![]() |
|
Vitse-prezident Kamala Harrisin seçkilərdə qalib gələcəyi təqdirdə, ABŞ-ın yararsız “geopolitik alət” olan Ermənistandan imtina edərək, Cənubi Qafqazda realist siyasi kursa qayıdacağı, Azərbaycan və Türkiyə ilə regional ortaqlığa üstünlük verə biləcəyi ehtimal olunur... Donald Trampın qələbəsi isə ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi ilə bağlı təhlükəni daha da aktuallaşdırcaq, çünki Bayden adminitrasiyasından fərqli olaraq, Ağ Evin keçmiş sahibi Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermədiyini hələ ötən hakimiyyəti dönəmində sübuta yetirib...
Ermənistan cəmiyyətində ciddi narahatlığın hökm sürməyə başladığı artıq açıq-aşkar müşahidə olunmağa başlayıb. Belə ki, erməni siyasi-ictimai dairələri rəsmi İrəvanın Ermənistanı Qərbə yaxınlaşdırmaq siyasi kursunun təhlükəli istiqamətlər ala biləcəyini ehtimal edirlər. Onların fikrincə, Paşinyan hakimiyyətinin bu xarici siyasət kursunun uğur qazanma şansı demək olar ki, yoxdur. Və rəsmi İrəvanın Rusiyadan uzaqlaşma istiqamətində apardığı geopolitik hesablamaların iflasa məhkum olmasına əmindirlər.
Onu da qeyd etmək lazımdır ki, artıq bəzi erməni politoloqlar Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin müəyyən nəticələrinin tədricən ortaya çıxmaqda olduğunu düşünürlər. Xüsusilə də, ABŞ və Qərbin Ermənistana “geopolitik alət” və ya müvəqqəti “istifadə materialı” kimi yanaşmasından narahatdırlar. Onların fikrincə, Ermənistan böyük sürətlə geriyə dönüşü olmayan yola çıxaraq, irəliləməkdə davam edir. Və bu yolun sonu Ermənistan üçün geopolitik fəlakətə çevrilə bilər.
Məsələ ondadır ki, Ermənistan hələlik ABŞ və Qərbdən çoxsaylı vədlərdən başqa heç nə qopara bilməyib. Çünki Qərbdən alınan hərbi-siyasi dəstək Ermənistana təhlükəsizlik təminatı verilməsi səviyyəsindən çox-çox uzaqdır. Hər halda, Qərbin Ermənistanı silahlandırması da konkret planlar çərçivəsində reallaşdırılır. Üstəlik, bu planlarda Ermənistanın gələcək taleyi qətiyyən nəzərə alınmır. Və daha çox Qərbin maraqları çərçivəsində Ermənistanın Cənubi Qafqazda hərbi-siyasi qarşıdurmalara girə bilməsinə hesablanıb.
Ona görə də, bəzi erməni politoloqlar hətta hesab edirlər ki, Ermənistanın bir dövlət kimi mövcudluğunu davam etdirməsi ABŞ və Qərb üçün qətiyyən sərfəli deyil. Erməni politoloq Yervand Bozoyan isə əmindir ki, hazırda Ermənistanın sərhədyanı əraziləri yox, ümumiyyətlə, Ermənistan dövlətinin mövcudluğu ciddi sual altında qalıb. Onun fikrincə, indi erməni toplumunu inandırmağa çalışırlar ki, guya sərhədlər dəqiqləşdiriləndən sonra Ermənistanın hesabına və Azərbaycanın xeyrinə də olsa, hər halda, bölgəyə sülh və sabitlik gələcək.
Ancaq erməni politoliq əminliklə iddia edir ki, bu, qətiyyən baş verməyəcək: “Çünki əslində, bu proses sərhədlərin dəqiqləşdirilməsi deyil, daha çox Ermənistanın mövcudluğuna son qoyulması ilə birbaşa bağlıdır. ABŞ və Qərb siyasi dairələri hesab edirlər ki, Ermənistanın Türk dünyası ilə mövcud problemləri səbəbindən bu ölkə regionda əsas geopolitik planların reallaşdırılmasına əngəl törədir. Qərbdə belə düşüncə də mövcuddur ki, əgər, Azərbaycan və Türkiyə bir-biri ilə fasiləsiz ünsiyyət qursalar, onlar obyektiv olaraq, Cənubi Qafqazda kifayət qədər ciddi anti-Rusiya və anti-İran faktoruna çevrilə bilərlər”.
Göründüyü kimi, ABŞ və Qərbə böyük ümidlər bəsləyən erməni siyasi dairələri artıq tədricən məyusluq əhval-ruhiyyəsinə qapılmağa başlayıblar. Onlar artıq anlayırlar ki, Qərb Ermənistanı düşdüyü “geopolitik çuxur”dan dartıb, çıxartmaq niyyəti yoxdur. Elə bir önəmli hərbi-siyasi və maliyyə-iqtisadi resursları olmayan, yalnız beynəlxalq himayədarlarının hesabına ayaqda qalmağa can atan Ermənistandan müvəqqəti istifadə edərək, sonra lazımsız “geopolitik alət” kimi bir kənara atacaqlar. Və həmin andan etibarən də Ermənistanın fəlakətli “qara günləri” başlamış olacaq.
Maraqlıdır ki, Paşinyan hakimiyyəti də Ermənistan ətrafında yaranmış vəziyyətdən məmnun deyil. Hətta ABŞ və Qərbin ermənilərə daha çox aid olan “sürüşkən mövqe”ni təkrarlaması rəsmi İrəvanı ciddi şəkildə əndişələndirir. Yəni, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək növbəti prezident seçkilərindən sonra Ağ Evin Ermənistana indiki hərbi-siyasi dəstəyini eynilə davam etdirəcəyinə də artıq şübhə ilə yanaşmağa başlayıb. Və bu səbəbdən də, rəsmi İrəvanın ABŞ-la müəyyən məsələlərdə məsafə saxlamağa cəhd göstərdiyi də bildirilir.
Məsələ ondadır ki, BMT Baş Assambleyasının son toplantısına qatılan baş nazir Nikol Paşinyan ABŞ prezidenti Co Baydenin dövlət liderləri üçün təşkil etdiyi vida mərasimində iştirak etməyib. Yəni, erməni baş nazir müəyyən mənada, Ağ Ev sahibinə qarşı dolayısı ilə hörmətsizlik edib. Çünki həmin vaxtlarda baş nazir Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı Türk Evində görüşməyə üstünlük verib. Və bununla da siyasi karyerası sona çatan ABŞ liderindənsə, Ermənistana qonşu olan Türkiyənin hələ bir neçə il də hakimiyyətdə olacaq prezidenti ilə birbaşa təmas şansını daha vacib hesab edib.
Bəzi məlumatlara görə, Paşinyan hakimiyyəti ABŞ-da keçiriləcək prezident seçkilərindən Ermənistan üçün hər hansı sərfəli nəticə gözləmir. Belə ehtimal edilir ki, Ağ Evə hansı prezidentliyə namizədin sahiblənməsi elə bir ciddi dəyişiklik yaratmayacaq. Yəni, indiki vitse-prezident Kamala Harrisin qalib gələcəyi təqdirdə belə, ABŞ-ın Ermənistan siyasətinin rəsmi İrəvan üçün arzuolunmaz məzmun daşıyacağı iddia edilir. Və Bayden administrasiyasının seçki maraqları təmin olunduqdan sonra Cənubi Qafqazda artıq yararsız hesab olunan erməni faktoruna ehtiyacı qalmayacaq.
Belə anlaşılır ki, Paşinyan hakimiyyəti Ağ Evin Cənubi Qafqazda daha realist siyasi hədəflərə yönələ biləcəyini ehtimal edir. Hazırda heç kimdə şübnə doğurmur ki, ABŞ üçün ən realist siyasət Cənubi Qafqazda Ermənistan ucbatından rəsmi Bakı ilə münasibətləri korlamaq deyil, məhz Azərbaycan və Türkiyə yaxınlaşaraq, ortaq fəaliyyət göstərmək olardı. Və bu, yaxın aylarda Ağ Evin Ermənistana münasibətini dəyişə bilər.
Digər tərəfdən, Donald Trampın qalib gələcəyi təqdirdə, ABŞ-ın Ermənistanı ümumiyyətlə, unuda biləcəyi də qətiyyən istisna olunmur. Bayden adminitrasiyasından fərqli olaraq, Donald Tramp Ermənistana və erməni diasporuna elə bir ciddi əhəmiyyət vermir. Ağ Evin keçmiş sahibinin əvvəlki prezidentliyi dönəmində ABŞ-ın Cənubi Qafqazdakı regional savaşa münasibətdə seyirçi qalması da bu ehtimalı gücləndirir. Və bu baxımdan, ABŞ-da baş tutacaq noyabr seçkilərinin Ermənistanın gələcək taleyində neqativ dönüş nöqtəsinə çevrilə biləcəyi qətiyyən istisna deyil.(Yeni Müsavat)
Üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.
Dövlət başçısı XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.
“1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar”.
VII çağırış Milli Məclisin payız sessiyasında ilk plenar iclası başlayıb.
Spiker Sahibə Qafarova sessiyanı açıq elan edib.
Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Toplantının gündəliyinə 17 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvlərinin seçilməsi haqqında.
2. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi üzvlərinin seçilməsi haqqında.
3. Milli Məclisin İnsan hüquqları komitəsi üzvlərinin seçilməsi haqqında.
4. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi üzvlərinin seçilməsi haqqında.
5. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi üzvlərinin seçilməsi haqqında.
6. Milli Məclisin Aqrar siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
7. Milli Məclisin Əmək və sosial siyasət komitəsi üzvlərinin seçilməsi haqqında.
8. Milli Məclisin Səhiyyə komitəsi üzvlərinin seçilməsi haqqında.
9. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi üzvlərinin seçilməsi haqqında.
10. Milli Məclisin Gənclər və idman komitəsi üzvlərinin seçilməsi haqqında.
11. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi üzvlərinin seçilməsi haqqında.
12. Milli Məclisin Regional məsələlər komitəsi üzvlərinin seçilməsi haqqında.
13. Milli Məclisin Elm və təhsil komitəsi üzvlərinin seçilməsi haqqında.
14. Milli Məclisin Mədəniyyət komitəsi üzvlərinin seçilməsi haqqında.
15. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin seçilməsi haqqında.
16. Milli Məclisin 2024-cü il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
17. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının yaradılması haqqında.
Toplantıda Mərkəzi Seçki Komissiyası yeni seçilən deputatlara vəsiqələr təqdim edəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və oğlu Heydər Əliyev sentyabrın 30-da Bakıda Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi, böyük el sənətkarı Aşıq Ələsgərin abidəsinin açılışında iştirak ediblər.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Azərbaycanda Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) keçirilir.
“Report” xəbər verir ki, sentyabrın 30-dan oktyabrın 4-dək davam edəcək tədbir ictimaiyyətin noyabrda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) hazırlaşdığı vaxtda iqlim gündəliyinin əsasını təşkil edəcək.
BİFH siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət kimi bir sıra sahələrdən vətəndaş cəmiyyətlərindən və mediadan əsas maraqlı tərəfləri bir araya gətirir.
Tədbirin rəsmi açılış mərasimində ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev, COP29-un Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqlar iştirak edir.
Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edəcək.
Azərbaycan, Bayden administrasiyasına Ermənistan üzərindən ABŞ-ın geopolitik planlarını reallaşdırmaq və erməni diasporunu məmnun edərək, əlavə seçki dəstəyi qazanmaq şansı tanımadı... Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Kremlə verməmək üçün Ağ Ev hazırda Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur etməyə çalışır...
Cənubi Qafqazda sülh prosesi qeyri-müəyyən xarakter daşıyır. Belə ki, bu prosesin hansı istiqamətlərə yönələcəyi son vaxtlar daha qəliz suallar doğurmağa başlayıb. Xüsusilə də, həm bu prosesin birbaşa iştirakçıları, həm də müdaxilə etmək istəyən regiondan kənar siyasi dairələrin açıqlamaları kəskin ziddiyyətlər təşkil edir. Və mövcud situasiyada atılan addımlar da Cənubi Qafqazı sülhdən daha çox yeni savaş təhlükəsinə yaxınlaşdırır.
Məsələ ondadır ki, Ermənistan yekun sülh sazişinin mətni tam razılaşdırılmasa da, onu imzalamağa hazır olduğunu bəyan edir. Halbuki, bunun mümkün olmadığını hər kəs, o cümlədən də Paşinyan hakimiyyəti də anlayır. Çünki yarımçıq sülh sazişinin imzalanması Cənubi Qafqazda savaşdan uzaq inkişaf perspektivləri vəd etmir.
Eyni zamanda, rəsmi Bakı da belə bir yararsız sənədi imzalamaq niyyətində olmadığını qətiyyən gizlətmir. Həm də rəsmi Bakı tam razılaşdırılmış yekun sülh sazişinin imzalanmasından öncə Azərbaycana qarşı ərazi iddiaları yer alan Ermənistan konstitusiyanın dəyişdirilməsində israrlı mövqe tutur. Və bu baxımdan, Cənubi Qafqazdakı sülh prosesi qarşısında hazırda ən azından iki önəmli əngəl mövcuddur.
ABŞ və Qərb isə nə qədər qəribə də olsa, bu iki önəmli, həm də Azərbaycanın milli maraqlarına zidd əngəli diqqətə almağa həvəs göstərmir. Əksinə, Qərb siyasi dairələri yararsız sülh sazişinin imzalanmasına nail olmaqla, Cənubi Qafqaza yeni təsir mexanizmləri qazanmağa can atırlar. Ona görə də, ABŞ və Qərb bir tərəfdən davamlı olaraq, regional sülh prosesini dəstəklədiyini bəyan etsə də, digər tərəfdən onun bloklanmasına yönəlik addımlar atmağa üstünlük verir. Hər halda, ABŞ və Qərbin Ermənistanı silahlandırması Cənubi Qafqazda sülh prosesinin uğur qazanması qarşısında ciddi problemlərdən biri sayılır.
Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin də Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsində maraqlı olduğuna inanmaq sadəlövhlük olardı. Qərb siyasi dairələri indiki situasiyada ən yaxşı halda, daha savaşa və uzunmüddətli müzakirələrə yol aça biləcək yarımçıq sülh sazişinə üstünlük verirlər. Çünki əsas hədəf regional sülhə nail olmaq deyil, Cənubi Qafqazda geopolitik proseslərin iştirakçısına çevrilmək üçün bəhanə mexanizmləri qazanmaqdır. Və bu baxımdan, rəsmi Bakının bu məsələdə prinsipial davranması indiki situasiyada Qərbin geopolitik planlarını bloklamaq üçün hələlik kifayət edir.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ və Qərblə Rusiya arasında gedən Cənubi Qafqaz uğrunda mübarizə daha çox regional sülh prosesi üzərində indeksləşib. Çünki hər iki tərəf bu prosesdə orbitr rolunu ələ keçirməyə can atır. Hər halda, indi regional məkanda bu məsələ əsas geopolitik faktor rolunu oynayır. Və bu faktorla bağlı vasitəçilik statusu qazanmadan Cənubi Qafqazda geopolitik planlar qurmaq elə də böyük uğurlar vəd etmir.
Maraqlıdır ki, BMT Baş Assosiasiyasının növbəti toplantısı ərəfəsində ABŞ Cənubi Qafqazda sülh prosesinə vasitəçilik hüququ qazanmaq istiqamətində növbəti dəfə cəhdlər etdi. ABŞ-ın dövlət katibi Entoni Blinken həm Bakıya, həm də İrəvana zəng edərək, Ağ Evin Azərbaycan və Ermənistan arasındakı sülh prosesini dəstəklədiyini təkrarladı. Hətta dövlət katibi ABŞ-ın sülh danışıqlarının inkişaf səviyyəsindən məmnun olduğunu da vurğuladı. Və təbii ki, ABŞ-ın BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində Azərbaycan-Ermənistan yüksək səviyyəli görüşünə vasitəçilik həvəsini biruzə verdi.
Ancaq ABŞ-ın Cənubi Qafqazda buraxdığı kobud səhvlər Ağ Evin vasitəçilik həvəsi qarşısında olduqca ciddi əngəllərdən biridir. Halbuki, Azərbaycan və Ermənistan arasında yüksək səviyyəli görüşün keçirilməsi hazırda ABŞ-ın geopolitik hədəfləri deyil, həm də Bayden administrasiyasının seçki maraqları baxımından da böyük önəm daşıyır. Və Bayden administrasiyası buna nail olmaqla, ABŞ-dakı erməni diasporunun seçki dəstəyini almağa can atır.
Təbii ki, əslində, ABŞ-ın ən ciddi səhvlərindən biri də məhz bundan ibarətdir. Belə ki, Bayden administrasiyası Fransanın ardınca ABŞ-ı da qatı ermənipərəst mövqeyə sürükləyir. Son vaxtlar Ağ Evin Azərbaycan-ABŞ münasibətlərinin qəlizləşərək, korlanmasına yönəldən addımlar atması bunu təsdiqləyir. Üstəlik, rəsmi Bakı ABŞ-ın ermənipərəst mövqeyindən və Azərbaycan əleyhinə davranışlarından narazı olduğunu qətiyyən gizlətmir. Və bu baxımdan, rəsmi Bakının ABŞ-a vasitəçilik, Bayden administrasiyasına isə seçki dvidentləri qazandıracağına ümid bəsləmək reallıqdan uzaqdır.
Əlbəttə ki, rəsmi Bakı BMT Baş Assosiasiyasının toplantısı çərçivəsində yüksək səviyyəli görüşdən qətiyyən imtina etmədi. Ancaq çox dəqiq hesablanmış incə diplomatik qərarla rəsmi Bakı ABŞ-a Azərbaycanın xarici işlər nazirini göndərdi. Nəticədə, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan liderlərinin yüksək səviyyəli görüşü əvəzinə, yalnız xarici işlər nazirlərinin toplantısında iştirak etməklə kifayətlənməli oldu. Və bu, rəsmi Bakının Ağ Evə Azərbaycanın maraqlarının ABŞ-ın geopolitik hədəflərindən daha üstün olması barədə dolayısı mesajı kimi də qəbul oluna bilər.
İndi Ağ Evin narahat olması üçün kifayət qədər ciddi səbəblər də olmamış deyil. Belə ki, dövlət katibi Entoni Blinkenin regional sülh prosesində ABŞ-a vasitəçilik missiyası qazandırmaq cəhdi pozitiv nəticə verməyib. Üstəlik, Ağ Evin bu məsələdə Rusiyanı qabaqlayaraq, tamamilə oyundankənar vəziyyətə salmaq niyyəti də boşa çıxıb. Ona görə də, indi Ağ Ev Kremlin alternativ cəhdlərinin necə nəticələnəcəyini ciddi narahatlıq içərisində müşahidə etmək məcburiyyətində qalıb. Və Rusiyanın yaxın vaxtlarda belə bir şans qazana biləcəyi isə qətiyyən istisna deyil.
Məsələ ondadır ki, oktyabr ayında Rusiyada BRİCS-ə üzv ölkələrin növbəti toplantısı keçiriləcək. Rəsmi Bakı bu quruma üzvlük üçün müraciət etdiyindən Azərbaycan Prezidenti İlham Əliyev də bu toplantıya dəvət edilib. Ermənistan baş naziri Nikol Paşinyanın da bu toplantıya qatılmaq niyyəti nəzərə alındıqda, Rusiya yüksək səviyyəli görüşə vasitəçilik şansı qazana bilər. Və Rusiya xarici işlər naziri Sergey Lavrovun bunu mümkün hesab etməsi də Kremlin belə bir görüşün təşkili barədə düşündüyünü göstərir.
Belə anlaşılır ki, Kreml həm Azərbaycan, həm Ermənistan ilə anlaşa bilərsə, ABŞ-ı vasitəçilik hüququna yönəlik yolda bir addım qabaqlaya bilər. BRİCS-ə üzvlük üçün rəsmi müraciət edən Azərbaycanın Kremldən gələn yüksək səviyyəli görüş təklifini geri çevirəcəyini düşünmək sadəlövhlük olardı. Çünki bu görüş Azərbaycan üçün elə bir ciddi problem vəd etmir. Eyni zamanda, BRİCS-ə üzvlük məsələsində Rusiyanın Azərbaycana açıq dəstək verdiyini də nəzərə aldıqda, Kremlin vasitəçiliyi ilə görüş rəsmi Bakının maraqlarına uyğundur.
Təbii ki, Ermənistan baş naziri Nikol Paşinyan BRİCS-in toplantısına qatılarsa, Kremlin təklifini geri çevirməyə ehtiyac duymayacaq. Çünki bütün sahələr üzrə asılı olduğu Rusiya ilə münasibətləri daha da korlamaq hazırda Ermənistanın maraqlarına qətiyyən cavab vermir. Böyük ehtimalla Ağ Evdə də bu reallıqları və önəmli məqamları anlamamış deyillər.
Ona görə də, Ermənistan baş naziri Nikol Paşinyanın BRİCS toplantısına qatılmaq istəyini bloklamaq ABŞ-ın ixtiyarında olan yeganə çıxış yolu kimi görünür. Bu baxımdan, regional sülh prosesində təşəbbüsü Rusiyaya verməmək üçün ABŞ Ermənistan baş naziri Nikol Paşinyanı Rusiyaya səfərdən imtinaya məcbur da edə bilər. Və əgər, baş verərsə, bunun Ermənistanın milli maraqlarına böyük problem olacağı qətiyyən şübhə doğurmur.(Yeni Müsavat)
Prezident İlham Əliyev "Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Bu barədə President.az xəbər verir.
Fərmanla "Xüsusi, hərbi və diplomatik rütbələrin ixtisas dərəcələri ilə qarşılıqlı uyğunlaşdırılması Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 iyun tarixli 1371 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 (I kitab), maddə 586 (Cild I) ləğv edilir.
Fərmandan irəli gələn məsələlərin həlli Nazirlər Kabinetinə həvalə olunur.
Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması Qaydası ilə bu linkdən tanış ola bilərsiniz.
Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ölkə ərazisində nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.
Eyni zamanda, avtomobillər siqnal, gəmilər və yerüstü qatarlar isə fit veriblər.
Qeyd edək ki, bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd olunur.
27 Sentyabr - Anım Günü ilə əlaqədar sentyabrın 27-də Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, digər dövlət və hökumət rəsmiləri Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
“Dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.
Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsinin başladığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.