“Bayramla dünən danışmışıq, səhhətinin yaxşı olduğunu, müalicələrinin davam etdiyini dedi”
Bu barədə Azvision.az -a erməni əsirliyindən azad edilən əsgər Bayram Kərimovun atası Yaşar Kərimov məlumat verib. O, övladının nə vaxt evə buraxılacağından xəbərsiz olduğunu bildirib:
"Bizimlə qısa danışır, övladının vəziyyətini soruşur. Özünün də yaxşı olduğunu deyir. Onlar buraxılanda dövlət səviyyəsində bizə məlumat veriləcək".

Əsirlikdən xilas edilən digər əsgər Amin Musayevin əmisi Sənan Sadıqov sonuncu dəfə onunla sırağagün danışdığını vurğulayıb:

"Bizimlə maraqlandı, hal-əhval tutdu, vəziyyətinin yaxşı olduğunu dedi. Onun nə zaman evə buraxılmağı barədə hələ məlumatımız yoxdur".

Qeyd edək ki, əsgər Amin Musayev və Bayram Kərimov Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşmüşdülər.

Beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari ilin dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Həmin gün Amin Musayev və Bayram Kərimov əsirlikdən azad edilərək Azərbaycana gətiriliblər. Onlar müalicə almaq üçün hospitala yerləşdiriliblər.

Azərbaycanda gündəlik yoluxanların sayı kəskin düşüb. Belə ki, dekabrın 27-də Azərbaycanda koronavirus infeksiyasına 1519 yeni yoluxma faktı qeydə alınıb, 4471 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 45 nəfər COVID-19-dan vəfat edib.Bir neçə gündən sonra ölkə ərazisində Yeni il bayramı qeyd ediləcək. Bir çoxları bayram günlərində "sms icazə" sisteminin ləğv ediləcəyi ilə bağlı fikirlər səsləndirirlər. Dekabrın 31-də Azərbaycanda "sms icazə" sistemi ləğv edilə bilərmi?

Bununla bağlı Sonxeber.az-a danışan depuata Müşfiq Cəfərov bildirib ki, Azərbaycanda yanvarın 18-nə kimi sərt karantin rejimi tətbiq edilir:
"Sərt karantin rejiminə görə ölkədə "sms icazə" sistemi də tətbiq edilir. Təbii ki, tam bayram havasında olmasaq da insanlarımız bir-birinin evinə bayramlaşmağa gedirlər. Bu baxımdan düşünürəm ki, "sms icazə" sistemi tətbiq edilməlidir. Əgər yanvarın 18-nə kimi yoluxma sayı 3 rəqəmliyə düşərsə Operativ Qərargah "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı qərar qəbul edəcək. Çünki istənilən halda sərt karantin rejimi dövlətin iqtisadiyyatına da təsir edir. İndiki məqamda olmasa da yanvarın 18-dən sonra "sms icazə" sistemin ləğv edilməsi ilə bağlı məsələyə baxıla bilər".

Qarabağın işğaldan azad olunması ilə əlaqədar sentyabr ayının 27-dən başlayan "Dəmir Yumruq” əməliyyatında iştirak etmiş və Müharibə veteranı statusunu almış hərbçilər 80 manat müavinət alacaqlar.

Bu barədə baku.ws-in sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.

Məlumatda qeyd olunur ki, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər. Müavinət alacaq hərbçilərin müharibə veteranı hesab edilməsi üçün müharibə veteranı vəsiqəsi tələb olunur.
Müharibə veteranı vəsiqəsini hansı orqan verir?

Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən onun dublikatı) şəxsin hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq aidiyyəti üzrə Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir.

Müharibə veteranının hansı sosial təminat hüququ var və bu hüquq nə vaxtdan yaranır?
Birdəfəlik sığorta ödənişi - hərbi qulluqçuya xəsarət (yaralanma, travma, kontuziya) alması zamanı əlilliyi müəyyən edilmədiyi zaman ağır xəsarət aldığı halda 2 750 manat, yüngül xəsarət aldığı zaman 550 manat sığorta ödənişi həyata keçirilir ("Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən);

Prosedur: Xəarət almış şəxs tərəfindən ağır və ya yüngül xəsarət haqqında Silahlı Qüvvələrin müvafiq hərbi həkim komissiyasının şəhadətnaməsi ("Azərsığorta” Dövlət Sığorta Kommersiya Şirkətinə təqdim edildikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.
Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü (80 manat) ödənilir. Bu hüquq müharibə veteranı vəsiqəsi verildiyi tarixdən yaranır. (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);

Prosedur: Müharibə veteranı vəsiqəsi ƏƏSMN-in yerli strukturuna təqdim edilir, oradan təqaüd təyinat aparılaraq ödənişə göndərilir.

Özünüməşğulluğun təşkili: Müharibə veteranları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar;

Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Müharibə veteranlarının haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi: Müharibə veteranlarının sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs onlayn qaydada Məşğulluq Altsisteminə (MAS), yerli ərazi məşğulluq və ya DOST mərkəzlərinə müraciət etməlidir.

Qeyd edək ki, müharibə veteranı müharibə ilə əlaqədar əlilliyi olan şəxsdirsə, o zaman ona müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün nəzərdə tutulan sosial təminat hüquqları şamil olunur.

Bu gün Milli Məclisdə Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirə olunub.

 “Ölkə.Az” xəbər verir ki,  qanun layihəsi barədə  Milli Məclisin Əmək və sosial siyasət  komitəsinin sədri Musa Quliyev deputatlara məlumat verib.

Komitə sədri bildiirb ki, 2021-ci ildə  pensiya və müavinətlərdə artım olacaq. “Pensiyalar növbəti ilə 9,3  faiz artacaq. Xüsusən də əmək pensiyaları əhəmiyyətli dərəcədə artacaq. Belə ki, əmək pensiyaları 38 manata artmaqla, orta aylıq  əmək pensiyası 343 manat təşkil edəcək.  Yaşa görə pensiya isə 370 manat olacaq. Digər tərəfdən isə digər növ müavinətlər də əhəmiyyətli dərəcədə artacaq. Bu da aztəminatlı ailələrin sosial müdafiəsinin etibarlı şəkildə təminat yaradacaq”- komitə sədri bildirib.

İşğaldan azad edilmiş Zəngilan rayonunun Mincivan qəsəbəsinin yeni görüntüləri yayılıb. “Ölkə.Az”-ın çəkdiyi görüntülərdən də məlum olur ki, qəsəbədəki bəzi evlərdə yaşayış olub, bir çox evlər isə ermənilər tərəfindən dağıdılıb. Qəsəbədəki evlərin bir qismi isə baxımsızlıqdan yararsız vəziyyətə düşüb.

Qeyd edək ki, Zəngilan rayonu 1993-cü ildə Ermistan silahlı qüvvələri tərəfindən işğal edilib. 2020-ci ilin oktyabr ayının 21-də isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilib.

 

 

 

Şəhid və yaralıların ipoteka borcunu sığorta şirkətləri qarşılayır

Mərkəzi Bank və Azərbaycan Sığortaçılar Assosiasiyasının birgə nəzarəti ilə Vətən müharibəsində şəhid olmuş və ya aldığı xəsarət nəticəsində müvafiq əlillik dərəcəsi almış hərbi qulluqçuların ipoteka kreditlərinin sığorta vasitəsilə ödənilməsi prosesi şəkildə davam edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından “Qafqazinfo”ya verilən məlumata görə, rəşadətli ordumuzun qələbəsi ilə nəticələnən Vətən Müharibəsində iştirak edərək şəhid olmuş və ya müvafiq əlillik dərəcəsi almış hərbçilərimizə İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilmiş ipoteka kreditləri həyat sığortası üzrə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən ödənilir.

Bu günə qədər 3 milyon 235 min 757 manat həcmində ipoteka kreditləri həyat sığortası sahəsində fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən tam ödənilib.

Həmçinin şəhidlərimizin vərəsələrinə, xəsarət almış hərbçilərimizə və əlillik dərəcəsi müəyyən edilmiş qazilərimizə Hərbi Qulluqçuların Dövlət İcbari Şəxsi Sığortası çərçivəsində sığorta ödənişinin verilməsi Mərkəzi Bankın nəzarəti ilə Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən operativ qaydada həyata keçirilməkdədir. Şirkətdən verilən məlumata görə bu günədək 1053 şəhidimizin vərəsələrinə və hərbi əməliyyatlar zamanı xəsarət alan 4119 nəfər hərbiçimizə sığorta ödənişi verilib. Həyata keçirilmiş sığorta ödənişlərinin ümumi məbləği 18 milyon 109 min 850 manat təşkil edir.

Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, Mərkəzi Bankın nəzarəti ilə proses hazırda davam etməkdədir.

Müdafiə Nazirliyi Xocavənddəki hadisəylə bağlı məlumat yaydı

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. İlkin tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün heç bir təhlükə yoxdur.

Görülən tədbirlər nəticəsində qanunsuz erməni hərbi dəstəsinin altı üzvü məhv edilib.

Bu kimi hal təkrarlanarsa, Azərbaycan Ordusu tərəfindən qəti tədbirlər görüləcək.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə dərin hüznlə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

Qanunsuz rayonlara sərnişindaşıyan 3 mikroavtobus saxlanılıb

Qanunsuz rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olan mikroavtobuslar aşkar edilib.

“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, dekabrın 26-da Bakı-Qazax yolunun 65-ci kilometrliyində karantin rejimi ilə əlaqədar qurulmuş postda Ucar rayon sakini S.Rəhimovun, Tərtər rayon sakini E.Qurbanovun və Tovuz rayon sakini Ə.Məmmədhəsənovun idarə etdikləri “Mercedes” markalı 3 mikroavtobus saxlanılıb.

Araşdırmalarla onların qanunsuz olaraq rayonlararası sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaları müəyyən edilib.

Hər üç sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokollar tərtib edilib.

Daha bir həkim koronavirusdan vəfat etdi

Sumqayıt şəhəri 1 saylı poliklinikanın həkim-nevropatoloqu Kazım Kərimli koronavirusdan vəfat edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun həkim həmkarı Aydın Əliyev feysbukda yazıb. 

Onun sözlərinə görə, K. Kərimli KT müayinəsindən keçən zaman ağciyərlərində 10 faiz buzlu şüşə aşkarlanıb. Əvvəlcə Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanada müalicə alsa da, sonradan vəziyyəti ağırlaşıb və Zığ modul tipli xəstəxanaya yerləşdirilib. Lakin vəziyyəti ağırlaşdığından orada vəfat edib. 

Bu həftə Azərbaycanda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar 5 günlük tətil başlayır.

Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, yanvarın 1 və 2-si isə Yeni il bayramıdır.

Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən yanvarın 4-ü də istirahət günüdür. Həmçinin yanvarın 3-ü isə bazar günüdür.

Beləliklə, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar olaraq Azərbaycanda 5 gün - 2020-ci ilin dekabrın 31-i, 2021-ci ilin yanvarın 1-i, 2-si, 3-ü və 4-ü qeyri-iş günləridir.

Xəbər lenti