Azərbaycana tərəf müəyyən siyasi referanslar etsə də, İran ölkəmizə münasibətdə, təəssüf ki, o qədər də səmimi deyil.

Bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. O bildirib ki, İran həmişə Ermənistan-Azərbaycan məsələsinə münasibətdə açıq-aşkar Ermənistanın yanında dayanıb:

“Azərbaycan işğalçı Ermənistana qarşı blokada təşkil edəndə Gürcüstan da bu siyasəti dəstəkləyib ölkəmizə qoşuldu, amma İran Ermənistan üçün bir nəfəslik rolunu oynadı. Arazın üzərindən körpü tikdi, təcili surətdə Ermənistana birinci qaz kəmərini çəkdi, bugünlərdə artıq ikinci qaz kəməri də Ermənistana çatdırılıb. Eyni zamanda, sərhəd gediş-gəlişi vizasız oldu və demək olar ki, Ermənistanın bütün ehtiyacları İranın malları hesabına ödənildi. Hətta Rusiyadan daha çox, İran Ermənistanla ticarət əlaqələri qurub və onun blokadada boğulmasının qarşısını almaqla məşğuldur”.

Politoloq vurğulayıb ki, indi İran özü çətin vəziyyətdədir:

“Ona qarşı sanksiyalar sistemi hər gün bir az daha sərtləşir, yeni-yeni ölkələr bu sanksiyalara qoşulur. Belə görünür ki, noyabr ayı İran üçün böyük gərginliyin başlanğıcı olacaq. Çünki 6 noyabrdan İranın neft ixracı bütünlüklə sanksiyalara məruz qalaraq, əngəllənəcək. Belə bir şəraitdə Türkiyə və Azərbaycanın İrana qarşı sanksiyalara qoşulmayacaqları ilə bağlı verdikləri vəd, iki ölkə arasında ticarət əlaqələrinin məhz milli valyuta üzərində qurulacağını açıqlaması, əlbəttə ki, xoş niyyətdən irəli gəlir. Azərbaycan və Türkiyə istəmir ki, İran xalqı ABŞ-ın və digər dövlətlərin İrana tətbiq edəcəyi sanksiyalar altında boğulsun. Azərbaycan həm də orada olan 40 milyona yaxın soydaşımızın xatirinə bu addımı atır. Ötən sanksiyalarda da Azərbaycan bu cür hərəkət etmişdi. Bununla da Azərbaycan İran siyasilərinə göstərmək istəyir ki, biz çətin günün dostuyuq və İranla qonşuluq münasibətlərinə, mənəvi köklərə sadiqik, hər zaman İranı bəladan qurtarmaq üçün əlimizdən gələni edirik”.

Politoloqun sözlərinə görə, Azərbaycanın bu addımı İran üçün tarixi dərsdir:

“İran bu məsələləri geridə qoya bilsə, ondan sonra gərək Azərbaycan və Türkiyənin çətin məqamda atdığı bu addımı düzgün qiymətləndirsin. Yəni bundan sonra İran Türkiyədəki PKK-çılara yardım etməməli, Azərbaycandakı radikallığa meyilli dini qruplaları “himayəsi altına” alıb, onları yönləndirməməli, Ermənistana göstərdiyi misilsiz iqtisadi dəstəklə Azərbaycan torpaqlarının işğalının davam etməsinə şərait yaratmamalı, Dağlıq Qarabağda qanunsuz fəaliyyət göstərən İran şirkətlərini geri çəkməlidir və s. Bir sözlə, İran Azərbaycan dövlətçiliyini həzm etməli və qəbul etməlidir ki, güclü, dünyəvi bir müsəlman dövləti olan şimal qonşusunun ona heç bir ziyanı yoxdur, əksinə, xeyiri var, yeri gələndə İrana kömək əlini uzadır. Azərbaycan dövləti ilə çox səmimi və yaxın qonşuluq əlaqələrinin formalaşmasında İran tərəfi maraqlı olarsa, güneydəki soydaşlarımızın hüquqlarını tanımaqla, onların da İran dövlətini özününkü saymasına imkan tanıyarsa, regionun iqtisadi mənzərəsi dəyişər, Türkiyənin də iştirakı ilə, daha böyük layihələrə imza atmaq olar”.

Politoloq İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Azərbaycana səfərinin təxirə düşməsinin də təsadüf olmadığını bildirib:

“İran hər zaman çox qeyri-diplomatik formada Azərbaycana “xəbərdarlıq” edir ki, İsraili və ABŞ-ı burnumuzun dibinə qədər gətirib çıxarmayın. Amma İran başa düşmür ki, bu, Azərbaycanın müstəqil xarici siyasətinin tərkib hissəsidir. Xüsusilə İsraillə olan münasibətlərimizə ciddi şəkildə kölgə salmağa çalışanlar var. Amma İranın özü Ermənistanla hər cür münasibət qurmaqdan çəkinmir. Ermənistanı ayaqda saxlayan, onun işğalı davam etdirməsinin, belə deyək, əsas “maliyyəçisi” rolunda çıxış edən İran başa düşməlidir ki, İsrail bizim üçün həyati əhəmiyyətli bir ölkədir və bu dostluqdan Azərbaycan yaxşı mənada milli maraqları üçün istifadə edir və İsrailə də qazanmaq imkanı yaradır. İsrail Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyən, Azərbaycanın haqq səsini təbliğ edən, Ermənistanla məsafə saxlayan bir ölkədir. Belə bir ölkə ilə Azərbaycanın dostluq etməsini İran niyə qısqanmalıdır?”

Politoloq qeyd edib ki, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıda Azərbaycanın ünvanına səsləndirdiyi isti mesajların da İranda narazılıqla qarşılanmasını istisna etmir:

“Azərbaycan öz siyasi-iqtisadi və milli maraqları istiqamətində addım atır, qazanır, qazandırır və regional təhlükəsizliyə töhfə verir. Bakı Ermənistan istisna olmaqla, bütün qonşuları kimi, dünyanın istənilən nöqtəsində olan dövlətlərlə münasibət qurmaqda maraqlıdır. Ancaq bu münasibətlər heç bir halda üçüncü ölkəyə qarşı deyil və İran artıq dəfələrlə bunun şahidi olub. Nə Avropa, nə də ABŞ-la münasibətimizin qonşu İrana heç bir ziyanı olmadığını sübut etmişik. Belədə, İran nə istədiyini bir daha özü üçün müəyyən etməlidir: Ermənistana daimi dəstək verib, ən çətin anında Azərbaycandan böyük layihə üçün yüzmilyonlarla ölçülən kredit alıb, hələ bir də Azərbaycanın siyasi-iqtisadi maraqları olan ölkələrlə münasibət qurmasına xor baxmaq hansı siyasi təfəkkürün nəticəsidir?”

Politoloq xüsusi olaraq vurğulayıb ki, Bolton Azərbaycanda olarkən İrana qarşı sanksiyalar zamanı bu ölkə ilə əməkdaşlıq edən “azərbaycanlı dostlarımızın ziyan çəkməməsi” məsələsini xüsusi vurğuladı:

“İran özü də müşahidə etdi ki, ABŞ kimi dünya nəhəngi Azərbaycanın müstəqil və milli maraqlarına uyğun siyasətinə hörmətlə yanaşır və hətta ən ağır sanksiyalar tətbiq etməyə hazırlaşdığı İranla əlaqələrimizə belə loyal yanaşır. Bütün bunların qarşılığında İran Bakıya münasibətini son dərəcə yüksək səviyyəyə qaldırmalı, Azərbaycanın taleyüklü problemlərində yanımızda olduğunu açıq şəkildə göstərməli, Bakının illərdir yürütdüyü dostluq və səmimi qonşuluq siyasətinə adekvat cavab verməlidir. Təəssüf ki, bunun əvəzində münasibətlərə xələl gətirən addımların şahidi oluruq. Hətta İran yüksək səslə “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir” ifadəsini işlətməyib. Biz bu sözü ən yüksək kürsülərdən deyən İsraillə münasibətimizi niyə daha da yaxşılaşdırmamalı, inkişaf etdirməməliyik? İranın bu suala bir cavabı varmı?”

13 May 2025 Sülh müqaviləsi tezləşir? - Mirzoyanın nikbinliyinin “açması”
13 May 2025 Hindistan Azərbaycanı HƏDƏLƏDİ - Cavabı BELƏ VERİLDİ
13 May 2025 Prezident Yaşar Güləri qəbul etdi - FOTOLAR
13 May 2025 İlham Əliyev Okay Məmişi qəbul etdi - FOTOLAR
13 May 2025 44+1 formulu və mütləq qələbə: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
13 May 2025 Türkiyənin düşməni 47 il sonra geri çəkildi: Qərar Bakıda verilib? – Detallar
12 May 2025 İlham Əliyev Ərdoğanı PKK-nin özünü ləğv etməsi münasibətilə təbrik edib
12 May 2025 Ermənistan hərbi naziri Berlinə silah üçün gedib? – Bakıya qarşı ŞOK HİYLƏ
12 May 2025 Ağ Ev: İstəyirik ki, İrəvanla Bakı arasında sülh olsun
12 May 2025 Azərbaycan Prezidentinin məktubu Bəhreyn vəliəhdinə təqdim edilib
12 May 2025 Yaşar Gülər Azərbaycana səfər edəcək
12 May 2025 Ceyhun Bayramov Bəhreyn Krallığına rəsmi səfərə yola düşüb
10 May 2025 Kəngərli kəndinin birinci mərhələsinin açılışı oldu - Fotolar - Yenilənib
10 May 2025 Rəsmilər Fəxri xiyabanda - Fotolar
10 May 2025 İlham Əliyev Kəngərli sakinləri ilə görüşdü
10 May 2025 İlham Əliyev Ağdamda - YENİLƏNİB
10 May 2025 Mehriban Əliyeva Heydər Əliyevin anadan olmasının ildönümü münasibətilə paylaşım edib
10 May 2025 İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib
10 May 2025 Prezidentdən Heydər ƏliyevIə bağlı paylaşım
10 May 2025 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Xəbər lenti