![]() |
|
Xaçmaz rayonunda karantin qaydalarını pozaraq fəaliyyət göstərən tədris mərkəzi aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində gizli şəkildə fəaliyyət göstərən özəl tədris mərkəzi aşkarlayıblar.
Polis əməkdaşları tərəfindən vətəndaş Elmar Səfiyevin icarə əsasında işlətdiyi tədris mərkəzinin fəaliyyəti dayandırılıb. Mərkəzdəki yeniyetmələr ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib.
E.Səfiyevin və mərkəzin digər əməkdaşları barədə qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə sərt karantin rejiminin tətbiq edildiyi 5 şəhərin və 12 rayonun giriş və çıxışlarında quraşdırılmış xüsusi postlarda polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarət-profilaktiki yoxlamalar davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, dekabrın 25-də həmin postlardan müvafiq qaydada icazə almadan keçməyə cəhd göstərən 1959 nəqliyyat vasitəsi müəyən olunaraq geri qaytarılıb. Eləcə də qeyd olunan müddətdə ölkə üzrə karantin rejimi qaydalarını pozan 2219 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
“Bu istiqamətdə həyata keçirilən bütün tədbirlər əhalinin təhlükəsizliyinin təmin edilməsi və onların sağlamlığının qorunmasına xidmət edir. Ona görə də vətəndaşlardan tətbiq edilən izolyasiya tədbirlərini anlayışla qarşılamalarını, zərurət olmadan yaşayış yerlərini tərk etməmələrini xahiş edirirk”, - deyə açıqlamada bildirilib.
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Babayev Rahid Bəxtiyar oğlunun ailəsinə də müvafiq sosial dəstək işləri aparılır.
Şəhidin ailəsi ilə görüşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları onlara Prezidentin aylıq təqaüdünün təyin edildiyini bildiriblər.
Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alacaqları, pensiya təyin olunacağı halda uşaqların hər birinə aylıq müavinət də ödəniləcəyi bildirilib. Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri barədə də məlumat verilib.
Şəhidin orta ixtisas təhsilli olan həyat yoldaşının işlə təmin olunması məsələsinin də diqqətdə saxlanacağı qeyd edilib.
"Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat təşkil edib".
Report xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.
Onun sözlərinə görə, 2020-ci ilin sonuna bu göstəricinin 301,1 manat, 2021-ci ildə isə 338,89 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 370 manat təşkil edir.
“Bir neçə ölkədə yeni növ koronavirusun mutasiyaya uğramış formasının aşkarlanması insanlar arasında müəyyən təşviş hissi yaradıb. Mutasiyaya uğrayan virusun yeyinti və qeyri-yeyinti məhsulları vasitəsilə ölkəmizə də keçmək ehtimalı ola bilər. Ancaq bu, həmin virusun daha təhlükəli olması demək deyil”.
AZƏRTAC xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov bununla bağlı deyib: “Dünyanı narahat edən həmin mutasiya virusun bir xüsusiyyətini dəyişib və bunun nəticəsində onun yoluxuculuq qabiliyyəti artıb. Azərbaycan da dünyanın bir hissəsidir və onun ölkəmizə gəlmək ehtimalı istisna edilmir”.
Virusdan xilas olmağın yeganə yolu olan vaksinlər gələn ilin əvvəllərində ölkəmizə gətiriləcək. İndi insanları vaksinasiyanın hansı qrup əhali arasında aparılacağı və kimlərin həmin tədbirdən kənarda qalacağı daha çox düşündürür. Mütəxəssislərin dediyinə görə, bəzi xəstələrə peyvəndin əks təsiri də var. Vərəm, kəskin respirator virus xəstəliyi və insult keçirənlər üçün peyvənd təhlükəli ola bilər.
Professor məsələyə aydınlıq gətirərək bildirib: “Kiminsə xəstəliyi keçirməsi və onu təsdiq edən sənəd varsa, ona mütləq baxılacaq. Hansısa vaksinin yan təsiri və əks-göstərişi varsa, mütləq həmin amillər nəzərə alınacaq. İndi hər yerdə həmin peyvəndin vurulmasına başlanılacağı gözlənilir. Yeni vaksinə böyük ümid bəslənilir. Əlbəttə ki, ilk növbədə vaksinasiyaya risk qruplarından başlanılacaq”.
Peyvənd vurulan zaman insanda heç bir virus və bakterioloji infeksiya, qrip və qızdırma olmamalıdır, çünki adətən vaksinasiyadan sonra insanın hərarəti qalxır və özünü əzgin hiss edir.
Azərbaycanda daha bir alim vəfat edib.
Bu barədə oxu.az-a onun ailəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, universitetin Nəzəri və praktiki iqtisadiyyat kafedrasının müəllimi Telman Babayev həyatını itirib.
1942-ci il təvəllüdlü alim ölümündən əvvəl koronavirusa yoluxub. Onun müalicəsi müsbət nəticə versə də, ağciyərlərində fəsadlar ortaya çıxıb. Professor elə bu fəsadlardan ölüb.
Qeyd edək ki, alim Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə İqtisad Universitetinin 90 illiyində “Tərəqqi” medalı ilə təltif olunub.
“İnternet mediasında elələri var ki, təəssüf ki, yaratdıqları saytı özlərinin şəxsi “Facebook” profili hesab edirlər və istədiklərini yazırlar”.
Oxu.az məlumatına görə, bunu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onlayn keçirdiyi illik mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, onların yazdıqları qeyri-obyektiv məlumatlar ictimaiyyətə ötürülür. Nəticədə ictimai fikri yanlış yola yönəldirirlər:
“Olmazdı ki, müəyyən yazı yazarkən obyektivliyi və qaşrı tərəfin fikirlərini də ortaya qoyasınız? Əgər biz jurnalistikanın üç əsas prinsipini-obyektivlik, dəqiqlik və qərəzsizlik prinsiplərini görməzlikdən gəliriksə, özümüzü jurnalist adlandıra bilmərik”.
Sədr bildirib ki, AzTV-nin uzun illər ərzində yaranan forma və məzmununun yeni dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində işlər gedir:
“Daha dinamik verilişlərin olması və aparıcıların gətirilməsi üçün işlər aparılır. Pandemiya bu dəyişikliklərin aparılması sürətinə az təsir etsə də, bizim işlərimiz davam edir. 2019-2020-ci illər ərzində dörd milyon manatdan çox vəsait əməkdaşların maaş və qonorarlarına əlavə olunub”.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununu təsdiqləyib.
Qanuna əsasən, Şamaxı rayonunun Saqiyan kənd inzibati ərazi dairəsi tərkibindəki Saqiyan kəndi Günəşli kəndi adlandırılıb və Saqiyan kənd inzibati ərazi dairəsi Günəşli kənd inzibati ərazi dairəsi hesab edilib.
“Dövlət qarşıdakı illərdə ilk növbədə kənd təsərrüfatına daha çox diqqət lazımdır. Çünki bu şəhəri, insanları, sizləri və bizləri dolandıran əli qabarlı kəndçilərdir. Bu torpağı da erməni işğalından azad edənlərin çoxu da o kəndçinin, o kasıbın balaları idi. O kasıbın balaları ki, Prezident İlham Əliyevə qəlbi və canı ilə bağlı oldu. Tarix boyu bütün imperiyaları da, varlı və kasıb dövlətləri də kasıb balaları saxlayıb, ucladıb, qalib edib”.
“Ölkə.Az” xəbər verir ki, bunu millət vəkili Razi Nurullayev Milli Məclisdə 2021-ci il büdcə müzakirəsi zamanı deyib.
Millət vəkili əlavə edib ki, o kasıbın iş qurmaq üçün güzəştli kənd təsərrüfatı kreditinə ehtiyacı var: “Ona görə də onların pul problemi olmamalıdır. Güzəştlərdən bir neçə faiz fermer yararlana bilir. Vəsait azdır. Amma, əksəriyyətin əsasən 2 min manatdan 10 min manata kimi tam güzəştli kreditə ehtiyacı var. Daha gedib banklardan 17-29 faizə kredit götürüb öz evlərini öz əlləri ilə yıxa bilməzlər ki... Bəlkə yalan danışıram?
Ikinci təklif etdiyim məsələ uşaq pulunu bərpası ilə bağlıdır. Populizm olmasın deyə, mənə mümkün olmayan şeyi deyib özünə siyasi xal qazanır deməsinlər deyə, deputat olandan susmuşam ki, uşaq pulu sözünü tribunadan dilimə gətirməyim və gətirmədim. Hərçənd ki, deputat seçkilərində əsas vədim uşaq pulu məsələsinin qaldırıması idi. Söz vermişdim ki, birinci plenar iclasda qaldıracam. Bu il keçdi, amma növbəti ilin büdcəsində uşaq pulu mütləq olmalıdır. Bu torpağı, bu vətəni saxlayan, bizə zəfər sevincini yaşadan, Ali Baş Komandanın yanında qaya kimi möhkəm dayanıb əmirlərini müntəzəm yerinə yetirən o kəndçilərin, o kasıbların, 5-10 manat uşaq pulu tələb edənlərin övladları idi. Hər zaman belə olub, belə də gedəcək. Amma, biz heç olmasa vicdan əzabı çəkməyək. Prezident İlham Əliyevin, Birinci vitse-prezidentin xalqın rifah içində yaşaması üçün iradəsi var, istəyi var, bizim hamımızdan çox onlar bunu istəyir. Hökumətin işi isə bunu həll etməkdir. Daş-divar hörmək, rəng çəkmək, bəzək-düzək etmək, dövlət idarələrinə möhtəşəm, gözoxşayan idarələr tikmək lazımdır, amma xalqın rifah içində yaşaması daha vacibdir”.
Deputat onu da əlavə edib ki, quru, zinə torpaq üstündə yaşayan, evinin içində başına yağış tökən, övladına təhsil vermək üçün müəllim tutmağa imkanı çatmayan ailəni başa düşmək və onun ehtiyacına uyğun büdcə yaratmaq üçün gərək onunla bir yerdə o kirli yorğan-döşəkdə yatasan, gərək onun kimi sənin də ayağın palçığa batsın, gərək onun kimi sənin də paltarından kərmə peçinin hisindən hopan pis qoxu gəlsin, gərək sən də bu qış günündə dişlərini soyuq su ilə fırçalayasan, ayda-ildə bir dəfə hamamda yuyuna biləsən: “Bunu etməsək, xalqı başa düşə bimərik”.
Cari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) Bərdə rayonu ərazisində yerləşən Bərdə dəmiryolu stansiyasında Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən göndərilmiş növbəti humanitar yardım karvanını qəbul edib.
FHN-dən verilən məlumata görə, doqquz vaqonluq humanitar yardım əsasən, tikinti materialları, texniki və məişət avadanlıqlarından ibarətdir.
Qeyd edək ki, 24 dekabr tarixinədək Rusiya Federasiyasının Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Nəticələrinin Aradan Qaldırılması üzrə Nazirliyi tərəfindən Azərbaycana ümumilikdə 54 vaqon, 25 yük avtomobilindən ibarət yardım göndərilib. Gətirilən yardımın Vətən Müharibəsi dövründə düşmənin mərmi və raket atəşləri nəticəsində döyüş bölgəsindən kənarda yerləşən yaşayış məntəqələrində ziyan çəkmiş mülki əhalinin əmlakının təmiri və bərpası işləri zamanı istifadə olunması nəzərdə tutulur.
Onu da qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi tərəfindən həm əməkdaşlıq çərçivəsində göndərilən yardımlar, həm də sülhməramlılar üçün ünvanlanan yüklər Azərbaycan Respublikasının ərazisindən çatdırılır.