Vilayət Eyvazovdan yeni — TƏYİNAT

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Oxu.az məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polkovnik-leytenant Rəşid Piriyev Bakı Şəhər Dövlət Yol Polis İdarəsinə yeni rəis müavini təyin edilib.

Qeyd edək ki, o, bundan əvvəl Beyləqan Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.
Prezident Rövşən Rzayevi qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 18-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb

“The American Interest” nəşrində Amerika Xarici Siyasət Şurasının nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun direktoru, “Azərbaycan müstəqillikdən sonra” kitabının müəllifi Svante Kornellin məqaləsi dərc edilib.
Müəllif Prezident İlham Əliyevin apardığı islahatları təhlil edib, onların regionun inkişafına təsirini və ABŞ ilə strateji dialoqun möhkəmlənməsinə əlverişli şərait yaratmasını əsaslandırıb.

Kornell yazır ki, mühüm geosiyasi mövqeyi olan Azərbaycan Birləşmiş Ştatlar üçün mühüm ölkədir.

Qeyd edilir ki, İsraillə sıx münasibətləri olan dünyəvi Azərbaycanın əhalisi qərbyönlüdür. Ölkənin coğrafi mövqeyi onu Mərkəzi Asiya üzərindən Avropa ilə Çini birləşdirən quru yolları marşrutunun inkişafında əsas mərkəzə çevirir.

Müəllif qeyd edir ki, daha əhəmiyyətlisi, Azərbaycanın öz neft-qaz ehtiyatlarını Avropa bazarlarına ixrac etmək üçün boru kəmərlərini inşa etməsi digər tədarükçülərdən asılılığı azaldan mənbənin yaradılmasına və qaz ixracını şaxələndirməyə imkan verib.

Məqalədə vurğulanır ki, bu səbəblərdən Vaşinqton və Bakı arasında strateji münasibətlər Azərbaycanın ərazisinin ölçüsü ilə müqayisə edildikdə, ehtimal ediləndən daha mühümdür.

Tramp administrasiyasının ABŞ-ın Avrasiyada strateji mövqeyini yenidən nəzərdən keçirdiyini nəzərə alsaq, ölkədə həyata keçirilən islahatlar zamanla səsləşir. İslahatların həyata keçirilməsi ilə bağlı indiki səylər 2015-ci ildə - neftin qiymətlərinin enməsi ilə bağlı olsa da, onlar Azərbaycanda bundan əvvəl də aparılıb.

Məsələn, 2001-ci ildə Norveç modeli əsasında Dövlət Neft Fondu yaradılıb. 2012-ci ildə “süni vasitəçiliyi aradan qaldıran” və bununla da vətəndaşlarla dövlət qulluqçuları arasında təmasları azaldan, habelə ölkədə dövlət xidmətlərinin göstərilməsinə mane olan kiçikmiqyaslı korrupsiyanı minimuma endirən “ASAN xidmət” istifadəyə verilib.

Bu xidmət çox populyardır və İqtisadi Əməkdaşlıq Təşkilatı dövlət xidmətlərinin göstərilməsində “korrupsiyaya şərait yaradan amillərin aradan qaldırılmasında” onun fəaliyyətini yüksək qiymətləndirib, - deyə Kornell yazır.
Müəllif qeyd edir ki, 2014-cü ildə neftin qiymətlərinin düşməsi ölkədə iqtisadi vəziyyəti pisləşdirib. Bundan sonra fəal islahatlara başlanılıb. İqtisadiyyatın şaxələndirilməsinin bəlli metodu Avropa və Asiyanı birləşdirən quru yolu ilə nəqliyyat dəhlizinin inkişafı üzrə Çin və Avropa ölkələrinin planlarında iştirak etmək idi.

Kornell vurğulayır ki, Prezident İlham Əliyevin islahatlara yanaşma tərzi həmişə köhnə institutların “təmiri” deyil, mümkün qədər yeni təsisatların yaradılması olub. Sonrakı üç ildə, ilk növbədə, iqtisadiyyatda və məhkəmə sistemində islahatların təşəbbüskarı və bayraqdarı Birinci vitse-prezidentin ofisi oldu.

Amerikalı ekspert yazır ki, hökumət tərəfindən Mədəniyyət Nazirliyindən ayrı turizm agentliyi yaradıldı və viza prosedurları sadələşdirildi. Hazırda “ASAN xidmət” tərəfindən idarə edilən elektron viza sistemi dünyada bu sahədə ən sadə hesab olunub və onun sayəsində Çin, Cənubi Koreya və bəzi Körfəz ölkələrinin vətəndaşları vizaları ölkəyə giriş zamanı əldə edə bilirlər.

Bu, turizmin böyük inkişafına səbəb oldu: 2008-ci ildəki 1 milyon nəfərlə müqayisədə, 2017-ci ildə Azərbaycana 2,6 milyon turist gəlib. 2019-cu ildə turistlərin sayının 3 milyona çatacağı gözlənilir. Eyni zamanda, Bakı özünün kosmopolit ab-havası və parlaq mədəni həyatı ilə Körfəz regionunun ərəb ölkələrindən bir çox turisti cəlb edir. Lakin Azərbaycanın fəal səyləri nəticəsində Bakıda Cənubi Asiyadan gələn bir çox turisti də görmək olar.

Məqalədə vurğulanır ki, Azərbaycan hökuməti ölkəni iki nəqliyyat dəhlizinin – Avropa İttifaqı və Çinin həyata keçirdiyi Şərq-Qərb və Rusiya-İran və Hindistanı birləşdirəcək Şimal-Cənub layihələrinin habına çevirməyi planlaşdırır.

Bu kontekstdə Bakının ətrafında yerləşən və azad iqtisadi zona olan Ələt limanı əsas mərkəzdir. Rusiya, Mərkəzi Asiya və ya İrandan Ələtə daxil olan yükləri 2017-ci ilin oktyabrında açılmış Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu ilə dərhal Avropadakı təyinat yerlərinə göndərmək mümkündür.

Həyata keçirilən bu islahatların nəticəsində Dünya Bankı özünün “Doing Business” hesabatında Azərbaycanın reytinqini 2018-ci ildəki 57-ci yerdən 2019-cu ildə 25-ci pilləyə qaldırıb. Dünya Bankı biznes qurmağın asanlığını, tikintiyə icazə almaq üçün “vahid pəncərə” sistemini, mülkiyyətin qeydiyyatını və vergi və rüsumların ödənilməsi, habelə gömrük proseduralarının həyata keçirilməsinin elektron və şəffaf sistemini xüsusi olaraq vurğulayıb.

Müəllif qeyd edir ki, bütün bunlar Amerika üçün yaxşı imkanlar yaradır. Böyük dövlətlərin əhatəsində olan Mərkəzi Asiya və Qafqazdakı nisbətən kiçik ölkələr Avrasiya geosiyasətində ABŞ-ın rolunu müsbət dəyərləndirməyə meyillidirlər.

Vaşinqton bu islahatların uğur qazanmasında və hökumətdəki islahatçılara dəyişikliklərin nəticələrini neytrallaşdırmağa can atan köhnə qüvvələrə qarşı kömək etməkdə maraqlıdır. Azərbaycanda islahatların keçirilməsi səyləri Vaşinqton və Bakı arasında müsbət istiqamətdə əməkdaşlığa əsaslanan ikitərəfli strateji dialoqun aparılmasına şərait yaradır.
Mehriban Əliyevadan Müstəqillik Günü təbriki — FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
Birinci vitse-prezidentin təbrikində deyilir:

“Əziz həmvətənlər!
Sizi Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm! Ölkəmizə davamlı inkişaf, yeni-yeni nailiyyətlər, sülh və firavanlıq arzulayıram”.

Mehriban Əliyevadan Müstəqillik Günü təbriki — FOTO
Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir

Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Azərbaycan Respublikası Ali Sovetinin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul etməsindən 28 il ötür.

XX yüzilliyin sonlarında SSRİ-nin süquta uğraması ilə yaranan əlverişli tarixi şərait və taleyin bəxş etdiyi imkan nəticəsində Azərbaycan xalqı XX yüzillikdə ikinci dəfə müstəqillik bayrağını qaldırıb. Bu, xalqımızın siyasi tarixində XX əsrdəki ikinci parlaq qələbəsi idi.

Rusiyadakı demokratik qüvvələrin fəaliyyəti nəticəsində SSRİ respublikalarında da mərkəzdənqaçma, öz suverenliyinə qovuşmaq istəkləri qarşısıalınmaz həddə çatmışdı. Belə şəraitdə Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edilib.

 

Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixli sessiyasında "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilib.

Azərbaycan Respublikasında dekabrın 29-da ümumxalq səsverməsi keçirilib. Referendum bülleteninə bir sual yazılmışdı: "Siz "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?"

Azərbaycan xalqı yekdilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxıb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkizguşəli ulduz təsvirli dövlət gerbi təsdiq olunub.

1991-ci il oktyabrın 18-dən Azərbaycan müstəqil, suveren bir ölkədir və xalq bu tarixi bayram kimi qeyd edir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Belarusda səfərdə olan nümayəndə heyəti İsveçrənin "Stadler Rail Group" Şirkətinin  “Stadler Minsk “ zavodunda olub. Cəmiyyətin sədri Cavid Qurbanov şirkətin rəsmi nümayəndəsi Sergey Karpoviçlə görüşüb. Sonra müəssisədə "Azərbaycan Dəmir yolları" QSC-nin sifarişi ilə yığılan iki mərtəbəli elektrik qatarları və  yataq tipli vaqonlara baxış olub. Layihə rəhbəri  Martin Halmo  qatarların texniki göstəriciləri və üstünlükləri  barədə məlumat verib. Geniş və işıqlı salon, rahat oturacaqlar və müasir məlumatlandırma mərkəzi sistemi sərnişinlərin rahatlığını yüksək səviyyədə təmin edir. Giriş meydançalarının genişliyi sərnişinlərin vaqonlara giriş-çıxışını sürətləndirərək, asanlaşdırır. Qatarlar Azərbaycanın iqlim şərtləri nəzərə alınaraq xüsusi işlənmiş kondisioner sistemi ilə təchiz edilib. Bütün sərnişin salonlarında Wi fi şəbəkəsinə giriş təmin olunub. Səfər zamanı nümayəndə heyətinə "Stadler Minsk" şirkətinin istehsal gücü barədə də ətraflı məlumat çatdırılıb. Bildirilib ki, Stadler konserninin hissəsi kimi 2014-cü ildən istehsala başlayan zavod şəhər daxili, şəhər və regionlararası  qatarlar, metro qatarları və tramvaylar, digər zəruri texniki avadanlıqlar buraxır. Sənaye müəssisəsi MDB məkanında mövcud  geniş zolaqlı dəmir yolları üçün tərkib heyətlərinin istehsalı üzrə ixtisaslaşıb. Zavodun maksimal istehsal gücü ildə 150 aliminium vaqon və 100 polad seksiyalardir. 919 sərnişin tutumuna malik qatarların istismar sürəti saatda 160 km-dir.

"Stadler Minsk" zavodunda MDB dövlətlərinin, o cümlədən Belarus dəmir yolunun sifarişləri üzrə nəqliyyat texnikası istehsal olunur.

Saleh Məmmədov Prezidentə hesabat verdi — YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.
AZƏRTAC xəbər verir ki, ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirən Prezident İlham ƏLİYEV dedi:

- Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.

Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır.

İndi isə məruzə edin, bu günə qədər nə işlər görülüb və ilin sonuna qədər hansı addımlar atılacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh MƏMMƏDOV dedi:

- Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyiniz kimi, bu ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Bu vəsait hesabına 2019-cu ildə Azərbaycanda min kilometrə qədər yeni avtomobil yollarının salınması, təmir olunması, körpülər tikilməsi nəzərdə tutulurdu. Bu gün mən Sizə məruzə edirəm ki, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır.

Prezident İlham Əliyev: Yəni, ilin sonuna qədər min kilometrə çatdırılacaq.

Saleh Məmmədov: İlin sonuna qədər 1122 kilometr olacaq. Çünki Sizin bölgələrə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiniz. Biz artıq bu ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq. Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətlə təhvil veriləcək.

Prezident İlham Əliyev: Xınalığa yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.
Prezident İlham Əliyev: Bir də Qonaqkəndə yolun çəkilişi nəzərdə tutulmuşdu. O kənddən də müraciətlər daxil olmuşdu. Mən Sizə uzunluğu 50 kilometrdən çox olan Qonaqkənd yolunun tikintisini də tapşırmışdım.

Saleh Məmmədov: Bəli, uzunluğu 50,3 kilometrdir.

Prezident İlham Əliyev: O nə vaxt təhvil veriləcək?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilmişdir. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmamışdır. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. Sizin tapşırığınıza əsasən növbəti ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır olacaq.

Prezident İlham Əliyev: Magistral yollarla bağlı vəziyyət necədir? Xüsusilə Rusiya sərhədinə gedən yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin tövsiyə və tapşırığınıza əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alındı. Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir. Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin

Prezident İlham Əliyev: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi nə yerdədir?

Saleh Məmmədov: Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır. Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik.

Prezident İlham Əliyev: Bir də ki, magistral yolların arasında İran sərhədinədək uzanan yol da bizim diqqətimizdədir. Hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Ona görə mən göstəriş vermişəm ki, Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilsin. Bu istiqamətdə hansı işlər görülür?

Saleh Məmmədov: Cənab Prezident, 2018-ci ildə Astaraya səfəriniz zamanı əhalinin bu məsələ ilə bağlı müraciətindən sonra Siz ilkin olaraq 2 milyon manat vəsait ayırdınız. Hazırda İran sərhədinə qədər yol çəkilmişdir. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi həll olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin daxilindən çıxarılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Həmçinin qəsəbədaxili yollara da mütləq fikir vermək lazımdır. Bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapmalıdır.

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin birbaşa göstərişiniz və qayğınız nəticəsində bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracağıq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdıraq.

Prezident İlham Əliyev: İndi gələn ilin investisiya proqramının müzakirəsi gedir. Əlbəttə ki, yol çəkilişi dövlət investisiya proqramında əhəmiyyətli yer tutacaqdır.
Vilayət Eyvazov İnterpolun rəisi olan GENERALI İŞDƏN ÇIXARDI

Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Mehman Təhməzov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.
Report xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, M.Təhməzov xidmətdə olmanın son həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.
İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə hələ ki, təyinat olunmayıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, M.Təhməzov Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisi vəzifəsinə 2012-ci ildə təyin edilib.

 

“Belə adamlarla biz bir yolun yolçusu ola bilmərik” — Prezidentdən hökumət üzvlərinə XƏBƏRDARLIQ

“Bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik olan kadrları qaralayırlar”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iqtisadi müşavirədə deyib.

Ölkə başçısı müşavirədə islahatlara qarşı çıxan hökumət üzvlərini tənqid edib.

Prezident bir hökumət üzvünün digər hökumət üzvləri tərəfindən şantaj edilməsinin də dözülməz olduğunu vurğulayıb:
“Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Mən indi dərinə getmək istəmirəm, amma bildirməliyəm ki, onlar ləkələnir. Onların apardığı islahatlar, hansılar ki, Prezidentin tapşırığıdır, onlara kölgə salınır.

Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Ona görə islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək.

Amma kim buna qarşı çıxsa və altdan-altdan bizim işimizə mane olmaq istəsə, əlbəttə ki, belə adamlarla biz bir yolun yolçusu ola bilmərik”.

Belarus Respublikasının  paytaxtı Minsk şəhərində  MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir.

İclasda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edir.

Tədbirdə Şuranın 70-ci iclasının qərarlarının həyata keçirilməsi və 2019-cu ilin 9 ayı ərzində dəmir yolu şəbəkəsinin istismar işlərinin yekunları, 2019-cu ilin 8 ayı ərzində beynəlxalq sərnişin daşımada görülən işlərin nəticələri, 2019-2020-ci illər üçün qatarların hərəkət cədvəlinin tərtibinin yekunları, yük qatarlarının və konteynerli vaqonların tərtib edilməsi planı, 2019-cu ilin may ayında keçirilən yük qatarlarının siyahıyaalınmasının nəticələri, 2019-cu ilin 8 ayı ərzində dəmir yolu administrasiyaları arasında qarşılıqlı hesablaşmaların vəziyyəti, İran İslam Respublikası dəmir yolu administrasiyasına assosiasiya üzvü statusunun verilməsi, 2020-ci fraxt ili üçün beynəlxalq istiqamətdə yüklərin daşınması üçün dəmir yollarının tarif siyasəti, Dəmir yolu administrasiyalarının elmi-tədqiqat və praktiki-layihələndirmə işləri planı müzakirə olunur.

Eyni zamanda, iclas iştirakçıları 2020-ci il üçün Şura müdiriyyətinin fəaliyyətinin təmin edilməsinə dair xərclər smetası, “Rusiya Dəmir Yolları” ASC-nin filialı olan Baş Hesablama Mərkəzinin xərclərinin əvəz edilməsi də daxil olmaqla, dəmir yolu administrasiyalarının Məlumat-Hesablama Mərkəzlərinin fəaliyyətinin təmin edilməsinə dair 2020-ci il üçün xərclər smetası, 2020-ci ildə “Fəxri dəmiryolçu” döş nişanının paylaşdırılması, Şuranın 72-ci iclasının tarixi, keçirilmə yeri və gündəliyi və digər məsələlərə öz münasibətlərini bildirəcəklər. 

İclasın sonunda yekun protokolu imzalanacaq.

Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti 1992-ci ildən MDB və Baltikyanı ölkələrin Dəmir Yolları Nəqliyyatı Şurasının üzvüdür.

 

 

Xəbər lenti