![]() |
|
Çin 1 milyard 400 milyon əhalisi olan bir ölkədir. Rusiyanın əhalisi Çindən 10 dəfə az, ərazisi isə Çindən 4 dəfə böyükdür.
Bu sözləri Axar.az-a Sibirin və Uzaq Şərqin Rusiyadan ayrılıb, Çinin monopoliyasına daxil olması ilə bağlı fikirlərə münasibət bildirən iqtisadçı ekspert Rəşad Həsənov deyib. O bildirib ki, bu, təbii prosesdir:
“İki qonşu dövlətin uzunmüddətli dövrdə, xüsusilə, iqtisadi sferada əməkdaşlığı Çin investorlarının demək olar ki, Rusiyanın cənub-şərqinin əhəmiyyətli hissəsini öz əlinə keçirməsinə gətirib çıxara bilər. Bu proses bu gün başlamayıb, artıq uzun illərdir gedir. Yaxın 10-15 ildə daha da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Ümumiyyətlə, qloballaşma prosesləri çərçivəsində uzunmüddətli dövrdə bu ərazilərdə Çinin təsir gücü Rusiya ilə müqayisədə əhəmiyyətli səviyyədə artacaq. Daha uzunmüddətli konteksdən məsələyə baxsaq, hansısa formada Çin investorları tərəfindən bu ərazilərin Çinə iqtisadi-mənəvi baxımdan birləşəcəyini də deyə bilərik. Qısamüddətli dövrdə sadəcə bu torpaqları çinli investorlar yatırım qoyaraq alır, istifadə edirlər. Bu isə növbəti dövrlərdə Çindən həmin bölgələrə axını sürətləndirəcək”.
İqtisadçı qeyd edib ki, çinlilərin qeyd olunan ərazilərdə məskunlaşması ortamüddətli dövrdə onların idarəetmədə və qərar qəbuletmədə təmsilçilik imkanlarını genişləndirəcək:
“Bu isə mərhələləli şəkildə bölgədə mövcud olan iqtisadi imkanların Çinin əlinə keçməsinə gətirib çıxara bilər”.
Qeyd edək ki, rusiyalı politoloq Andrey Piontkovski “Exo Moskva” radiosunun saytında dərc olunan məqaləsində Çinin Uzaq Şərq və Sibirin iqtisadi işğalı prosesini apardığını və Rusiyanın artıq bu prosesin qarşısını almaq gücündə olmadığını yazıb.