqəsinin yaradılması turizm proqramlarının inkişafı ilə paralel surətdə iki ölkənin vətəndaşlarının bir-birinin mədəniyyətinə və tarixinə marağının artmasına kömək edəcək. Müştərək mədəniyyət layihələrinin intensivləşdirilməsi, səhiyyə və ekologiya sahələrində humanitar missiyalarla bağlı proqramların və birgə təşəbbüslərin inkişafı – bütün bunlar ölkələrimiz üçün qarşılıqlı maraq doğuran istiqamətlərdir.
Əlbəttə, təhsil sahəsi. Həmişə olduğu kimi, Vyetnamdan tələbələrin gəlmələrinə şad olacağıq. Onlar Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təklif etdiyi qrantlar və təqaüdlər çərçivəsində təhsil proqramlarından istifadə edə bilərlər. Bu, akademik mübadilə, elmi tədqiqatlar və Azərbaycanla Vyetnam arasında şəxsi təmasların möhkəmləndirilməsi üzrə imkanları yaxşılaşdıracaq. Mübadilə proqramlarının reallaşdırılması, həmçinin elmi-texniki sahədə əməkdaşlıq ikitərəfli münasibətlərin inkişafı üçün daha bir perspektivli istiqamətə çevrilə bilər.