![]() |
|
Prezident İlham Əliyevin sərəncamı ilə Azərenerji Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılması bu quruma daha çox sərmayə imkanlarının yaradılması ilə bağlıdır.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov deyib. Onun sözlərinə görə, aparılan tədqiqat və monitorinqlər onu göstərir ki, əvvəlki dövrdə “Azərenerji” tərəfindən vəsaitlərin səmərəli xərclənməsi həyata keçirilməyib:
“Vəsaitlərin xərclənməsində səmərəliliyin güclənməməsi nəticə etibarilə “Azərenerji”nin aktivlərinin azalmasına və investisiya imkanlarının məhdudlaşmasına gətirib çıxarır. Bu baxımdan, aktivlərin artırılması, xüsusən də bunun yeni texnologiya üzərində inkişaf etdirilməsi infrastrukturun genişləndirilməsi ilə bağlıdır. Azərbaycan İstilik Elektrik Stansiyasında texnologiyanın yenilənməsinə, daha innovativ texnologiyanın ölkəyə gətirilməsinə ehtiyac var. Mingəçevirdə baş verən hadisə birbaşa texnologiyanın yenilənməməsi və köhnə texnologiyadan istifadə ilə bağlıdır. Praktik olaraq, Mingəçevirdə istifadə olunan texnologiyaların və avadanlıqların böyük bir qismi Rusiyada, keçmiş SSRİ-də istehsal edilən avadanlıqlar idi. Bu da məhz bu ilin yayında enerji təminatında problemlərin yaşanmasına gətirib çıxardı.
Aktivlərin artırılmasında da məqsəd ondan ibarətdir ki, “Azərenerji” innovativ texnologiya ölkəyə ixrac edə bilsin. Qurum yığımlardan əldə edilən vəsaiti daha səmərəli xərcləsəydi, o zaman bu ilin yayında müşahidə edilən enerji problemi baş verməzdi. “Azərenerji” həm yenilənməli, həm də innovativləşməlidir. O, fasiləsiz enerji təminatı imkanına malik olmalıdır ki, artan tələbi ödəyə bilsin. Sərəncam “Azərenerji”nin sağlamlaşdırılması və texnoloji baxımından yenilənməsi hədəfləri ilə bağlıdır”.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Azərbaycan” İstilik Elektrik Stansiyasının infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Azərenerji Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 48,0 (qırx səkkiz) milyon manat ayrılması nəzərdə tutulub.