Ərdoğan Azərbaycana yeni səfir təyin etdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən Birol Akgün qardaş ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının qərarı “Rəsmi qəzet”də dərc olunub.

Birol Akgün bundan öncə Türkiyə Maarif Fondunun sədri olub.

Prezidentin qərarına görə əsasən xarici işlər nazirinin müavini və Türkiyənin bir sıra ölkələrdəki səfirliklərinə də təyinatlar olub. Belə ki, Zeki Levent Gümrükçü xarici işlər nazirinin müavini təyin edilib. Eyni zamanda Ferhat Alkan Türkiyənin Mozambik Respublikasında səfiri, Prezidentin baş müşaviri Yakup Caymazoğlu isə İordaniya Haşimilər Krallığında səfir təyin olunublar. Eyni zamanda dövlət başçısı Kuba və BƏƏ-yə də yeni səfirlər təyin edib.

 

 

 
Azərbaycan XİN ABŞ-yə başsağlığı verib

ABŞ-nin Kaliforniya ştatında meşə yanğınlarının törətdiyi geniş dağıntılar bizi dərindən kədərləndirir.

Bu fikir Azərbaycanın Xarici İşlər Nazirliyinin “X”dəki səhifəsində yer alıb.

“Birləşmiş Ştatların hökumətinə və xalqına, həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Bütün xəsarət alanların tezliklə sağalmalarını arzu edirik”, - paylaşımda qeyd olunur.

Bakıdan verilən bəyanatlar İrəvanda şok effekti yaratdı: Fövqəladə vəziyyət

Prezident İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibə bütövlükdə Ermənistanın siyasi səhnəsində şok və dağıdıcı bir zəlzələ effekti yaradıb. Erməni politoloqlarının da etiraf etdiyi kimi, Azərbaycan liderinin son müsahibəsi Ermənistanda fövqəladə vəziyyətin yaranmasına və ciddi müzakirələrə səbəb olub.  

Bu, Prezident İlham Əliyevin 2021-ci ildə verdiyi müsahibəsində Azərbaycanın Ermənistanın siyasi gündəliyini müəyyən etməsi barədə səsləndirdiyi bəyanatın bariz göstəricisidir. Prezident 2021-ci ildə Azərbaycan televiziyasına verdiyi müsahibədə bəyan etmişdi ki, bu gün Ermənistanın siyasi gündəliyini müəyyən dərəcədə biz formalaşdırırıq və bu, həqiqətdir. "Getdikcə bizim imkanlarımız daha da genişlənəcək. Biz siyasi leksikona “Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Biz Ermənistana gündəlik göndərmişik - sülh müqaviləsi. Qoy desin ki, istəmir, imtina edir. Deyirik ki, tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun. Bu məsələ ilə bağlı, baxın, bizim gündəliyimiz Avropa İttifaqının gündəliyi ilə, Türkiyənin, Rusiyanın gündəliyi ilə vəhdət təşkil edir. Biz yeni reallıq yaratmışıq. 

Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir", - Prezident həmin müsahibəsində qeyd edib.

Azərbaycan zaman keçdikcə yeni gündəliklər müəyyən edib, onları bir-bir həyata keçirdi. Azərbaycan ötən müddətdə öz suverenliyini bərpa etdi, Qazaxın 4 kəndi geri qaytarıldı, sərhədlərin delimitasiyası prosesinə başlandı, sülh şərtləri bir-bir İrəvan tərəfindən qəbul edilməkdə davam etməkdədir. Qərbi Azərbaycan İcmasının öz ata yurdlarına qayıtması məsələsi, nəinki İrəvanda, artıq beynəlxalq müstəvidə qəbul olunub müzakirə edilir.

Ermənistan o zaman Azərbaycanın təklif etdiyi şərtlər əsasında sülh sazişi imzalasaydı, bugünkü kimi çıxılmaz dalana dirənmiş vəziyyətlə üzləşməyəcəkdi. İndi Ermənistan inkişaf mərhələsinə qədəm qoymuş olacaqdı.

Ermənistan isə müxtəlif spekulyativ hərəkətlərlə, xüsusən də qərbli havadarlarının dəstəyi ilə sülhdən yayınma mövqeyini sərgilədi və nəticədə məğlubiyyətə uğramaqda davam etməkdədir. Ermənistan onsuz da Azərbaycanın qətiyyətli mövqeyi və müəyyən etdiyi gündəlik nəticəsində geri addım ataraq şərtlərini bir-bir qəbul etmək zorundadır və başqa alternativi də yoxdur. 

Bunun nəticəsidir ki, İrəvan artıq Bakın sülh müqaviləsi ilə bağlı 17 şərtindən 15-ni rəsmən qəbul edib, digər iki şərtlə də prinsipcə razıdır. Artıq Ermənistanın sülh danışıqlarından bəhanə edərək boyun qaçırmaq və ya bundan spekulyasiya etmək imkanları və vaxt getdikcə daralır. İrəvanın Bakının şərtlərindən boyun qaçırması isə növbəti məğlubiyyətlər deməkdir. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, Ermənistan tərəfi bunu nə qədər tez anlasa, o qədər onlar üçün yaxşı olacaq. Çünki Ermənistanın nə yaxın, nə də uzaq perspektivdə prosesləri öz xeyrinə dəyişməsi üçün imkanlar görünmür. Əksinə, istər dünyada, istərsə də regionda baş verən proseslər Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Bununla Bakı təkcə Ermənistanın deyil, bütövlükdə bölgənin gündəliyini müəyyən edərək maraqlarını təmin etməyə imkan verir.

Azərbaycan ərazi bütövlüyünü təmin edib, suverenliyini bərpa etməsinə baxmayaraq, bölgədə davamlı sülhün, sabitliyin, sıx əməkdaşlıq formatının yaradılmasının tərəfdarıdır və siyasətini də bu istiqamətdə həyata keçirir.

Ermənistan rəhbərliyinin uzaq görməyən yanlış siyasəti və havadarlarının əlində alət olması səbəbindən isə bölgədə dayanıqlı sülhü əldə etmək hələ də mümkün olmayıb. Nəinki mümkün olmayıb, İrəvan bu yanlış siyasəti ilə təkcə Ermənistanı deyil, bütövlükdə Cənubi Qafqazı geosiyasi güclərin toqquşma məkanına çevirməyə sürükləyir. Bu isə yeni müharibə deməkdir. Belə bir ssenari reallaşarsa, bu, Ermənistanın bir dövlət siyasi xəritədən silinmə, ermənilərin isə coğrafiyanı tərk etmə təhlükəsi ilə üz-üzə qalacaq.

Nəticədə uduzan tərəf yenə də Ermənistan olacaq. Ermənistandan bölgədə maraqları üçün istifadə edən güclər zamanında olduğu kimi yenə də İrəvana lazımi dəstəyi verə bilməyəcək və geri çəkilmək məcburiyyətində qalacaqlar. Çünki İrəvanın Qərbdəki havadarlarının özlərinin vəziyyəti heç də yaxşı deyil. Ermənistana himayədarlıq edən qərbli liderlərin öz siyasi karyeraları sual altında olduğu kimi, təmsil etdikləri ölkələr də siyasi, iqtisadi böhranlarla, ciddi xarici təhdidlərlə üz-üzədir. Bu da sonunda Ermənistanın gözləntilərinin və xəyallarının puça çıxmasınə gətirib çıxaracaq.

Ermənistan sonunda Azərbaycanın Prezidentinin bəyan etdiyi kimi, gec və xeyirlərinə olmasa da, məcbur olub Bakının şərtlər daxilində sülh sazişi imzalamalı olacaq. Prezidentin dediyi kimi, Zəngəzur dəhlizi də açılacaq, İrəvan müəyyən etdiyi gündəliyə uyğun olaraq Qərbi Azərbaycan icması ilə bir masa arxasında əyləşib onların öz ata yurdlarına dönüşün təmin etmək məsələsini müzakirə edib, istəklərini həyata keçirəcək.

Hakan Fidan: Türkiyə İlham Əliyevin bölgədə sülh istiqamətində qərarlı addımlarını dəstəkləyir

Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin bölgədə sülh istiqamətindəki qərarlı addımlarını dəstəkləyir.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan yerli və beynəlxalq media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

H.Fidan Ermənistanın baş naziri Nikol Paşinyanın da bu istiqamətdə müəyyən addımlar atdığını vurğulayıb:

“Sülh sazişi sənədinə imza atılması üçün yerdə qalan bir neçə bənd var ki, onların da tamamlanması lazımdır. Ümid edirik ki, 2025-ci ildə qalıcı sülhə nail olunacaq və firavan bir bölgə görəcəyik”.

Prezident Azərbaycanla Mərakeş arasında hərbi əməkdaşlıq haqqında Sazişi təsdiq edib

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Mərakeş Krallığı Hökuməti arasında müdafiə sahəsində hərbi əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.

Saziş 2024-cü il oktyabrın 30-da Rabat şəhərində imzalanıb.

Samir Şərifov nazir vəzifəsindən azad edilib

Maliyyə naziri Samir Şərifov tutduğu vəzifəsindən azad edilib.

Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər Sərəncamla o, Azərbaycan Baş nazirinin müavini təyin olunub.

Təbriz küçələrində Əliyev haqda, görün, nə yazdılar... - Foto

Güney Azərbaycan İranın ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin cümə imamı Həsən Amulinin və əlaltılarının bəyanatlarına cavab verib.

 “Azad İran” Teleqram kanalı xəbər verir ki, Təbrizdə Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın şəkilləri şəhərin müxtəlif yerlərində divarlara vurulub.

Fotoların üzərində “Yaşasın Qarabağ qəhrəmanı Əliyev başqan!” və “Yaşasın Şam fatehi Ərdoğan rəis!” yazılıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalları belə bir etiraz aksiyası ilə Seyid Həsən Amuli və onun əlaltılarının Azərbaycan və Türkiyə liderlərinə qarşı təhqiramiz ifadələrinə öz etirazlarını bildiriblər. Eyni zamanda Türkiyə və Azərbaycana dəstəklərini bəyan etməyə çalışıblar.

Xatırladaq ki, Seyid Həsən Amuinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının “Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycan və Türkiyə liderlərinin ünvanına hədyanlar səsləndirilmişdi. /Axar.az

 

Küveyt əmiri İlham Əliyevə başsağlığı verdi

Küveyt Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident.

“Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin Qazaxıstan Respublikası ərazisində qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması ilə bağlı xəbəri dərin kədər hissi ilə qarşıladıq.

Zati-aliləri, bu ağır faciə ilə bağlı Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Uca Allahdan ölənlərə rəhmət, yaralananların tez zamanda sağalmalarını diləyirik.

Zati-aliləri, Sizə olan böyük hörmət və ehtiramımı qəbul edin”.

Əliyevin Zəngəzur mesajı İrəvanı təlaşa saldı: Bakı Ermənistanı Qərbin dəstəyindən də məhrum edir

ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmaq üzrədir, belə vəziyyətdə Zəngəzur dəhlizinin açılması prosesində rəsmi İrəvanın mövqeyi heç kimi maraqlandırmaz... Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil, bu haldasa, rəsmi İrəvan Türk İttifaqının bütün şərtlərini qəbul etməyə məcbur olacaq...

"Yeni Müsavat" xəbər verir ki, Cənubi Qafqazı yeni inkişaf mərhələsinə keçirə biləcək önəmli geoiqtisadi layihənin icrasına artıq prinsipial qərar verib. Azərbaycan həmin prinsipial və qətiyyətli qərarın müəllifidir. Ermənistan isə həmin qərarın məcburi icraçısı olmağa məcburdur. Cənubi Qafqazda geopolitik və geoiqtisadi maraqları olan dünya dövlətləri isə rəsmi Bakının müəllifi olduğu yeni regional layihənin ən yaxşı halda, iştirakçısı olmaq üçün bir-biriylə rəqabət aparmalı olacaqlar. Və bu, Azərbaycanın regionda şəriksiz geopolitik iradə mərkəzi olduğunu növbəti dəfə birmənalı şəkildə təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının reallaşdırmaqda qərarlı olduğu geoiqtisadi layihənin açıq mesajı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq bütün dünyaya çatdırılıb. Belə ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini və bu nəqliyyat-kommunikasiya xəttinin istənilən halda, mütləq açılacağını bildirib. Azərbaycan lideri onu da vurğulayıb ki, qarşı tərəf, yəni, Ermənistan bunu anlasa, daha yaxşı olar: “Çünki indiki situasiya qəbuledilməzdir”.

Prezident İlham Əliyev bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan isə Naxçıvan istiqamətində dolayısı marşrutlardan istifadə etmək niyyətində deyil. Üstəlik, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmada Zəngəzur dəhlizi ilə bağlı ayrıca bənd mövcuddur və rəsmi İrəvan hələ də öz üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır. Ona görə də, Azərbaycan lideri Ermənistan tərəfinə mövcud vəziyyəti mütləq nəzərə almağı məsləhət görüb.

Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı da verib. Azərbaycan lideri eyham vurub ki, Ermənistan rəsmi Bakını bu məsələ ilə bağlı qıcıqlandırmasa, daha yaxşı olar. Çünki rəsmi İrəvan anlamalıdır ki, Azərbaycana Cənubi Qafqazda şəriksiz geopolitik iradə sahibidir. Bu, o deməkdir ki, rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasına törədilən əngəllərlə bağlı səbri artıq tükənmək üzrədir. Və Azərbaycan hər an daha radikal reaksiya ilə Ermənistanı öz öhdəliklərini icra etməyə məcbur buraxmaq qərarı da verə bilər.

Belə anlaşılır ki, Ermənistana verilmiş vaxt böyük sürətlə sona çatmağa başlayıb. Ona görə də, indi zamanın Ermənistan əleyhinə işlədiyi qətiyyən şübhə doğurmur. Rəsmi İrəvan Azərbaycanın səbri tükəndiyi təqdirdə, Ermənistanın hansı ağır nəticələrlə üzləşdiyini artıq bir neçə dəfə sınaqdan keçirib. Rəsmi Bakının sərt və prinsipial mövqeyi onu göstərir ki, Azərbaycanın növbəti dəfə radikal metodlarla hərəkətə gəlməsi Ermənistana əvvəlkilərdən daha baha başa gələ bilər. Və indi Paşinyan hakimiyyəti Ermənistanı ən arzuolunmaz hərbi-siyasi situasiyadan yayındırmaq üçün birmənalı şəkildə praqmatik davranmaq məcburiyyətindədir.

Paşinyan hakimiyyəti onu da nəzərə almalıdır ki, hazırda qlobal proseslər də Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Belə ki, Ermənistanın beynəlxalq himayədarları olduqca ciddi qlobal problemlərlə üzləşməkdədir. Məsələn, Ermənistana xüsusi dəstək verən ölkələrin sırasında yer alan Kanadada siyasi böhran yaşanır, hakimiyyət dəyişikliyi prosesinə də start verilib. Eyni zamanda, Ağ Evin yeni sahibi Donald Tramp Kanadanı ABŞ-ın tərkibinə qatmaqla hədələyir. Və belə vəziyyətdə Kanadanın Ermənistanı deyil, məhz özünü qorumaq barədə düşünməkdən başqa çarəsi yoxdur.

Digər tərəfdən, Ermənistanın əsas beynəlxalq himayədarı və silah-sursat tədarükçüsü Fransa da ölkədaxili siyasi-iqtisadi böhranla mübarizə aparır. Makron hakimiyyətinə qarşı daxili etiraz dalğası güclənməkdə davam edir. Ermənistanı hər imkanda himayə edən prezident Emmanuel Makronun öz səlahiyyət müddətini sona çatdıra biləcəyi də artıq ciddi şübhələr doğurmağa başlayıb. Fransanın Afrika qitəsindən qovulması, rəsmi Parisin beynəlxalq nüfuzunun aşağı düşməsi də Ermənistanı bu dövlətin dəstəyindən məhrum buraxa biləcək faktordur.

Ermənistanı himayə etməklə diqqəti çəkən Rusiya və İranın isə Suriyada məğlub olduqdan sonra Cənubi Qafqaza da təsir imkanları məhdudlaşmağa başlayıb. Kreml indi daha çox zəifləmiş Rusiyanı Ukraynada düşdüyü “savaş bataqlığı”ndan çıxartmağın yollarını axtarır. İran isə bundan sonra Azərbaycanın geopolitik maraqlarına daha ehtiyatlı və həssas yanaşmaq məcburiyyətindədir. Və İranın bundan sonra Zəngəzur dəhlizinin açılması prosesinə əvvəlki kimi sərt müqavimət göstərə biləcəyi artıq o qədər də inandırıcı görünmür.

Nəhayət, ABŞ-da hakimiyyətin dəyişməsi də Ermənistan üçün geopolitik problem vəd edir. Belə ki, ermənipərəst Bayden administrasiyası Ermənistanı hərtərəfli himayə etməklə yanaşı, Azərbaycana da təzyiq göstərməyə çalışırdı. Ancaq Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Ermənistanın arxa plana itələnə biləcəyi qətiyyən istisna deyil.

Çünki Tramp administrasiyası İrana qarşı radikal mövqe tutmaq niyyətini gizlətmir və ABŞ-ın Cənubi Qafqazda Azərbaycana ehtiyac duyacağı artıq indidən nəzərə çarpır. Bu baxımdan, Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil.

Göründüyü son vaxtlara qədər ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmağa başlayıb. Belə vəziyyətdə Zəngəzur dəhlizinin açılmasında ortaq maraqları olan Azərbaycan və Türkiyənin Ermənistanın mövqeyinə əhəmiyyət verəcəyinə inanmaq çətindir. Böyük ehtimalla rəsmi İrəvana güclü təzyiq göstəriləcək və Ermənistan üçtərəfli anlaşmada Zəngəzur dəhlzinin açılmasına yönəlik üzərinə götürdüyü öhdəliyin icrasına məcbur buraxılacaq. Və Prezident İlham Əliyevin son xəbərdarlıq mesajından təlaşa düşən rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının sərt təzyiqləri ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı bütün şərtləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng etdi

 

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlər, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edəcəyini vurğulayıb. Türkiyə Prezidenti ölkəsinin Cənubi Qafqaz regionunda davamlı sülhün əldə edilməsinə tam dəstək göstərdiyini deyərək, hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.

Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq, dostluq və strateji mütəffiqlik münasibətlərinin “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdiyini deyib, ölkələrimizin hər zaman bir-birinin yanında olduqlarını vurğulayıb.

Telefon söhbəti zamanı 2025-ci ildə iki qardaş ölkə arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Həmçinin dövlət başçıları təmasların davam etdirilməsi məsələsini qeyd ediblər.

Xəbər lenti