![]() |
|
Bakıda və Abşeron yarımadasında aprelin 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatına əsasən havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12° isti,gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin sıxlığının qismən tənzimlənməsi məqsədilə 1 aprel tarixindən Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların qrafikini optimallaşdırır. Bu marşrut üzrə həftənin iş, şənbə və bazar günləri ümumilikdə 61 reys əlavə olunur. İş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılır.
“Yol-xeber.az” xəbər verir ki, yeni hərəkət cədvəlinə əsasən, Bakı–Pirşağı–Sumqayıt və Bakı–Xırdalan–Sumqayıt marşrutları üzrə reyslərin sayı artırılır və xüsusən günorta saatlarında qatarlararası interval azaldılır.
Həmçinin qatarların iş günləri, şənbə və bazar günləri üçün ayrı-ayrılıqda üç hərəkət cədvəli tərtib edilib.
İş günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 24-dən 36-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı marşrutu üzrə 42-dən 56-ya çatdırılır.
Sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq Bakı–Xırdalan–Sumqayıt istiqamətində saat 20:20 reysi əlavə olunur (əvvəlki qrafiklə sonuncu qatar 19:35-də idi). Bu, işdən evə qayıdan sərnişinlər üçün daha çox seçim imkanı yaradır, sərnişin sıxlığının azaldılması, səyahət müddətinin qısaldılması və hərəkət intensivliyinin tənzimlənməsini mümkün edir.
Eyni zamanda, Bakı–Xırdalan–Sumqayıt istiqamətində səhər reysləri də optimallaşdırılır. Belə ki, bu vaxtadək saat 07:20-dən Sumqayıtdan çıxan qatar Bakıya 08:01-də çatırdı. Yeni qrafiklə saat 06:15-də çıxan qatar Bakıya 06:56-da çatacaq. Bundan başqa, Xırdalandan Bakıya birbaşa hərəkət edəcək yeni FLIRT qatarı Bakıya 07:15-də çatacaq. Bu da iş vaxtı saat 8-də başlayanlar üçün əlavə imkanlar yaradacaq. Həmçinin bu istiqamətdə səhər saatlarında hərəkət edən ekspres tipli qatara Biləcəri və Xırdalan stansiyalarında dayanacaq veriləcək.
Şəhərətrafı istiqamət olan Bakı–Xırdalan–Bakı istiqaməti üzrə ilk dəfə olaraq birmərtəbəli FLIRT qatarı xəttə buraxılır. Bununla əlaqədar olaraq Xırdalan stansiyasında mövcud platforma 550 mm-lik ölçüyə uyğunlaşdırılıb. Bundan başqa, Biləcəri stansiyasında 1 kassa və 1 yeni turniket zalı tikilib, Xırdalan stansiyasında turniket zalı genişləndirilib, Məmmədli stansiyasında isə turniket sayı 3-dən 10-dək artırılıb.
Şənbə günlərində Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 16-ya, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 36-ya çatdırılır.
Optimallaşdırma çərçivəsində həftənin bazar günləri üçün də xüsusi qrafik tərtib olunub. Belə ki, yeni cədvələ əsasən, bazar günləri Bakı–Xırdalan–Sumqayıt–Bakı marşrutu üzrə reyslərin sayı 10-dan 15-ə, Bakı–Pirşağı–Sumqayıt–Bakı xətti üzrə reyslərin sayı isə 20-dən 28-ə çatdırılır.
Sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY davamlı olaraq dəmiryol infrastrukturunu sağlamlaşdırır və hərəkətin təhlükəsizliyinə ciddi önəm verir. Yeni reyslərin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır.
ADY Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə ötən ilin aprel ayından Sumqayıt–Pirşağı sahəsində təmir işləri həyata keçirir. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına xidmət edir.
Həyata keçirilən bütün bu dəyişikliklər Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayını hazırkı 37-38 min nəfərdən 48-50 min nəfərə qədər artırmağa imkan verəcək.
Aprelin 1-də təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris olunacaq.
“Baş nazir Əli Əsədovun Qərarına əsasən, 2025-ci il 27 və 28 mart iş günləri ilə müvafiq olaraq 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib.
Bu səbəbdən aprelin 1-i təhsil müəssisələrində həftənin 5-ci gününə aid dərslər tədris ediləcək.
Ramazan ayının başa çatması ilə əlaqədar məscidlərdə bayram namazı qılınır.
Əjdərbəy məscidində bayram namazı saat 08:00-da qılınıb.
Təzəpir məscidində isə bayram namazı 09:00-da qılınacaq.
Azərbaycanda martın 30 və 31-i Ramazan bayramı qeyd olunur.
Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının sonuncu 10 gecəsinin birində "Qurani Kərim" nazil edilib.
Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı martın 1-də başlayıb. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı qeyd edilir.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) səfərdən dönən yol hərəkəti iştirakçılarına müraciət edib.
Yol-xeber.az-ın məlumatına görə, müraciətdə qeyd olunub ki, bayram tətilində ayrı-ayrı bölgələrə səfər etmiş əhalinin daimi yaşayış yerlərinə qayıtması ilə əlaqədar magistral yollarda hərəkət intensivliyinin artması müşahidə olunur.
BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edərək bildirir ki, təhlükəsizlik qaydalarına əməl etməli, sürücülər yorğun, yuxusuz halda sükan arxasına əyləşməməli, sərnişinlər isə belə hallara qarşı biganə qalmamalıdır:
"Xüsusilə sürücüləri yola çıxmazdan əvvəl nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə, yol və hava şəraitini düzgün qiymətləndirməyə, yolboyu ötmə və manevretmə qaydalarına, sürət rejiminə ciddi əməl etməyə çağırırıq. Uzaq məsafə qət edən sürücü və sərnişinlər qısa müddətli istirahət üçün DYP-nin respublika əhəmiyyətli avtomobil yollarında yerləşən stasionar postlarında yaradılmış şəraitdən istifadə edə bilərlər".
Azərbaycanın bütün məscidlərində martın 30-da Ramazan bayramı münasibətilə bayram namazları qılınacaq.
Bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.
Qeyd edilib ki, Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində 09.00-a təyin edilib.
“13 yaşlı qız ana qayğısına, nəvazişinə, sığalına möhtackən özü ana olursa, deməli biz hələ də Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin, Axundzadənin olduğu dövrdə yaşayırıq. Dünya neçə əsr adlasa da, biz yerimizdə sayırıq”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndiyev deyib.
O bildirib ki, son 10 ildə 18 yaşadək analar dünyaya 19854 uşaq gətirib:
“Onlardan 13513 nəfəri kənd, 6341 nəfəri isə şəhər qeydiyyatıdır. Bu, hələ rəsmi statistikadır. Hələ bunun qeyri-rəsmi olanı və abortu da nəzərə alsaq, görün vəziyyət nə qədər acınacaqlıdır.
Respublikamızın bəzi bölgələrində cahillik hökmranlıq edir. Yaşı 15 olub nişanlanmayan qıza evdə qalmış gözü ilə baxılır. Ətrafdakılar dedi-qodulara başlayır. Görəsən, nə problemi var, nəcəb qapısını döyən yoxdur və s. axmaq düşüncələr. Bu dəhşətdir”.
Ekspert hər kəsi belə hallara qarşı mübarizəyə səsləyib:
“Erkən nikahlara qarşı olmalıyıq. Dəfələrlə səsləndirdiyim bir fikrimi yenə də qeyd edirəm: qızı olan valideynlər övladlarının nikah haqqında şəhadətnamə almalarına deyil, təhsil haqqında sənəd almalarına çalışmalı, qızlarının 11 illik attestatı, ali və ya orta ixtisas təhsili haqqında diplomu ilə qürurlanmalı, fəxr etməlidirlər. Yalnız bu halda biz inkişaf edəcək, düşdüyümüz cahillik bataqlığından çıxacağıq”.
Azərbaycanda tanınmış iş adamı, “Melissa Group” tikinti şirkətinin sahibi Qalib Məmmədov saxlanıldı. Qalib Məmmədov dünən axşam saatlarında Yasamal rayonunda baş verən qanunsuz və qəddar ev söküntüsü faktı ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Martın 27-də baş verən “vandal söküntü” işlərindən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçiriblər. Məlum olub ki, “Meliss Park” rəsmiləri vətəndaşın mülkiyyətini heç bir məhkəmə qərarı olmadan, söküntü işləri üçün müvafiq icazə olmadan aparıblar. Görülən işlər vətəndaşlarla tam razılıq əldə edilmədən və mövcud qanunvericiliyin tələblərinə zidd aparıldığı üçün Baş İdarə tərəfindən aidiyyəti qurumlarla birlikdə dayandırılıb və aktlaşdırılıb. Qanunsuz işlər zamanı vətəndaşların mülklərinə dəymiş ziyanla bağlı müvafiq araşdırma aparılması üçün materiallar Baş İdarə tərəfindən hüquq-mühafizə orqanlarına təqdim edilib. Bundan sonra, “Melissa Group”un sahibi Qalib Məmmədovun saxlanılması qərarı verilib.
Onun rəhbərlik etdiyi şirkətin Yasamalda kompensasiya ödənilmədən və hüquqi razılaşma olmadan, içərisində hələ də sakinlər yaşayan yaşayış binasını sökməsi faktı ictimaiyyətdə dərin narazılıq doğurub. Vətəndaşların mülkiyyət hüququ açıq-aşkar, ciddi şəkildə pozulduğu göz önündədir. Hadisə “vandal söküntü” kimi qiymətləndirilir və ictimai rezonans doğurub. Qalib Məmmədovun əməllərinə hüquqi qiymət verilməsi üçün artıq cinayət işi açıldığı ehtimal olunur. Məsələ ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Hüquq-mühafizə orqanları bildiriblər ki, araşdırmalar davam edir və hadisənin bütün iştirakçıları məsuliyyətə cəlb olunacaq.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov Musavat.com-a deyib ki, “Melissa Group” rəsmilərinin törətdiyi əməl birmənalı cinayətdir və hüquq mühafizə orqanlarının reaksiyası da adekvatdır: “Son zamanlar tikinti şirkətlərinin özbaşınalığı halları artıb. Halbuki onlara görəcəkləri işlər üçün icazə veriləndə, vətəndaşların köçürülməsi, onlara ədalətli kompensasiyanın verilməsi xüsusi olaraq tapşırılır. Buna baxmayaraq, tikinti şirkətləri rəsmiləri bütün əndazələri aşan qanunsuzluğa getməkdən çəkinmirlər. “Pulumu vermişəm, ərazini almışam” düşüncəsi bu adamların gözlərini tutur. Ərazidəki vətəndaşların mülkiyyət hüquqlarına açıq-aşkar qəsd halları var. Azərbaycan məhkəmələrində, xüsusilə Bakı şəhərində tikinti şirkətlərinin qanunsuzluqlarını əhatə edən minlərlə məhkəmə çəkişmələri var. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi və Mülki Məcəllə vətəndaşlarının hüquqlarının qarantıdır. Hətta ev qeyri-qanuni tikili olsa belə orada yaşayan şəxslər çıxarılmadan, təxliyə prosesi araşdırılmadan, vətəndaşlara məlumat verilmədən heç bir söküntü aparıla bilməz”.
Natiq Ələsgərov deyib ki, Yasamalda “at oynadan” təkcə “Melissa Group” rəsmiləri deyil: “Hazırda Bakının köhnə məhəllələrinin yenilənməsi prosesi gedir. Lakin çox təəssüf ki, bu işləri icra edən tikinti şirkətləri vətəndaşların mülkiyyət hüquqlarına qarşı cinayətlər törətməkdən çəkinmirlər. Məsələn, “Vialon” MMC tikinti şirkətinin rəsmiləri də Yasamalda, Ağadadaş Qurbanov küçəsi ev 23-də “Melissa Group” rəsmilərindən geri qalmayan hərəkətlərə yol veriblər. Təsəvvür edin ki, vətəndaş Ramin Ağayevin mülkiyyəti yaşayış olduğu bir vaxtda ekskavatorla sökülüb.
Halbuki Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu “Vialon” MMC-yə həmin ünvanda söküntü işlərinin dayandırılması göstərişi verib. MMC rəsmiləri isə bu xəbərdarlığa məhəl qoymurlar. Məhkəmələr də belə halların qarşısını almaq üçün kəsərli qərarlar vermir. Belə qərarlar iş işdən keçəndən sonra verilir. Tikinti şirkəti vətəndaşın mülkiyyətini qazsız, elektriksiz, yolsuz, kanalizasiyasız və digər zəruri kommunal xidmətlərdən məhrum edir. Bu yolla vətəndaşı mülkiyyətini dəyər-dəyməzə tikinti şirkətinə satmağa məcbur edirlər. Bunan sonra məhkəmə söküntü işlərinin dayandırılması qərarı verir. O qərar da heç kimə lazım olmur. Və ya məhkəmə qərarına tikinti şirkətləri məhəl qoymurlar. Bu kimi hallar məbuatda kifayət qədər işıqlandırılır. Çox təəssüf ki, tikinti şirkətlərinin qanunsuzluqlarını durdurmaq mümkün olmur. “Vialon” MMC-nin “Kubinka”da törətdiyi qanunsuzluqlar “Melissa Group”un törətdiklərindən geri qalmır. Vətənaşların mülkiyyətləri ilə yanaşı ekoloji cinayətlər də törədirlər. Ərazidəki yaşıllıqları da məhv edirlər”.
Natiq Ələsgərov deyib ki, İnzibati Xətalar Məcəlləsinə görə, Yasamalda “Melissa Group” rəsmilərinin törətdiyi qanunsuzluqlar cinayət məsuliyyəti yaradır: “Ortada hər hansı bir hüquqi əsas olmadan mülkiyyətə müdaxilə göz önündədir. Ekskavatorun sürücüsü heç bir zaman özbaşına kiminsə mülkünü dağıtmaz. Ona göstəriş verən iş icraçısıdır. Bəs iş icraçısına belə bir qanunsuzluğa getməsi üçün göstərişi kim verib? Bu göstərişi Qalib Məmmədov verib-verməyib, bunun əhəmiyyəti yoxdur. Qalib Məmmədov şirkətin 1 nömrəli cavabdeh şəxsidir və işlərin qanunlar çərçivəsində görülməsinə də cavabdeh birbaşa odur. Mülkiyyətə qəsd böyük bir cinayətdir və 1 ekskavatorçu, iş icraçısı belə asanlıqla vətəndaşın evini başına uçura bilməz. Qalib Məmmədov da gedib onların yanında oturdulmalı, ona yeri göstərilməlidir ki, digər tikinti şirkətlərinin sahibləri özbaşınalıqlara son qoysunlar!”
Natiq Ələsgərov deyib ki, törədilən hərəkətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Əmlakı qəsdən məhv etmə və ya zədələmə (186) maddəsinə tövsif olunan əməllərdir: “Ortada qəsdən, mülkdə yaşayış ola-ola və bunu bilə-bilə ekskovatorla dağıtma əməli var. Bu, ümumi təhlükəli üsuldur. Əgər insan həyatına təhlükə yaranırsa, şəxsiyyət əleyhinə cinayət də sayılır. Yaşayış binasının içərisində insan olduğu üçün bu, həm də xüsusi təhlükəli əməl sayılır. Bu isə 186-cı maddənin 2.2-ci bəndi ilə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədilmiş əməl kimi tövsif oluna bilər. Belə əməllər 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Natiq Ələsgərov deyib ki, qanunla heç bir vətəndaş, ailə evindən çıxmırsa, onu zorla çıxara bilməzlər. Söküntü işləri məhkəmə qərarı ilə başlaya bilər. Lakin yenə də təxliyə işləri aparılmadan heç bir söküntü aparmaq olmaz. Vətəndaşlar Baş Prokurorluğa, Ombudsman Aparatına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, FHN-ə və polisə şikayət edə bilərlər. Bu hadisə bir daha göstərdi ki, vətəndaş hüquqlarını pozan və özbaşına addımlar atan heç bir sahibkara güzəşt olunmayacaq. Qanun hamı üçün eynidir.