Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov koronaviruslu xəstələrin və COVID-19-a şübhəli insanların hansı hallarda poliklinikaya, hansı hallarda isə təcili tibbi yardıma müraciət etməli olduqları məsələsinə aydınlıq gətirib.

Report xəbərinə görə, o, evdə özünü təcrid, digər qoruyucu tədbirlər, xəstəlik haqqında müxtəlif sualların məhz poliklinik həkim və tibb işçiləri ilə müzakirə oluna biləcəyini deyib.

O qeyd edib ki, bu məqsədlər üçün təcili yardıma zəng etmək yolverilməzdir və həmin xidmətin və onun əlaqə vasitələrinin izafi yüklənməsinə səbəb olur: "Təcili yardıma yalnız davam edən yüksək qızdırma, xəstənin vəziyyəti qəfil pisləşən zaman, boğulma halları və s. zamanı müraciət edilməlidir. Bəzi hallarda evdə müalicə alan koronavirus xəstələrində vəziyyətin pisləşməsi zamanı poliklinika tərəfindən də təcili yardım çağırıla bilər. Nəzərə almaq lazımdır ki, təcili yardımın hər bir əsassız çağrışı hansısa bir ağır xəstəyə göstəriləcək zəruri tibbi yardımın gecikməsinə səbəb olur".

T.Eyvazov eyni zamanda vətəndaşların hansı qaydalara riayət etməli olduqlarını da bildirib: "Gəlin məsulliyyətli olaq, qoruyucu vasitələrdən hamılıqla və düzgün istifadə edək, özümüzü, yaxınlarımızı qoruyaq, təmaslarımızı azaldaq, xəstəlik əlamətləri hiss etdikdə özümüzü təcrid edərək həkimə müraciət edək və digərlərinin həyatını risqə atmayaq".

Dünyada və Azərbaycanda Covid-19 infeksiyasına yoluxma həddi indiyə qədər qeydə alınan statistika üzrə ən yüksək göstəricidədir.

Biz bu materialı hazırlayan zaman dünyada 67 milyon 457 min 650 nəfər koronavirusa yoluxan vardı. Bu virusdan ölənlər isə 1 milyon 542 min 910 nəfərdir.

Son 24 saatda dünyada koronavirusa 535 min  8 nəfər yoluxub, 7 min 537 nəfər isə dünyasını dəyişib.

Dekabrın 6-na olan məlumata görə, Hazırkı dövrədək Azərbaycanda 146 min 679 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.

Onlardan 88 min 497 nəfər müalicə olunaraq sağalıb, 1632 nəfər vəfat edib. Aktiv xəstə sayı 56 min 550 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 837 min 1 test aparılıb. Son gün ərzində test sayı 19197 olub.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 28-dək davam edəcək.

Noyabrın 19-da Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq karantin rejimini daha da sərtləşdirib.
 

Nazirlər Kabinetinin qərarına əsasən, dekabrın 28-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb, məktəblərdə tədris onlayn qaydada həyata keçirilir. Yoluxma riski yüksək olan bir sıra yaşayış məntəqələrinə giriş-çıxış qadağan edilib.

Dekabrın 28-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib. 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunub.

Həmçinin özəl sektorda və digər sahələrdə fəaliyyət göstərən qurum və təşkilatlara işçilərin say həddinin 30 faizədək azaldılması və digər əməkdaşların məsafədən iş rejiminə keçirilməsi tövsiyə edilib.

Dünyada artıq vaksinasiya prosesi başlayır. Doğrudur, ÜST tərəfindən hələ ki, hər hansı bir vaksin qeydiyyata alınmayıb. Lakin bununla belə ABŞ, İngiltərə, Çin, Türkiyə, Rusiya kimi ölkələrdə mövcud vaksinlərlə könüllü şəkildə insanların peyvəndlənmə prosesinə başlanılır.

Azərbaycanda isə TƏBİB açıqlama verib ki, yalnız ÜST tərəfindən qeydiyyata alınan vaksin alınıb, vaksinasiya prosesi başlanılacaq.

Ekspertlər bildirirlər ki, qeydiyyata alınmayan, yoxlanmayan vaksinin yan təsirləri ola bilər. Bu isə insanların sağlıq durumunun riskə atılması deməkdir. Bəs indiki vəziyyət hara aparır? Ölkədə karantin daha da sərtləşdirilə bilərmi? “Yeni Müsavat”a danışan  həkim Ədalət Rüstəm bildirib ki, hazırkı vəziyyətdə Azərbaycanda sərt karantin rejiminə keçməz zəruridir: “Ölkədə yoluxma sayı durmadan artır. Ailə daxili yoluxmalar geniş yayılıb. Demək olar ki, nəzarət də yoxdur. Lakin hesab edirəm ki, aprel ayında olduğu kimi, sərt karantin rejimi tətbiq edilməlidir. Bu, prosesin yavaşlamasına səbəb ola bilər. Eyni zamanda dünyada istifadə edilən vaksindən ən azı 1 milyon doza alıb, risk qrupuna daxil olan xəstələrə vurmaq lazımdır. Dünyada yaxın günlərdə vaksinasiya prosesi başlayır. Azərbaycanda da bunu tətbiq etsələr, yoluxmanın sayı xeyli aşağı düşər. Hesab edirəm ki, artıq vaksin almağın zamanı çatıb. Bundan əlavə də, dediyim kimi, karantin rejimi sərtləşdirilməlidir. Koronavirusa yoluxanlar da diqqətli olsunlar. 6 ay sonra immunitet olmur və təkrar  yoluxma mümkündür. Sosial məsafə saxlamaq, maska taxmaq və digər karantin qaydalarına əməl etmək hələ ki, ölkəmizdə tək çıxış yoludur və buna əməl edilməlidir”.

Qeyd: Azərbaycanda hərbi vəziyyət dekabrın 12-də ləğv ediləcək.



Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında" fərmana əsasən Fondun vəsaitininin istifadə olunacağı istiqamətlər açıqlanıb.

"Ölkə.Az" xəbər verir ki, Fondun vəsaitindən aşağıdakı istiqamətlərdə istifadə olunacaq:

- şəhid ailəsi statusu alana və ya əlilliyi müəyyən edilənədək götürülən istehlak kreditlərinin və digər borc öhdəliklərinin qarşılanması;

- müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi;

- təhsil almasına, habelə əlavə təhsilinə, peşə hazırlığının artırılmasına, eləcə də yaradıcı potensialının inkişafına kömək edilməsi ilə bağlı xərclərin ödənilməsi;

- məişət şəraitinin yaxşılaşdırılması;

- Himayəçilik Şurasının müəyyən etdiyi digər istiqamətlər.

“Ümumilikdə vəfat edən hər bir şəxsin topladığı pensiya kapitalı onun ailəsinə ailə başçısını itirməyə görə pensiya təyin olunmasına hüquq yaradır. Yəni şəxs gələcəkdə yüksək pensiya ala bilməsinə imkan verən pensiya kapitalı toplayıbsa, lakin pensiya yaşından əvvəl vəfat edibsə və ya həlak olubsa, həmin pensiya kapitalı onun ailəsinin yüksək pensiya təminatı üçün əsas yaradır”.

Bu barədə “Report”un yüksək pensiya alan hərbçilərin ailəsinə pensiyaların verilməsi ilə bağlı sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, qanunvericiliyə əsasən, ölkənin müdafiəsi zamanı həlak olmuş və xəsarət alması nəticəsində sonradan vəfat etmiş hərbi qulluqçuların ailələrinə də pensiya təyin edilir.

Nazirlik eyni zamanda son döyüşlərdə könüllü, yaxud ehtiyatdan çağırılaraq xidmət edən hərbçilərə aylıq maaşın verilməsi məsələsinə də aydınlıq gətirib:

“Vətən müharibəsində könüllü, yaxud ehtiyatdan çağırılaraq iştirak etmiş hərbiçilərin iş yeri və əməkhaqqı saxlanılır. Hərbi xidmətlə əlaqədar əməkhaqqının ödənilməsi məsələsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətlərinə aid deyil”.

Əlilliyi olan şəxslərə əlillik müavinətindən başqa hansısa əlavə aylıq ödənişlərin edilməsi məsələsinə gəlincə, ümumilikdə, əlilliyə görə iş stajına uyğun olaraq aylıq pensiya və ya müavinət verilir: "Müharibə əlillərinə isə həmin pensiya və ya müavinət, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü təyin olunaraq ödənilir”- deyə sorğunun cavabında vurğulanıb.

Məlumat üçün bildirək ki, Müdafiə Nazirliyinin məlumatına görə, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2 783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

Dekabrın 10-da Azadlıq Meydanında Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parad keçiriləcək.

Baku.ws xəbər verir ki, hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.

Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.

Ehtiyatda olan polkovnik, sabiq briqada komandiri Şair Ramaldanov bildirib ki, müharibədə iştirak edən bütün hərbi hissələrin nümayəndələri qələbə paradında iştirak edəcəklər: "Hazırda onların məşq prosesi gedir. Onların sayını dəqiq bilmirəm nə qədər olacaq.

Döyüş vaxtı yaralanmış qazilərimiz yenidən sıraya qayıdıblarsa, onların sağlamlığı paradda iştirak etməyə imkan verirsə, onlar da hərbi paradın iştirakçısı olacaqlar.

Hərbi paradda 150 ədəd hərbi texnika iştirak edəcək. Onların içində həm artilleriya, həm raket yaylım vasitələri, həm də digər xüsusi texnikalar olacaq. Hərbi paradda ən yeni alınan texnikalar da nümayiş etdiriləcək. Həmçinin düşməndən qənimət götürülən texnikalar da paradda göstəriləcək".

“Səhiyyə sistemi çöküb, dərman sektorunda vəziyyət gərgindir” - “Koronavirusun (COVİD-19) ikinci dalğası birincidən daha dağıdıcı və təhlükəli gəldi. Əgər 4 ay əvvəl birinci dalğada, insanlar “xəstəlik varsa, niyə mənim tanıdığım heç kimdə yoxdur?” sualı verirdilərsə, bu gün demək olar ki, hər evdə xəstə var. Artıq hamı inanır, amma gecikmişik".

Bunu həkim-farmakoloq Müşfiq Hüseynov bildirib. M.Hüseynov vurğulayıb ki, bir aydır həkimlər həyəcan təbili çalır: “Həkimlər əhaliyə özünüzü qoruyun, tibbi maskadan istifadə edin, məsafə saxlayın, gigiyenaya qaydaların əməl edin deyirlər. Dəfələrlə deyildi, dəfələrlə yazıldı, göstərildi. Amma keçən həftə küçəyə çıxanda maska məcburiyyəti, cərimələr gələnə qədər buna məhəl qoyan yox idi. Nəticə göz qabağındadır. Səhiyyə sistemimimiz çökməsə də, artıq “error” verir. Gözlənilirdimi? Gözlənilirdi.

 

Əgər Çexiya kimi Avropa ölkəsində sistem çökmüşdüsə ( yükün əsas hissəsini Almaniya götürdü), Türkiyə kimi tibbi nöqteyi nəzərdən dünya səviyyəli ölkədə xəstəxanalar doludursa, elementar dərmam istehsalı olmayan Azərbaycanda sistemin davam gətirəcəyi şübhəli idi. Ölkə rəhbərliyinin təcili tikdirdiyi modul tipli xəstəxanalar olmasaydı, bu gün nə olardı, bəlli deyil. Amma onlarda da yer limitlidir və bu gün demək olar ki, xəstəxanalarda yer yoxdur. Artıq apteklərə sistem şlanqı, müəyyyən infuz sistemlər, vitaminlər limitli verilməyə başlayıb. Antiviral dərmanlar ümumiyyətlə yoxa çıxıb. Dərman sektorunda vəziyyət gərgin, amma hələ ki idarəolunandır. Vəziyyətdən bir şəkildə çıxmalıyıq. Başqa yolumuz yoxdur”.

 

Həkim deyib ki, biz pamdemik burulğanın tam mərkəzindəyik: “Bu gün hər 5 testdən biri pozitiv çıxır. Bu isə o deməkdir ki, əgər gündəlik test sayı 10000 yox, 100000 olsa, xəstə sayı 20000 olacaq. Niyə test ancaq özəl klinikaların bəzilərində həm də 100 manatdır? Niyə poliklinikalarda test götürülmədi? Niyə 6 dollarlıq testlər 95-100 mamatadır? Testlər pulsuz və hər yerdə olsaydı, insanlar xəstələndiklərini vaxtında bilər və ətrafdakıları yoluxdurmazdılar. Yayda karantinin müddətinin gərəksiz uzanması da səhv addım idi. Bu gün xəstə sayı 10 dəfə çoxdur, amma qapanma yoxdur. Əslində buna gərək də yoxdur, çünki artıq gecdir.

 

Bəs nə olacaq? Proqnoz vermək üçün əldə real statistika olmalıdır. Bu yoxdur. Açığı göstərilən statistikanın doğruluğuna da şübhə ilə yanaşıram. Amma ölkədəki nəzarətsiz xəstə sayı, evlərdə müalicə alan insanların kütləviliyi və apteklərdən alınan dərmanların miqdarı göstərir ki, bu gün biz ikinci dalğanın zirvəsindəyik.

 

Bununla belə, düşünürəm ki, ilin sonlarına doğru, yaxın 2 həftə ərzində gərginlik azalacaq. Bunda xəstələrin sayının çoxluğu da təsir göstərəcək, maska taxma məcburiyyətinin gətirilməsi də. İstənilən halda ölkəyə peyvəndlər gələnə qədər özümüzü gözləməliyik.

 

Peyvənd işi bu gün geostrateji hal alıb. Bütün dünyanın gücü buna yönəlib. Rusiyada peyvəndləşmə başlayıb. Çində dekabrın 10-da peyvənd istehsalına başlanılır.

 

ABŞ-da “Pfizer” peyvənd istehsalı üçün icazə aldı və yaxın günlərdə istehsala başalayacaq. Almaniya da yeni ilə kimi azı 1 milyon insanın peyvəndlənməsini açıqladı.

 

Peyvənd alınma işi dövlət monopoliyasındadır və çox güman ki, artıq sifarişlər verilib. Hardan və hansı sayda, bu haqda məlumatım yoxdur. Amma ilk peyvəndlərin bizə 2021-ci ilin ilk aylarında gəlməsini gözləyirəm. Bəlkə yanvarın sonu, bəlkə fevralın ortaları. Bütün dövlətlərdə ilk olaraq xüsusi risk qrupları öncə peyvəndlənir. Bu kateqoriyaya uşaqlar, müəllimlər, həkimlər, polis və sərhəd xidməti daxildir. İkinci etapda yəqin ki dövlət məmurları, xidmət sektoru, sonda isə digər vətəndaşlar peyvəndlənəcək.

 

Vətəndaş olaraq bizim borcumuzu çox vacib olmadıqca küçəyə çıxmamaq, maskadan doğru istifadə etmək, gigiyena qaydalarına və sosial məsafəyə əməl etmək, heç bir halda tibbi özfəaliyyətlə məşğul olmamaq, həkimlərin göstərişlərinə evlərdə ciddi əməl etmək tələb olunur. Düşünürəm ki, il sonuna vəziyyət stabilləşəcək. Heç bir halda panikaya düşməməliyik. Vaxtında və doğru müdaxilə edildikdə xəstələrin 80 faizi ya simptomsuz, ya da yüngül əlamətlərlə keçirdir.

 

Bir sözlə, özümüzü qorumaqla həm ailəmizi, həm də onsuz da axsayan səhiyyə sistemimizi qorumalıyıq. Bizim nə başqa ölkəmiz var, nə də müraciət edəcək həkimlərmiz”.(Bizimyol)

Aşağı bədən temperaturu koronavirusun gizli simptomu ola bilər.

“RİA Novosti”nin məlumatına görə, bu barədə rusiyalı terapevt, tibb elmləri namizədi Andrey Kondraxin bildirib.

Onun sözlərinə görə, bu reaksiyaya nadir də olsa rast gəlinir. O, bu simptomun ən çox yaşlılarda və uşaqlarda göründüyünü qeyd edib. Həkim bunu immun sisteminin “sönməsi” ilə əlaqələndirib.

Kondraxin bununla belə, sözügedən əlamətin başqa xəstəliklərlə də əlaqəsi ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzən bədəndə müşahidə olunan aşağı temperatur hipotireozun, onkoloji xəstəliyin, qaraciyər xəstəliklərinin və s. göstəricisi ola bilər. (oxu.az)

Dünyaya gəldiyi tarixdə çox sevdiyi vətənin azadlığı uğrunda vuruşaraq qələbə qazanıb dünyadan köçmək, Tanrı dərgahına ucalmaq... Sübhan Cəbrayılovun taleyinə hərbçi olmaq yazılıbmış. Çox sevib vətənini. Şəhid olmaq ən böyük arzusu olub. Allah da onu arzusuna çatdırıb. Doğulduğu gündə - oktyabrın 23-də şəhidlik zirvəsinə yüksəlib.

APA TV bildirir ki, baş gizir Sübhan Cəbrayılov Füzulidən Qubadlıyacan döyüşüb. Zəngilan işğaldan azad edildikdən sonra Qubadlı uğrunda döyüşlərə qatılıb. Elə bu döyüşlərdə də şəhid olub.

Dünyada yəqin ki, bu hissin ifadə forması yoxdur. Anası Ləzifə Cəbrayılova öz əli ilə böyütdüyü oğlunu vətənə qurban verir:

“Oğlum istədiyinə nail oldu. Hamı qürurludur. Oğlumuz torpaq yolunda, vətən uğrunda gedib. Uca edib adını. Bayrağa həvəsi var idi. Bayrağa da bükülü gəldi”.

Böyük döyüş yolu keçib 37 yaşlı Sübhan Cəbrayılov. Qüsursuz xidmətinə görə bir sıra medal və mükafatlara layiq görülüb. Döyüş yoldaşı Səxavət Sübhanın döyüşlərdə neçə-neçə şəhidimizi çiynində daşıdığını deyir:

“O, yanımızda olanda biz döyüşə gözüyumulu girirdik. Bilirdik ki, Sübhan bizimlədirsə, qələbə də bizimlədir. Düşmənin 30-dan çox şəxsi heyətini sıradan çıxarıb. Sonra düşmənin bir dənə BMP-sini RPQ-26 ilə vurub məhv edir. Düşmənin polkovnikini əsir götürür, xəritəsini ondan alır və polkovniki yerində məhv edir”.

Sübhan Cəbrayılov övladlarının milli vətənpərvərlik ruhunda böyümələrini istəyirdi. Yəqin ki, indi balalarını hərbi geyimdə görsə, bu arzusunun da yerinə yetdiyinə şad olardı.

Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) şəhid olan kəşfiyyatçısı, əsgər Alik Şakir oğlu İsayev Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fəal iştirak edib.

"Report"un Şimal bürosunun məlumatına görə, əslən Gürcüstan Respublikasından olan İsayevlər ailəsi ötən əsrin sonlarında Azərbaycan Respublikasına gələrək Xızı rayonunda məskunlaşıb və şəhidimiz də 2001-ci ildə burada anadan olub.

Uşaqlıqdan vətənpərvərlik hissi ilə böyüyən Alik hərbi xidmət zamanı Xüsusi Təyinatlı Qüvvələrin sıralarına cəlb olunub və daha sonra kəşfiyyatçı kimi xidmətə davam edib. 44 günlük Vətən müharibəsində düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikasının məhv edilməsində böyük rol oynayıb.

A.İsayev Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

 

 

 

Paytaxt Bakıda keçiriləcək Zəfər paradı ilə bağlı hazırlıq işləri davam edir. Bununla əlaqədar yol polisi sürücülərə müraciət edib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a açıqlamasında bildirib ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub: 

“Hazırda Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib.

Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş edirik ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də qeyd edilən paytaxtın Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır.

Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidir.

Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib.

Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkünsüz olacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib”.

 Vaqif Əsədov sürücüləri ölkə əhəmiyyətli tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün qaydalara əməl etməyə çağırıb.

Xəbər lenti