![]() |
|
Rusiyanın özünün cəlb olunduğu yeni müharibə ocaqları yaratmaq istəyinə inanmıram.
Bu sözləri Axar.az-a Rusiyanın Liviyaya ordu yeritməsi ilə ilə bağlı iddialara münasibət bildirən beynəlxalq əlaqələr üzrə Elşən Mustafayev deyib. O bildirib ki, Suriya, Donbas problemlərindən sonra Rusiyanın Liviyada konfliktlərə səbəb olacaq addımlar atması inandırıcı görünmür:
“Hesab edirəm ki, Rusiyanın Liviya planı ilə bağlı deyilənlərin ciddi əsası yoxdur. Birincisi, Qəzzafinin zamanında bu fikirlər səslənsəydi, bəlkə də real görünə bilərdi.. Ən azı Suriyadakı kimi, dövlət başçısının dəvəti ilə orada olduqlarını deyə bilərdilər. İndiki halda Liviyaya hansısa şəkildə hərbi kontingentin göndərilməsinə heç kim razılıq verməz və ən əsası Qərb buna dərhal reaksiya verər. İkincisi, bilirik ki, Liviya dünyada ən çox neft ehtiyatlarına malik olan dövlətlərdən biridir. Onun həm daxilində, həm də xaricində marağı olan güclər nəinki kənar müdaxilənin olmasına, bu barədə düşüncələrə də imkan verməz. Yəni Rusiyanın belə bir avantüraya gedəcəyinə inanmıram. Amma bu hal baş verərsə, onu süni şəkildə inkişaf etdirib Rusiyanın özünə qarşı çevirəcəklər. Bu isə Rusiya üçün ağır itkilərə gətirib çıxara bilər”.
Qeyd edək ki, dünən “San” qəzetində Rusiyanın öz hərbçilərini Liviyaya göndərmək istədiyi ilə bağlı xəbər yayımlanıb. Britaniyanın “San” qəzetindən sonra RBK agentliyi Rusiyanın Liviyaya öz hərbi hissələrini artıq yerləşdirdiyini açıqlayıb. Agentlik Rusiyanın Liviyada Xəlifə Xəftarın ordusu üçün kadrlar hazırladığını və ona ağır silahlar verdiyini bildirib.