![]() |
|
Azərbaycan və İran beyin mərkəzləri memorandum imzalayıb.
Bu gün Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Regional proseslər kontekstində Azərbaycan–İran münasibətləri” mövzusundakı tədbir çərçivəsində BMTM və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzi (IPIS) arasında Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, BMTM və IPIS arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan akademik mübadilənin reallaşdırılması, ortaq layihələrin icrası nəzərdə tutulub.
Sənəd BMTM-nin İdarə Heyətinin sədri, səfir Fərid Şəfiyev və İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri (IPIS), xarici işlər nazirinin müavini Səid Xətibzadə tərəfindən imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyev mayın 6-da Belarusun Baş naziri Aleksandr Turçini qəbul edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Əlində “göyərçin”, qoltuğunda “daş”la gəzən İrəvan əsgər çatışmazlığı problemindən başını itirib - xəbərdarlıq
Ermənistanın Azərbaycanla barışıq məsələsində astagəlliyi davam edir. Bunun altını şübhə yox ki, ən çox kapitulyant ölkə çəkəcək. Çünki illərdir təcrid durumunda, dalanda qalan odur.
Bir yandan özünə 2025-ci il üçün rekord həddə hərbi büdcə (1.7 milyard dollar) müəyyən edib, o biri yandan Ermənistan Konstitusiyasından qonşulara qarşı torpaq iddiası ilə bağlı müddəaları çıxarmağa tələsməyən, bunun əvəzində quru boşboğazlıq edən İrəvanın dünyanın gözündə sülhpərvər kimi görünməsi əlbəttə ki, mümkün deyil. Odur ki, bu sual hələ ki açıq qalır: Ermənistan, erməni xalqı sülh istəyirmi?
Bu arada məlum olub ki, Ermənistanda orduda həqiqi hərbi xidmət üçün maksimum yaş həddinin 27-dən 37-yə qaldırılması təklif edilir. “Joqovurd” qəzetinin yazdığına görə, hakim “Mülki müqavilə” partiyasından olan deputat Hayk Sarkisyan müvafiq qanunvericilik təşəbbüsü ilə çıxış edib. Yəni belə çıxır ki, təklif bilavasitə baş nazir Nikol Paşinyadan gəlir.
Təklifdə “Hərbi xidmət və hərbi qulluqçunun statusu haqqında” qanuna dəyişikliklər, həmçinin “Dövlət rüsumu haqqında” qanuna və Ermənistan Cinayət Məcəlləsinə əlavələr daxildir. Xidmətdə olmanın yaş həddinin artırılması ilə yanaşı, 18 yaşına kimi vətəndaşlığını dəyişən kişilər üçün 15 milyon dram (təxminən 40 min dollar) rüsum müəyyən edilməsi təklif olunur. Mənbənin bildirdiyinə görə, təşəbbüsdə məqsəd çağırışçıların sayını artırmaq və kişilər arasında Ermənistan vətəndaşlığından çıxma hallarının qarşısını almaqdır...
Əslində əsas hədəf elə budur. Çünki 44 günlük müharibədəki acınacaqlı məğlubiyyətdən, ardınca (2023 sentyabr) “artsax” nağılının tam bitməsi və statusun gorbagor olmasından sonra erməni cəmiyyəti faktiki apatiya və natamamlıq kompleksi içindədir. Onsuz da xarici ölkələrə köç etməyə meylli olan bu toplum sabaha heç bir ümidi qalmadığı, o sırada sülh, yoxsa savaş məsələsində qeyri-müəyyənlik davam etdiyi üçün sürətlə Ermənistanı tərk etməkdədir.
Həm də birdəfəlik və çox vaxt ailəlikcə. Beləliklə, aydın olur ki, İrəvanın sülh müqaviləni imzalamağı yubatması get-gedə Ermənistana çeşidli problemlər gətirməkdədir. Sülhün olmadığı vəziyyət qeyri-müəyyən vəziyyətdir və müharibənin hər an olacağı ehtimalını yaradır ki, müharibə qorxusu erməni gənclərin hərbi xidmətdən müxtəlif vasitələrlə yayınmalarını tətikləyir. Erməni gənclərin vətəndaşlıqdan çıxıb başqa ölkələrlə üz tutması o dərəcədə kütləvi hal almaqdadır ki, hökumət bunun qarşısını almağın yollarından biri kimi rüsumun məbləğini artırmağı görür. 40 min dollar rüsumu kasıb ölkənin vətəndaşlarının əksəriyyətinin ödəyə bilmək imkanında olmadığını hökumət hər kəsdən yaxşı bilir.
Eyni zamanda gözlənilir ki, Avropa İttifaqı ilə viza rejiminin yumşaldılmasından sonra köç prosesi daha intensiv xarakter alacaq. Bütün bu neqativləri, - üstəgəl, ölkə üzrə doğum sayının azalması fonunda, - hakimiyyətdəkilər görməyə bilməz.
Çağırış yaşının 37-yə çatdırılması ordunun şəxsi heyətini komplektləşdirmək üçün nə dərəcədə çıxış yolu ola bilər?
Rövşən Məhərrəmov
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Ermənistan ordusu 44 günlük müharibədə diz çökdürülüb və darmadağın vəziyyətini hələ də düzəldə bilmir: “Orduda hərbi xidmət keçməkdən yayınanların sayı kütləvidir. Erməni gənclər hərbi xidmət keçməmək üçün imkanı çatan xaricə qaçır, bunu bacarmayanlar isə ən müxtəlif yollara əl atırlar ki, əsgərliyə aparılmasınlar. Onlar bunun üçün intihara cəhd etmək kimi üsullara da əl atırlar. Məğlub, diz çökdürülmüş orduya inam qalmayıb. Həqiqi hərbi xidməti keçib iki ilini başa vuran heç kim hərbidə qalmır. Digər tərəfdən də, Azərbaycanla sülh müqaviləsi imzalanmayıb və müharibə riski də hərbi xidmətdən yayınma hallarını artırır”.
Onun sözlərinə görə, 44 günlük müharibədən sonra baş nazir Nikol Paşinyan orduya ayrılan xərcin iki dəfəyədək artırılacağını bəyan etmişdi: “Bundan sonra əllərinə gəlib çatan vəsaitlərin böyük hissəsini silahların, hərbi texnikaların alınmasına yönəltməyə başladılar. Əlacları ona qaldı ki, erməni gəncləri maddi maraqla həvəsləndirsinlər və beş il müddətə orduda xidmətə cəlb edə bilsinlər. Ancaq nə etsələr də ciddi müsbət nəticələrə nail ola bilmirlər.
İstənilən ölkənin öz vəsaitini hərbiyə xərcləməsi təbii ki, onun öz hüququdur. Lakin bəllidir ki, Ermənistan qonşu ölkəyə qarşı ərazi iddiaları olan və işğalçılığı öz siyasətinə çevirən, revanşist hisslərlə yaşayan ölkədir. Belə bir dövlətin silahlanması bu baxımdan heç də normal qarşılana bilməz. Ermənistan 2020-ci ildə darmadağın edilmiş ordusunu ayağa qaldırmaq, müasir silahlarla təchiz olunmuş müasir ordu strukturu yaratmaq istəyir.
Silahlı qüvvələri yeni silahlarla təmin etməkdən başqa ABŞ-dan, Fransadan, İrandan xüsusi təlimatçıları cəlb edirlər. Qarşılarına məqsəd qoyublar ki, ordunu guya müasir orduya çevirmək və işğalçılıq siyasətlərini həyata keçirmək lazımdır. Lakin dediyimiz kimi, qanunlarına hansı dəyişiklikləri, əlavələri etsələr, nə qədər silah alsalar da, orduya ayrılan vəsaiti nə qədər artırsalar da, gəncləri hərbi xidmət keçməyə təşviq edən müxtəlif addımlar atsalar da belə görünür ki, Ermənistan ordusunun şəxsi heyətinin formalaşdırılmasında, ordununun komplektləşdirilməsində üzləşdikləri problemlər aradan qalxmır. Erməni gənclər hərbi xidmət keçməkdən yayınırlar. Həqiqi hərbi xidmət üçün yaş həddinin 27-dən 37-yə qaldırılması təklifinin irəli sürülməsi hökumətin orduda qeyd olunan problemin acınacaqlı həddə çatdığından xəbərdar olmasıdır".
Ekspert qeyd etdi ki, əgər irəli sürülən təklif qanuna rəsmi daxil ediləcəksə, bu dəyişiklik əlavə problemlərə yol açacaq: “Bu, ilk növbədə cəmiyyətdə, xalqda narazılıq yaradacaq. Ermənistanda ordu elə miskin duruma düşüb ki, valideynlər övladlarını hərbi xidmətə göndərmək istəmirlər, gənclər orduya getməkdən yayınırlar. Hökumət həqiqi hərbi xidmət üçün yaş həddini 37-yə qaldırsa, təbii ki, narazılıq artacaq.
Eyni zamanda 18-20 yaşlı əsgərlərlə 30-dan yuxarı yaşı olan əsgərlər arasında psixoloji, fiziki uyğunsuzluqlar olduğu üçün problemlər qaçılmaz olur. 36-37 yaşlı insanın 18-19 yaşlı gənclə əsgər olaraq eyni fiziki imkanlara malik olmaması da təlimlərdə, fiziki işlərdə problemlər meydana gətirəcək.
Bir sözlə, Ermənistan hökuməti gənclərin ordudan yayınmasının qarşısını almaq üçün ilk növbədə Azərbaycanla sülh müqaviləsini imzalamalıdır. Yalançı sülh bəyanatlarını verib müharibəyə hazırlıq aparmaq taktikasını kənara qoymalı və sülh sazişini imzalamalıdır".
Azərbaycan hərbçiləri Moskvada Qələbə Paradının məşqində iştirak ediblər.
“Bu barədə hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında paylaşım edib.
Kadrlarda Azərbaycan hərbçilərinin Moskvanın mərkəzi küçələrində yürüşü əks olunub.
Onlar “Şəhidlər ölməz, vətən bölünməz” şüarlarını səsləndiriblər.
Xatırladaq ki, mayın 9-da Azərbaycan hərbçiləri Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər.
Bakı şəhəri Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işləri həyata keçiriləcək.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamla məsciddə təmir-bərpa işlərinin həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 600 min manat vəsait ayrılıb.
Xəbər verdiyimiz kimi, Milli Məclisin deputatı Azər Badamov Həştərxan vilayətinə səfəri çərçivəsində Rusiyanın Moskva hava limanında saxlanılıb və ölkəyə girişinə qadağa qoyulub. Sözügedən səfər Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilib.
“Qafqazinfo” məsələ ilə əlaqədar Abşeron RİH ilə əlaqə saxlayıb. Qurumdan sorğumuza cavabda qeyd edilib ki, Azər Badamovdan başqa, Elman Nəsirov da həmin nümayəndə heyətinin tərkibində olub.
Həmkarından fərqli olaraq, Elman Nəsirovun Rusiyaya girişinə icazə verilib.
Aeroportda saxlanılaraq Bakıya qayıtmalı olan Azər Badamov isə hələ ki heç bir açıqlama verməyib.
Xatırladaq ki, məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün açıqlama yayaraq Azər Badamovun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfərinin məhz Rusiya Federasiyası Həştərxan vilayətinin vitse-qubernatoru - Hökumət sədri Denis Afanasyevin dəvəti əsasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçiriləcək tədbirlərdə iştirak məqsədilə olduğunu bildirib.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Publika.az müsahibəni təqdim edir:
- Qüdrət bəy, deputat Azər Badamovun Rusiyaya buraxılmamasını, digər həmkarınız Ramid Namazovun Rusiyanın rəsmi strukturlarına bağlı qrupların Azərbaycana kiber hücumlar təşkil etməsi barədə yaydığı açıqlamanı necə qarşıladınız?
- Böyük təəssüf hissi ilə qarşıladım, çünki Rusiya ilə Azərbaycan 2022-ci ildə müttəfiqlik münasibətlərinə dair saziş imzalayıb. Bizi tarixi, humanitar əlaqələr bağlayır. Rusiya bizim qonşumuzdur, o ölkədə 2 milyona qədər soydaşımız yaşayır. Azərbaycan Rusiya ilə dostluq münasibətlərini həmişə yüksək qiymətləndirib. Bu kimi hərəkətlər ölkələrimiz arasında münasibətlərə təsirsiz ötüşmür. Hansısa səbəbdən Azər Badamovun Rusiyaya girişinə qadağa qoyulmuşdusa, ən azından Azərbaycana bu barədə xəbərdarlıq edilməli idi. Bunu dövlətlərarası münasibətlərin indiki səviyyəsi tələb edir. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal bu məsələyə münasibət bildirib və biz, Rusiya tərəfinin cavabını gözləyirik. Rusiya prezidenti Azərbaycana qarşı dostluq münasibətlərini zədələyən bu cür təxribatların qarşısını almalı, həmin təxribatları törədənlərin və təşkilatçıların müəyyən olunub cəzalandırılmasını təmin etməlidir.
- Bu təxribat Azərbaycan Respublikası Prezidentinin Moskvaya səfərinin təxirə salınmasına səbəb ola bilərmi?
- Prezident qərar verəcək, amma mən düşünmürəm ki, buna ehtiyac var. Əksinə, düşünürəm həm bu məsələlər, həm də sərnişin təyyarəmizin vurulmasında təqsirli olan şəxslərin cəzalandırılması məsələsi ən yüksək səviyyədə, Rusiya prezidenti qarşısında qaldırılmalıdır.
Azərbaycan Prezidenti İlham Əliyev polşalı həmkarı Andjey Dudaya təbrik məktubu göndərib.
Təbrikdə deyilir:
“Hörmətli cənab Prezident,
Polşa Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
İnanıram ki, Azərbaycan Respublikası ilə Polşa Respublikası arasındakı dostluq və əməkdaşlıq münasibətləri daim xalqlarımızın maraqlarına uyğun inkişaf edəcək və genişlənəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm”.
Son dövrlərdə Azərbaycanın xarici siyasətində müşahidə olunan aktivlik, xüsusilə Prezident İlham Əliyevin Çin Xalq Respublikasına rəsmi səfəri, həmçinin aparıcı güc mərkəzlərinin nümayəndələrinin Bakıya gəlişi, Cənubi Qafqazda geosiyasi balansın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ekspertlərin fikrincə, bu proseslər həm ölkəmizin beynəlxalq nüfuzunun artdığını, həm də regionda uzun illər davam edən Ermənistan-Azərbaycan münaqişəsinin yekun həllinə doğru ciddi irəliləyişlərin əldə olunduğunu nümayiş etdirir.
Məhz bu kontekstdə İrəvanla sülh sazişinin yaxın aylarda imzalanması və Zəngəzur dəhlizinin açılması ehtimalı aktuallıq qazanır. Mövcud diplomatik dinamika və regional aktorların maraqlarının üst-üstə düşməsi bu gözləntiləri daha da gücləndirir.
Yaxın zamanda sülh sazişi razılaşdırılmış mətn üzrə imzalana və paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı yekun nəticə əldə oluna bilərmi?
Siyasi şərhçi Asif Nərmanlı Globalinfo.az-a açıqlamasında baş verən son hadisələrin Zəngəzur dəhlizi layihəsi və onun bir hissəsi olduğu Orta dəhlizdə güc mübarizəsinin kəskinləşdiyini göstərdiyini bildirib:
“Əsas səbəb Donald Trampın hakimiyyətə qayıdışından sonra ABŞ-ın Orta dəhlizdəki proseslərə hələlik müdaxilə etməməsidir. Bu, o demək deyil ki, Vaşinqton ümumiyyətlə prosesdən kənarda qalacaq, əksinə, Çinlə geosiyasi rəqabət kontekstində bu bölgədə güc balansına nəzarət, Ağ Ev üçün vacib məsələdir. Sadəcə olaraq, Tramp administrasiyasının cari prioritetləri Vaşinqtonu müəyyən qədər arxa planda saxlayıb. Buna qədər isə ABŞ və Avropa Birliyi Orta dəhliz marşrutunda, xüsusilə də Cənubi Qafqaz seqmentində Ermənistanı tranzit ölkəyə çevirməklə bağlı ortaq yanaşma nümayiş etdirirdilər. İndi isə AB bu prosesi təkbaşına irəli aparmağa çalışır.
Məhz bu kontekstdə ittifaq rəsmilərinin Mərkəzi Asiyaya son səfərlərini qiymətləndirmək olar. Prezident İlham Əliyevin Çin səfəsini isə bu tendensiyaya qarşı yönəlmiş strateji həmlə kimi dəyərləndirmək mümkündür”.
Ekspertin sözlərinə görə, Bakı üçün əsas hədəf Orta dəhlizin Cənubi Qafqaz hissəsində öz planını reallaşdırmaq, yəni Zəngəzur dəhlizinin açılmasını təmin etməkdir:
“Bu plan təkcə Bakıda deyil, Ankarada da dəstəklənir, hətta Londonda da maraqlı tərəflər mövcuddur. Hadisələrin gələcək inkişafını proqnozlaşdırmaq üçün Orta dəhlizlə bağlı güc mübarizəsindəki balansı diqqətlə izləməliyik. Bir tərəfdə Avropa Birliyi, digər tərəfdə isə Azərbaycan, Türkiyə və Böyük Britaniya yer alır.
Mövcud situasiya Azərbaycanın daxil olduğu blokun xeyrinə görünür – xüsusilə də siyasi, iqtisadi və nəqliyyat-logistik imkanlar baxımından Cənubi Qafqazda təsir gücü artmaqdadır. Üstəlik, İlham Əliyevin Çin səfəri zamanı Pekinin Azərbaycanın sülh gündəliyinə dəstək verməsi onu göstərir ki, Bakı ilə İrəvan arasında aparılan danışıqlarda Zəngəzur dəhlizinin açılması şərti Pekin tərəfindən də qəbul olunur.
Lakin sülh sazişinin tezliklə imzalanması və Zəngəzur dəhlizinin yaxın aylarda açılması hələ də sual altındadır. Birincisi, güc mübarizəsində tərəflərdən heç biri tamamilə prosesdən çəkilməyib və yekun nəticə hələ müəyyən deyil. İkincisi isə, texniki məsələlər var. İrəvan sülh sazişinin imzalanması üçün konstitusiyasını dəyişdirməlidir. Eyni zamanda, Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində praktiki işlər görülməlidir. Fikrimcə, yaxın aylarda konkret nəticələrdən çox, Zəngəzur dəhlizi ətrafında mübarizənin daha da kəskin mərhələyə keçdiyinin şahidi olacağıq”.
Nazirlər Kabineti ölkə Prezidentinin “Balaxanı Sənaye Parkının ərazisinin genişləndirilməsi haqqında” 21 aprel 2025-ci il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Şəhər İcra Hakimiyyəti İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, Balaxanı Sənaye Parkının ərazisinin
genişləndirilməsi məqsədilə Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində yerləşən, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun istifadəsində olan 18,415 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə “Təmiz Şəhər” ASC-nin istifadəsinə verilməsini iki ay müddətində təmin etməli, bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
İqtisadiyyat Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan İnvestisiya Holdinqi bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Sərəncamın 1-ci hissəsinin icrası Nazirlər Kabineti Aparatının Aqrar və ekologiya şöbəsinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.