İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Müraciət mətnini təqdim edirik:

"Hörmətli konfrans iştirakçıları!

Sizi itkin düşmüş şəxslər probleminə həsr olunmuş beynəlxalq konfransda salamlayıram.

Azərbaycanın təşəbbüsü ilə silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə dair ölkəmizdə ikinci beynəlxalq konfransın keçirilməsi bu mövzunun aktuallığını və problemin həllində qlobal səylərin artırılmasının vacibliyini bir daha təsdiq edir.
İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir. Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır ki,
4000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da vardır. 2020-ci il Vətən müharibəsində isə 6 Azərbaycan vətəndaşı itkin düşmüşdür.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq etmişdir. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanmışdır.
Siz sabah Azərbaycanda akkreditə olunmuş diplomatik korpusla birgə Ağdərə rayonunun Sırxavənd kəndində kütləvi məzarlıqların birinə baş çəkəcəksiniz. Ermənistanın işğalı altında olan zaman Şuşa həbsxanası azərbaycanlı əsir və girovların saxlanıldığı və işğəncələrlə öldürüldüyü konsentrasiya düşərgəsi kimi fəaliyyət göstərmişdir.
Açıq mənbələrdə və internet resurslarında Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilmiş insanlığa sığmayan əməlləri sübut edən kifayət qədər foto və videolar mövcuddur. Müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayətlər törətmiş bəzi şəxslər bu gün Azərbaycanın ədalət mühakiməsi qarşısında cavab versə də, Ermənistanda buna görə hələ bir nəfər belə məsuliyyətə cəlb olunmamış, əksinə onlar qəhrəmanlaşdırılmışdır.
Eyni zamanda, müxtəlif vaxtlarda Ermənistanda olan hərbi canilər, komandirlər kütləvi məzarlıqlar barədə məlumatlara sahib olduqlarını bildirmişdir. Buna baxmayaraq, Ermənistan hələ də bu məzarlıqların, o cümlədən Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun qalıqlarının yeri barədə məlumatları verməkdən imtina edir.
Ermənistan öz destruktiv mövqeyindən əl çəkməli və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Əgər Ermənistan həqiqətən də Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin, iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər.
Azərbaycan dövləti itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi üçün bütün zəruri addımları atır. 1993-cü ildən etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bu humanitar missiyanı layiqincə yerinə yetirir. Vətən müharibəsindən sonra Komissiyanın fəaliyyəti daha da genişləndirilmiş və yaxşı nəticələr əldə edilmişdir. Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 155 nəfərin şəxsiyyəti eyniləşdirilmiş və onlar hərbi ehtiram göstərilməklə dəfn edilmişdir.
Bugünədək dövlət qurumlarımız, itkin düşmüş şəxslərin doğmaları, vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən müxtəlif beynəlxalq təşkilatlara dəfələrlə müraciətlər edilsə də, əfsuslar olsun ki, bu məsələdə də ikili standartlarla üzləşirik. Aidiyyəti beynəlxalq qurumlar bu müraciətlərə səssiz qalmamalı və qətiyyətli addımlar atmalıdır.
Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi silahlı münaqişələr zamanı itkin düşmüş şəxslər məsələsinə yalnız öz problemi kimi deyil, dünyanın bir sıra ölkələrinin üzləşdiyi qlobal problem kimi yanaşır. Ölkəmizin təşəbbüsü ilə BMT Baş Assambleyasında hər iki ildən bir itkin düşmüş şəxslər mövzusunda qətnamənin irəli sürülməsi və konsensusla qəbul olunması bu məsələyə beynəlxalq səviyyədə diqqətin artırılması istiqamətində fəaliyyətimizin tərkib hissəsidir.
Bu xüsusda, məsələyə beynəlxalq müstəvidə lazımi diqqətin ayrılmasını təmin etmək üçün BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılmasına ehtiyacın olduğu qənaətindəyik.
Sonda konfransın işinə uğurlar diləyir və onun itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində qlobal fəaliyyətə dəyərli töhfə verəcəyinə dair əminliyimi ifadə edirəm".

***

Azərbaycan Prezidenti İlham Əliyev “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi” mövzusunda oktyabrın 2-də Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətin mətnini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik, Əsir və İtkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev oxuyub.

Qeyd edək ki, tədbir Dövlət Komissiyası və Beynəlxalq Qızıl Xaç Komitəsinin birgə təşkilatçılığı ilə keçirilir.

Müharibə bitir, Ukrayna ərazilərin itirilməsini qəbul edir? – Rəsmi açıqlama

Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Georgi Tixi “Financial Times”ın (FT) respublika rəsmilərinin Rusiya ilə barışıq bağlamaq üçün ərazilərin itirilməsini tanımağa razılıq verməsi barədə məlumatı təkzib edib.

Onun sözlərini diplomatik departament öz “Telegram” kanalında dərc edib.

"Financial Times” mənbəsinin nazirin kompromisləri müzakirə etməsi ilə bağlı məlumatı sadəcə olaraq yalandır və bizi bu cür yalan xəbərlərin yayılmasında kimlərin maraqlı oması təəccübləndirir", - Tixi deyib.

Onun sözlərinə görə, ərazi güzəştləri məsələsində mövqeyi dəyişməz olan Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın hər görüşündə iştirak edib.

Daha əvvəl “Financial Times” qəzeti Avropa diplomatik dairələrindəki mənbələrə istinadən bəyan etmişdi ki, Ukrayna və onun rəsmiləri ərazilərin itirilməsinin tanınmasına yaxındırlar.(publika.az)

XİN-dən ABŞ rəsmisinin bəyanatına REAKSİYA 

ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi Dafna Randın Varşava İnsan Ölçüsü Konfransında ABŞ tərəfinin “Dağlıq Qarabağda beynəlxalq humanitar hüququn və insan hüquqlarının iddia edilən pozuntularını nəzərdən keçirməkdə davam etdiyi” barədə fikirlərinin əks olunduğu 1 oktyabr tarixli bəyanatı təəccüb doğurur.

“Bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin 1 oktyabr tarixində Varşava İnsan Ölçüsü Konfransındakı bəyanatına dair şərhində yer alıb.

"Maraqlıdır ki, Azərbaycan ərazilərinin hərbi işğalı zamanı Ermənistan tərəfindən törədilmiş bəşəriyyətə qarşı irimiqyaslı cinayətlər və azərbaycanlılara qarşı qırğınlara baxmayaraq, ABŞ tərəfi beynəlxalq humanitar hüququn pozulması hallarının aradan qaldırılmasının vacibliyinə yalnız indi istinad edir. 30 ilə yaxın müddətdə Ermənistanın bu cinayətləri ABŞ tərəfindən tam sükutla qarşılanıb.

Əgər ABŞ tərəfi qərəzsizlik və ədalətli mövqe nümayiş etdirmək istəyirsə, ilk növbədə Ermənistanın indiyədək törətdiyi çoxsaylı cinayətlərin araşdırılmasını, günahkarların qanun qarşısında cavab verməsini tələb etməlidir.

Əks halda, bu, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Ermənistanın təcüvüzü zamanı yüz minlərlə azərbaycanlının əsas insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasından diqqət yayındırmaq məqsədi güdən erməni təbliğatı nəticəsində verilən birtərəfli bəyanatdan başqa bir şey deyil", - A.Hacızadə qeyd edib.

Azərbaycan Rusiyaya yeni səfir təyin edib

Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

XİN: Azərbaycan BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumunu pisləyir

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin Sudanın paytaxtı Xartumdakı səfirinin iqamətgahına hücumu qətiyyətlə pisləyir.

Bu barədə Azərbayan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, diplomatik binalara hücum Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının açıq şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir: "Beynəlxalq hüquqa əsaslanan diplomatik binaların toxunulmazlığının təmin edilməsi son dərəcə vacibdir".

Qənirə Paşayevanın vəzifəsinə Polad Bülbüloğlu təyin edildi

Mərhum deputat Qənirə Paşayevanın yerinə Fazil Mustafa vəzifəni icra edirdi
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu olub.

Bu vəzifəni əvvəl mərhum millət vəkili Qənirə paşayeva icra edirdi.

Onun vəfatından sonra sözügedən vəzifə deputat Fazil Mustafaya həvalə olunmuşdu.

Qeyd edək ki, Q.Paşayeva ötən il dünyasını dəyişib.

İsrailə "yaşıl işıq" - Plan nədir, hansı proseslər başlandı?

Ağ Evin yüksək vəzifəli rəsmiləri İsrailə bildiriblər ki, Bayden administrasiyası İsrail hökumətini zərbələrini azaltmağa açıq şəkildə çağırsa da, "Hizbullah"a hərbi təzyiqi artırmaq qərarını dəstəkləyəcək.

Bu barədə Amerika və İsrail rəsmiləri "Politico"ya məlumat veriblər.

Qeyd olunur ki, Ağ Evdə dəstəklənməsinə baxmayaraq, administrasiyada heç də hamı İsrailin mövqeyinin dəyişməsi ilə razılaşmayıb. Diqqəti "Hizbullah"a yönəltmək qərarı ABŞ hökumətində parçalanmaya səbəb oldu, çünki bəziləri hesab edir ki, İsrailin hərəkətləri ABŞ qüvvələrini başqa bir Yaxın Şərq münaqişəsinə cəlb edə bilər.

İsrailli mənbənin sözlərinə görə, "Hizbullah" yalnız HƏMAS-la atəşkəs olacağı təqdirdə İsraillə əlaqə saxlayacağını bəyan etsə də, ABŞ-nin qiymətləndirmələri əsasən, HƏMAS tezliklə atəşkəslə razılaşmayacaq.

“Bununla diqqəti daha çox "Hizbullah"a yetirmək və iki münaqişəni ayırmaq vaxtıdır... İdeya budur: İsrail Livanda "Hizbullah"ın yüksək komandanlıq strukturunu məhv edərək təşkilatın imkanlarını ciddi şəkildə sarsıtdı və İranı zəiflətdi”, - məqalədə deyilir.

İsrail ordusu "Ynet"ə bildirib ki, Livanda quru əməliyyatı keçirmək Qəzza zolağında HƏMAS-a qarşı əməliyyat keçirməkdən daha çətin olacaq. Bu, "Hizbullah"ın hələ də bütün imkanlarından, xüsusən də yeraltı tunel və bunkerlərdən istifadə etməməsi ilə bağlıdır.

"Ynet"in məlumatına görə, İsrailin bir neçə yer variantı var, bunlardan ən böyüyü "Hizbullah"ın çoxsaylı raket buraxılış qurğuları və uzaqmənzilli raketlərə malik olduğu mərkəzə sızmaqdır. Alternativ olaraq, Livan ordusunun tamamilə çıxarılmasını nəzərdə tutan atəşkəs razılaşması əldə olunana qədər sərhədi “təmizləmək” lazımdır.

Azərbaycan və Özbəkistan hərbçilərinin birgə təlimi başlayıb - FOTO

"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Özbəkistan Respublikası Müdafiə Nazirliyi arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq Planı”na əsasən, iki ölkə arasında keçirilən "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi olub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki,bu təlim hər iki ölkənin hərbi əməkdaşlığını gücləndirmək və ortaq regional təhlükəsizlik probleminin həllinə birlikdə yanaşmaq məqsədini daşıyan əhəmiyyətli bir addımdır.
Qeyd olunub ki, "Məharət-2024" təliminin əsas məqsədi müttəfiq qüvvələrin koordinasiyasını və effektivliyini artırmaq, strateji tərəfdaşlığımızı inkişaf etdirməkdir.

 

 

 

 
Prokurorluq orqanlarının yaranmasından 106 il ötür

Bu gün Azərbaycanda prokurorluq işçilərinin peşə bayramıdır.

Prokurorluq orqanlarının yaranmasının 106-cı ili tamam olur.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq təsis edib.

Ümummilli Lider Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə milli prokurorluq orqanlarının yarandığı gün - oktyabr ayının 1-i prokurorluq işçilərinin peşə bayramı günü kimi təsis edilməklə qeyd olunmağa başlanıb.

Ulu Öndər prokurorluq işçilərinin peşə bayramını təsis etdikdən sonra prokurorluq işçilərinin hər il bu günün təntənəli şəkildə qeyd olunması ənənəsi yaranıb. Bu gün prokurorluq işçiləri, prokurorluğun veteranları, hüquq ictimaiyyəti üçün əlamətdar hadisə kimi ruh yüksəkliyi ilə qeyd edilir.

ABŞ seçkiləri “erməni faktoru”nu tam bitirəcək: Ağ Evə Ermənistan daha lazım olmayacaq

Vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın yararsız “geopolitik alət” olan Ermənistandan imtina edərək, Cənubi Qafqazda realist siyasi kursa qayıdacağı, Azərbaycan və Türkiyə ilə regional ortaqlığa üstünlük verə biləcəyi ehtimal olunur... Donald Trampın qələbəsi isə ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi ilə bağlı təhlükəni daha da aktuallaşdırcaq, çünki Bayden adminitrasiyasından fərqli olaraq, Ağ Evin keçmiş sahibi Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermədiyini hələ ötən hakimiyyəti dönəmində sübuta yetirib...
Ermənistan cəmiyyətində ciddi narahatlığın hökm sürməyə başladığı artıq açıq-aşkar müşahidə olunmağa başlayıb. Belə ki, erməni siyasi-ictimai dairələri rəsmi İrəvanın Ermənistanı Qərbə yaxınlaşdırmaq siyasi kursunun təhlükəli istiqamətlər ala biləcəyini ehtimal edirlər. Onların fikrincə, Paşinyan hakimiyyətinin bu xarici siyasət kursunun uğur qazanma şansı demək olar ki, yoxdur. Və rəsmi İrəvanın Rusiyadan uzaqlaşma istiqamətində apardığı geopolitik hesablamaların iflasa məhkum olmasına əmindirlər.

Onu da qeyd etmək lazımdır ki, artıq bəzi erməni politoloqlar Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin müəyyən nəticələrinin tədricən ortaya çıxmaqda olduğunu düşünürlər. Xüsusilə də, ABŞ və Qərbin Ermənistana “geopolitik alət” və ya müvəqqəti “istifadə materialı” kimi yanaşmasından narahatdırlar. Onların fikrincə, Ermənistan böyük sürətlə geriyə dönüşü olmayan yola çıxaraq, irəliləməkdə davam edir. Və bu yolun sonu Ermənistan üçün geopolitik fəlakətə çevrilə bilər.

Məsələ ondadır ki, Ermənistan hələlik ABŞ və Qərbdən çoxsaylı vədlərdən başqa heç nə qopara bilməyib. Çünki Qərbdən alınan hərbi-siyasi dəstək Ermənistana təhlükəsizlik təminatı verilməsi səviyyəsindən çox-çox uzaqdır. Hər halda, Qərbin Ermənistanı silahlandırması da konkret planlar çərçivəsində reallaşdırılır. Üstəlik, bu planlarda Ermənistanın gələcək taleyi qətiyyən nəzərə alınmır. Və daha çox Qərbin maraqları çərçivəsində Ermənistanın Cənubi Qafqazda hərbi-siyasi qarşıdurmalara girə bilməsinə hesablanıb.

Ona görə də, bəzi erməni politoloqlar hətta hesab edirlər ki, Ermənistanın bir dövlət kimi mövcudluğunu davam etdirməsi ABŞ və Qərb üçün qətiyyən sərfəli deyil. Erməni politoloq Yervand Bozoyan isə əmindir ki, hazırda Ermənistanın sərhədyanı əraziləri yox, ümumiyyətlə, Ermənistan dövlətinin mövcudluğu ciddi sual altında qalıb. Onun fikrincə, indi erməni toplumunu inandırmağa çalışırlar ki, guya sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa, hər halda, bölgəyə sülh və sabitlik gələcək.

Ancaq erməni politoliq əminliklə iddia edir ki, bu, qətiyyən baş verməyəcək: “Çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, daha çox Ermənistanın mövcudluğuna son qoyulması ilə birbaşa bağlıdır. ABŞ və Qərb siyasi dairələri hesab edirlər ki, Ermənistanın Türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda əsas geopolitik planların reallaşdırılmasına əngəl törədir. Qərbdə belə düşüncə də mövcuddur ki, əgər, Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq, Cənubi Qafqazda kifayət qədər ciddi anti-Rusiya və anti-İran faktoruna çevrilə bilərlər”.

Göründüyü kimi, ABŞ və Qərbə böyük ümidlər bəsləyən erməni siyasi dairələri artıq tədricən məyusluq əhval-ruhiyyəsinə qapılmağa başlayıblar. Onlar artıq anlayırlar ki, Qərb Ermənistanı düşdüyü “geopolitik çuxur”dan dartıb, çıxartmaq niyyəti yoxdur. Elə bir önəmli hərbi-siyasi və maliyyə-iqtisadi resursları olmayan, yalnız beynəlxalq himayədarlarının hesabına ayaqda qalmağa can atan Ermənistandan müvəqqəti istifadə edərək, sonra lazımsız “geopolitik alət” kimi bir kənara atacaqlar. Və həmin andan etibarən də Ermənistanın fəlakətli “qara günləri” başlamış olacaq.

Maraqlıdır ki, Paşinyan hakimiyyəti də Ermənistan ətrafında yaranmış vəziyyətdən məmnun deyil. Hətta ABŞ və Qərbin ermənilərə daha çox aid olan “sürüşkən mövqe”ni təkrarlaması rəsmi İrəvanı ciddi şəkildə əndişələndirir. Yəni, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evin Ermənistana indiki hərbi-siyasi dəstəyini eynilə davam etdirəcəyinə də artıq şübhə ilə yanaşmağa başlayıb. Və bu səbəbdən də, rəsmi İrəvanın ABŞ-la müəyyən məsələlərdə məsafə saxlamağa cəhd göstərdiyi də bildirilir.

Məsələ ondadır ki, BMT Baş Assambleyasının son toplantısına qatılan baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin dövlət liderləri üçün təşkil etdiyi vida mərasimində iştirak etməyib. Yəni, erməni baş nazir müəyyən mənada, Ağ Ev sahibinə qarşı dolayısı ilə hörmətsizlik edib. Çünki həmin vaxtlarda baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı Türk Evində görüşməyə üstünlük verib. Və bununla da siyasi karyerası sona çatan ABŞ liderindənsə, Ermənistana qonşu olan Türkiyənin hələ bir neçə il də hakimiyyətdə olacaq prezidenti ilə birbaşa təmas şansını daha vacib hesab edib.

Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərindən Ermənistan üçün hər hansı sərfəli nəticə gözləmir. Belə ehtimal edilir ki, Ağ Evə hansı prezidentliyə namizədin sahiblənməsi elə bir ciddi dəyişiklik yaratmayacaq. Yəni, indiki vitse-prezident Kamala Harrisin qalib gələcəyi təqdirdə belə, ABŞ-ın Ermənistan siyasətinin rəsmi İrəvan üçün arzuolunmaz məzmun daşıyacağı iddia edilir. Və Bayden administrasiyasının seçki maraqları təmin olunduqdan sonra Cənubi Qafqazda artıq yararsız hesab olunan erməni faktoruna ehtiyacı qalmayacaq.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ağ Evin Cənubi Qafqazda daha realist siyasi hədəflərə yönələ biləcəyini ehtimal edir. Hazırda heç kimdə şübnə doğurmur ki, ABŞ üçün ən realist siyasət Cənubi Qafqazda Ermənistan ucbatından rəsmi Bakı ilə münasibətləri korlamaq deyil, məhz Azərbaycan və Türkiyə yaxınlaşaraq, ortaq fəaliyyət göstərmək olardı. Və bu, yaxın aylarda Ağ Evin Ermənistana münasibətini dəyişə bilər.

Digər tərəfdən, Donald Trampın qalib gələcəyi təqdirdə, ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi də qətiyyən istisna olunmur. Bayden adminitrasiyasından fərqli olaraq, Donald Tramp Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermir. Ağ Evin keçmiş sahibinin əvvəlki prezidentliyi dönəmində ABŞ-ın Cənubi Qafqazdakı regional savaşa münasibətdə seyirçi qalması da bu ehtimalı gücləndirir. Və bu baxımdan, ABŞ-da baş tutacaq noyabr seçkilərinin Ermənistanın gələcək taleyində neqativ dönüş nöqtəsinə çevrilə biləcəyi qətiyyən istisna deyil.(Yeni Müsavat)

Xəbər lenti