![]() |
|
Hazırda həm ABŞ, həm də Fransa siyasi hakimiyyət dəyişikliyi ilə yekunlaşa biləcək böhranlı mərhələyə qədəm qoyub, halbuki bu iki ölkənin yeni hökumətlərinin də Ermənistana dəstəyinin davam edəcəyi şübhə doğurmur... Ancaq qətiyyən istisna deyil ki, hər iki ölkənin yeni hakimiyyətləri ermənipərəst mövqelərini indiki kimi qabarıq şəkildə nümayiş etdirməyəcəklər və bu baxımdan, Ermənistanın beynəlxalq dəstəyinin yaxın vaxtlarda nisbətən zəifləmə ehtimalı da mövcuddur...
Ermənistanın əsas beynəlxalq himayədarları olan iki önəmli ölkədə kifayət qədər ciddi daxili siyasi problemlər mövcuddur. Belə ki, həm ABŞ-da, həm də Fransa da olduqca ciddi siyasi böhran yaşanmaqdadır. Üstəlik, hər iki ölkədə siyasi böhran dərinləşməkdə davam edir. Hətta bu proses o qədər intensiv xarakter daşıyır ki, həm ABŞ-da, həm də Fransa da yaxın vaxtlarda siyasi hakimiyyət dəyişikliyi baş verərsə, qətiyyən gözlənilməz xarakter daşımayacaq. Və bu baxımdan, Ermənistana verilən beynəlxalq dəstəyin yaxın gələcəkdə nisbətən zəifləyə biləcəyi istisna deyil.
Onu da qeyd etmək lazımdır ki, hazırda ABŞ-da növbəti prezident seçkiləri ilə bağlı təbliğat kampaniyası siyasi qarşıdurmanı son həddə qədər güclənidirb. Bayden administrasiyası Ağ Evə sahiblik hüququnu daha dörd il üçün qorumaq məqsədilə bütün mümkün vasitələrdən, hətta inzibati təzyiq metodlarından belə, istifadə edir. Belə ki, bir müddət öncəyə qədər Bayden administrasiyasının əsas siyasi rəqibi, keçmiş Ağ Ev sahibi Donald Trampın seçki marafonundan kənarlaşdırılması üçün yolverilməz variantlar işə salınmışdı. Və Donald Trampın çoxsaylı məhkəmə prosesləri ilə ABŞ prezidentliyi uğrunda mübarizədən kənarlaşdırmağa çalışırdılar.
Ancaq Bayden administrasiyasının bütün cəhdlərinə baxmayaraq, keçmiş prezident inzibati təzyiqlərə tab gətirməyi bacardı. İndi Bayden administrasiyasının prezidentliyə namizədi Kamala Harris keçmiş Ağ Ev sahibi ilə ABŞ-ın dövlət başçısı postu uğrunda mübarizə aparmaq məcburiyyətində qalıb. Yəni, bundan sonrakı mərhələdə Ağ Evin yeni sahibinin kimliyini məhz ABŞ seçiciləri müəyyən edəcəklər. Və bu, Bayden administrasiyasının hakimiyyəti itirmə ehtimalını hər halda, aktual saxlayır.
Ona görə də, birbaşa Donald Trampı seçkidən kənarlaşdırmağı bacarmayan Bayden adminitrasiyası keçmiş Ağ Ev sahibini dəstəkləyən nüfuzlu şəxsləri hədəfə almağa, onlara qarşı təzyiqləri gückəndirməyə başlayıb. Belə ki, Donald Trampın əsas tərəfdarları və dəstəkçiləri sırasında yer alna İlon Mask da məhkəməyə verilib. Ona qarşı bir necə ittiham üzrə məhkəmə prosesi başladılıb. Və İlon Mask isə üzləşdiyi təzyiq dalğasını məhz birbaşa onun Donald Trampı dəstəkləməsindən qıcıqlanan Bayden administrasiyasının səhnəarxası siyasi sifarişləri ilə əlaqələndirib.
Təbii ki, Ermənistanı israrla dəstəkləyən və Azərbaycana qarşı əsassız mövqeyi ilə münasibətləri korlanmaq həddinə çatdırmış Bayden administrasiyasının hakimiyyətdən kənarlaşdırılması Cənubi Qafqazda da sülh prosesinin pozitiv inkişafına geniş imkanlar aça bilər. Çünki hazırda davamlı olaraq, sülhdən danışan Ağ Ev ABŞ-ın Cənubi Qafqazdakı geopolitik maraqları naminə Ermənistanı silahlandırmaqla, bu regionda hərbi-siyasi gərginliyi artırır, yeni savaş təhlükəsi yaradır. Və bu baxımdan, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsi Cənubi Qafqazda sülh prosesi qarşısındakı əsas əngəllərdən birini aradan qaldıra bilər.
Cənubi Qafqazda sülh prosesini bloklamağa çalışan digər ölkəyə - Fransaya gəldikdəsə, bu ermənipərəst ölkədə də siyasi böhran dərinləşməyə başlayıb. Belə ki, prezident Emmanuel Makronun partiyası iki ardıcıl seçkidə sarsıdıcı məğluniyyətə uğrayıb. Xüsusilə də, sonuncu parlament seçkilərində ağır məğlubiyyət Makron hakimiyyətinin siyasi dayaqlarını sıradan çıxartmağa başlayıb. Və ona görə də, prezident Emmanuel Makron inzibati-amirlik sisteni quraraq, Fransada diktatura rejimi yaratmağa can atır.
Təbii ki, prezident Emmanuel Makronun Fransanı avtoritarizmə və diktaturaya sürükləmək cəhdləri ölkə daxilində kəskin etirazlarla, sərt müqavimətlə qarşılanmaqdadır. Makron hakimiyyətinə müxalif mövqedə olan və parlamentdə çoxluğu ələ keçirtmiş siyasi qüvvələr arasında birləşmə prosesi də intensivləşib. Hətta bunun ilkin nəticələri də mövcuddur. Və belə davam edərsə, prezident Emmanuel Makron vaxtından əvvəl hakimiyyətini itirə, Yelisey sarayından qovula bilər.
Məsələ ondadır ki, müxalif siyasi qüvvələr Fransa parlamentinə prezident Emmanuel Makrona qarşı impiçmentin tətbiq olunması barədə müraciət təqdim ediblər. Fransa parlamenti isə bu müraciəti araşdırma prosesi üçün məqbul hesab edərək, icraata götürüb. Bu, Fransa tarixində ilk belə hadisədir. Çünki buna qədər Fransa tarixində heç bir prezident barədə analoji məzmunlu müraciət icraata qəbul edilməmişdi. Və prezident Emmanuel Makron barəsində impiçment araşdırması başladılmış ilk Fransa dövlət başçısı kimi ölkəsinin tarixinə düşməyi bacarıb.
Bəzi iddialara görə, prezident Emmanuel Makrona qarşı impiçment tələbinin müsbət nəticələnmə ehtimalı kifayət qədər yüksəkdir. Əgər, bu proses eyni istiqamət üzrə inkişaf edərsə, prezident Emmanuel Makronun prezident səlahiyyətlərinin ləğv edilməsi və Fransada növbədənkənar seçkilərin təyin edilməsi qaçılmaz olacaq. Və bu isə o deməkdir ki, Ermənistan özünün ən qatı dəstəkçisini itirmək təhlükəsi ilə üzləşib.
Hər halda, onu da nəzərə almaq lazımdır ki, Fransa həmişə ermənipərəst ölkə olsa da, bu ölkənin əvvəlki prezidentləri beynəlxalq hüquq normalarının arxasında gizlənməyə daha çox üstünlük verirdilər. Yəni, Ermənistana dəstək məsələsində beynəlxalq hüquq normalarının “qırmızı cizgilər”ini və Fransanın nüfuzunu da nəzərə alırdılar. Ancaq prezident Emmanuel Makron Fransanın ermənipərəst mövqeyini açıq müstəviyə keçirib. Və bu mövqeyində beynəlxalq hüquq normalarını belə, kobud şəkildə pozmağa üstünlük verir.
Belə anlaşılır ki, hazırda həm ABŞ, həm də Fransa siyasi hakimiyyət dəyişikliyi ilə yekunlaşa biləcək böhranlı mərhələyə qədəm qoyub. Əslində, bu iki ölkədə hakimiyyətlər dəyişsə belə, ABŞ və Fransa Ermənistana dəstək verməkdə davam edəcək. Ancaq qətiyyən istisna deyil ki, hər iki ölkənin yeni hakimiyyətləri ermənipərəst mövqelərini indiki kimi qabarıq şəkildə nümayiş etdirməyə də bilər. Və bu, o deməkdir ki, Ermənistanın beynəlxalq dəstəyinin yaxın vaxtlarda nisbətən zəifləmə ehtimalı kifayət qədər inandırıcıdır.(“Yeni Müsavat”)
Prezident İlham Əliyev Türkiyə–Azərbaycan Universitetinin fəaliyyəti ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanlarının nəticələri əsasında tələbə seçimini müstəqil aparmaq hüququ verilib.
Müəyyən edilib ki, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən Azərbaycan Respublikasının ali təhsil müəssisələri:
tətbiq etdikləri Türkiyə Respublikasının müvafiq ali təhsil müəssisələrinin təhsil proqramlarını həmin ali təhsil müəssisələri ilə birgə idarə etmək hüququna malikdirlər;
maddi-texniki baza imkan verdiyi hallarda Türkiyə–Azərbaycan Universiteti üçün müəyyən edilmiş dövlət hesabına təhsilalanların sayından artıq ödənişli əsaslarla da tələbə qəbulu apara bilərlər.
Nazirlər Kabineti Türkiyə–Azərbaycan Universitetində dövlət hesabına təhsil alan tələbələrin sayını hər tədris ili üçün müəyyən etməli, Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə cəlb edilən ali təhsil müəssisələrinin maddi-texniki bazasının təşkili və əməliyyat xərclərinin maliyyələşdirilməsi məsələlərini həll etməli, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Hətta bu gün - sərhədlər bağlı olan vaxtda təhlükəli hərəkətlər aparılır və bu hərəkətlərin qarşısı alınır.
"Yol-xeber.az" xəbər verir ki, bunu Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sərhədlərimizin qorunmasının bizi xarici risklərdən qoruyacağını qeyd edən dövlət başçısı bildirib ki, Azərbaycanda daxili risklər yoxdur. “Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq uzun illərdir təmin edilir, sabitlik bütün dünya üçün nümunə ola bilər. Hər kəs bilir ki, əgər sabitlik olmasa, heç bir ölkə inkişaf edə bilməz. Bu gün sabitliyi pozulan ölkələrin vəziyyətini və aqibətini hər kəs yaxşı görür. Bu, təhlükəsizliyin, inkişafın, xarici sərmayənin cəlb edilməsi üçün başlıca şərtdir”, - deyə Prezident diqqətə çatdırıb.
VII çağırış Milli Məclis sədrinin müavinləri seçilib.
Bu barədə VII çağırış Milli Məclisin ilk iclasında məsələ müzakirəyə çıxarılıb.
Deputat Əli Əhmədov Milli Məclis sədrinin birinci müavini, deputatlar Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov sədrin müavinləri seçiliblər.
Qeyd edək ki, indiyədək Milli Məclis sədrinin üç müavini ( birinci müavin və iki müavin) olub.
İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində böyük dərəcədə öz hərbi gücümüzü artırmışıq, yeni silahlı birləşmələr yaradıldı, xüsusi təyinatlı qüvvələrin say tərkibi bir neçə dəfə artırıldı. Yeni xüsusi təyinatlı qüvvələr, komanda qüvvələri yaradıldı və onların da say tərkibi ildən ilə artır və artacaq.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Ordumuzun döyüş qabiliyyətinin artdığını, texnika ilə təchizatın lazımi səviyyədə təmin edildiyini və ediləcəyini vurğulayan dövlət başçısı bildirib: “Ermənistan və onun arxasında duran istənilən ölkə bilməlidir ki, bizimlə şantaj və ultimatum dili ilə danışmaq mümkün olmayacaq. İstənilən cavabı verməyə hazırıq, buna qadirik və hər zaman buna hazır olmalıyıq”.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda təbrik məktubu ünvanlayıb.
“Məktubda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının milli bayramı – Krallıq elan edilməsi Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram.
Azərbaycan ortaq dini və mədəni köklərlə bağlı olduğu Səudiyyə Ərəbistanı ilə münasibətlərinə xüsusi önəm verir. Dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsi qardaş xalqlarımızın bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Bu sarsılmaz iradədən qaynaqlanan əlaqələrimizin ötən dövr ərzində hərtərəfli inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin möhkəmlənməsində Sizin şəxsi töhfənizi xüsusi vurğulamaq istəyirəm.
Səudiyyə Ərəbistanının ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına göstərdiyi daimi dəstəyini və ədalətli mövqeyini Azərbaycan xalqı heç vaxt unutmur.
Biz Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, enerji, turizm, humanitar və digər sahələrdə genişləndirmək və möhkəmləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Enerji sahəsində uğurlu və davamlı əməkdaşlıq Səudiyyə Ərəbistanı ilə münasibətlərimizin əsas istiqamətlərindən biridir. Ölkənizi təmsil edən “ACWA Power” şirkətinin Azərbaycanın alternativ və bərpa olunan enerji sektorunda fəaliyyətini yüksək qiymətləndiririk.
Beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz münasibətlərimizin vacib tərkib hissələrindən biridir.
Əminəm ki, qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-Səudiyyə Ərəbistanı tərəfdaşlığının inkişafı yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeləri naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.
Bu dəqiqələrdə yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilir.
“Yol-xeber.az” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak edir.
Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov Milli Məclis sədrinin müavini postuna namizəd olub. Onun spikerin birinci müavini olacağı bildirilir.
Eyni zamanda, Musa Qasımlı və Rafael Hüseynovun da parlament sədrinin müavini postuna namizədlikləri təsdiqlənib.
Milli Məclisin VI çağırışında sədr müavini olan Fəzail İbrahimli VII çağırışda bu postda olmayacaq.
***
Əldə etdiyimiz digər məlumata görə isə, Milli Məclisin VII çağırışında sədrin birinci müavini və 3 vitse-spiker olacaq. Bununla da müavin sayı artacaq.
Xatırladaq ki, sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi Konstitusiya icraatı üzrə iclasında VII çağırış Milli Məclisə keçirilmiş seçkilərin nəticəsi təsdiqlənib.
Yeni Azərbaycan Partiyasının Milli Məclisin sədri postuna namizədi Sahibə Qafarova olub.
“Report” xəbərinə görə, bu barədə partiyanın yeni seçilmiş deputatlarının iclasında qərar qəbul edilib.
Xatırladaq ki, daha əvvəl Sahibə Qafarova VI çağırış Milli Məclisin sədri olub.